¤Məzlumun duası ilə Allah arasında pərdə yoxdur¤
Cabir ibn Səmurə belə rəvayət etmişdir ki, kufəlilər Ömərə Səd ibn Əbu Vaqqasdan şikayət etdilər. Buna görədə Ömər onu bu vəzifədən kənarlaşdırdı və yerinə Əmmar ibn Yasiri hakim təyin etdi. Kufəlilər (çox) şikayət etdilər, hətta namazı lazımı qaydada qılmadığını belə iddia etdilər. Belə olduqda, Ömər adam göndərib onu yanına çağırtdırdı və dedi: “Ey Əbu İshaq! Bunlar iddia edirlər ki, sən namazı lazımı qaydada qılmırsan.” Əbu İshaq dedi: “Mənə gəlincə, Vallahi ki, mən onlara Peyğəmbərin namazını qıldırmışam və bundan heç bir şey əksiltməmişəm. İşa namazını qıldıranda ilk iki rükəti uzun, son iki rükəti isə qısa qıldırmışam.” Ömər: “Mən elə belədə bilirdim, Ey Əbu İshaq! “- dedi, sonra da onunla birlikdə Kufəyə bir və ya iki adam göndərdi ki, gedib Kufəlilərdən onun barəsində soruşsunlar. Kufədə elə bir məscid qalmadı ki, (göndərilən adam) onun barəsində soruşmasın. Hamı onu təriflədi. Axırda həmin adam Abs oğullarının məscidinə gəldi. Oradakılardan Əbu Sədə ləqəbi ilə tanınan Usamə ibn Qatədə adlı birisi əyağa qalxıb dedi: “Madam ki, and verib bizdən soruşdun, (onda bil ki,) Səd heç vaxt döyüşə gedən dəstəyə qoşulmayıb, (qənimətləri) düzgün bölüşdürməyib və şəriət məsələlərində ədalətlə hökm verməyib.” Səd dedi: “İndiki belə oldu, onda vallahi ki, məndə üç şeylə bağlı Allaha dua edəcəyəm: “Allahım! Əyər sənin bu qulun yalançıdırsa, üstəlik bunu özünü göstərmək və ad qazanmaq məqsədi ilə edirsə, onda onun ömrünü uzat, yoxsulluğunu artır və onu bəlalara düçür et!” Uca Allah Sədin duasını qəbul etdi. Sonralar həmin adamdan onun halı barədə soruşanda deyərdi: “Mən başı bəlalı bir qocayam, məni Sədin bəd duası tutub.” Abdul Malik رحمه الله demişdir: “Sonralar mən o adamı gördüm, qocalığından qaşları gözlərinin üstünə düşmüşdü, özüdə küçələrdə cariyələrə əl atırdı.” «əl-Buxari»
¤İbn Abbas və Xəvariclər¤
Abdullah İbn Abbas deyir: “Hərurilər (xəvariclər) zühur etdikdə altı min idilər. Mən Əliyə: “Ya Əmirəl Muminin sən namazı bir az gecikdir mən onlarla söhbət edim!” –dedim.
O, “Mən sənin üçün təhlükədən qorxuram!” – dedi. Mən: “Sən heç narahat olma deyərək, ən gözəl paltarımı geyinib yola düşdüm və onların toplandıqları evə gəldim. Onlar günorta istirahətində idilər. Onlardan daha şiddətli ibadətə həris olanını görməmişdim. Əlləri dəvə dizi kimi idi (Çox ibadət etməkdən qabar atmışdı), üzlərində səcdənin əlaməti görsənir, əyinlərində yuyulmuş paltarlar var idi. Üzləri yuxusuzluqdan zəifləmişdi. Yanlarına gəlincə dedilər:
- Bu geyindiyin paltar nədir?
- Məni bununla təqsirkar sayırsızmı? Mən Rəsulallahın əynində bundan daha gözəlini görmüşəm və bu ayə nazil olmuşdu:
«Allahın qulları üçün yaratdığı zinət və təmiz rizqləri haram edən kimdir?». (əl-Əraf: 32).
Sonra mən onlara dedim: Peyğəmbərin əshabının, mühacir və ənsarların, Peyğəmbərin əmisi oğlu və kürəkəninin yanından gəlirəm. Quran onların zamanında nazil olub və onlar onu sizdən daha yaxşı başa düşürlər. Onlardan heç birini sizin aranızda görmürəm. Mən onların dediklərini sizə, sizin dediklərinizi isə onlara çatdırmaq istəyirəm.
