Burada haşiyəni bağlayaraq, əsas mövzunun üzərinə qayıdaq.
Qeyri-formal təşkilatların siyasiləşməsi əsasən 1987-ci ilin sonları – 1988-ci ilin əvvəllərində etibarən başladı. Onlar daha çox «yenidən qurmaya kömək» şüarı ilə meydana atılan xalq cəbhələri, demokratik forum və bloklar, zəhmətkeşlərin birləşmiş cəbhələri və s. təşkilatlar idi. Rusiyada qurulan belə təşkilatlardan ən diqqətçəkəni partiya tipinə yaxın tipdə qurulan «Demokratik İttifaq» hesab edilə bilər. Bu tip təşkilatların fəaliyyət göstərdikləri Rusiya şəhərləri sırada Moskva, Leninqrad (Sankt-Peterburq), Qorki (Nijnıy Novqorod), Krasnodar, Sverdlovsak, Kazan, İrkutsk, Novosibirsk, Krasnoyarsk, Kuybışev (Samara) və Tomsk kimi şəhərlərin adını xüsusi çəkmək lazımdır (5, s. 777–781).
1989-cu ildə SSRİ xalq deputatlarının seçkisi «qeyri-formal hərəkat»ın əsaslı şəkildə siyasiləşməsində son nöqtə oldu. Artıq ölkədə Kommunist Partiyasına alternativ olan siyasi təşkilatlar meydana gəlmişdi (9, s. 234).
A.Veberin yazdığına görə, keçmiş sovet respublikalarında müxtəlif qeyri-formal təşkilatlar yaranırdı. Onların «Yenidənqurmaya dəstək» adı altında qurulduğunu diqqətə çatdıran A. Veber haqlı olaraq yazır ki, sonradan onların hamisi Milli İstiqlal şüarı ilə çıxış etməyə başladılar (6, s. 31). Bu baxımdan «Çənlibel» təşkilatı da istisna deyildi. Məhəmməd Hatəmi Tantəkin özünün «Acı həqiqətlər» kitabında bununla bağlı yazır: «İstəyirdim çağdaş koroğluların, dəlilərin çağdaş Çənlibelini yaradıb vətənin, xalqın Rusiya əsarətindən xilasına çalışaq. Bu niyyətimi dövlətdən, ətrafımdakılardan gizli tutacaq, onu ilk vaxtlar Qorbaçovun yenidənqurma, aşkarlıq, demokratiya kursunun donuna bükəcəyəm. Buna baxmayaraq, "yenidənqurmanın əleyhdarları" adlandırılmaqdan yaxamızı qurtara bilməyəcəyik» (2, s. 8-9).
Şübhəsiz ki, təşkilatın sənədlərində qeyd edilənlər gözdən pərdə asmaq üçün idi. Məqsəd tamam başqa idi.
Dostları ilə paylaş: |