«KQB-nin paqonsuz generalları» ilə təkbaşına savaş və tükənməz ümumxalq məhəbbəti
Mitinqlərin 4-cü günü, yəni noyabrın 21-də (1988) saat 15.48-də öncə Sabir Rüstəmxanlı, 4 dəqiqə sonra, yəni saat 15.52-də Nemət Pənahlı mitinqin sona yetdiyini elan edərək tədbir iştirakçılarını dağılışmağa çağırdılar. Amma yenə də bir nəticəsi olmadı. Azərbaycan Xalq Hərəkatı Cəbhəsinin «qızılbaş»ları meydanda qalaraq, meydanı dağılmağa qoymadılar.
Həmin gün ulu öndər Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı üçrəngli bayrağın mitinqin tək bayrağna və Hərəkatın simvoluna çevrilməsi Azərbaycanın kommunist rəhbərliyini o dərəcədə qorxuya salmışdı ki, mitinqin təcili dağıdılması üçün Nemət Pənahlıya ağlasığmaz təzyiqlər edilməyə başlandı. Siyaməkə təsir göstərmək üçün isə onun mənsub olduğu İran Xalq Fədailər Partiyasının başçılarından biri Həmzə Fərati təcili olaraq Almaniyadan SSRİ-yə çağırıldı (3, s. 499).
Əlbəttə, məsələ təkcə milli bayrağın meydana gətirilməsində deyildi, rəhbərlik izdihamın küçələrə axışaraq, ermənilərə hücum çəkəcəyindən də bərk narahat idi.
Nemət Pənahlı həmin günlərdə baş verənləri belə xatırlayır: «Dəqiq yadımda deyil, ya ayın 20-si, ya da 21-i idi. Sabir Rüstəmxanlı mənə dedi ki, mən gedirəm, Nemət. Dedim, özün bil, ardınca da ürəyimdən keçənlərin hamısını boşaltdım. Bildirdim ki, hökumətlə xalq arasında ikibaşlı oyun oynamaqdansa, getməyin məsləhətdir.
Doğrusu, getməsini istəmirdim, amma getdi. Sözlərimi necə qəbul etdiyini də bilmədim. İnanırdım ki, qayıdacaq, çünki ruhən millətinə, xalqına bağlı adam olduğunu bilirdim. Amma onu da bilirdim ki, məsələ şəxsi mənafeyə gələndə həmişə özünü itirir və tərəddüd edir.
Çıxışlarımın birində millətə demişdim ki, kim ki sizi dağılışmağa çağırsa, hətta mən də çağırsam, fitə basın, dağılışmayın. Görünür, elə bu səbəbdən idi ki, ayın 22-də tribunaya qalxan və milləti dağılmağa çağıran Bəxtiyar Vahabzadəni fitə basdılar.
Meydanda şayiələr tez göyərirdi. Bu da təbii idi. Belə şayiələrdən biri Bəxtiyar Vahabzadənin guya ölməsi xəbəri oldu. Amma bu şayiənin təcili qarşısını aldım. Anladım ki, bu şayiəni buraxmaqda hökumətin siyasi məqsədi var…
Həmin günlər mitinqin, nəyin bahasına olursa-olsun, dağıdılması tələbi daha da kəskin hal almışdı. Qarşımda qoyulan ultimatumlardan belə çıxırdı ki, bu işi bilavasitə mən etməliyəm. Şübhəsiz ki, meydanın, heç bir tələbin yerinə yetirilmədən, dağılması məğlubiyyət demək olardı. Mənə təzyiq edənlərə - Elçinə (Elçin Əfəndiyev – B. T.) də, Aydın Məmmədova da, Sabir Rüstəmxanlıya da eyni sualı verdim: «Nədən bunu özünüz etmək istəmirsiniz, mənə etdirməyə çalışırsınız? Niyə tribunadan xalqa bir söz deyirsiniz, mənə başqa söz?».
Nəhayət dövlət nümayəndələrinə də, onların əmrində itaətkar qul kimi dayanmış «ziyalı» zümrəsinə də qəti şəkildə bildirdim ki, mən bu addımı atmayacaq, xalqa dağılışmaq barədə müraciət etməyəcəyəm.