Bəziləri: Qureyşlə münaqişə etməyin – deyərək bu ayə: «Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!» Zuxruf surəsi: 58 - ilə etirazlarını bildirdilər.
İki üçü nəfər: “Onlarla danışın” - dedilər.
Onlardan biri mənə yaxınlaşdı və mən dedim: Peyğəmbərin əshabına, əmisi oğluna, kürəkəninə və ilk iman gətirənə qarşı etiraz etdiyiniz məsələləri deyin. Onlar dedilər: “Bizim üç etirazımız var.”
Birinci: O, Allahın dinində hakimliyi kişilərə verdi. Allah təalə isə buyurur:
“Hökm yalnız Allahındır” (Yusuf surəsi: 40).
İbn Abbas dedi: Yaxşı bu bir.
Onlar dedilər:
Ikinci: Əli (Müaviyəyə qarşı etdiyi) döyüşlərdə qənimət və əsir götürmədi. Əgər onlar kafirdirlərsə onda onların malları və namusları bizə halal olmalıdır. Əgər onlar mömindirlərsə onda onların qanlarını tökmək bizə haramdır.
İbn Abbas dedi: “Bu ikincisi bəs sonra”.
Onlar dedilər:
Üçüncü: O, öz üzərindən möminlərin əmiri adını sildi. Əgər o möminlərin əmiri deyilsə, onda kafirlərin əmiri olmalıdır.
İbn Abbas dedi: sizin bundan başqa şikayətiniz varmı?
Onlar: bu kifayətdir - dedilər.
İbn Abbas dedi: “Əgər mən sizə Qurandan və sünnədən sizin dediklərinizin lazımlı cavabını versəm söylədiklərinizdən dönərsinizmi?” Onlar: “Bəli.”dedilər. İbn Abbas dedi: siz deyirsiniz ki, Əli Allahın dinində hakimliyi kişilərə vermişdir. Mən isə sizə Qurandan bir ayə oxuyacam. Bu ayədə Allah təalə, qiyməti 1/4 dirhəm olan dovşanın hakimliyini kişilərə həvalə etmişdir.Allah təalə buyurur:
“Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!” (əl-Maidə: 95).
Ərlə arvad haqda isə belə buyurur:
“(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!” (ən-Nisa: 35).
Indi isə sizi Allaha and verirəm! Insanların qanının tökülməsinin qarşısını almaq və onları barışdırmaq üstündür, yoxsa qiyməti 1/4 dirhəm dəyərində olan dovşan!?. Onlar dedilər: “Əlbətdə ki, qanının tökülməsinin qarşısını almaq və onları barışdırmaq üstündür.”
İbn Abbas dedi: bu suala cavab verdimmi?
Onlar dedilər: “Bəli, Allah da şahiddir.”
Sizin ikinci etirazınız; “Əli (Müaviyəyə qarşı etdiyi) döyüşlərdə qənimət və əsir götürmədi”. Məyər siz ananız hesab edilən Aişəni əsir götürər və onunla əsirlərlə aparılan münasibətləri edərdinizmi? Əgər bunu etsəydiniz küfr edərdiniz. Yaxud, “O bizim anamız deyildir” desəniz yenə də küfr edərsiniz. Allah təalə buyurur:
“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz)...» (əl-Əhzab: 6). Siz iki zəlalət və zülmət içərisinidəsiniz. Bundan çıxış yolu tapın.
Sonra İbn Abbas dedi: Bu sualınıza da cavab verdimmi?
Onlar dedilər: “Bəli, Allah da şahiddir.”
Sonra siz dediniz ki, «O, öz üzərindən möminlərin əmiri adını sildi». Peyğəmbər Hüdeybiyyə sülhü günü Qureyş qəbiləsini yazılı şəkildə ittifaq etməyə çağırmışdı. Peyğəmbər buyurdu: “Yaz! Bunu Allahın elçisi Məhəmməd imzalayır”. Qüreyşli müşrik dedi: “Allaha and olsun, əgər biz sənin Allah elçisi olduğunu tanısaydıq sənin Kəbə evini ziyarət etməyinə mane olmaz və sənə qarşı döyüşməzdik. Sən sadəcə olaraq Məhəmməd İbn Abdullah yaz.”
