Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   10   ...   18
crai-F-rid-Dissertasiya-son (1)

 
 
 
 
1.3. Torpaq resurslarının qiymətləndirilməsinin sosial-iqtisadi 
əhəmiyyəti 
İnsan cəmiyyətinin iqtisadi-maddi fəaliyyətinin torpağa təsiri fərqlidir. 
Becərmə işləri, torpağa ayrı-ayrı bitkilərin əkini, torpaq və sahə mühafizə edən
meşə zolaqlarının salınması, gübrələrdən və birki mühafizə vasitələrindən istifadə, 
müxtəlif meliorativ işlərin görülməsi, yeraltı resursların istismarı, irriqasiya 
tədbirləri və digər bu kimi işlər həm torpaqyaranma prosesinə, həm də torpaqların 
xarakterik xüsusiyyətlərinə əhəmiyyətli təsir edə bilər. Təbii ki, cəmiyyətin 
inkişafının fərqli mərhələlərində bu təsir müxtəlif olmuşdur. 
İbtidai əkinçilik dövründə insanın torpağa təsiri əsasən ağacları kökündən 
çıxarmaq və meşələri yandırmaqla həmin əraziləri, eləcə də xam torpaqları 
şumlayaraq əkinçilikdə istifadə etməklə əmələ gələn dəyişikliklərdən ibarət 


olmuşdur. 
Meşələrin təbii hadisələr, xüsusilə yanğınlar nəticəsində məhv olması 
torpaqəmələgəlmə prosesinə bu və ya digər dərəcədə təsir göstərmişdir. Belə ki, 
şimal ölkələrirndə meşələrin məhv olunması həmin ərazilərdə torpaqların 
bataqlaşmasına səbəb olmuşdur. Cənub ölkələrində isə meşələrin məhvi 
küləklərin, xüsusilə quru küləklərin fəaliyyətinin güclənməsinə səbəb olmuş, 
nəticədə torpaqların su rejimi pisləşmiş, yağmur suları ilə torpağın üst münbit qatı 
yuyulub aparılmış, yerin relyefi kəskin parçalanmaya məruz qalmışdır. Belə hal 
torpaqəmələgəlmə prosesinə müəyyən təsir göstərməklə bərabər, torpaqların əkin 
dövriyyəsindən çıxmasına da ciddi təsir göstrərmişdir. 
İbtidai əkinçilik dövründə çöl zonasında xam torpaqların şumlanması, 
becərilmədə aqrotexniki tədbirlərin primitiv qaydada aparılması, gübrələrdən 
istifadə edilməməsi, torpaqların müntəzəm istifadəsi onların münbitliyinin 
azalmasına və yararsız hala düşməsinə səbəb olmuşdur. 
Düşünmək olar ki, getdikcə cəmiyyətin inkişaf etməsi, elmi-texniki 
tərəqqinin səviyyəsinin yüksəlməsi torpaq örtüyünə mənfi təsirlərin azalmasına 
səbəb olacaq, lakin əksinə bu təsirlər daha da gücləndi. İnanların qısa müddət 
ərzində daha çox gəlir götürməyə çalışmaları torpağa heç bir xərc qoymadan onu 
vəhşicəsinə istismar etmələri nəticəsində torpaqların məhsuldarlığı xeyli azalmış, 
meşələr seyrəkləşmiş, su rejimi və iqlim şəraiti pisləşmiş, səhralaşma təhlükəsi 
artmışdır.
Müxtəlif şəraitdə torpağın yaranmasına təsir edən səbəblər torpaq-
əmələgətirən amillər hesab olunur. Torpaqəmələgəlmə prosesinin xüusiyyətləri və 
inkişaf istiqamətləri də təbii şəraitin bu və ya digər kombinasiyasından çox asılı 
olur. 
Bəzi fikirlərə görə torpaqəmələgəlmə prosesində mineral birləşmələrin üzvi 
maddələrə və əksinə çevrilməsi ütünlük təşkil etdiyi üçün torpağın əmələ 
gəlməsində bu amillərdən həlledici rolu bitki və heyvan orqanizmləri oynayır. 
Digər amillər isə yalnız üzərində torpağın inkişaf etdiyi fon vəzifəsini yerinə 
yetirir. Bununla belə bütün amillər torpaqəmələgəlmə prosesinin xarakterinə və 


