Etika əxlaq və mənəviyyat haqqında elmdir. Etikanın yaranmasının ilkin şərtləri. Etikanın predmet və vəzifələrinin Aristotel tərəfindən öyrənilməsi.
Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.
İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi dünyagörüşün sələfi oldu. Sinkretik mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, elmi, fəlsəfi, əxlaqi, estetik və s. görüşlərini vəhdətdə əks etdirirdi.
Tam fəlsəfi dünyagörüş isə məhz antik quldarlıq dövründə formalaşdı. Qədim Hindistan və Çində əsası qoyulmuş müxtəlif fəlsəfi sistemlər məhz antik dövrdə bitkin nəzəriyyə və məktəblər şəklinə düşərək sürətlə inkişaf etməyə başladı.
Mifoloji dünyagörüşün fəlsəfi dünyagörüşə keçə bilməsinin əsas səbəbi fəlsəfənin «əsas məsələsinin» konkretləşməsi oldu. Dünyanın necə yaranması, insanın ölümü, həyatı və s. kimi suallar insanları hələ qədim dövrdən maraqlandırsa da, o zaman onlar bu problemlərə sırf mifoloji aspektdən yanaşır, bunları fəlsəfi cəhətdən nə ümumiləşdirə, nə də dərk edə bilirdilər. Bu problemlərə fəlsəfi münasibətin bəslənməsi bütün dünyada demək olar ki, eyni vaxtda – təxminən e.ə. I minilliyin ortalarında b.e.ə.VII əsrdə baş verdi. Məhz bu dövrdə Hindistanda, Çində fəlsəfi məktəblər yarandı və tezliklə bu dalğa antik dövrü bürüdü. Müxtəlif fəlsəfi suallarla dolu olan «Avesta» da məhz bu zaman kəsiyində meydana gəldi. Beləliklə, fəlsəfənin əsas məsələsinin 2 tərəfini təşkil edən «dünya nədən yaranıb» və «dünyanı dərk etmək mümkündürmü» sualları konkretləşərək fəlsəfi dünyagörüşün təməlini qoydu. Bu dövrə fəlsəfə tarixində K.Yaspersin sözü ilə «məhvər xətti» və ya «ox xətti» deyilir. Sanki Tanrı insan idrakında sıçrayış etmək məqsədilə dünyanın hər yerində eyni zamanda «ağıllı başlar» yaratdı. Bu başlar cəmiyyəti irəliyə aparmalı və bəşəriyyəti Allahın ona bəxş etdiyi maddi və mənəvi sərvətlərə yiyələnməyə nail olmaq yollarını göstərməli idi. Bu yollar ictimai təcrübə, əmək və mövcud elmlərin nailiyyətlərinə yiyələnməkdən keçirdi. Əsasən fundamental təbiət elmlərinin rüşeymləri mövcud olan Qədim dövrdə fəlsəfənin «əsas məsələsinin» 1-ci tərəfinə - «dünya nədən yaranıb» probleminə istinad edilsə də, sonrakı mərhələ olan Antik dövrdə bu problemin həmçinin ikinci tərəfi – yəni «dünyanı dərk etmək mümkündürmü» sualı da filosofların diqqət mərkəzində oldu.
Antik dövrün ilk fəlsəfi məktəbi olan Milet məktəbinin nümayəndələri – Fales, Anaksimandr, Anaksimen e. ə. VII əsr, sonrakı dövrdə pifaqorçular e.ə.VI əsr, daha sonra Heraklit, Demokrit, Empedokl və b. əsasən obyekt-subyekt (yəni dünya-insan) münasibətləri ilə məşğul olur, dünyada baş verən bütün hadisələri kosmosla əlaqələndirirdilər. Bugünkü mənasından daha geniş olan «antik kosmos» anlayışına kosmosla yanaşı təbiət, hətta insan aid idi. Yalnız təbiəti təhlil etməklə məşğul olan filosoflar üçün kosmos ön planda, insan isə arxa planda idi.
Dünyaya bu cür yanaşma sonradan «kosmologizm» adlandırıldı. Bu hal e.ə. V əsrədək davam etdi.