Peyğəmbər buyurdu: Allaha and olsun ki, siz mənə iman gətirməsəniz də mən Allahın elçisiyəm. Sonra Əliyə dedi: Ey Əli! Məhəmməd İbn Abdullah yaz!
İbn Abbas dedi: Peyğəmbər Əlidən də xeyirli və üstün idi. O, öz adını sildi. Onun öz adını silməsi Peyğəmbərliyinin silinməsi demək deyildir.
Sonra İbn Abbas dedi: “Buna da cavab verdimmi?.”
Onlar dedilər: “Bəli, Allah da şahiddir.”
Bu söhbətdən sonra onların iki min nəfəri öz dediklərindən döndülər qalanlarını isə Mühacir və Ənsarlar Nəhrəvan döyüşündə öldürdülər.
“Bu rəvayəti Əbdurrəzzaq, Əbu Nueym, Beyhəqi və digər alimlər rəvayət ediblər.”
¤Əkinçi¤
Əbu Hüreyrə rəvayət edir ki, bir dəfə bədəvilərdən birisi Peyğəmbərin yanında ikən Peyğəmbər belə bir hədis danışdı ki: “Cənnət əhlindən biri Rəbbindən orada əkinçiliklə məşğul olmaq üçün izn istəyəcək.” Rəbbi ona buyuracaq: “Məgər istədiklərinə nail olmamısan?” Adam deyəcək: “Elədir, lakin mən əkin əkməyi sevirəm.” Onda ona izn veriləcək və o torpağa toxum səpəcək. Toxumlar bir göz qırpımında cücərib yetişəcək və bol məhsul verəcək; o məhsul dağ boyda olacaq.” Onda Allah ona buyuracaq: “Götür onları, ey Adəm oğlu! Həqiqətən heçbir şey sənin gözünü doydura bilməz.” Peyğəmbərin yanındakı bədəvi dedi: “Vallahı, bu adam olsa-olsa, ya Qureyişdən, yada Ənsardan bir kimsə olacaq. Əkinçiliklə məşğul olan onlardır, biz yox.” Peyğəmbər onun bu sözünə gülümsədi. «əl-Buxari».
¤Qorxan qəlbdən saf kəlimələr¤
Fudeyl ibn Rabi belə deyir: “Mömünlərin əmiri Rəşid hacc etdi, mənim yanıma gəldi və mən tez onun qarşısına çıxıb: “Ey Mömünlərin əmiri! Əgər çağırsaydın mən özüm gələrdim”- dedim. O isə: “Məni narahat edən bir sualım var, bu sualımı soruşmaq üçün mənə bir alim göstər”- dedi. Mən dedim: “Sufyan ibn Uyeynə buradadır”. O dedi: “Bizi onun yanına apar”. Biz onun olduğu yerə gəlib qapını döydük. O da: “Kimdir?” deyə səsləndi. Dedim ki, Mömünlərin əmirinə cavab ver. O olduğu yerdən sürətlə çıxaraq: “Ey Mömünlərin əmiri əgər çağırsaydın mən özüm gələrdim” dedi. Əmir isə ona: “Sənin yanına gəlmə səbəbim bu suallardır” deyə ondan bəzi şeylər haqda soruşdu. Bir müddət onunla söhbət etdikdən sonra ona: “Sənin borcun varmı?” deyə soruşdu. O da: “Bəli” var dedi. Əmir Rəşid mənə dönərək: “Əbu Abbas onun borclarını ödə” dedi. Sufyan ibn Uyeynənin yanından çıxdıqdan sonra əmir: “Sənin dostun (mənə göstərdiyin bu adam) mənim ehtiyacımı ödəmədi. Sualımı soruşa biləcəyim başqa birisi varmı?” dedi. Dedim ki, Abdur Razzaq ibn Həmməm buradadır. O dedi: “Bizi onun yanına apar”. Biz onun olduğu yerə gəlib qapını döydük. O olduğu yerdən sürətlə çıxaraq, gələn kimdir? dedi. Dedim ki, Mömünlərin əmirinə cavab ver. O dedi: “Ey Mömünlərin əmiri əgər çağırsaydın mən özüm gələrdim” Əmir isə ona: “Sənin yanına gəlmə səbəbim bu suallardır” deyə ondan bəzi şeylər haqda soruşdu. Bir müddət onunla söhbət etdikdən sonra ona: “Sənin borcun varmı?” deyə soruşdu. O da: “Bəli” var dedi. Əmir Rəşid mənə dönərək: “Əbu Abbas onun borclarını ödə” dedi. Onun da yanından çıxdıqdan sonra əmir: “Sənin