F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə34/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   131
sosiologiya

 
 
 


39 
 
3. Kəndin sosiologiyası 
 
Kənd tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemidir. O, maddi-əşyavi 
mühitin, təbii-coğrafi şəraitin, insanların spesifik sosial-məkan təşkilinin vəhdəti ilə səciyyələnir. 
Kənd  şəhərdən sosial-iqtisadi inkişafına, insanların rifahının səviyyəsinə, məişətinin təşkilinə görə  məlum 
geriliyi ilə fərqlənir. Bu, müvafiq surətdə əhalinin sosial strukturunda və həyat tərzində müəyyən iz buraxır. Kənd 
üçün  şəhərlə müqayisədə  əmək fəaliyyəti növlərinin azsaylılığı, nisbətən yüksək sosial və peşə yekcinsliyi 
səciyyəvidir. Nisbi sabit xüsusiyyətlərə malik olan kənd özünün əsas komponentləri baxımından şəhərə uyğundur. 
O, şəhərlə birlikdə tarixən cəmiyyətin sosial və ərazi (məkan) strukturunun bütövlüyünü formalaşdırır. 
Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi - 
kəndin sosiologiyası  təşəkkül tapmışdır. Bu sahə  kənd sosial-ərazi birliyinin meydana gəlməsi, fəaliyyəti və 
inkişafı qanunauyğunluqlarını, onun sosial-iqtisadi təbiətini, təkraristehsal strukturunu, təbiətlə  və maddi-əşyavi 
mühitlə  əlaqəsini, həyat tərzini, tipologiyasını öyrənir. Kəndin sosiologiyasında  əhalinin sosial təkraristehsalı 
prosesinin tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir. 
Təkcə  fərdlər, kənd  əhalisi təkrar istehsal olunmur, həm də onların qarşılıqlı  əlaqələri, münasibətləri və digər 
komponentləri təkrar istehsal olunur. 
Kənd əhalisinin xarakter xüsusiyyəti onun kifayət qədər yüksək stabilliyidir: adamların mütləq əksəriyyəti 
kənddə fasiləsiz yaşayır (belə ki, doğulduğu gündən kənddə yaşayanlar təxminən 70 faizə yaxındır). 
Kənd  əhalisinin sosial-sinfi strukturu mürəkkəb olub, müəyyən dinamizmə malikdir; burada sosial 
birliklərin fasiləsiz dəyişilməsi prosesi müşahidə olunur. Kənddə  əhalinin yeni sosial kateqoriyaları (məsələn, 
fermerlər) formalaşmaqdadır. 
[92 - 93] 
Araşdırmalar göstərir ki, perspektivdə onların rolu daha da artacaqdır. 
Lakin qeyd olunmalıdır ki, kənddə əməyin yeni, mütərəqqi formalarının tətbiqi xeyli dərəcədə ləngiyir. Ona görə 
də «yeni yanaşma lazımdır; onun əsasında insanın cəmiyyətdəki vəziyyəti dayanmalıdır»
1
. Yalnız belə olduqda 
insanın, onun qabiliyyətlərinin, sosial fəallığının inkişafı təmin edilə bilər. 
Əmək qabiliyyətli kənd sakinlərinin öz əməyinə münasibəti, ondan razı qalıb-qalmaması bu yaşayış 
məskəninin inkişafı baxımından çox əhəmiyyətli məsələdir. Məlum olduğu kimi, əməkdən razı qalmaq görülən işin 
şəxsi maraqlara, meyllərə uyğunluğundan,  əmək haqqından və  şəraitindən, ifadəetmənin səviyyəsindən və s. 
asılıdır. Aparılmış sosioloji tədqiqatlar göstərir ki, bu sahədə ciddi problemlər mövcuddur. Daha ixtisaslı və təhsilli 
işçilər daha ciddi tələblər irəli sürürlər, peşə yüksəlişində daha fəaldırlar. Azixtisaslı və ixtisassız adamların əksər 