Dincəlmək üçün çadırlardan birinə təzəcə girmişdim ki, bir də gördüm Bəxtiyar Vahabzadə gəldi. O, içəri girər-girməz, ətrafdakı tanıdığım və tanımadığım adamların yanındaca, çox amansız bir şəkildə üstümə hücuma keçdi: Axı, sən kimsən?! – dedi, - niyə bu milləti qırğına aparırsan, niyə bu millətin taleyi ilə oynayırsan?
Yeri gəlmişkən, qeyd etməliyəm ki, bu arada məni hər tərəfdən kifayət qədər sərt şəkildə sıxışdırmışdılar. Həmin sırada hökumətə boyun əyməyi özünə peşə etmiş «ziyalı»lardan ibarət saxta bir «Nümayiş Komitəsi» yaratmışdılar. Təbii ki, xəbərim və razılığım olmadan mənim də adımı bu bədnam komitənin üzvlərinin siyahısına salmışdılar. Adımın həmin siyahıda olduğunu biləndə etiraz etmiş və «bu necə nümayiş komitəsidir ki, hökumət tərəfindən idarə olunur?» - demişdim.
Nə isə, mən bu üzdəniraq «nümayiş komitəsinin» iç üzünü açandan sonra mənə o qədər güclü təzyiqlər başladı ki, mikrofondan aralanmaq qərarına gəldim…» (4, s. 165-166).
Sabir Rüstəmxanlının yazdığına görə həmin «nümayiş komitəsinin» ilk başçısı Firudin Cəlilov (Ağasıoğlu) olub: «…O, nümayış komitəsinin ilk başçısı idi, mənsə meydanı idarə edənlərdən biri idim» (6).
Bu fakt Firudin Ağasıoğlunun bloqunda onun haqqında verilən məlumtlarda da əksini tapmışdır: «F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olmuşdur. Əbülfəz Elçibəy, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə 1986-dan gizli fəaliyət göstərən və 1988-ci il nümayişlərini təşkil edən «Varlıq» təşkilatının qurucusu, leqal fəaliyətdə olan «Cənlibel» təşkilatı tədbirlərinin iştirakçısı, «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri, «Qarabağa Xalq Yardımı komitəsi»nin qurucularından biri və respublikada ilk demokratik ruhlu «Azərbaycan» qəzetinin redaksiya heyətinin üzvü, «Dövlət Əlifba komissiyası»nın (1990) rəhbəri F.Cəlilov 1990-da millət vəkili və Milli Məclisdə «Elm, təhsil və mədəniyət komissiyası»nın sədri seçilmişdir» (1).
Bu məlumatı başqa mənbələr də təsdiqləyir: «F. Cəlilov elmi-pedaqoji fəaliyəti ilə yanaşı ictimai-siyasi fəaliyətlə də məşğul olub. Əbülfəz Elçibəy, Xəlil Rza , Sabir Rüstəmxanlı və digər ziyalılarla birlikdə Milli Azadlıq Hərəkatının nüvəsini təşkil edən təşkilatların rəhbərlərindən biri olub. «Dirçəliş günü» kimi tarixə düşən 17 noyabr- 4 dekabr (1988) mitinqində nümayiş komitəsinin sədri də məhz Firudin Cəlilov olub» (2).
Nemət Pənahlı davam edir: «Dincəlmək üçün çadıra girəndə düşünürdüm ki, bir daha tribunaya qalxmayacaq və mikrofona yaxın durmayacağam. Hərçənd ki, xalq yalnız məni eşitmək istəyir və sürəkli olaraq «Nemət! Nemət» deyə çığırırdı. Və mən də məhz bu xalqa arxalanırdım. Onu da bilirdim ki, mitinqin hansı formada sona çatmasından asılı olmayaraq, həbs ediləcəyəm. Axı, biz hələ sovet qanunları ilə yaşayırdıq, mənsə sovetin ünvanına nələr söyləməmişdim.
Bəxtiyar müəllim məni nə qədər acılasa da, susdum, onu sona qədər dinlədim. Sözünü bitirən kimi başladım onun öz şerlərindən misallar gətirməyə. Dedim:
- Bəxtiyar müəllim mən bu şerlərlə tərbiyə almışam. Xalq onların təsiri ilə meydana çıxıb. Neçə illərdir, şerlərinizlə bu xalqı, məgər, mübarizəyə səsləyən siz olmamısınız?
Vahbzadə də mənə sona qədər qulaq asldı, kövrəldi və göz yaşlarını saxlaya bilmədi. Yadımdadır, zavoddakı görüşümüzdə də mənim çıxışımdan sonra ağlamışdı.
