Eldar İbrahim
Fəqət təmsilçilərimizin tribunaya çıxmasına qətiyyən imkan verilmirdi. Tribunada mikrofonda kimin çıxış edəcəyini Bakı şəhər Partiya Komitəsinin katibi Fuad Musayev, 26-lar rayon Partiya Komitəsinin katibi Vəli Məmmədov, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Fətulla Hüseynov, DTK sədrinin müavini Namiq Abbasov, DTK podpolkovniki Eldəniz Əliyev və s. həll edirdilər. Odur ki, Məhəmməd Hatəmi qeyd edəndə ki, Nemət Pənahlının mikrofona sahib olmasında dövlət qüvvələrinin rolu olub, çox güman ki, haqlıdır. O mənada haqlıdır ki, mitinqi nəzarətdə saxlamağın artıq mümkün olmadığı bir dövrdə onun başına «daha böyük təhlükə» kimi gördükləri Hatəmidənsə daha az təhlükəli hesab edilən Nemət Pənahovun keçməsi barədə qərar qəbul edilə bilərdi. Çünki bu yolla dağılışmaq istəməyən izdihamı heç olmasa, meydanda saxlamaq və mitinqin sonradan küçələrdə ermənilərə qarşı kütləvi yürüş və aksiyalara çevrilməsini önləmək olardı.
M. Hatəmi Nemət Pənahlının mikrofona sahib olmasında L. Şmitd adına maşınqayırma zavodunun fəhlələrinin rolunu qeyd edəndə də, şübhəsiz ki, haqlıdır. Fəqət Naxçıvan klanının rolunun olub – olmamasını xüsusi araşdırmağa ehtiyac var. Çünki, Məhəmməd bəy bu iddiasını sübut etmək üçün «Acı həqiqətlər» kitabında heç bir tutarlı sübut gətirmir, sadəcə öz ehtimallarını dilə gətirərək yazır: «Podpolkovnik Eldəniz Əliyev yerlisi Nemətin DTK ilə əlaqəsini inkar edir (2). Nemət dövlət tərəfindən meydan qəhrəmanına çevrilməsəydi, DTK əməkdaşları meydanda ondan tərəfdarlıq etməzdilər. Sabir Yanardağ istintaq zamanı bu haqda demişdir: "İstisna etmirəm ki, Pənahov DTK-nın göstərişilə hərəkət edirdi, çünki DTK-nın nümayəndələri Tofiq Heydərov və Aydın Abdullayev Pənahovu müdafiə etdilər" (9).
Ənvər Əliyev və Yurd Cəmiyyətinin başçıları 16.11.1992-ci il tarixində saat iyirmi əlli dəqiqədə televiziyadakı çıxışlarında dedilər: "Ə. Vəzirovun yanındakı yığıncaqda qərara alındı ki, Neməti qaldıraq" (yəni yarma meydan qəhrəmanına çevirsinlər). Eldəniz Əliyev bəs deyir Nemətin dövlətlə əlaqəsi olmayıb?» (7).
Şübhəsiz ki, bu sözlər həmin dövrdə Nemətin Naxçıvan klanı ilə, daha doğrusu, bu klanın «xaç atası» Heydər Əliyevlə bağlılığını sübut etmək üçün qətiyyən tutarlı fakt sayıla bilməz. Hatəminin əslən Naxçıvandan olan Eldəniz Əliyevin adının hallandırması da məsələnin mahiyyətini dəyişmir.
