Son on ildə insan fəaliyyəti nəticəsində elektromaqnit sahələri çox artıb. Belə sahələrin diapazonu hazırda da kəskin genişlənməkdədir.
Elektromaqnit dalğaları, yaxud elektromaqnit şüalanma elektrik cərəyanının yaratdığı elektromaqnit sahəsinin ətraf mühitə təsiridir. Elektron cihazlardan yayılan elektromaqnit dalğaları elektromaqnit çirklənmə yaradır. Elektromaqnit çirklənmə mənbələri arasında məişət texnikası, mikrodalğalı sobalar, televizor, radio, mobil telefon, elektron müşahidə sistemləri və radarlar vardır.
İnsan sağlamlığı və ətraf mühit üçün əsasən radio, infraqırmızı, ultrabənövşəyi dalğalar və ionlaşdırıcı şüalar təhlükə yaradır. Sonuncu qrup dalğalar fiziki xüsusiyyətlərinə görə rentgen, alfa, beta, qamma şüalara və neytron hissəciklərə bölünür.
Radiodalğalar əsasən köhnə tip elektron şüa borulu monitorlar tərəfindən şüalanır. Radiodalğaların göstəricisinin sanitar normalarından yüksək olması otaq havasındakı ağır ionların sayını artırmaqla gözlərdə qızartı, baş ağrısı, yorğunluq, sacların tökülməsi, ekzema, allergiya və s. hallar yaradır.