Çadırdan çıxanda Bəxtiyar müəllim boynumu qucaqladı, şənimə xoş sözlər dedi. Hətta məni Koroğluya, Babəkə bənzətdi və sözlərindən elə çıxdı ki, sən demə, əsil türk elə təkcə mənmişəm. Sanki, 5-10 dəqiqə öncə məni təhqir edən, dişinin dibindən çıxanları söyləyən o deyildi. Görünür, Məhəmməd Hatəmi, başda Bəxtiyar Vahbzadə olmaqla, ziyalı ordusunu «KQB-nin paqonsuz genaralları» adlandıranda səhv etməyibmiş.
Bir qədər sonra tribunaya bir dəstə molla çıxartdılar. Amma kütlə onları da saya almadı. Bir müddət sonra həmin molla dəstəsi bir dəstə tanımadığım adamla birlikdə istirahət etdiyim çadıra gəldilər və az qala, hökmlə məndən mitinqi dağıtmağı tələb etdilər. Nə edəcəyimi bilmirdim. Hər tərəfdən məngənəyə alınmışdım. Mollalar ortaya Quran qoyub, məni Qurana and verdilər ki, mitinqi dağıdım. Artıq bezmişdim. Bəziləri yalvarır, bəziləri hədə-qorxu gəlir, bəzilərisə şirin vədlər verirdilər. Bu məsələdə ən çox canfəşanlıq edənlər aşağıdakılar idi.
Dövlət rəsmiləri: Vəli Məmmədov, Fuad Musayev, Həsən Həsənov, Rafiq Zeynalov, Telman Orucov.
Ziyalılar: Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Bəxtiyar Vahabzadə, Elçin Əfəndiyev, Kamal Abdulla, Əbülfəz Əliyev və Nümayiş Komitəsində təmsil olunan ziyalılar.
Onlara dedim ki, yaxşı, dağılışmaq barədə müraciət edəcəyəm. Amma kütlə məni eşitməsə, yenə də kütlənin içinə qayıdacağam» (4, s. 166-167).
Bu yerə qədər olub-bitənləri indi də Ədalət Tahirzadənin dilindən izləyək:
«22 NOYABR 1988.
02.15. Meydana çatanda gördüm ki, təxminən dünənki qədər (30 min) adam saysız-hesabsız tonqalların başına toplaşıb. Soldakı qoşa tribunalar tələbələrlə doludur və onlar coşğunluqla “Qa-ra-bağ”!, “A-zər-türk!” qışqırırlar, “Domsovetdə bir kişi var, yoxsa yox?” oxuyurlar.
Yeni şüarlar yazılıb divarlara yapışdırılmışdır:
“Ümidimiz Xalq Cəbhəsinədir”,
“Bütün azəri türkləri, birləşin!” (qarşısında oraq-çəkic şəkli),
“Azərbaycanın sərvətləri xalqımızın olmalıdır!”,
“Televiziya işçilərinə ar olsun!”,
“Ana dilimiz dövlət dili kimi bərpa edilsin!”,
“Sumqayıt qəhrəman şəhərdir!”,
“Əhmədovun məhkəməsinin ümumxalq müzakirəsinə verilməsini tələb edirik!!!”,
“İki gözümüz - biri Bakı, biri Təbriz!”,
“Biz Babəklər nəsliyik. Azərbaycana eşq olsun!”,
“Babək övladlarına eşq olsun!”.
Bir şəkil vardı: dörd cərgə tikanlı məftillərin üstündən “yox!” mənalı çarpaz xətt çəkilmiş, məftillərin solunda “Bakı”, sağında “Təbriz” yazılmışdı. Meydana girəndə maraqlı bir hadisə ilə qarşılaşdım. Dörd uşaq bir balaca itin boynuna qırmızılent, xaç bağlayıb meydanda gəzdirirdi. Deyirdilər ki, Vazgen intervü verməyə gedir. Bir kişi dedi: “Bir köpəkoğluna görə yazıq iti niyə incidirsiniz?”.
Sol tribunanın qabağında izdiham vardı.
03.35. Ağdamlı Elvin:
- Qarabağ ”vahiməli, qorxulu bağ” deməkdir.