istiqamətinə böyük təsir göstərir.
Deməli, torpaq müəyyən zaman daxilində mövcud amillərin qarşılıqlı əlaqəsi 
və təsiri nəticəsində əmələ gələn təbii bir törəmədir. Ona görə də torpaqları 
öyrənərkən onların aqronomik və əsas istehsal vasitəsi olması baxımından 
qiymətləndirilərkən torpağı əmələ gətirən hər bir amil nəzərə alınmalıdır [1,6,10]. 
Burada başlıca məqsəd torpağa əsas istehsal vasitəsi kimi yanaşma olduğu 
üçün torpaqəmələgətirən amillərdən insanların iqtisadi fəaliyyətinin torpağa və 
kənd təsərrüfatı istehsalına təsirini öyrənmək olmuşdur. 
Torpaqəmələgəlmə proseinin inkişafına, eləcə də torpaqların keyfiyyətinin 
dəyişməsinə antropogen amillin təsiri olduqca böyükdür. Vaxtı ilə hələ akademik 
V.R.Vilyams qeyd edirdi ki, torpağın təşəkkülündə insanın iştirakı ictimai-iqtisadi 
istehsalat münasibətlərinin təsiri ilə arası kəsilmədən inkişaf etmiş, texnikanın və 
ağır sənayenin proqressiv inkişafı, enerji ehtiyatının artması təsiri ilə güclənmişdir. 
Elmin nailiyyətləri və kimya sənayesinin çox güclü inkişafı insanın torpağa 
təsirinin güclənməsində mühüm rol oynamışdır. Bütün bu qarşılıqlı münasibətlər 
və qarşılıqlı əlaqələr kompleksi nəticəsində biz torpağın əmək məhsulu olması 
haqqındakı əsas müddəanı qəbul etməliyik. Tədqiq edilmiş xalqların 
mədəniyyətinə aid çoxlu dəlillərin tapılması bizi, yer kürəsində qurunun bütün 
səthinə dəfələrlə insan əməyinin təsiri olduğunu qəbul etməyə məcbur edir. 
[1,6,17]. 
Müstəmləkəçilik dövründə torpağa məhvelici təsir təbii landşaftın 
pozulması, səhralaşma və bataqlaşma prosesinin sürətlənməsi ilə nəticələnirdi ki, 
bu da sıx əhalisi olan belə ərazilərdən adamların başqa yerlərə köçüb getmələrinə 
səbəb olurdu. İnsanların təbiətə, xüsusilə torpağa olan mənfi təsirinin nəticəsidir ki, 
geniş əraziyə malik sahələr məhv olmuş, onların yerlərində səmərəsiz boz çöllər və 
səhralar əmələ gəlmişdir. 
Hesablanmışdır ki, son minillikdə Azərbaycanda meşə örtüyünün sahəsi 3-5 
dəfə, Kür-Araz düzünün tuqay meşələrinin sahəsi isə 13 dəfədən çox azalmışdır. 
Son illər respublikamızda səhralaşma prosesinin getməsi barədə həyəcan təbili 
çalınır, bu yöndə ciddi tədqiqat işləri aparılır. Təəssüflə qeyd olunmalıdır ki, 