Dünyanın mahiyyətini anlamağa çalışan filosoflar fəlsəfənin ənənəvi problemləri olan «dünya necə yaranıb», «dünyanı dərk etmək mümkündürmü», «dünyanı dərk etmək yolları hansılardır» və s. ilə yanaşı, «insanın dünyada mövqeyi», «insanın həyatı», «cəmiyyətdə fəaliyyəti», «ictimai mahiyyəti», «birgəyaşayış normaları» kimi həyat əhəmiyyətli suallara da cavab axtarmağa başladılar. Artıq filosoflar yalnız obyekt-subyekt təbiət-insan münasibətləri ilə deyil, həm də subyekt-subyekt insan-insan münasibətləri ilə də maraqlanırdılar. Bu problemin sürətli inkişafı e.ə. V əsrdən, Sokratın dövründən başladı. «Kosmologizm» dünya əhəmiyyətli problemləri kosmosa istinadən izah etməyə çalışmaq «antropologizmlə» (antropologiya – insan haqqında elmdir, bu
nəzəriyyəyə görə artıq kosmos arxa plana, insan ön plana keçir) əvəz edildi. İlk dəfə olaraq Sokrat fəlsəfənin səmtini «göylərdən yerə» endirdi. «Əxlaq nəzəriyyəsi» haqqında təlim yaradan Sokratın fikrincə idrakın əsas məqsədi özünüdərketmədir. Sokratın məşhur «öz özünü dərk et, onda insanları və allahları da dərk edərsən» ifadəsi müasir fəlsəfə və psixologiya üçün də aktual olaraq qalırdı. Sokratın işlətdiyi «allahları» ifadəsi «politeist» ideologiyanın hökm sürdüyü dövr üçün xarakterik olsa da, biz Sokratın yazılı əsəri olmadığını nəzərə alıb, bu dahi filosofun həmin sözü cəm deyil, tək halda, yəni «Allahı» kimi işlətməsi ehtimalını da istisna etmirik. Beləliklə, insan, onun taleyi, həyatdakı mövqeyi, idrakı, özünüdərketməsi fəlsəfədə mühüm yer tutdu.
İnsanlar arasında müxtəlif ictimai münasibətlərin formalaşması, məsələn, xeyirxahlıq, qarşılıqlı hörmət, əməyə tələbat, bəşəriyyətə xidmət etmək istəyi, dərin və incə hisslər və s. sosial münasibətlər sistemində mühüm yer tutan və əxlaqi münasibətləri öyrənən «Etika»nın da fəlsəfənin tərkibinə daxil olan digər elmlər kimi inkişaf edərək müstəqil elmə çevrilməsinə səbəb oldu. Fəlsəfi dünyagörüşə daxil olan, yəni dünyanı fəlsəfi cəhətdən dərketmə vasitəsi olan təbiət elmləri, məsələn, riyaziyyat, zoologiya və s. inkişaf edib fəlsəfədən ayrıldıqdan və müstəqillik əldə etdikdən sonra daha fəlsəfi elm sayılmadığı halda, etika, estetika, dinşünaslıq və s. kimi ictimai elmlər fəlsəfədən ayrıldıqdan sonra da fəlsəfi elm olaraq qalır. Çünki bu ayrılma həmin elmlərin fəlsəfi xarakter daşımasına mane olmur. Onların bir-biri və fəlsəfə ilə həm dünyagörüş, həm də mifoloji bağlılığı əvvəlki kimi mövcuddur.
Əxlaq haqqında elm olan «Etika» fəlsəfənin insan həyatının praktik məsələləri ilə daha çox bağlı olan sahəsidir. O, insanın gerçəkliyə əxlaqi münasibətlərinin qanunauyğunluqlarını, cəmiyyətin əxlaqi şüurunun strukturunu, insanların əxlaqi təcrübəsini, əxlaqi görüşlərini, insan əməllərinin məqsədini, insanın rəftarını idarə edən motivləri, onların mənəvi qiymətləndirilməsinin obyektiv meyarını aydınlaşdırır.”Nikomax əxlaqı” iş prinsipinin müəllifi Aritotel olmuşdur. Etika «insanın davranışı necə olmalıdır», «insan hansı mənəvi keyfiyyətə malik olmalıdır», «hansı normaları rəhbər tutmalıdır» kimi suallara cavab verməyə çalışır.Etik normaların uzunmüddətli tarixi dövr ərzində formalaşması dünya mədəniyyət tarixinin öyrəniməsini sübut edir.