hissəsi də öz işlərindən razı deyildir, eyni zamanda peşə baxımından inkişafla əlaqədar problemlərə münasibətdə 
passivdir.  İşçilərin xeyli hissəsinin qeyri-yaradıcı, icraçı  əməyə istiqamətlənməsi  əhəmiyyətli dərəcədə  kəndin 
mövcud imkanları ilə  şərtlənir. Qeyd etmək lazımdır ki, son illərdə  kəndin müasir texnika ilə  təmin olunmasına 
diqqət xeyli güclənmişdir. Bu, kənd təsərrüfatı əməyində yaradıcı ünsürlərin artmasına kömək edəcəkdir. 
Ümumiyyətlə, kənddə  işçilərin sosial irəliləyişi vacib məsələlərdən biridir. Sosiologiyada sosial irəliləyiş 
dedikdə sosial statusun yüksəlməsi başa düşülür. Bu yüksəlmə ictimai təkraristehsalın (inkişafın) tələbatları ilə 
şərtlənir, insanların  şəxsi mənafeləri ilə vasitələnir. Sosial irəliləyişdə  cəmiyyət (kollektiv) tərəfindən işçinin 
qabiliyyətlərinin, fəallığının, təşəbbüskarlığının, işgüzar keyfiyyətlərinin və s. etirafı ifadə olunur. Sosial irəliləyiş 
prosesi özündə bunları birləşdirir: a) ixtisas, dərəcə, bilik cəhətdən məlum peşə hüdudlarında 
[93 - 94]
 yüksəlmək; 
b) daha yaradıcı işə keçmək; c) vəzifədə yüksəlmək, irəli çəkilmək; ç) fəxri adlar, mükafatlar almaq və s. Sosial 
irəliləyişdə motiv böyük rol oynayır: eqoist məqsədlər, yoxsa ictimai cəhətdən  əhəmiyyətli məqsədlər izlənilir? 
Sosial irəliləyiş təkcə konkret işçinin şəxsi uğuru deyildir; o, elə bir şəraitdir ki, işə təşəbbüskar, yaradıcı münasibət 
istehsalın inkişafına, kollektivin geniş sosial təkraristehsalına kömək edir. 
Kəndin həyat tərzi özünəməxsus cəhətlərə malikdir. Əhali sıxlığının çox da böyük olmaması, təbii mühitlə 
üzvi bağlılıq, kəndlinin  əldə etdiyi torpaq payında  əməyin tətbiqi, ictimai xidmətin zəif inkişaf etməsi və s. 
özünəməxsusluğun mənbələridir. Buraya istehsal əməyinin zəif diferensiasiyası, onun texniki və enerji təchizinin 
nisbətən aşağı olması, iş yerlərinin və onları seçmək imkanlarının məhdudluğu,  əməyin təbiətin ritminə  və 
tsikllərinə tabeliyi, əmək məşğuliyyətinin qeyri-bərabərliyi, iş şəraitinin nisbətən ağırlığı və s. əlavə olunmalıdır. 
Nəzərə alınmalıdır ki, kənddə istirahət növləri çox da rəngarəng deyildir, əmək mobilliyi zəifdir, əmək və məişət 
daha sıx qovuşmuşdur;  şəxsiyyətlərarası münasibətlər də spesifikdir, sosial və milli cəhətdən homogen ailələr 
üstünlük təşkil edir, ünsiyyət anonimliyi, demək olar ki, yoxdur, ictimaiyyətin insanların davranışı üzərində güclü 
sosial nəzarəti var, milli adətlər,  ənənələr, yerli nüfuz sahibləri etiraf olunur. Həyat ritmi şəhərlə müqayisədə az 
gərgindir, adamlar ünsiyyətin daha sadə formalarından istifadə edir, psixoloji yükü daha az hiss edirlər. Adamların 
bir qismi kənd və qəsəbələrdə yaşamaqla şəhərlərdə işləyir. 
Keçən əsrin 80-ci illərinin sonundan başlayan məlum proseslər, xüsusən Azərbaycanın bir sıra rayonlarının 
Ermənistan tərəfindən işğalı, nəticədə normal fəaliyyət ritminin pozulması  kəndlərimizin inkişafına son dərəcə 
                                                 
1
 Социальные ориентиры обнавления: общество и человект. М., 1990, с. 50. 