Birisi yerdən Ziya Bünyadovun adını çəkdi. Elvin də dedi ki, vallah, dədəmin goru haqqı tanımıram. Ayə, Azərbaycan televiziyası ermənicə konsert verir, mən onu haradan tanıyıram?!. Oğlan ermənilərə qarşı təbliğat aparır, deyirdi ki, erməniyə salam verib əl uzadanda görürsən ki, barmağının biri əskik gəlir. Ağdamda qəbiristanlıqda mənim qonşularım Natəvan, Pənah xan, Xəlil xandır. Ayə, ermənin kimi var? Bəs niyə yatmışıq? Yatmayan təkcə Vəziryandır, turetski kasetlərə baxır. Sonra “Vəziryan - erməni” qışqırmağa başladılar.
Dəmir yolu texnikumunun tələbələrinin böyük dəstəsi meydana girdi. Meydanda çoxlu maşın var. Camaata xidmət edən bu maşınların bir çoxunun üstündə Azərbaycan bayraqları sancılmışdır. (Bura gələndə gördük ki, çoxlu maşın, üstündə bayraq dalğalana-dalğalana, siqnalverə-verə şəhəri dolaşır, tələbələrə ərzaq aparır).
Xorla meyxana:
Ay can alan, can Qarabağ bizimdir,
Olsa da üsyan, Qarabağ bizimdir.
Tökülsə lap qan, Qarabağ bizimdir.
Ölsə də Vazgen, Qarabağ bizimdir.
Dünəndən baş tribunanın ön cəkisinə Babəkin büstünü qoymuşlar. Sol tribunanın ciniyində mikrofon dinamiklərinin üstündən isə Şəhriyarın portreti asılmışdır.
Uşaqlar özləri meydanın zibilini təmizləyir, kürəklə bir yerə yığırlar. Dünən də, bu gecə də işıqlar söndürülmədiyindən meydan aydınlıqdır. Hava çox gözəl, ulduzludur. 11 dərəcə isti var, yüngül külək əsir. Belə küləkdə isə tonqalların tüstüsü adamın gözünü çıxarır.
4.05. Tribunalardan “Bakı - Təbriz” sədaları ucaldı. İki oğlan əllərində Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı meydana girdi. Ümumiyyətlə, belə bayraqlar get-gedə çoxalır. Yatanlar meydanda, demək olar ki, yoxdur. Dünən gecəki kimi bu gecə də yatanlar, qurulmuş çadıra girib orada uzanıblar. Camaatın içində çoxlu qız, qadın, qoca kişilər var. Dünən gecə bir qadın 1-2 yaşlı körpəsi ilə səhərə qədər tonqalın yanında oturmuşdu. Bu gecə onu görmədim. Heç kəs meydandan dağılışmaq fikrində deyil. Eşitdiyim söhbətlər elə bu haqdadır ki, lap bir ay da olsa burada duracaq, tələblərimizin ödənilməsini gözləyəcəyik.
4.20. Aclıq elan edən uşaqlardan xəbər tutdum. Onlar çadırda yatıb (4 nəfər). Gündüz çıxış edən Fəraməzin halını soruşdum. Çadırın ağzında durub heç kəsi içəri buraxmayan tələbələr dedilər ki, hələ ki, yaxşıdırlar. Rəylərini dəyişməyiblər (aclığı davam etdirirlər). 8 yaşlı qız Vəfa (şer söyləyən qız) da aclıq elan edibmiş. Üç gündür ki. atası ilə meydandan getmir. Gəzə-gəzə meydanın aşağısındakı bağçaya girdim. Tonqallar irəliləyə-irəliləyə bura da çatıb. Tələbələr iri tənəkə dəmirləri baş başa çatıb komacıq düzəltmiş, küləyin qabağını kəsmişlər. Beş-altı yerdəki bu "koma"ların hərəsində 5-6 "mücahid" var. Gördüm ki, birində yataqxanamızın sakinlərindən kimyaçı Sahib, Mütəllim, Nazim (qarabağlı) oturublar. Yanlarındakı bilyard stolunun üstündə əsgər paltarlı gənc yatıb, biri isə yerdə (asfaltda) karton kağızın üstündə uzanıb, üstünə də karton salıb. Bu etibarsız “yorğan-döşək”, görəsən, onu xəstələnməkdən saxlaya biləcəkmi?
Camaatın yeməklə təchizatı işində ən çox fərqlənənlərdən biri Bayıl dustaqxanasının rəisidir. Ancaq ilk yardımı meyxanaçı Nizami edib (“Bakı gözəl şəhərdir, ermənilər olmasa” da onun yadigarıdır).
Dostları ilə paylaş: |