Əhməd Rza
«Yuxarı»ları narahat edən ən başlıca məsələlərdən biri də fəhlələrin ziyalı və tələbələrlə birləşərək, ölkədə böyük bir milli hərəkata təkan verə biləcəkləri ehtimalı idi. Və bu ehtimal çox qısa zaman sonra özünü tamamilə doğruldacaqdı.
Burada «Çənlibel»in bətnindən doğan, «Çənlibel»dən sonra yaranmış ikinci milli təşkilat kimi tarixə düşən «Oğuz» Folklor Həvəskarları Birliyinin ölkədə yaxşı mənada təlatüm yaradan fəaliyyəti barədə də bir neçə söz demək lazımdır. Bəri başdan qeyd edək ki, onun yaradılması öncədən planlaşdırılmamışdı. Bu zərurət Fuad Ağayev, Tofiq Rəsulov və mənim bir araya gələrək Vurğun Əyyubu «Çənlibel» təşkilatının sədrliyindən uzaqlaşdırmaq istəməmizlə bağlı idi. Səbəb isə Hatəminin ondan şübhələnməsi, dəfələrlə onu öz aramızda gedən söhbətlərdə «Çənlibel»ə yerləşdirilmiş «KQB agenti» adlandırması idi. Hatəmi bu barədə fikrini «Acı həqiqətlər» kitabına da salmışdır: «DTK ilə əməkdaşlıq edən ziyalı bir həmyerlisilə gəzib-dolaşan Vurğun Əyyubovdan şübhəli idik (bu şübhəmiz sonralar özünü doğruldacaqdır). Belə bir gənci qabağa verib arxasında iş görmək pis məsləhət deyildi» (5, s. 23).
Əlbəttə ki, biz Vurğunun «agent» olduğuna qətiyyən inanmırdıq, fəqət bu mövzuda şaiyələrin genişlənməsi və onların da qaynağının Məhəmməd Hatəmi olması bizi çox narahat edirdi. İstəmirdik ki, bu şaiyələr gələcəkdə «Çənlibel»in DTK tərəfindən yaradıldığı barədə daha pis şaiyələrə səbəb olsun. Çox düşündükdən sonra yaranmış problemdən qurtulmanın tək çıxış yolunun Vurğunun sədirlikdən uzaqlaşdırılması ola biləcəyi qərarına gəldik. Və bu təkliflə Qurumun İdarə Heyətində (Bürosunda) məsələ qaldırdıq. Fəqət təklifimiz Hatəminin sərt təpkilərinə səbəb oldu. Tofiq Rəsulovun Məhəmməd bəyin təzyiqlərinə tab gətirməyərək geri çəkilməsi və Fuadla mənim təklikdə qalmamıza səbəb oldu. Belə olan halda, İH-dən çıxdığımızı, sıravi üzv kimi fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etdik. Boşalan iki yerə M. H. Tantəkin və N. Pənahlı seçildilər.
M. H. Tantəkin həmin olayı «Acı həqiqətlər»də belə təsvir etmişdir: «Bəxtiyar Tuncayla Fuad Ağayev, Tofiqi də tərəflərinə çəkərək, Çənlibelin idarə heyətində gözlənilmədən fitnə-fəsad çıxartdılar. Onlar, heç bir səbəb olmadan, idarə heyətinin iclasında Vurğunun sədrlikdən çıxarılması məsələsini qaldırdılar. Xatirini çox istədiyim Tuncay qırmızı-qırmızı mənə də elan etdi ki, heyətin üzvü olmadığım üçün burada heç kiməm. Çənlibelin əlimdən çıxması təhlükəsi yaranmışdı. Bu olay həmin gün baş verdi ki, Nemət Pənahovu idarə heyətinə daxil etməyə gətirmişdim. Gənc əleyhidarlarımın siyasi təcrübəsizliyindən faydalanaraq, Vurğunun sədrlikdən çıxarılması səsə qoyulmazdan qabaq özümü və Neməti idarə heyətinə seçdirib qüvvəmizi gücləndirdim. Bunu görən Tofiq, Bəxtiyarla Fuadın tərəfində durmaqdan çəkindi. Əleyhidarlarım beləliklə təklənərək yenildilər və Çənlibel Təşkilatından uzaqlaşdırıldılar. Buna baxmayaraq, Çənlibelin ümumi yığıncaqlarına yenə gəlib-gedirdilər. Mən də onların Çənlibelin etkisi ilə yaratdıqları "Oğuz Etnoqrafiya Həvəskarları Birliyi"nin məşğələlərində iştirak edirdim» (5, s. 24).