40 
 
ciddi ağrılı məqamlar gətirmişdir. Erməni işğalçılarının törətdiyi vəhşiliklər, işğal olunmuş ərazilərə sözün həqiqi 
mənasında qatı düşmən münasibəti respublikamızın müstəqillik yolu ilə irəliləməsi 
[94 - 95]
 prosesində xeyli 
problemlər doğurmuşdur. Buna baxmayaraq Azərbaycan regionda öz liderlik mövqeyini daha da möhkəmləndirir, 
kəndlərin inkişafmı stimullaşdırmaq və sürətləndirmək istiqamətində uğurlu addımlar atır. Əslində müasir şəraitdə 
həm şəhərlə kəndin yeni sosial münasibətləri qərarlaşır, həm də kənddaxili sosial əlaqələr yenidən qurulur. 
Əhalinin sosial təkraristehsalında miqrasiya müəyyən iz buraxır. Sənayenin inkişafı, daha geniş sferada 
əmək tətbiq etmək imkanı, həyat səviyyəsi və s. miqrasiya axınlarının  əsas istiqamətlərini formalaşdırmışdır. 
Keçmiş SSRİ məkanında keçən əsrin 20-ci illərinin ortalarından başlayaraq şəhər əhalisi kənd əhalisinin hesabına 
əhəmiyyətli dərəcədə artmışdır. 1926-90-cı illərdə  şəhərə  gələnlər və onların nəsilləri ölkədə  şəhər  əhalisinin 
2
/