ölkəmizdə səhralaşmanın səbəbi təkcə təbii amillərlə, xüsusilə iqlimin dəyişməsi 
ilə deyil, həm də insanın təsərrüfat fəaliyyəti ilə əlaqələndirilir. Müəyyən 
edilmişdir k, respublikada antropogen təsirlərdən səhralaşan ərazi 120 min hektara 
bərabərdir və onun da əksəriyyəti Abşeron və Aran iqtisadi rayonları ərazisindədir. 
Problemin ciddiliyini nəzərə alaraq Respublika Parlamenti BMT-nin 1994-cü ildə 
qəbul etdiyi «Səhralaşma ilə Mübarizə Konvensiyasını» 1998-ci ildə ratifikasiya 
etdi. 
Konvensiyanın reallaşdırılması üçün respublikanın aidiyyəti qurumları 
tərəfindən müvafiq normativ-hüquqi aktlar qəbul edildi. Bu yöndə aparılan 
araşdırmalar göstərir ki, ölkəmizdə səhralaşma probleminə qarşı mübarizə 
tədbirlərini uğurla həyata keçirmək üçün aşağıdakılar vacibdir: 
—problemin həlli üçün yerli və beynəlxalq təşkilatlar tərəfindən lazımi 
maliyyə vəsaitinin ayrılmasını təmin etmək; 
— aidiyyəti beynəlxalq təşkilatların himayəsi altında səhralaşma probleminə 
dair informasiyaları yaymaq üçün məlumat bankı yaratmaq; 
— otlaqların səthi və əsaslı yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlayıb, 
həyata keçirmək; 
— səhralaşma təhlükəsi olan ərazilərdəki təsərrüfatların səmərəli inkişafı, 
kənd təsərrüfatı istehsalının artırılması, irriqasiya-meliorasiya işlərinin aparılması, 
kollektor-drenay şəbəkəsinin işlək olması, əhalinin lazımi enerji daşıyıcıları və
içməli su ilə təmin edilməsini daima diqqətdə saxlamaq; 
— şəhər və kənd infrastrukturlarında təsərrüfat-istehsal obyektlərinin 
səmərəli yerləşdirilməsini təmin etmək; 
— əhalini səhralaşmaya qarşı mübarizə barədə məlumatlandırmaq və onları 
maarifləndirmək sistemi yaratmaq [13,15]. 
Müasir dövrdə də insanların kənd təsərrüfat işləri nəticəsində Planetimizin 
quru sahələrində torpaqlar müsbət və mənfi istiqamətdə kəskin dəyişikliyə 
uğrayırlar. Qeyd edilməlidir ki, hazırda təbiətə antropogen təzyiqlərin 
məhdudlaşdırılması və ekosistemin qorunması istiqamətində dünya miqyasında, o 
cümlədən respublikamızda də çox mühüm tədbirlər həyata keçirilir. 


Bir çox beynəlxalq təşkilatların ətraf mühitin qorunması barədə həyata 
keçirdikləri layihələri, respublika hökuməti tərəfindən ətraf mühitin qorunması, 
təbii resursların mühafizəsi və səmərəli istifadə edilməsi sahəsində həyata keçirilən 
tədbirləri, bu yöndə qəbul edilmiş yüzdən çox qanunvericilik aktlarını və hüquqi-
normativ sənədləri, o cümlədən “Torpaq islahatı haqqında”, “Ətraf mühitin 
mühafizəi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Torpaqların münbitliyinin 
qorunması haqqında”, “Ekoloji kənd təsərrüfatı haqqında” Azərbaycan 
Respublikasının qanunlarını buna misal kimi göstərmək olar. 
Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bəzən insanların düzgün 
olmayan təsərrüfat fəaliyyəti arzuolunmaz nəticələrin əmələ gəlməsinə səbəb olur, 
təbiət, o cümlədən torpaq örtüyü özünə məxsus təbii xüsusiyyətini itirir, yeni 
xassələr əldə edir. 
Keçmiş Sovetlər İttifaqı dövründə yerli şərait və real vəziyyət nəzərə 
alınmadan mərkəzdən diqtə olunan sərt planlaşma əsasında aqrar sektorun əsasən 
ekstensiv təsərrüfatçılıq şəraitində inkişaf etdirilməsi öz növbəsində torpaqların 
eroziya prosesinə məruz qalmasına, şorlaşmasına, korlanmasına və çirklənməsinə, 
nəhayət nəticədə torpaqların deqradasiyasına və münbitliyinin azalmasına gətirib 
çıxardı. Bu səbəbdəndir ki, ilbəil adambaşına düşən kənd təsərrüfatına yaralı və 
əkin torpaqları azalaraq 1960-cı ildə müvafiq olaraq 1,09 və 0,54 ha, 2016-cü ildə 
0,48 və 0,18 ha-ya bərabər olmuşdur, torpağın keyfiyyəti pisləşmiş və 
məhsuldarlığı aşağı düşmüşdür [40]. 
Eroziya olduqca təhlükəli prosesdir və müair dünyada cəmiyyəti düşündürən 
ən vacib problemlərdəndir. Çünki, getdikcə artan əhalinin kənd təsərrüfatı 
məhsullarına olan tələbatı da artır və bu tələbatı təmin etmək üçün kənd 
təsərrüfatına yararlı torpaqlardan maksimum səmərəli istifadə olunması əsas 
şərtdir. 
Eroziya termini latın sözü olub erosio-dağılma, pozulma mənasını bildirir və 
bir çox sahələrdə: təbabətdə, texnikada, sosiaologiyada, publisistikada və geniş 
istifadə olunur. Geologiya və coğrafiya sahəsində eroziya yer qabığının üst qatının 
deformasiyası, pozulması və dağılması kimi başa düşülür. 