Eldəniz Əliyevin əksər naxçıvanlılar kimi Heydər Əliyevin qızğın tərəfdarlarından olduğu danılmaz faktdır. Bunu o özü də gizlətmir (11; 6). O da faktdır ki, Nemət Pənahlı onunla ilk dəfə məhz 17 noyabr-5 dekabr Meydan Hərəkatının ilk günlərində tanış olmuşdur. Fəqət Eldəniz Əliyev nəinki onu mitinqin başına keçməyə təhrik etməmiş, əksinə onu bundan çəkindirməyə çalışmış, onu meydanda oynanılan gizli və çirkin oyunlar barədə xəbərdar etmişdir. Bu barədə Nemət Pənahlı yazır: «Məni hamıdan öncə öz «qarmağına keçirmək» istəyən Eldəniz Əliyev oldu. Onu əvvəllər heç qiyabi olaraq da, tanımırdım. Bilmirdim ki, KQB-nin ziyalılarla iş aparan qrupunun əməkdaşıdır. Onunla söhbətimiz, təbii ki, onun istədiyi nəticəni vermədi, əksinə bundan sonra hiss etdim ki, əlim hər istədiyimdə mikrofona çatmır» (10, s. 158).
Nemət Pənahlı kitabının başqa bir yerində, bu epizodun redaktə edilmiş hissəsində (kitab hələ əlyazma şəklindədir və tam redaktə edilməyib) həmin görüşün, daha doğrusu söhbətin məzmunu barədə də qısa məlumat verir: «Məni hamıdan öncə bir qırağa çəkən, sorğu-suala tutan, başıma ağıl qoymaq istəyən Eldəniz Əliyev oldu. Onu kənardan da olsa, tanımırdım. Bilmirdim ki, KQB-nin ziyalılarla iş aparan şöbəsinin rəisidir. O məni tribunanın bir kənarına çəkərək, ehtiyatla, pıçıltl ilə bildirdi ki, mikrofondan xalqa nitq söyləyən adamların əksəriyyəti, o cümlədən «Nümayiş Komitəsi»ndə toplaşan «ziyalı»ların hamısı onların adamıdır. Hatəmidən başqa tribunadan xalqa nitq söyləyən «ziyalı»ların hamısı, başda Sabir Rüstəmxanlı olmaqla, onların tapşırığını yerinə yetirirlər: «Axırda pis vəziyyətdə qalan sən olacaqsan. Bunların heç birinə «gözün üstə qaşın var» deyən olmayacaq». Eldəniz Əliyev sözlərinə onu da əlavə etdi ki, hakimiyyət səninlə əməkdaşlıq etməkdə çox maraqlıdır. Təklif elədi ki, bu fürsətdən istifadə edib özüm üçün əməlli-başlı gözəl gün-güzaran yaradım: «Nə vaxta qədər yataqxanada kefir (qatığın bir növü-B. T.) içə-içə «inqilab» edəcəksən?»
Eldəniz dedi ki, təklifimizi qəbul et, səni universitetə düzəldək, evlə təmin edək, firavan həyat şəraiti yaradaq. Sonda xahiş etdi ki, bu söhbət öz aramızda qalsın. Bu söhbət kənara çıxsa, şalvarımı çıxararlar: «Bax, səninlə biz yerliyik, ona görə açıq danışıram. Sən olduqca təmiz adamsan, fitri istedada maliksən. İstəmirəm ki, göz görə-görə, səni məhv etsinlər» (10, s.163).
Nemət, özünün də yazdığı kimi, bu şərtləri qəbul etmədi. Etmədiyi üçün də mitinqdən sonra onu (eləcə də Hatəmi, Siyamək və məni) və qurbanlıq qoyun kimi Ənvər Əliyevi həbs etdilər. Barələrində cinayət işi açdılar. «Nümayiş Komitəsi»nin üzvlərinə isə «qaşın üstə gözün var» deyən olmadı (Yalnız Əbülfəz Əliyevə 30 sutkalıq inzibati cəza kəsildi). Əksinə, onları bu dəfə də Xalq Cəbhəsinin yaradılmasına cəlb etdilər.
Nəzərə alsaq ki, Eldəniz Əliyev həmin dövrdə bilavasitə Heydər Əliyevin adamı kimi tanınırdı, onun əslində Heydər Əliyevin sifarişini yerinə yetirdiyini, Nemətə də bu məqsədlə «qarmaq atdığını» düşünmək olar. Belə düşünmək üçün başqa bir əsasım da var. Yaxşı yadımdadır, bir dəfə məni DTK-ya dəvət etmişdi. Söhbətin əsil mövzusu başqanı olduğum «Oğuz» təşkilatının respublikada dil uğrunda başlatdığı geniş aksiya olsa da, nədənsə mənə uzun-uzadı Heydər Əliyevi tərifləmiş, ünvanına bol-bol mədhiyyələr söyləmişdi. Əhəmiyyət vermədiyimi görüb mövzunu dəyişmişdi.