hissəsindən çoxunu təşkil etmişdir. Nəticədə  kəndlərin bir çoxunda cins-yaş strukturu qeyri-tarazlı olmuşdur 
(qadınlar və yaşlı əhali hesabına). 70-80-ci illərdə müəyyən sabitləşmə meylləri olmuş, əhalinin kəndə miqrasiya 
axını bir qədər artmışdır. Lakin şəhərə miqrasiya üstün meyl olaraq qalır. Bir çox sosioloqlar bunu mütərəqqi meyl 
hesab etsələr də, ciddi təsərrüfat və sosial itkilərə diqqəti cəlb edirlər. Ona görə  də  səmərəsiz miqrasiya sosial-
iqtisadi və mədəni-məişət tədbirləri ilə nizamlanmalıdır. 
Kənd məskənlərinin tipləşdirilməsi problemi prinsipcə çoxdan qoyulmuşdur. Urbanizasiya prosesini əks 
etdirən tipologiyalar geniş yayılmışdır. Bu tipologiyaların çıxış momenti müxtəlif tipli məskən strukturunun sosial-
iqtisadi məzmunundakı  fərqlərdir. Məsələn, kənd  əhalisinin sosial tərkibinin və  həyat tərzinin spesifikasını 
öyrənmək vəzifələrinə uyğun olaraq, əhalinin fəaliyyət göstərdiyi müasir təsərrüfatların tiplərinə görə tipləşdirmə 
aparmaq olar. Bu halda müasir kəndin  əsas sosial-struktur tipləri kimi həmin təsərrüfat tipləri, sənaye-inzibati 
tipləri ayırd edilir. Onlar kənd məskənlərinin qarışıq sosial-struktur tipləri ilə tamamlanır. Son vaxtlarda fermer 
təsərrüfatları ilə yanaşı digər təsərrüfat 
[95 - 96]
 strukturları da meydana çıxır. Belə model sosial-strukturda və 
həyat tərzində baş verən dəyişikliklərin müqayisəli təhlili üçün əhəmiyyətlidir. 
Kənd  əhalisinin sosial inkişaf meyllərini və  şəhərə miqrasiyası  səbəblərini kompleks qaydada öyrənərkən 
kəndin ümumi tipoloji modelini yaratmaq üçün başqa  əsaslardan istifadə edilir. Bu halda kənd təsərrüfatında və 
qeyri-kənd təsərrüfatı sahələrində, habelə xidmət sferasında çalışanların xüsusi çəkisinin nisbəti, məskənlərdə 
adamların miqdarı, mədəni-məişət müəssisələri ilə təminat, nəqliyyat şəbəkəsinin inkişafı, kütləvi kommunikasiya 
vasitələrinin mövcudluğu,  əhali yerləşməsinin xarakteri, əhalinin rifah səviyyəsi və digər  əlamətlər nəzərə alınır. 
Beləliklə, xalis kənd (aqrar); əsasən kənd; aqrar-sənaye və sənaye-aqrar tipli məskənləri ayırd etmək olar. 
Araşdırmalar göstərir ki, müxtəlif kənd məskənlərində yaşayan adamların peşə-ixtisas səviyyəsində
təhsilində, sərvət və mobillik yönümlərində, habelə digər əlamətlərində fərqlər aydın surətdə nəzərə çarpır. 
Kənd əhalisinin və onun miqrasiyasının, sosial inkişafının bu və ya digər aspektlərinin təhlilini təmin edən 
daha xüsusi tipoloji modellər məskənlərin ölçülərinə (adamların miqdarına) görə,  əhalinin sahə  məşğuliyyətinin 
üstünlüyünə görə, əhalinin yerləşməsi sistemində əlaqələrin tipinə görə və s. ayrılmasını nəzərdə tutur. Belə tipoloji 
modellər yalnız sosioloji tədqiqatın bu və ya digər vəzifələrinə tətbiq edildikdə müəyyən məna kəsb edir; hər bir 
konkret halda seçmə tədqiqatın məqsədlərindən asılıdır. Həmin modellərin ən ümumiləşmiş variantı müasir kəndin 
çoxölçülü təsnifatıdır. 
Azərbaycan kəndlərinin bir qisminin işğal zonasında olması, kəndlərin  şəhərlərdən qənaətbəxş  səviyyədə 
kömək ala bilməməsi, islahatların həyata keçirilməsində müəyyən qüsurlara, pozuntulara yol verilməsi və s. - bütün 
bunlar ümumi inkişafımıza təsir göstərir. Lakin bu o demək deyildir ki, kəndlərdə uğurlu addımlar atılmamışdır. 
Son illərdə, 
[96 - 97]
 faktların təsdiq etdiyi kimi, sosial problemlərin həllinə kömək edə biləcək iqtisadi bünövrə 
yaratmaq istiqamətində müəyyən nailiyyətlər qazanılmışdır. Bazar münasibətlərinin və strukturlarının qərarlaşması 
ilə əlaqədar bir sıra çətinliklərə baxmayaraq, kəndlərin simasında, onların şəhərlərlə münasibətlərində irəliləyişlər 
aydın  şəkildə müşahidə olunur. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət 
proqramı»nın reallaşdırılması istiqamətində  əməli səylər güclənmişdir. Aqrar islahatların həyata keçirilməsi 
nəticəsində torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, yanacaq satışı və vergi üzrə edilən güzəştlər və s. bu 
kimi tədbirlər istehsalçıların maddi marağının artmasına səbəb olmuş və ayrı-ayrı məhsul növlərinin istehsalında 
irəliləyişlər  əldə edilmişdir. Daxili bazarın tələblərini nəzərə alan istehsalçılar bir sıra  əsas kənd təsərrüfatı 
məhsullarının istehsalını xeyli artırmışlar. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin