Həqiqətin meyarı. Həqiqət haqqında fəlsəfi təlimin əsas problemlərindən biri də biliyin həqiqiliyini göstərən amillərin, həqiqətin yalan və səhvlərdən fərqləndirilməsi üçün əsasların tapılmasıdır. Həqiqətin meyarı ümumi, mücərrəd anlyış olmayıb idrakın növlərinə görə fərqlənirlər. Burada biz əsasən gündəlik, elmi, bədii və fəlsəfi idrakda həqiqətin meyarını nəzərdən keçirəcəyik.
Gündəlik idrakda biliyin həqiqilik meyarı mövcud biliyin faydalılığı və məqsədəmüvafiqliyi ilə üst-üstə düşür. İnsanın gündəlik həyatda ona praktiki fayda verən, həyati vacib tələbatlarını ödəyən biliklər bir qayda olaraq həqiqi hesab olunur. Məsələn, ev xanımının hazırladığı xörək dadlı, kalorili olub müəyyən müddətə insanın aclıq duymamasına kömək edirsə, onda heç kimdə bu xörəyin hazırlanma qaydasına, onun hazırlandığı ərzağın keyfiyyətinə şübhə qalmır.