dostun (mənə göstərdiyin bu adam) mənim ehtiyacımı ödəmədi. Sualımı soruşa biləcəyim başqa birisi varmı?” dedi. Dedim ki, Fudeyl ibn İyad buradadır. O dedi: “Bizi onun yanına apar”. Biz onun yanına çatdıqda, onun namazda quran ayələri oxuyub təkrarladığını eşitdik. Əmir Rəşid qapını döyməyi mənə əmr etdi. Mən qapını döydükdə o kimdir? deyə səsləndi. Mən ona: “Mömünlərin əmirinə cavab ver “dedim. O da: “Qapını açmadan mənimlə əmir arasında nə əlaqə deyə səsləndi”. Mən ona əmirə itati vacib olduğunu dedikdən sonra, o qapını açdı. Sonra otağda bir küncə çəkilərək lampanın işığını azaltdı. Biz otağa daxil oluduq və əlimizlə onu axtarmağa başladıq. Əmir Rəşid məndən öncə ona çatdı, əli ilə ona toxunanda o belə dedi: “Bu nə yumşaq əldir, kaş qiyamət günü də Allahın əzabından qurtara bilə. Mən öz nəfsimdə dedim: “Bu kişi bu gecə qorxan qəlbdən saf kəlimələr deyəcək.” Əmir Rəşid ona Allah sənə rəhm etsin: “Sənin yanına gəlmə səbəbim bəzi suallarımın olmasıdır” dedi. Fudeyl ibn İyad ona: “Ömər ibn Abdul Əziz xəlifə seçildiyi vaxt Səlim ibn Abdullah, Muhəmməd ibn Kəab əl-Qurazi, Rəca ibn Həyvanı yanına çağıraraq onlara: “Mən artıq bu yüklə yüklənmişəm, mənə nəsihət edin” dedi. Səlim ibn Abdullah: “Allahın əzabından qurtarmaq istəyirsənsə dünyadan oruc tut, sənin ondan iftarın ölüm olsun” dedi. Muhəmməd ibn Kəab: “Allahın əzabından qurtarmaq istəyirsənsə mömünlərin böyüyü sənin üçün ata, orta səviyyəlisi qardaş, kiçiyi isə övladının yeridə olsun” dedi. Rəca ibn Həyva: “Qiyamət günü Allahın əzabından qurtarmaq istəyirsənsə o zaman özün üçün istədiyini mömünlər üçündə istə, özün üçün istəmədiyini də onlar üçün istəmə, bundan sonra istəsən (axirətin şiddətundən əmin olaraq) öl.” Məndə sənin üçün əyaqların sabit qalmadığı bir günün əzabından qorxuram, Ömər ibn Abdul Əzizə olunan nəsihətlərdən hansı səndə var ki, onunla qiyamət günü səni əzabdan qurtarsın? Yaxutda sənə bu yolda onlar kimi nəsihət edənlər varmı? Onun bu sözlərindən sonra Əmir hüşunu itirənə qədər ağladı. Mən ona: Allah sənə rəhm etsin ona rəhm et. Bunun cavabında Fudeyl ibn İyad mənə: “Onu siz öldürürsünüz mənmi ona rəhm edim?” Əmir Rəşid özünə gələndən sonra ona: “Allah sənə Rəhm etsin bizə yenə də nəsihət et” dedi. Fudeyl رحمه الله belə dedi: “Ey gözəl üzlü! Qiyamət günü Allah səndən bu camaatın haqqını soruşacaq, əğər bu üzü, ədalətli olmaqla oddan qoruya bilirsənsə qoru yoxsa sənə yardım edən tapılmaz. Çəkin sənin tabeçiliyin altında olanlardan kimisə aldatmaqdan (haqqını tapdamaqdan, haqsız yerə onlara zülm etməkdən) Allahın Elçisi belə deyir: “Kim rəiyyətini (əlinin altındə olanları) aldadar (haqqını tapdalayar, haqsız yerə onlara zülm edər) o cənnətin qoxusunu belə almaz.” Harun ağladı və sonunda ondan: “Sənin borcun varmı?” deyə soruşdu. O da cavabında: “Bəli, mənim Aləmlərin Rəbbi olan Allaha qulluq borcum var, ona görədə məni hesaba çəkəcəkdir. Vay olsun mənə əgər Allah bu borc haqda məndən soruşsa, məni bu borca görə hesaba çəksə və məndə bu hesabın cavabını verə bilməsəm.”