Həmin olay N. Pənahlının «Əbədiyyət yolçusu» kitabında öz əksini belə tapıb: «…Elə birinci gündən Hatəmiyə «quşum qonmuşdu». Həmin gün məlum oldu ki, «Çənlibel»in büro üzvləri növbəti iclası keçirmək üçün «Azərnəşr»in binasına toplaşırlar. «Çənlibel»in iclasları ayda bir dəfə keçirilirdi. İclasların keçirilməsini isə Məhəmməd Hatəminin rəhbərliyi ilə büro üzvləri təşkil edirdi. Məhəmməd Hatəmi məni büronun iclasına dəvət elədi. Elə büronun ilk yığıncağında mən çox acınacaqlı bir vəziyyətlə üzləşdim. Büronun iclasında Bəxtiyar Tuncayla Fuad Ağayev «Çənlibel»in formal sədri olan Vurğun Əyyubovun üstünə düşdülər və ondan şübhələndiklərini bildirərək, onun «Çənlibel»in sədrliyindən uzaqlaşdırılması təklifini irəli sürdülər. Məhəmməd Hatəmi isə Vurğun Əyyubovu müdafiə etdi. Mübahisələr çox kəskin forma aldı. Bəxtiyar Məhəmməd Hatəmiyə dedi ki, sən büro üzvü deyilsən və bu məsələyə qarışmağa haqqın yoxdur.
Məhəmməd Hatəmi həqiqətən də büronun üzvü deyildi. Çünki onun Azərbaycan (SSRİ – B. T.) vətəndaşlığı yox idi, əksər mühacir cənublu qardaşlarımız kimi «bez qrajdan» pasportu daşıyırdı. Elə buna görə də «Çənlibel»in bütün təşkilati məsələlərini öz çiyinlərində daşımasına baxmayaraq, Vurğun Əyyubovu önə çəkmişdi. Səsvermədən öncə Məhəmməd Hatəmi çeviklik göstərərək mənim namizədliyimi irəli sürdü. Beləliklə, mən yekdilliklə büroya üzv qəbul edildim. Çünki baş verən bu hadisə ilə çox emosional bir çıxış etmiş və çıxışım hamının xoşuna gəlmişdi…
Bəxtiyar və Fuad etiraz əlaməti olaraq bəyanat verib büro üzvülüyünü tərk elədilər… Sonralar Bəxtiyargil «Çənlibel»in ümumi yığıncaqlarında iştirak etməklə yanaşı, dəmiryolçular klubunda «Oğuz» Birliyi yaratdılar və məndən ona sədrlik etməyimi xahiş etdilər. Mən imtina etdim, amma söz verdim ki, onlara əlimdən gələn bütün köməkliyi edəcəyəm. «Oğuz» Birliyi «Çənlibel»dən sonra yaranmış ikinci bənzər təşkilat idi. Daha sonra Azərbaycan Dövlət Universitetində «Yurd», Tibb Universitetində «Karvan», Yevlaxda «Azərbaycan tarixini, mədəniyyətini öyrənən Birlik», Şəkidə «Ocaq» və s. yarandı…» (6, s. 108-109).
«Oğuz»un Nizamnamə və Məramnaməsini hazır etdikdən sonra vaxtilə «Çənlibel» üçün etdiyim kimi, bu dəfə də «Oğuz» üçün fəaliyyət göstərə biləcəyi bir klub tapmalıydım. Və yenə də tələbə yoldaşlarımdan hər hansı birinin hər hansı bir klubda işləyib-işləmədiyini araşdırmağa başladım. Öyrəndim ki, tələbə yoldaşlarımdan Oqtay Şeyxov adlı biri Dəmiryolçular Klubunda bədii rəhbərdir. Dərhal onun yanına yola düşdük. O da bizi klubun direktoru şair R. Muxtarla tanış etdi. Razılaşdıq və ilk tədbirimizin vaxtını müəyyənləşdirdik.
«Oğuz»un ilk və son tədbiri «Azərbaycan dilinə həsr edimişdi. Məruzə etmək üçün Firudin Cəlilovu dəvət etdik. Tədbir anşlaqla keçdi. Kontingent isə bütünlüklə «Çənlibel»çilərdən ibarət idi. «Çənlibel»in iclaslarından fərqli olaraq, tədbirdən sonra Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinə «Azərbaycan dilinin tətbiqinin və işlədilməsinin genişləndirilməsi barədə Müraciət» qəbul etdik. Mətnini Fuad Ağayevin yazdığı Müraciətin altında təşkilatın sədri kimi mənim adım yazılmış, iş və ev ünvanım göstərilmişdi. Tədbir iştirakçılarının, demək olar ki, hamısı sənədə imza atdı və onu ünvanına göndərdik. Bununla da yetinmədik, Müraciətin çox sayda surətini çıxarıb daha çox adamın imza atması üçün fəaliyyətə başladıq. Bu işdə Yaşar Türkazərin xüsusi xidməti oldu.
Dostları ilə paylaş: |