Əxlaq nəzəriyyəsi olan «Etika» xeyir, şər, ədalət, borc kimi kateqoriyaların münasibətini təhlil edir, mənəvi hisslər, emosiyalar, vərdişlər, adət və ənənələri nəzərdən keçirir. «Etika» insanın sirlərinə, onun digər insanlarla və bütün dünya ilə münasibətlərinə, insan varlığının ən dərin problemlərinə müraciət edir. Beləliklə, «Etika» əxlaqa və əxlaqi dəyərlərə aid hər nə varsa, hamısını öyrənir. Lakin «Etika» nə əxlaqı, nə onun prinsip və normalarını, nə də yeni davranış qaydalarını yaratmır, o yalnız bunların mənbəyini və mənşəyini tədqiq edir, insanın davranışı ilə əlaqədar əxlaqi qiymətləndirmənin xarakter və mahiyyətini öyrənir, bunları ümumiləşdirir və sistemləşdirir, əxlaq nəzəriyyələrini formalaşdırır. «Etika» yalnız bu və ya digər hallarda necə hərəkət etmək lazım olduğunu öyrədən normativ elm yox, həm də mürəkkəb və ziddiyyətli əxlaqi münasibətlərin və əxlaqın təbiətini öyrənən nəzəri təlimdir. Aristotel «Nikomax etikası»nda yazır ki, «Etika»nın əsas məqsədi bilik yox, əməldir.
Digər fəlsəfi elmlər kimi «Etika» da anlayış və kateqoriyalar sistemindən istifadə edir ki, bunlar vasitəsilə gerçəkliyin ayrı-ayrı detalları, tərəfləri deyil, gerçəklik bütövlükdə əks etdirilir. Məsələn, «həqiqəti danışmaq xeyirxahlıqdır» mühakiməsi bütün adamlara və cəmiyyətə aid ola bilər. «Etika» özünəməxsus, ənənəvi kateqoriyalar olan xeyir və şər, ədalət və s. ilə bərabər, həmçinin əxlaqi şuür, əxlaqi fəaliyyət, norma, məqsəd, münasibət və s. kimi universal anlayışlardan da istifadə edir.
Əxlaqdan bəhs edən «Etika» yunanca «ethos» (tələffüzdə etos kimi də işlətmək olar) sözündən olub, etimoloji mənası adət, ənənə, xarakter, vərdiş, davranış, temperament deməkdir. Əvvəllər isə, məsələn, Homerin «İliada» əsərində bu söz yurd, birgəyaşayış məskəni mənasını verirdi. Antik fəlsəfədə o, hər hansı fiziki və ya sosial hadisəni bildirərək, terminoloji mənada işlənirdi. Məsələn, Empedokl ilkin ünsür etosu, Heraklit insan etosu haqqında danışırdı.
Etosun mənşəyi belə bir müşahidənin nəticəsi olmuşdur ki, insanların adətləri və xarakterləri birgəyaşayışda formalaşır.