Amma bu hal Heydər Əliyevin Neməti ələ almaq və onun əli ilə hərəkatı özünə lazım olan istiqamətə çevirmək üçün etdiyi ilk cəhd deyildi.
Bu gün Nemət Pənahlının hərəkat dövründə məhz Heydər Əliyev tərəfindən idarə edildiyi barədə çox söz-söhbət gəzir, hətta hərəkat dövründə belə bir şaiyə də buraxılmışdı ki, guya Nemət bəy bir vaxt Heydər Əliyevin bağında bağban işləyibmiş. Həmin dövrdə çoxları bu məsələdən şübhəli idilər. Maraqlıdır ki, şübhəli olanlardan biri də Azərbaycan Kommunist Partiyası MK-nın o vaxtkı I katibi Əbdürrəhman Vəzirov idi. Təsadüfi deyil ki, o, Respublikaya rəhbər təyin edildiyi günün elə sabahı Nemət Pənahlı ilə görüşmüş və onun Heydər Əliyev və ya adamlarından hər hansı biri ilə əlaqədə olub-olmaması ilə maraqlanmış, Nemət Pənahlı onun sualına «yox» deyə cavabı versə də, özünün yazdığı kimi, Vəzirov ona inanmamışdı: «…Sonra yenə o danışdı və görüşün sonunda üzünü mənə tutub «Pənahov, sən qal, səninlə ayrıca söhbətim var» - dedi.
Təklikdə apardığımız söhbətdən o dəqiqə anladım ki, onu mənim Heydər Əliyevlə və ya onun adamları ilə hər hansı bir əlaqəmin olub-olmaması maraqlandırırmış. O öncə, Heydər Əliyevi təriflədi, dost olduqlarını söylədi və dediyim sualı verdi. Nə Heydər Əliyevlə, nə də onun hər hansı bir adamı ilə heç bir əlaqəmin olmadığını söylədim. Dedim ki, məni narahat edən şey millətimin taleyidir. Bu millət üçün qazılmış quyunu görürəm və məqsədim də milləti fəlakətdən xidmət etməkdir. Bildirdim ki, Ermənistan rəhbərliyi hər şeyi «xalqın iradəsi»nə bağlayır. Bizim rəhbərlik isə millətin başından basır, millətin görən gözünü çıxartmaq istəyir. Sizin yeganə yolunuz xalqla birləşməkdir.
Hiss etdim ki, səmimiyyətimə inanmır və məni Heydər Əliyevin adamı sayır, Heydər Əliyevin adamlarının ssenarisi ilə hərəkət etdiyimi düşünür. Şübhəsiz ki, mənim Heydər Əliyevlə bağlı olmağım düşmən şaiyəsi idi» (10, s. 111).
Yeri gəlmişkən qeyd edim ki, Vəzirovun Qorbaçov tərəfindən Azərbaycana rəhbər göndərilməsinin ən əsas səbəblərindən biri də Respublikanı daxildən xərçəng xəstəliyi kimi sarıyan, onun iqtisadi inkişafına mane olan «əliyevçilik»lə, başqa sözlə, Heydər Əliyevdən qalan rüşvət və korrupsiya kimi ağır mirasla mübarizə aparlmaq idi. Odur ki, Vəzirov işə başlar-başlamaz, Naxçıvan klanının güclü müqaviməti ilə üzləşməli oldu. Naxçıvan klanına qarşı qarabağlıları birləşdirmək, alternativ klan yaratmaq və ona arxalanmaq istəsə də, buna nail ola bilmədi. Ola da bilməzdi. Çünki Qarabağ Azərbaycanın Bakı və Gəncə ilə birlikdə ən mədəni bölgələrindən idi və orada da Bakıda və Gəncədə olduğu kimi, klan münasibətləri çoxdan geridə qalmışdı.
