fəaliyyət göstərən fərdlərin birliyidir. Bu tərifə görə sosial qrup üçün zəruri olan iki əsas şərt vardır: 1) onun
üzvləri arasında qarşılıqlı fəaliyyətin olması; 2) hər bir qrup üzvünün ümumi marağının nəzərə alınması.
Bu tərifə görə, nəqliyyat dayanacağında avtobus gözləyən bir neçə nəfəri qrup hesab etmək olmaz. Lakin
onlar söhbətə başladıqda, gözləmə ilə əlaqədar birlikdə qarşılıqlı fəaliyyətə keçdikdə müəyyən sosial qrup
keyfiyyəti əldə edirlər. Lakin bu cür qruplar bilərəkdən deyil, təsadüf nəticəsində əmələ gəlirlər. Burada sabit
maraqlar yoxdur, qarşılıqlı fəaliyyət isə birtərəfli olur. Belə öz-özünə əmələ gələn qeyri-sabit qruplar kvaziqruplar
adlanır. «Kvaziqrup» latın dilində «sosial qrupa bənzəyən» mənasını ifadə edir və aşağıdakı səciyyəvi
xüsusiyyətlərə malikdir: 1) öz-özünə əmələ gəlmə; 2) qarşılıqlı əlaqələrin qeyri-sabitliyi; 3) müştərək hərəkətlərin
qısamüddətliliyi və s. Aqreqasiyalar kvaziqrupa, kvaziqruplar isə öz növbəsində sosial qrupa çevrilə bilər.
Hər bir fərd həyatının müxtəlif anlarında bir neçə qrupun iştirakçısı ola bilər. Sosial qrupları müxtəlif
meyarlara görə təsnif etmək mümkündür. Təsnifat əsas qrup növlərini ayırmağa və qiymətləndirməyə, həmçinin
qrupdaxili və qruplararası qarşılıqlı münasibətləri müəyyən etməyə imkan verir.
Hər bir fərd onun mənsub olduğu bəzi qruplar toplusunu ayıra və onları «mənim» kimi müəyyənləşdirə
bilər. Bu - «mənim ailəm», «mənim komandam», «mənim dinim» və s. ola bilər. Belə qruplar inqrup sayıla bilər,
yəni bəzilərində fərd özünün mənsubiyyətliliyini hiss edir, digərlərində isə başqa üzvlərlə eyniləşərək «biz»
inqrupunun üzvlərini qiymətləndirir.
Fərdin aid olmadığı digər qruplar - başqa ailələr, kompaniyalar, dini qruplar bu fərd üçün altqrup sayıla
bilər, fərd isə bunu simvolik olaraq «biz» yox, «başqaları» adlandıra bilər.
Ədəbiyyatda sosial qrupların müxtəlif təsnifatından istifadə olunur. Bu baxımdan Q. M. Andreyevanın
təsnifatı maraq doğurur. O. təsnifatı bu cür aparır: 1) şərti və real qruplar; 2) böyük qruplar; 3) kiçik qruplar; 4)
referent qruplar.