«Etikanın» həm termin, həm də ayrıca elm kimi yaranması Aristotielin adı ilə bağlı olsa da, bu prosesin formalaşması çox-çox əvvəllərə aiddir. İbtidai dövrün dini təsəvvürləri, əsatirlər, nağıllar, atalar sözləri, zərbməsəllər insanın təbiətə münasibətini, insanın dünyadakı mövqeyini, insanlar arasındakı münasibətləri
özünəməxsus şəkildə dərk etmək və əks etdirmək üçün ilk təşəbbüs idi. E.ə. I minilliyin ortalarında cəmiyyətdə baş verən qlobal siyasi dəyişikliklər, qəbilə-icma münasibətlərinin, köhnə adət-ənənələrin sıxışdırılması, dövlətin möhkəmlənməsi və hakimiyyəti öz əlinə alması yeni baxışların, idealların və insanlar arasındakı yeni münasibətlərin formalaşmasına tələbat yaratdı. Bu dövrdə qədim Hindistanda, Çində və Yunanıstanda müxtəlif etik nəzəriyyələr meydana gəldi. Bu ideyaların müəllifləri sırasına Hindistanda Budda, Çində Konfutsi, Yunanıstanda sofistlərdən Hippi, Antifont, sofistlərin müasiri və rəqibi Sokrat, onun şagirdi Platon «Protaqor», «Menon», «Evtifron» və s. əsərləri, Platonun şagirdi Aristotel, stoiklərdən Zenon, Seneka, Epiktet və b. idi.
İlk dəfə olaraq Aristotel «ethosu» həm isim – «etika», həm də sifət – «ethikos» kimi işlətdi. O, «ethosu» «insanların adət etdikləri yaşayış məskəni», daha sonra isə sadəcə olaraq «adət», «vərdiş», «xarakter», «temperament» kimi mənalardan uzaqlaşdıraraq insan keyfiyyətlərini, insanın fərdi xüsusiyyətlərini ictimai əxlaqın müəyyən adət edilmiş formaları ilə vəhdətdə nəzərdən keçirən «etik» – «ethikos» şəklinə saldı. Aristotelin fikrincə bu keyfiyyətlər «etik fəzilətlər» olub, «Etika»nın əsas tədqiqat obyektini təşkil edir. Etik fəzilətlər insanın xarakterinin, temperamentinin xüsusiyyətləri, həmçinin qəlbinin keyfiyyətləridir. Onlar, bir tərəfdən, bədən xüsusiyyətlərinə aid olan affektlərdən, digər tərəfdən isə əqli xüsusiyyətlərə aid fəzilətlərdən fərqlənir. Buna misal olaraq prof. Ə.Hüseynov qorxunu təbii affekt, yaddaşı əqlin xüsusiyyəti, sadəliyi, mərdliyi, əliaçıqlığı xarakterin xüsusiyyətləri hesab edir. Bu haqda biliklərin və etik fəzilətlərin məcmusunu bildirmək məqsədilə Aristotel məhz «etika» terminini irəli sürmüşdür. Adında «etika» sözü olan ilk əsərləri də Aristotel yazmışdır: «Nikomax etikası», «Evdem etikası», «Böyük etika». Etik problemlər Aristotelin digər əsərlərində də mərkəzi yer tutur. Məsələn, «İkinci analitika», «Politika», «Ritorika» və s. əsərlərdə Aristotel etika haqqında əsasən 3 mənada söhbət açır: 1) etik nəzəriyyə; 2) etik kitablar, 3) etik təcrübə. Əsərlərin adlarının məhz «etika» sözü ilə bağlı olması ənənəsi Aristotieldən sonrakı dövrlərdə də davam edir. Ritorika natiklik sənəti deməkdir.Məsələn, orta əsr fransız ilahiyyatçısı və filosofu Pyer Abelyarın (1079-1142) «Etika və ya özünü dərk et» əsəri, fəlsəfəsinin əsas hissəsini etik nəzəriyyələrin işlənməsinə həsr edən və əslən yəhudi olan XVII əsr holland filosofu Benedikt Spinozanın (1632-1677) ömrünün sonunda, yəni 1677-ci ildə yazdığı və ölümündən sonra çapdan çıxan «Etika» əsəri, irrasionalizmin nümayəndəsi olan alman filosofu Eduard Qartmanın (1842-1906) 1898-ci ildə yazdığı «Etik oçerklər» kitabı buna misaldır.