Vəzirovdan sonra Ayaz Mütəllibov da Naxçıvan klanına qarşı alternativ Şirvan klanı formalaşdırmağa girişmiş, amma o da sələfi kimi istədiyinə nail ola bilməmişdi. Çünki klançılıq mədəni səviyyəsi nisbətən aşağı olan bölgələrə xas olan xüsusiyyətdir. Əslində, Naxçıvan şəhəri də Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət ocaqlarındandır və orada da klan münasibətləri çoxdan tarixə qarışıb. Amma yalnız şəhərin özündə. Muxtar Respublikanın digər bölgələri haqqında, xüsusən də Qərbi Azərbaycandan (Ermənistandan) köçənlərin üstünlük təşkil etdiyi bölgələr haqqında bunu söyləmək çox çətindir. Heydər Əliyevin özü də həmin köçgünlərin nəslindən idi. Yəni təmiz naxçıvanlı deyildi.
Məhəmməd Hatəmi yazır: «Görüşümüz zamanı Ə. Vəzirov mənə demişdi: "Dövlət aparatında 60% naxçıvanlılardır. Onlar qoymurlar işləyəm. Görsəm çətindir, ərizə yazıb gedəcəyəm. Sə-fir işləyəndə mənə bundan yaxşı idi".
Ə.Vəzirov Naxçıvan klanına, Naxçıvan klanı da ona qarşı ölüm-dirim mübarizəsi aparırdı» (7).
Nemət Pənahlının həmin dövrdə Heydər Əliyevin adamlarından biri ilə əlaqəsi vardı, sadəcə bu əlaqələr hələ dostluq səviyyəsinə çatmamışdı, üstəlik də Nemət bəy onun Heydər Əliyevin vəzifədə olan və gizli iş aparan adamlarından biri olduğunu bilmirdi. Söhbət həmin dövrdə Azərbaycan Kommunist Partiyasının Bakı şəhər Nərimanov rayon təşkilatının I katibi vəzifəsini tutan Rəfail Hüseynovdan gedir.
Nemət Pənahlının yazdığına görə, münasibətləri yaxşılaşdıqdan və səmimi şəkil aldıqdan sonra Rəfail Hüseynov ona Əliyevin adamı olduğunu söyləmiş və Nemətə onunla birlikdə Moskvaya gedərək, Heydər Əliyevlə tanış olmağı təklif etmiş və o da bununla razılaşmışdı: «… Ertəsi gün mənim Rəfail Allahverdiyevlə növbəti görüşüm oldu. Bu görüşün də təşəbbüskarı Rəfail müəllimin özü idi. İki saata qədər çəkən söhbətimizdə əsasən Heydər Əliyevdən danışdıq. O, Heydər Əliyevin hər tərəfdən repressiyalara məruz qaldığını, hazırda Moskvada vəziyyətinin həddən artıq acınacaqlı olduğunu bildirdi. Bu məsələni uzun-uzadı müzakirə elədik. Hiss etdim ki, Rəfail müəllimin ürəyində Heydər Əliyevə qarşı sonsuz rəğbət və məhəbbət var. O mənim Heydər Əliyevə olan münasibətimlə maraqlandı və axırda dedi ki, əgər etiraz etməsən, səni Heydər Əliyevlə görüşdürərəm… Dedim ki, Heydər Əliyev nəyin bahasına olursa-olsun, Azərbaycana gəlməlidir… Heydər Əliyev əgər doğrudan da Azərbaycan xalqının övladıdırsa, öz xatirələrini tam səmimi şəkildə yazaraq, xalqa çatdırmalıdır. Çünki o, yeganə adamdır ki, Sovet imperiyası qurulandan bugünə qədər Azərbaycanda baş vermiş bütün hadisələri incəliklərinə qədər bilir» (10, s. 152).