Getdikcə əhalinin kəndə təsərrüfatı məhsullarına olan tələbatını təmin etmək 
üçün əsasən dörd istiqamət müəyyən etmək mümkünlür: birincisi – kənd təsərrüfatı 
bitkilərinin 
məhsuldarlğının 
artrılması, 
ikincisi 
– 
əkin 
sahələrinin 
genişləndirilməsi, üçüncüsü – mövcud kənd təsərrüfatı torpaqlarının səmərəli 
istifadəsi və dördüncüsü – ətraf mühitin ekoloji tarazlığının qorunması. 
Statistik məlumatlara əsasən hazırda ölkəmizdə eroziyaya məruz qalmış 
torpaqların sahəsi 3,7 mln. hektarlardan artıqdır [40]. Müəyyən edilmişdir ki, 
eroziya prosesinin inkişafı və yayılması təkcə torpağın geomorfoloji 
xüsusiyyətlərindən asılı deyil, həm də antropogen təsirlərlə bağlıdır. Belə ki, dağlıq 
ərazilərdə meşələrin qırılması, aqrotexniki tədbirlərin düzgün aparılmaması, 
heyvanların otarılmasında normaların gözlənilməməsi, nisbətən yüksək relyefə 
malik ərazilərdə yerli şəraitin nəzərə alınmaması, sututarların sistemsiz tikilməsi və 
s. sel axınlarına və torpağın səthdən yuyulmasına səbəb olur. Yeri gəlmişkən qeyd 
etmək lazımdır ki, yay və qış otlaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal 
olunması, mövcud otlaqlardan istifadə yükünün təqribən 1,5-2,0 dəfə artırmışdır. 
Bu da torpaqların eroziya prosesinə məruz qalması təhlükəsini daha da artırır. 
Torpağa son dərəcə mənfi təsir edən digər amil şorlaşma prosesidir. 
Şorlaşma torpağın tərkibində olan və kənardan müxtəlif vasitələrlə gətirilən ayrı-
ayrı duzların üst qatda toplanmasından əmələ gəlir. Tərkibində kənd təsərrüfatı 
bitkilərinin normal inkişafına mənfi təsir edə biləcək qədər suda asan həll olunan 
duzlar olan torpaqlar şorlaşmış hesab edilir. Torpaqda duzların müəyyən həddə 
olması vacibdir, lakin onların normadan artıqlığı nəinki bitkilərin inkişafına mənfi 
təsir göstərir, eyni zamanda məhsuldarlığın azalmasına və bitkinin keyfiyyətinin 
pisləşməsinə və məhvinə də səbəb olar. 
Torpağın şorlaşması bir sıra təbii amillərdən torpaqəmələgətirən süxurların 
tərkibindən, ərazinin iqlim şəraitindən, yeraltı suların səthə qalxması 
vəziyyətindən, torpağın rütubətlənmə rejimindən, torpağın mexaniki tərkibindən, 
strukturluğundan və s. asılıdır. Digər başlıca səbəb isə insanların düzgün olmayan 
təsərrüfat fəaliyyətinin nəticəsidir. Belə ki, suvarma rejiminə və aqrotexniki 
qaydalara düzgün əməl edilmədikdə, hətta şoran olmayan sahələr belə şorlaşa bilər. 