«Etika» sözünün tarixi bir daha Roma zəminində təkrar olunur. Romalılar, xüsusən də Siseron yunan təcrübəsinə və birbaşa Aristotelə istinad edərək, öz dediyi kimi, latın dilini zənginləşdirmək məqsədilə Aristotelin yunan dilində olan «etik» anlayışından «moralis», yəni «əxlaqi» terminini yaratdı. O, bunu tək halda «mos», cəm halda «mores» kimi işlədib ki, bunlar da yunanca olan «ethos» sözünün birbaşa latın analoqudur. Bu haqda Siseron «Tale haqqında» adlı əsərində yazaraq əxlaq fəlsəfəsindən danışır və bu zaman Aristotelin «Etika» adlandırdığı biliklər sistemini nəzərdə tutur. Öz yunan sələfi kimi xasiyyət, adət, xarakter, davranış, xassə, qanun, göstəriş, dəb (moda), paltar biçimi (fasonu) mənalarını verən «moralis»dən sonralar, eramızın IV əsrində latın dilində «moralitas» – əxlaq termini yaranır ki, bu da yunan «etika» termininin latın ekvivalentidir.
Beləliklə, yunan dilindəki «ethika» və latın dilindəki «moralitas» sözləri etimoloji məzmununa görə birbirinə uyğun gəlir. Bunlar xalq şüuru ilə deyil, tədqiqat məqsədilə süni surətdə yaradılmışdır. Bu gün dünyanın bir çox ölkələrində «etika» və «moral» əxlaq sözləri geniş yayılmışdır.
Müasir etika yalnız fəlsəfənin digər bölmələrini deyil, həmçinin psixologiya, pedaqogika, tarix, etnoqrafiya, sosiologiya, dinşünaslıq, estetika, arxeologiya və hətta biologiya ilə sıx əlaqədə inkişaf edir.
Aristotel e.ə.384-322 nəzəri problemlərin həllində öz dövrünü qabaqlayaraq e.ə. IV əsrədək mövcud olan bir sıra elm sahələrini ümumiləşdirir. Qədim dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filosof etika elminin məsələlərini sistemləşdirir. İlk dəfə olaraq Aristotel etikanı elmi-fəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixologiya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel etikanı öz ictimai-siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və iqtisadiyyatla çox bağlıdır. «Nikomax etikası» Aristotelin əxlaq problemlərini daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi nəzərdən
keçirir. Əsərdə Aristotel oğluna düzgün davranışla əlaqədar öyüd-nəsihət verir. Əgər Demokritin etik təlimi əsaslanırdısa, Platon öz fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi. Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan «Nikomax etikası» əsəri əsl elmi əsər kimi qiymətləndirilir. Aristotelin fikrincə, əxlaqi sistem yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir, ikincisi, insan bu nemətləri qazana bilərmi burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı problemləri qoyulur, üçüncüsü, nemətə çatmaq üçün hansı yolla getmək lazımdır fəzilət, onun mahiyyəti və tərbiyə imkanları problemi və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir. Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aristotel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir. Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını verir. Fəzilətlərin spesifikasını müəyyənləşdirən Aristotel psixologiyaya müraciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana təbiət tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır.İnsan və cəmiyyətin inkişafındakı keyfiyyət və nailiyyətlər etikanın ruhi səviyyəsidir.”Özünüdərketmə idrakın əsas məqsədidir” fikrini elm xadimi Sokrat irəli sürmüşdür.Etika texniki və hümanitar fənlər tərisində tədris etikası və etik məsələlər mövzusunda geniş əksini tapmışdır.Əxlaqi münasibətbət məzmunun formasına və ictimai əlaqə üsullarına görə fərqlənir. Bütün əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dostluq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel onların tərbiyə olunmasına xüsusi fikir verirdi. Azərbaycan xalqının etik mədəniyyətini uzun əsirlik tarixə və zəngin ənələrə malik qiymətləndirmək olar.Azərbaycanda zərdüstlüketik ideyalarla zəngindir. Azərbaycanda zəhmətkeş insanı,şəxsiyyətə hörmət,insanpərpərlik hissini arxeloji tədqiqatlar nəticəsində əldə edilmiş müxtəlif materiallardan məlum olur.Özü də yalnız uşaqlar deyil, bütün vətəndaşlar, hətta insanın emosional qavrama qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara münasibət zamanı fəzilətə çevrilir.
Dostları ilə paylaş: |