Harun ona: “Mən səndən qullara olan borcun haqda soruşuram” dedi. O isə cavabında: “Rəbbim mənə bunları əmr etməyib, mənim Rəbbim mənə, onu təsdiq edib əmirlərini yerinə yetirməyi buyurub.” Uca Allah buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrinidə istəmirəm.” (əz-Zariariyət 56-57) Əmir bundan sonra min dinar çıxararaq ona uzatdı və: “Ehtiyaclarını ödə” dedi. Fudeyl رحمه الله isə ona qəzəblənərək: “Subhənallah! Mən sənə qurtuluş yolunu göstərirəm, səninsə bunun müqabilində mənə etdiyinə bax.” dedi və sakit duraraq birdə onlarla danışmadı. Onun yanından çıxdıqdan sonra Harun mənə: “Mən səndən suallarıma cavab verməsi üçün bir alim göstər deyəndə mənə bunun kimisini göstər, çünki bu müsəlmanların elimlisidir.” dedi. “Siyər Ə`ləm ən-Nubələ c-8/428”
¤Saleh qadın¤
Ənəs ibn Malik belə rəvayət edir: “Əbu Talhanın oğlu xəstə idi. Əbu Talha bir dəfə (səfərə) getdiyi vaxt oğlu vəfat etdi. O qayıtdıqda: “Uşaq nə etdi?” deyə zövcəsindən xəbər aldı. Ummu Süleym ona: “Əvvəlkindən daha sakitdir!” deyə buyurdu və onun qabağına şam yeməyini qoydu. O, şam yeməyini yedikdən sonra qadınla yaxınlıq etdi. Qurtardıqdan sonra qadın: “Uşağı dəfn edin!” deyə buyurdu. Səhər açıldıqda isə Əbu Talha Peyğəmbərin yanına gəldi. Ona bunu xəbər verdi. Peyğəmbər belə buyurdu: “Bu gecə yaxınlıq etmisinizmi?” O: “Bəli!” deyə cavab verdi. Peyğəmbər : “Allahım, onlara bərəkət ver!” deyə buyurdu. O bir oğlan uşağı doğdu. Əbu Talha mənə onu Peyğəmbərin yanına aparmağı buyurdu.” Onu Peyğəmbərin yanına gətirdi. Onunla birgə bir neçə quru xurma göndərdi. Peyğəmbər onu götürdü və: “Onunla bərabər bir şey varmı?” deyə soruşdu. Onlar: “Bəli, quru xurma!” deyə cavab verdilər. Peyğəmbər onu ağzında çeynədi və sonra çıxararaq uşağın ağzına qoydu. Onu təhlik etdi və adını Abdullah qoydu.” «Muslim»
¤Ey gəmi əhli sizin üçün iki hicrət vardır¤
Əbu Musa demişdir: “Biz yəməndə olarkən Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdiyini bizə xəbər verdilər. (Bu xəbəri eşidəndə) mən yaşca məndən böyük iki qardaşımla –Əbu Burdə və əbu Ruhm ilə birlikdə həmqəbilələrimizdən olan əlli üç, yaxud əli iki nəfərdən ibarət bir dəstəyə qoşulub Mədinəyə hicrət etdik. Biz bir gəmiyə mindik və bu gəmi bizi Həbəşistana- Nəcaşinin yanına apardı. Orada biz Cəfər ibn Əbu Talibə rast gəldik və hamımız Mədinəyə qayıdanadək onun yanında qaldıq. Nəhayət, Peyğəmbər Xeybəri fəth etdiyi zaman biz ona yetişdik. O vaxt bəzi adamlar bizə -yəni gəmi ilə gələnlərə- deyirdilər: “Biz sizdən qabaq hicrət etmişik.” Bu