Məlumdur ki, Azərbaycan çox qədim suvarma əkinçiliyi tarixinə malik 
olan bir ölkədir. Hazırda kənd təərrüfatı məhsulları istehsalının 85-90%-i məhz 
suvarılan torpaqların payına düşür. 2017-ci ilin məlumatına görə respublikada kənd 
təsərrüfatına yararlı suvarılan torpaqların ümumi sahəsi 1,43 mln. hektara 
bərabərdir. Həmin torpaqların 42,3%-i müxtəlif dərəcədə şorlaşmaya, 24,2%-i bu 
və ya digər dərəcədə şorakətləşməyə məruz qalmışdır. Bunlarla yanaşı hazırda 
antropogen təsirlər, o cümlədən kənd təsərrüfatı bitkilərinin qeyri səmərəli 
metodlarla suvarılması, suvarma və kollektor-drenaj şəbəkəinin qənaətbəxş
olmaması torpaqların təkrar şorlaşmasına şərait yaradır [1,4,8]. 
Torpağın şorlaşmasına, xüsusilə təkrar şorlaşmasına səbəb olan başlıca 
amillərdən biri suvarma suyudur. Qədimdən dünyanın quru iqlim hökm sürən 
ölkələrində əkin suyu kənd təsərrüfatı məhsulları istehsalında əsas istehsal 
vasitələrindən biri olmuşdur. Ona görə də bu ölkələrdə, o cümlədən Azərbaycanda 
təbii su mənbələrindən istifadə etmək üçün xeyli suvarma sistemləri tikilmişdir. 
Əsas suvarma mənbəyi olan Kür və Araz kimi iri çayların üzərində süötürücü 
qurğuların və suqoruyucu bəndlərin olmaması üzündən daşqınlar zamanı ətraf 
sahələr su altında qalırdı, bu da torpağın şorlaşmasına və istifadəyə yararız hala 
düşməsinə səbəb olurdu. Nəticədə kənd təsərrüfatı istehalı ilə məşğul olan əhaliyə 
böyük maddi ziyan dəyirdi. 
Yerlərdə təbii şəraitdən asılı olaraq müxtəlif sahələrin, o cümlədən Kür-Araz 
düzündə pambıqçılığın inkişafına önəm verildi. Bu məqsədlə tikilmiş suvarma 
sistemlərində sutəmizləyici qurğuların və supaylayıcı şəbəklərin olmaması 
səbəbindən suvarma sistemlərində olan artıq su kənara axır, nəticədə torpaq 
şorlaşır, məhsuldarlıq aşağı düşür, çox vaxt əkilən məhsul tamam məhv olub 
gedirdi. 
Kür-Araz ovalığında suvarılan torpaq sahələrini genişləndirmək məqsədi ilə 
1946-cı ildə Mingəçevir su anbarının tikintisinə başlandı və tikinti 1954-cü ildə 
başa çatdırıldı. Bu su anbarının əhəmiyyəti olduqca böyükdür – onun vasitəsi ilə 
Kür-Araz ovalığında 400 min hektar sahəni suvarmaq və ucuz elektrik enerjisi 
almaq mümkün oldu. Burada balıqçılıq, su nəqliyyatı, turizm hazırda da geniş 


inkişaf etdirilir. 
Kür-Araz ovalığında şoran torpaqları yaxşılaşdırma və kənd təsərrüfatı 
istehsalının səmərəliliyini yüksəltmək məqsədi ilə Muğan-Salyan, Baş Şirvan 
kanalları tikildi. 1947-1965-ci illər ərzində Şimali Muğan, Salyan, cənubi və Şərqi 
Şirvan düzlərində həyata keçirilən meliorasiya tədbirləri nəticəsində şoranlıqdan 
tam təmizlənən və zəif şorlaşmaya malik olan torpaqların ümumi sahəsi 28982 
hektardan 64087 hektara qədər artdı, yüksək dərəcədə şorlaşmış torpaqların sahəsi 
isə 14 dəfədən çox azaldı. 
İrriqasiya-meliorasiya sahəsində böyük işlərin görülməsinə baxmayaraq, 
əldə olunan gəlirin səviyyəi o qədər də qənaətbəxş deyildi. Suvarılan torpaqlardan
götürülən gəlirin səviyyəsinin aşağı olması ilk növbədə mövcud suvarma 
sistemlərinin əksəriyyətinin texniki nasazlığı, müasir texniki tələbata cavab verə 
bilən suvarma sistemlərinin olmaması və bu səbəblərdən əkilən torpaqların 
vaxtında suya tələbatının tam təmin edilməməsi ilə bağlı idi. Bir çox suvarma 
sistemlərində faydalı təsir əmsalı 0,20-0,40-dan yüksək deyildi, bu da o deməkdir 
ki, suvarma sitemlərinə qəbul edilən suyun təxminən 60-80%-i istehlakçıya 
çatdırılana qədər müxtəlif səbəblərdən əsasən də sızma və buxarlanma nəticəsində 
itkiyə gedirdi. Bu səbəbdən xeyli suvarılan torpaq sahəsi təkrar şorlaşmaya məruz 
qalaraq əkin dövriyyəsindən çıxarılırdı. 
Belə problemlərin qarşısını almaq, meliorasiya və suvarma sahəsində gərəkli 
işlərin vaxtında yerinə yetirilməsi və təkmilləşdirilməsi üçün təbii ki, sahəyə əsaslı 
vəsait qoyuluşunu artırmaq tələb olunurdu və bu vəsait əsasən mövcud suvarma 
sistemlərinin 
təkmilləşdirilməsinə, 
torpaqların 
meliorativ 
vəziyyətinin 
yaxşılaşdırlmasına, eləcə də suvarılan ərazilərdə su təminatının yüksəldilməsinə 
sərf olunmuşdur [1,4,7]. 
XX əsrin son illəri respublikada bir neçə iri tutumlu su anbarı və böyük 
hidrotexniki qurğular tikilib istifadəyə verilmiş, bunlar əsasında xeyli suvarma 
sistemləri yaradılmışdır. Amma, bununla belə kənd təsərrüfatında əkin suyundan 
istifadədə hələ xeyli çatışmazlıqlar da mövcuddur. Hazırda ayrı-ayrı su 
mənbələrindən götürülən və suvarmada istifadə edilən suyun təxminən 40-50%-i 


