Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə92/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   88   89   90   91   92   93   94   95   ...   201
Sabir Rüstəmxanlı
Beləcə, liderlər qrupu mitinqlərin davamlılığına çalışan radikallara (M. Hatəmi və mən) və hakimiyyətlə əlbir olaraq, onların baş tutmamasına çalışan liberallara parçalandı. Xəlil Rza, Mikayıl Mirzə və Nemət Pənahlı bu qrupların heç birində deyildi. Liberallar 17 günlük Meydan Hərəkatı dövründə də onu pozmaq üçün çalışacaq və bunu «Mitinqi İdarə Komitəsi» adı altında edəcək, Neməti öz tərəflərinə çəkə bilmək üçün xeyli tər tökəcəkdilər. Və buna bir müddət nail də olacaqdılar. Xəlil Rza bundan sonra Mikayıl Mirzə ilə birlikdə əvvəllər olduğu kimi rayonlara gedib millətin milli ruhunu körükləməklə məşğul olacaq, Bakıda izdihamlı yürüşlər təşkil edib ermənilərin işdən çıxarılması üçün çalışacaqdı.

Sözügedən komissiyanı öz xatirələrində Nəsir Ağayev də yad etmişdir: «…Bunlardan (mitinqlərdən – B. T.) birində Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rza Ulutürk xalqı hökumət strukturları ilə danışıqlarda təmsil etmək üçün 16 nəfərdən ibarət komissiyanın yarandığını bəyan etmişdilər. Bu komissiyaya Məhəmməd Hatəmi Tantəkin və Xəlil Rzadan başqa Əbülfəz Elçibəy, Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Mikayıl Mirzə, Bəxtiyar Tuncar, Nurəddin Quliyev, Firudin Cəlilov (Ağasıoğlu), Rüstəm Behrudi, Vurğun Əyyubov, İsa Qəmbər və digərləri daxil idilər» (1, s. 183).

16-lıq arasında çıxan fikir ayrılığı, onların, ümumiyyətlə ziyalıların və hərəkatda az-çox rolu olan adamların iki qanada – radikallara və liberallara parçalanması barədə Nemət Pənahlı da özünün «Əbədiyyət yolçusu» kitabında yazır. O həmin günləri belə xatırlayır: ««Çənlibel»in fəaliyyəti genişləndikcə, nüfuzu artdıqca, dövlət buna qarşı tədbirləri də gücləndirirdi. Ona görə də dövlətin himayəsi altında ilk öncə Akademiyada «Gənc alimlər klubu» yaradıldı.

Sonradan Dağlıq Qarabağdakı hadisələrlə bağlı mitinqlər başladı. Və burada əsas rəhbər rolu «Çənlibel» oynayırdı. Bu mitinqləri «Çənlibel»in nəzarətindən çıxarmaq üçün kommunist partiyasının rəhbərliyi bütün vasitələrə əl atırdı. Bu tədbirlərdən biri də «Xalq Cəbhəsi»nin yaradılması idi. Dövlətin himayəsində və nəzarətində olan «Gənc Alimlər Klubu»nda, artıq eşitdiyimizə görə, «Xalq Cəbhəsinin Nizamnaməsi»ni hazırlayırdılar. Hər şey gün kimi aydın idi Öz nüfuzunu itirmiş Kommunist Partiyası və onun rəhbərləri gözəlcə anlayırdılar ki, onlar xalqı idarə edə bilməyirlər. Buna görə də ayağa qalxmış xalqı öz istədikləri istiqamətə yönəltmək üçün xalqın adından danışacaq süni bir təşkilata və liderə ehtiyac var idi. Biz, yəni «Çənlibel»in üzdə olan üzvləri «Çənlibel»in ümumi yığıncaqlarına qatılan ziyalıların bir qrupu ilə, demək olar ki, hər gün müxtəlif çayxanalarda görüşürdük… «Çənlibel»çilər bu fikirdə idi ki, mitinqləri davam etdirək. Ancaq son anda, çox zaman fikirlər toqquşurdu. Məsələn, birdən-birə Firudin Cəlilov deyirdi ki, mitinq keçirib təzə nə deyəcəyik? Və beləcə, bir-iki nəfər Firudin müəllimin sözünü tutanda münaqişə yaranırdı. Ən radikal mövqe tutan Hatəmi isə bu fikirdə idi ki, bunların hamısı düşməndir, hamısını qovmaq lazımdır. Bunların çoxu «Çənlibel»ə xüsusi tapşırıqla gəliblər.

Beləcə, biz yeni bir mitinqin planını müzakirə etdiyimiz bir zamanda Vəzirov özü mitinq elan etdi. Səhv etmirəmsə, iyun ayının 13-ü idi. Vəzirovun fitlə qarşılandığı, verdiyi vədlərin məsxərəyə qoyulduğu o mitinqdə biz – «Çənlibel»çilər, seyrçi kimi iştirak etdik. Hətta mitinqin gedişi zamanı Məhəmməd Hatəmini hər hansı bir «şuluqluq» etməsin deyə, tutb salmışdılar hökumət evinin həyətinə. Tağı Xalisbəyli də Məhəmməd bəyə yaxınlaşmaq istəyəndə, onu da həyətə qatmış və mitinq qurtarana qədər onları milis nəzarətində saxlamışdılar.