ərəfədə bizimlə birgə Mədinəyə gəlmiş habelə vaxtı ilə Nəcaşinin məmləkətinə hicrət etmiş kimsələrlə bərabər hicrət etmiş Əsma bint Umeys Peyğəmbərin zövcəsi Hafsanı ziyarət etdi. Əsma Həfsanın evində ikən Ömər onun yanına gəldi və Əsmanı görcək: “Bu kimdir?” –deyə soruşdu. Həfsa: “Əsma bint Umeysdir”- dedi. Ömər soruşdu: “Həbəşistanda yaşamış və gəmi ilə hicrət etmiş qadın budur?” Əsma: “Bəli!”- deyə cavab verdi. Ömər dedi: ”Biz sizdən əvvəl hicrət etmişik. Odur ki, biz Peyğəmbərə sizdən daha yaxınıq.” Bunu eşidəndə Əsma qəzəblənib dedi: “Yox, Vallahi ki, sən düz danışmırsan. Siz Peyğəmbərin yanında olarkən, O, sizin aranızdaki acların qarnını doydurarkən, cahillərinizə öyüd-nəsihət verərkən, biz Həbəşistanda- uzaq və cansıxıcı bir diyarda yaşamışıq. Bütün bunları Allahın və onun Peyğəmbərinin xatirinə etmişik. Vallahi sənin dediklərini Allahın Elçisinə xəbər verməyincə mən nə yemək yeyəcəyəm, nədə su içəcəyəm. Həbəşistanda bizim xətrimizə dəyirdilər, özümüzdə qorxu içində yaşayırdıq. Mən bunu Peyğəmbərə deyəcəyəm və bu haqda ondan soruşacağam. And olsun Allaha mən nə yalan danışacağam nə haqdan uzaqlaşacağam, nədə buna bir şey əlavə edəcəyəm.” Peyğəmbər gəldikdə Əsma dedi: “Ey Allahın Peyğəmbəri, Ömər belə-belə dedi.” Peyğəmbər soruşdu: “Sən ona nə cabvab verdin?” Əsma dedi: “Mən ona bunu-bunu dedim.” Peyğəmbər buyurdu: “O mənə sizdən daha yaxın ola bilməz, axı o və onun yoldaşları cəmi bir kərə hicrət etmişlər. Siz isə, ey gəmi əhli, iki dəfə hicrət etmisiniz.” «əl-Buxari».
¤Hikmətli hökm¤
Əbu Hüreyrə Peyğəmbərin belə dediyini rəvayət edir: “Keçmişdə iki qadın və onların hərəsinin də bir uşağı var imiş. Günlərin bir günü canavar bu uşaqlardan birini aparır. Qadınlardan biri rəfiqəsinə: “Canvar sənin oğlunu apardı” – deyərək sağ qalan uşağı ona vermək istəmir. Rəfiqəsi də ona eyni şeyi deyərək uşağın onun olduğunu iddia edir. Beləliklə, qadınlar mübahisə edirlər və aralarında düzgün hökm çıxarılması üçün Davud -əleyhissəlamın- hüzuruna gəlirlər Davud -əleyhissəlam- uşağın yaşda böyük olan qadına verilməsi barədə hökm verir. Onlar bununla kifayətlənməyib eyni məqsədlə Davudun oğlu Süleyman peyğəmbərin hüzuruna gəlir və əhvalatı ona danışırlar. Süleymün -əleyhissəlam- üzünü qadınlara tutub: “Mənə bir bıçaq gətirin, uşağı aranızda yarıya bölüm” deyir. Bu zaman yaşda kiçik olan qadın: “Yox, uşağa dəymə, Allah sənə rəhm etsin, o onun uşağıdır” deyə etiraz etdi. Bunu görən Süleyman peyğəmbər uşağın kiçik qadına varilməsi barədə hökm çıxarır.
¤Dəstamaz günahlara kəffarədir¤
Əmr ibn Əbsə əs-Suləmi belə deyir: “Mən cahiliyyət zamanı; insanlar zəlalət üzərindədirlər, heç bir şey üzərində deyillər, deyə zənn edirdim. Onlar bütlərə tapınırdılar. Məkkədə bəzi xəbərlər haqqında danışan bir şəxs çıxdığını eşitdim. Dəvəmin üzərinə oturub bu şəxsin yanına gəldim. Gəldiyim zaman Allahın Elçisi gizlənmiş bir halda, qövmü də özünə qarşı hirsli idilər. Məkkədə nəzakətli hərəkət etdim. Nəhayət asanlıqla onun yanına girdim. Özünə: “Sən kimsən?” dedim. Mən Peyğəmbərəm, dedi. Peyğəmbər nədir? dedim. Məni Allah göndərib, dedi. Allah səni nə ilə göndərdi? dedim. Qohumlara yaxşılıq edilməsi, bütlərin qırılması, yalnız Allaha ibadət edilib, ona heç bir şeyin ortaq qoşulmaması ilə, dedi. Bu şeylər üzərində səninlə kimlər var? dedim. Azad və kölə kimsələr vardır, dedi. (Ravi: “O gündə ona inananlardan Əbu Bəkr ilə Bilal onunla bərabər idi). Məndə sənə tabe olacağam, dedim. Sən bu günündə buna müqtədir ola bilməzsən. Mənim və camaatın halını görmürsənmi? Lakin indi sən ailənin yanına qayıt. Mənim müzəffər olduğumu eşitdiyin vaxt mənim yanıma gəl, dedi. Bundan sonra mən qəbiləmin yanına qayıtdım. Allahın Elçisi, Mədinəyə gəldiyində mən hələ qövmümün yaninda idim. Bu vaxt onun xəbərini soruşdurmağa başladım. O, Mədinəyə gəldiyi zaman insanlardan onu soruşurdum. Nəhayət Yəsrib əhalisindən yəni Mədinəlilərdən mənə bir neçə nəfər gəldi. Onlara: “Bu Mədinəyə gələn şəxs nə etdi?” dedim. İnsanlar sürətlə onun dininə girirlər. Qövmü onu öldürmək istədi lakin buna gücləri çatmadı, dedilər. Bundan sonra Mədinəyə gəldim və Peyğəmbərin yanına girib: “Ey Allahın Elçisi! Məni tanıyırsanmı? dedim. Bəli. Sən Məkkədə mənimlə görüşən bir kimsən, dedi. Məndə bəli oyam dedim. Ey Allahın Elçisi! Allahın sənə öyrətdiyi və mənim bilmədiyim şeylərdən mənə xəbər ver. Mənə namazdan xəbər ver dedim. Səhər namazını qıl. Sonrada günəş çıxıb yüksələnə qədər namazdan əl çək. Çünki günəş çıxarkən şeytanın iki buynuzu arasından çıxar. Hələ o zamanda kafirlər ona (yəni günəşə) səcdə edərlər. Çünki namaza mələklər şahid və itaətli qullar hazır olur. Sonra da mizrağın kölgəsi (qərbə və şərqə) meyl etmədiyi vaxta (yəni ekvator vaxtına) qədər namaz qıl. Sonra namazdan çəkin. Çünki o vaxt cəhənnəm yaxşıca alovlandırılır. Kölgə meyl etdiyi zaman yenə namaz qıl. Çünki namaz, mələklər tərəfindən şahid olunmuş və itaətli qulların hazır olduğu bir ibadətdir. Nəhayət əsr namazını qıl. Bundan sonra da günəş batana qədər namaz qılmaqdan çəkin. Çünki o şeytanın iki buynuzu arasında batır. Hələ o zamanda kafirlər ona səcdə edərlər, dedi. Ey Allahın Elçisi! Mənə dəstamaz almanın mahiyyəti və fəzilətindən xəbər ver, dedim. Sizdən biri dəstəmaz suyunu yaxınına götürər, ağzını yaxalayar, burnuna su çəkib çıxarsa su ilə birgə üzünün, ağzının və burnu ilə beyni arasındakı günahları tökülər. Sonra Allahın əmr etdiyi kimi üzünü yuduğunda su ilə birgə saqqalının ətrafından üzünün günahları düşər. Sonra dirsəklərə qədər əllərini yuyar bundada su ilə birlikdə əllərinin günahları barmaqlarının ucundan tökülər. Sonra başına məsh edər başının günahları saçının uclarından su ilə birlikdə düşər. Sonra topuqlara qədər ayaqlarını yuyar, ayaqlarının günahları su ilə birgə barmaqlarının uclarından tökülər. Sonra isə (dəstamaz alan) o şəxs durar namaz qılar, Allaha həmd edər, ona səna edər, layiq olduğu vəch ilə Allahı ulular, ürəyini sırf Allah üçün digər şeylərdən boşaltsa namazın sonunda günahlarından şübhəsiz anasının onu doğduğu vəziyyətdə olaraq ayrılar” dedi. «Muslim»
Dostları ilə paylaş: |