müxtəlif səbəblərdən itirilir. Bazar iqtisadiyyatı şəraitində olsa da belə, kənd 
təsərrüfatı istehsalı ilə məşğul olan çoxsaylı təsərrüfatçılıq qurumları və 
müəssisələr suvarılan sahələrdə sudan səmərəli istifadəni tam təmin edə bilmirlər, 
suvarma rejiminə və texnologiyasına düzgün əməl etmirlər, suvarma suyundan 
istifadədə israfçılığa yol verirlər. Nəticədə bu da torpaqların təkrar şorlaşmasına və 
bitkiçilik məhsulları istehsalının rentabelliyinin aşağı düşməsinə səbəb olur. 
Torpaqlara antropogen təsirlərin bir səbəbi də müxtəlif vasitələrlə torpağın 
çirklənməsi və korlanması ilə bağlıdır. Apardığımız hesablamalara görə 30 min 
hektardan artıq torpaq sahəsi çirklənməyə və korlanmaya məruz qalmışdır. Onun 
19 min hektara qədəri neft tullatıların ilə çirklənmiş torpaqlardır. Faydalı 
qazıntıların istimarı, sənaye və məişət tullantıları ilə çirklənən torpaqlar da az 
deyildir. Son illər tikinti işlərinin sürətli inkişafı ilə əlaqədar qum-çınqıl və daş 
karxanalarının fəaliyyəti ilə korlanmış torpaqların sahəsi xeyli artmışdır. 
Təəssüflər olsun ki, bu təhlükəli prosesin qarşısı alınmır, əksinə getdikcə daha da 
sürətlənir və digər ciddi problemlərin yaranmasına şərait yaradır. 
Qeyd edilənlərə əsaslanaraq insanın təsərrüfat fəaliyyətinin torpağa və 
torpaq əmələgəlmə prosesinə mənfi təsirini aşağıdakı kimi qruplaşdırmaq olar: 
— yeraltı və yerüstü sərvətlərin istifadəsi zamanı torpaqların çirklənməsi
zibillənməsi, korlanması və s.; 
— müxtəlif sənaye, məişət və nəqliyyat tullantıları vasitəsi ilə torpaqların 
ağır metallar və digər toksik maddələrlə çirklənməsi; 
— əkinçilikdə aqrotexniki tədbirlərin düzgün aparılmaması; 
— əhalinin bir qisminin yaşayış səviyyəsinin aşağı olması; 
— torpaqlardan, xüsusilə otlaq torpaqlarından səmərəsiz itifadə, onların 
otarma yükünün yüksək olması; 
— meşə və bitki örtüyünün sistemsiz məhv edilməsi, təbii landşaftın 
pozulması; 
— bioloji müxtəlifliyin korlanması və s. [1,25]. 
Bütün bu göstərilənlər insanın təsərrüfat fəaliyyətinin torpağa və torpaq 
əmələgəlmə prosesinə təsirini mühüm bir amil kimi qiymətləndirməyə imkan verir. 


Eyni zamanda bu amillərin təirini müsbət istiqamətə yönəltməklə torpağın istehsal 
qabiliyyətini yüksəltmək, digər təbii sərvətlərin səmərəli istifadəsini, ümumilikdə 
isə ekosistemin tarazlığının qorunmasını müəyyən dərəcədə təmin etmək 
mümkündür. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin