İsa Qəmbər
Mənim komissiya üzvləri arasında yaranmış fikir ayrılığı haqqında düşüncələrim bir qədər fərqlidir və həmin düşüncələrimi vaxtilə «Yeni Müsavat» qəzetinə verdiyim müsahibəmdə qısaca belə anlatmışdım: «…Onu da deyim ki, elə ilk vaxtlardan qurumda iki qanad vardı – liberallar və radikallar. Radikal qanadın üzvləri əsasən gənclər olsa da, onlara Məhəmməd Hatəmi başçılıq edirdi. Mən də o qanaddaydım və biz liberallara qorxaq kimi baxırdıq. Əbülfəz Elçibəy, Firudin Ağasıoğlu, Sabir Rüstəmxanlı, Tağı Xalisbəyli orda idi…
Fikir ayrılıqları böyük mitinqlər başlayanda yarandı. Əslində iki qanaqdın ikisinin də məqsədi eyni idi, sadəcə onlar daha sakit mübarizə vasitələrini seçməyin tərəfdarı idilər, biz isə onların bu addımını vaxt itkisi, hətta xəyanət sayaraq konkret, kəskin tələblərin irəli sürülməsini doğru sayırdıq. 1988-ci ilin may ayında (müsahibəmdə «May ayı» ifadəsini səhv işlətmişəm – B. T.) mitinq təyin etmişdik. Mitinqdən 1 gün qabaq adını çəkdiyiniz polkovnik Eldəniz Əliyev məni görüşə çağırdı. Məqsəd bizi qorxutmaq, mitinqin də qarşısını almaq idi…
…Eldəniz Əliyev təklif elədi ki, biz o zamankı Lenin Muzeyinin qarşısında görüşək. Fuad Ağayevlə Tofiq Rəsulova xəbər elədim ki, filankəslə flan vaxt, filan yerdə görüşəcəm, həbs edilsəm, xəbəriniz olsun. Polkovnik mənə dedi ki, bizdə dəqiq informasiya var, Moskva desant göndərəcək Bakıya, mitinqdəkiləri qıracaq, ondan sonra da biz təşkilatçılar olaraq sizi həbs edəcəyik. Bunu mənə dönə-dönə dedi, mən heç bir cavab vermədim, o da mindi xidməti maşınına, çıxdı getdi. Bu məsələdən az öncə Hatəmi mitinqləri aparmaq üçün 16 nəfərlik siyahı tutmuşdu. O gün 16-ların bulvarın qutaracağındakı çayxanada toplantısı olmalıydı. Biz polkovniklə ayrılanda iclasa hardasa 1-2 saat qalırdı. Gəldim çayxanaya, gördüm Nemət Pənahlı oturub. Ona olanları danışdım. Bəlli oldu ki, Neməti də çağırıb eyni sözləri deyiblər…
Bəxtiya Tuncay
Nemətlə ortaq fikrimiz o idi ki, mitinq ləğv olunmayacaq. Çox keçmədi çayxanaya Vəkil Hacıyev, Aydın Məmmədov, səhv eləmirəmsə, Kamal Abdulla gəldi və onlar da bizi mitinq fikrindən daşındırmağa çalışırdılar. Görüş təyin olunana qədər mitinqləri idarə edən 16-lığın… üzvləri də gəldilər. Ancaq Hatəmi hələ yox idi. Onların heç biri demədi ki, KQB-yə çağırılıblar, ancaq hamısı bir ağızdan Eldəniz Əliyevin sözlərini danışırdılar – Moskva desant çıxaracaq, camaatı qıracaqlar, mitinq olmamalıdır. Nemətlə məndən başqa hamı belə deyirdi, o sıradan Elçibəy də. Bu 12 nəfər Neməti dilə tutmağa çalışdılar. Nemət də, yalan olmasın, 2 saat dirəniş göstərə bildi, ancaq axırda onun fikrini döndərə bildilər. Artıq hava qaralırdı və biz düşündük ki, Hatəmi gəlib çıxmadısa, demək onu həbs ediblər…
(Amma) Məlum oldu ki, toplantı onun sadəcə yadından çıxıb. Biz (Mən – B. T.) ona deyəndə ki, (siyahıya saldığı dostları tərəfindən) rusların desant gətirəcəkləri təhlükəsinə görə («təhlükəsi» bəhanəsilə - B. T.) mitinqi təxirə salmaq qərarı var, o, dəhşətli dərəcədə əsəbiləşdi, qərarı verənlərin ünvanına ağır ittihamlar dedi. (Faktiki olaraq, məndən başqa hamını çox pis təhqir elədi, onları vətən xainliyində günahlandırdı – B. T.) Mübahisə düşdü... axırda hamı dağılışdı, bircə Nemətlə Hatəmi qaldı. Mən də uzaqda yaşadığım üçün onlardan tez ayrıldım. Elə evə təzəcə çatmışdım ki, Hatəmi zəng eləyib sevinə-sevinə Neməti razı sala bildiyini dedi…» (2 ; 3).
Beləliklə, ertəsi gün möhtəşəm bir mitinq oldu. Mitinq oldu, ancaq bu mübahisə Nemətlə Hatəmi arasında dərin bir soyuqluğun əsasını qoydu. “16-lığın” digər üzvləri də artıq Hatəmini düşmən gözündə görürdü (3).
Dostları ilə paylaş: |