Nemət Pənahlı daha sonra yazır: «Artıq azadlıq dalğası Azərbaycanın, demək olar ki, bütün bölgələrini bürümüşdü. Naxçıvan isə Bakıdan sonra ən qaynar nöqtə idi. Qərara aldım ki, Naxçıvana gedim. Həm doğmalarımla görüşüm, həm də Naxçıvanın ab-havası ilə tanış olum. Onu da qeyd edim ki, o zaman digər bölgələrdən fərqli olaraq, Naxçıvanda Heydər Əliyevin şəxsiyyətinə xoş münasibət açıq-aydın hiss edilirdi…(10, s. 152).
…Tezliklə Leninqrada uçmalı, orada xalam oğlu Yusiflə görüşməli idim. Xalamgilin Yusiflə bağlı nigarançılıqları vardı. Amma Leninqrada uçmaqda başqa məqsədim də vardı ki, bunu heç kim bilmirdi, heç kim…
Leninqraddan qayıdanbaş, yolumu Moskvadan salmalı idim. Moskvada haradasa bənd alıb, bu şəhərdə Rəfail Allahverdiyevin vasitəçiliyi ilə hansı yollasa Heydər Əliyevlə görüşməli idim. Hələ ki sadəcə nəzərdə tutulan bu görüş mənim üçün ona görə maraqlı idi ki, Heydər Əliyevin ölkənin sabahı barədə nə düşündüyünü, bizim mübarizəni necə qiymətləndirdiyini bilmək istəyirdim.
Rəfayıl müəllimin dediyinə görə görüşün təşəbbüskarı da Heydər Əliyev idi (10, s. 154).
Lakin bu görüş baş tutmur. Çünki Nemət Pənahlı Naxçıvandan Bakıya noyabrın 16-da qayıdır və sabahısı gün isə mitinq başlayır. Bu üzdən də Leninqrada, ardınca da Moskvaya uçmaq məsələsini təxirə salır. Bu da o deməkdir ki, meydan hərəkatı dövründə onun artıq Heydər Əliyevin «qarmağında olması» barədə deyilənlər həqiqəti əks etdirmir. Üstəlik də onun bu mitinqdən heç xəbəri də yox idi.
Nemət bəyin yazdıqlarından belə aydın olur ki, hərəkatın Bakıdan sonra ən güclü cərəyan etdiyi yer Naxçıvan idi və oranın əhalisi, o cümlədən hərəkatçılar arasında Heydər Əliyevin nüfuzu çox böyük idi. Elə bu səbəbdən də Heydər Əliyevin və Naxçıvan klanının üzvlərinin əslən Naxçıvandan, eləcə də Qərbi Azərbaycandan olan hərəkatçıların bir çoxunu öz qarmağına keçirməsi və onların vasitəsilə gizli planlarını həyata keçirməsi heç də çətin olmamaışdır.
Heydər Əliyevin naxçıvanlı hərəkatçılar arasında xüsusi nüfuz sahibi olduğunu Asəf Quliyev də təsdiq edir: «Sessiyadan bir gün əvvəl Naxçıvanda mitinq çağırılmışdı. Həmin mitinqdə Heydər Əliyevə belə bir məktub çatdırıldı ki, Siz Ali Məclisin sədri olarsınızmı? Heydər Əliyev də dedi ki, xalq istəyərsə, olaram. Sessiyada isə cəbhəçi deputatlardan bir neçə nəfəri çıxmaqla hamısı Heydər Əliyevə səs verdi. Naxçıvan Ali Məclisində təqribən 25 cəbhəçi deputat var idi. Yalnız Arif Rəhimov və bir neçə nəfər Heydər Əliyevə səs vermədi. Mən onda deputat deyildim. Heydər Əliyevə səs verən cəbhəçi deputatlar bu seçimlərini şəxsi istəkləri ilə izah edirdilər. Onların bəziləri xalq hərəkatına öz xidmətləri kimi baxırdılar. Daha dəqiq desəm, onlarda «xırda padşah»lıq hissi yaranmışdı...» (1).
Dostları ilə paylaş: |