Həyat bilgisi-Azərbaycan Respublikasının təhsil sistemində ibtidai (I-IV) və ümumi orta təhsil (V-IX) pillərində tədris olunan fəndir. Həyat bilgisi-şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. “Həyat bilgisi” fənninin müxtəlif təhsil pillələrində tədrisi zamanı fənn müəllimləri arasında birbaşa əməkdaşlıq və məsləhətləşmələr tələb olunduğu halda, ibtidai təhsil pilləsində bütün fənlərin, adətən, eyni müəllim tərəfindən tədrisi inteqrasiyanın bu səviyyəsinin təmin edilməsində başlıca amilə çevrilir. Bu amil ibtidai sinif müəlliminə təlim prosesində fənlər və mövzular arasındakı əlaqələri asanlıqla izləməyə, ümumi xətlər tapmağa imkan verir. O, ayrı-ayrı fənlərə aid ümumi təlim məsələlərini birlikdə nəzərdən keçirir, fənlərarası anlayış və bacarıqların formalaşdırılmasında bu əlaqələrdən yaradıcılıqla bəhrələnir.