Mitinq bağlı elan edildikdən sonra camaat yerə oturaraq uzun müddət etiraz etdilər. Demək olar ki, heç kəs dağılmaq istəmirdi.

Mitinqdən sonra şəhərin müxtəlif səmtlərində ixtişaşlar oldu. Hətta «Xutor» deyilən yerdə bir erməni odlu silahdan atəş açaraq bir milisi göz görə-görə qətlə yetirdi ( 6, s. 129).

Bizim mitinq etmək cəhdimiz isə hələ ki, daxildən, yəni öz içimizdən pozulurdu. Hatəmi əsəbiləşirdi. Mənə dəfələrlə deyirdi ki, gəl bu satqınların hamısını qovaq. İkimiz bəsik. Sən fəhlə sinfinin nümayəndəsi, mən də ziyalı sinfinin. Hatəmi deyirdi ki, bunların hamısının dövlət təşkilatlarında əlləri var. Mən bütün bunların həqiqət olduğunu çox-çox sonralar anladım. Yatsaydım, yuxuma da girməzdi ki, «ziyalı»ların böyük əksəriyyəti «Çənlibel»in yığıncaqlarına xüsusi tapşırıqla gəlir və vaxtaşırı bu barədə müəyyən orqanlara hesabat yazır.

Hatəminin fikrincə, kütləni biz ikimiz idarə edə, onu öz arxamızca apara bilərdik. Mən isə bununla razılaşmırdım. Mən ətrafımızdakı ziyalı ordusuna arxalanırdım. Düzdür, onların içərisində «gözümün su içmədikləri» də az deyildi, amma düşünürdüm ki, «sel çör-çöpsüz, meşə çaqqalsız olmaz»…

«Çənlibel»də iki xətt var idi. Biri rəsmi dövlət xəttini müdafiə edən ziyalıların xətti, o biri isə «Çənlibel»in mövqeyindən, yəni milli mövqedən çıxış edən ziyalıların xətti…

İyun ayının əvvəllərində bizim aramızda daha ciddi təfriqə düşdü. Respublikada siyasi vəziyyətin gündən-günə gərginləşməsi siyasi addımların atılmasını zəruri edirdi. Hökumətin addımları xalqı qane etmirdi. Ermənilər durmaq bilmir, bizim hökumət isə gözləmə mövqeyi tutmuşdu, Moskvanın ağzına baxırdı. Bu, isə bizim fikrimizcə, xəyanətdən başqa bir şey deyildi. Xalqı mütləq ayağa qaldırmaq lazım idi. Həm yerli, həm də mərkəzi hökumətə yalnız bu yolla təsir etmək olardı. Amma mitinq məsələsində heç cür ortaq fikrə gələ bilmirdik. Nəhayət, uzun çəkişmələrdən sonra qərara aldıq ki, iyulun doqquzuna mitinq elan edək. Beləliklə, fəallar vasitəsilə bütün müəssisələrə və ali məktəblərə xəbər göndərdik.

7-də bir də toplandıq ki, mitinqdə nəzərdə tutulan çıxışlarımızı müzakirə edək, kimin nə deyəcəyini bir də dəqiqləşdirək.

Hatəmi nədənsə gəlib çıxmamışdı. Mitinqləri təşkil və idarə etmək üçün yaradılmış komissiyanın üzvləri Əbülfəz Əliyev, Firudin Cəlilov, Nurəddin Quliyev, Bəxtiyar Tuncay, İsfəndiyar Coşğun. İsmayıl Təriqpeyma, Bəhmən Sultanov, bir də mən sabahkı mitinqi müzakirəyə başladıq.

Toplaşanların əksəriyyəti mitinqi təxirə salmaq təklifi irəli sürdü. Bir xeyli mübahisə etdik. Axırda Bəxtiyar Tuncay və məndən başqa hamı yekdilliklə mitinqin təxirə salınmasını tərəfdarı oldu. Bəxtiyar Tuncay əsəbiləşib yığıncağı tərk etdi.

Mən bu təkliflə ona görə razılaşmırdım ki, artıq bir neçə dəfə mitinq keçirmək haqqındakı qərarımızı Əbülfəz Əliyevgil təxirə salmışdılar. Ona görə də bu dəfə mitinq haqqında qərar qəbul edilən kimi Hatəmi ilə birlikdə bütün müəssislərə əvvəlcədən xəbər göndərmişdik ki, bu dəfə mitinqi pozmaq mümkün olmasın. Ancaq yenə də bunlar açıq-aşkar mitinqi pozmağa çalışırdılar. Bu dəfəki bəhanələri də bu idi ki, iyun ayının 18-də Moskvada SSRİ Ali Sovetinin yığıncağında Qarabağ məsələsi müzakirə olunacaq. Yaxşı olar ki, o günə qədər mitinq keçirməyək. Çünki bu mitinqlərdə təxribat baş verə bilər və bu da Moskvanın bizə qarşı mövqe tutmasına səbəb ola bilər. Bir yana baxanda ağlabatan fikir idi, amma mən bu fikirlə razılaşmadım. Ona görə razılaşmadım ki, artıq gec idi, müəssisələrə mitinq barədə çoxdan xəbər göndərilmişdi.

Müzakirələrdə təkləndim və mübahisənin mənasız olduğunu görüb onlarla şərt kəsdim. Bildirdim ki, bundan sonra onlar bir də mitinq keçirməyin əleyhinə bir söz söyləsələr, onlarla əlaqələrimi büsbütün kəsəcəyəm. Bu şərtlə razılaşdım.

Dağılışmaq istəyirdik ki, Hatəmi gəldi. Söhbətdən hali olan kimi əsəbiləşdi, hamını xain elan etdi və sonda üzünü mənə tutaraq dedi ki, bunlar səni də yoldan çıxaracaq. Hatəminin mənimlə bu cür sərt danışmağa, əlbəttə ki, ərki çatırdı. Sözündən belə çıxdı ki, təkcə mənim razılığım kifayətdir. Bu birilər isə onsuz da qorxaq, yaltaq və satqın adamlardır. Nə isə Hatəmi dedi ki, mitinq, nəyin bahasına olrsa-olsun, mütləq keçirilməlidir. Razılaşmadım, Əbülfəzgillə şərt kəsdiyimi, onlara söz verdiyimi dedim. Amma Hatəmi sözlərimə qətiyyən əhəmiyyət vermədi.

Açığı onun məni də onlarla bir tərəziyə qoyması, kəskin danışması mənə bərk toxundu. Təxminən gecə saat üçə qədər mübahisə etdik. Axırda Hatəmi ilə şərt kəsdim. Mitinqi onunla birlikdə keçirəcəyimi, amma bundan sonra onunla bütün siyasi əlaqələrimi kəsəcəyimi söylədim. Fikrimin qəti olduğunu anlasın deyə, dedim ki, hətta Azərbaycanın taleyi ikimizdən asılı olsa belə, səninlə heç vaxt əməkdaşlıq etməyəcəyəm. Razılaşdı, ayrıldıq» (6, s. 129-134).

Tarixi hadisələrin dəqiq mənzərəsini yaratmaq üçün bir neçə mənbəni müqayisəli şəkildə gözdən keçirmək vacibdir və bu mənbələrdən biri də, şübhəsiz ki, «Acı həqiqətlər»dir. Hatəmi həmin kitabında sonrakı hadisələri öz baxış bucağından belə təsvir edib: «9 iyun mitinqində tribunadan meydana vərəqə dağıdılmışdı ki, ayın 11-də Azadlıq meydanında mitinq olacaq. Mitinq oldu, ancaq adam çox az gəlmişdi. Mitinqçilər meydandan 3-cü mikrorayonun yanındakı çoxlu erməni yaşayan xutorun üstünə getdilər. Burada erməni bizim bir milisi güllə ilə öldürür. Ölüm olayı Bakıda durumu gərginləşdirdi.

Milisin dəfnində mən, Əbülfəz Əliyev, Tağı Xalisbəyli iştirak etdik. Tağı Xalisbəyli heç yaxşı iş görməyib, general Kamil Məmmədovu təhqir etdi, onun milislərinin yanında. Qəbiristanlığa gedib-gəldiyimiz yol boyu general bizi provokasiyaya çəkib tutmaq istəyirdi. Onun xatasını başımızdan güc-bəla ilə rədd etdim.

İyunun 13-də Azadlıq meydanında dövlət özü mitinq təşkil etdi. Mitinq başlanandan qurtarana qədər məni hökumət evinin həyətində gizlicə tutuqladılar. Yanımda milis zabitlərindən ibarət bir neçə gözətçi qoymuşdular. Tağı Xalisbəyli təsadüfən həyətə daxil olub mənə yaxınlaşanda onu da tutdular.

Mitinq bitincə, dövlət başçıları tribunanı tərk etdilər. Amma xeyli adam meydanda qalıb, mitinqi dövlət əleyhinə davam etdirdilər.

Həmin bu gün axşam hərbiçilərlə mitinqçilər arasında şəhərin içində toqquşma çıxdı. Mənə danışılanlara görə karateçi cavan bir qız təkbaşına 9 əsgərlə vuruşurmuş (adını bilməsəmdə mən o qızı tanıyırdım). Qəzəblənmiş mitinqçilər erməni adlarına küçələrin lövhələrini qırıb tökdülər. Zakirlə Koroğlu (Qardaşxan) bu işdə böyük fəallıq göstərdilər» (4).


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin