Anlayış. İnsanlar gerçəkliyin predmet və hadisələrini tədqiq edərkən bəzi obyektləri digərlərindən fərqləndirir, onların xassə və cəhətlərini aşkara çıxarır, predmetin bir-birinə təsir üsullarını açıb göstərirlər. Sonra əldə etdikləri məlumatları sözlərlə ifadə edir və nitq vasitəsilə bir-birinə ötürürlər. Predmet və hadisələri, onların xassələri, tərəfləri və münasibətlərini sözlərlə ifadə edərkən insanlar anlayışlar yaradırlar. Anlayış –fikrin elə formasıdır ki, insan onun vasitəsilə müxtəlif predmet və və hadisələrin ən ümumi, hissi və zəruri əlamət, xassə, keyfiyyət və onların münasibətlərinin məcmusunu ifadə edir. Məsələn, hər bir konkret heyvanın fərdi xüsusiyyətlərini mücərrədləşdirən insan fikir aktının gedişində bütün heyvanlara xas olan xüsusiyyətləri ümumiləşdirir və onları “heyvan” anlayışında əks etdirir. Bu zaman onun hansı cinsə məxsus olması, tüklərinin rəngi, fiziki parametrləri və s. nəzərə alınmır.
Hökm. Mücərrəd təfəkkürün forması olan anlayış gerçəkliyin predmet və hadisələrinin ayrı-ayrı cəhətləri və xassələrinin məcmusunu əks etdirir. Lakin dünyanı dərk etməyə çalışan insan yalnız ondakı predmet və hadisələrin bu ya digər əlamət və xassələrini sadəcə nəzərdə tutmur. İnsana həmin əlamət və xassələrlə obyektlərin arasındakı əlaqəni müəyyən etmək, hər hansı xassənin predmetə aid olub-olmamasını, predmetlər arasında əlaqənin olub-olmamasını aşkar etmək lazımdır. Yəni, insan gerçəkliyi dərk edərkən bu gerçəkliyin predmet və hadisələri haqqında fikir yürüdərək onlar haqqında rəyini bildirir, müəyyən şəkildə hökm verir. Beləliklə, mücərrəd təfəkkürün ikinci əsas forması olan hökmə belə tərif vermək olar: hökm –təfəkkürün elə formasıdır ki, burada anlayışlar arasındakı əlaqələr vasitəsilə nə isə haqqında nəsə ya təsdiq, ya da rədd edilir. Məsələn, “Pələng yırtıcı heyvandır”, “Qar ağdır”, “O maşın sürə bilmir”. Bunlar hamısı hökmə aid misallardır. Hökmlər əsasən cümlələr şəklində ifadə olunur.
Formasına görə hökm anlayışlar arasında əlaqələrdən ibarətdir. Bir anlayış haqqında nəyinsə deyildiyi predmeti göstərirsə ona hökmün subyekti deyilir. Digər anlayış həmin predmet haqqında nəyisə xəbər verir, bu isə hökmün predikatı adlanır. Məsələn, “Rafiq tələbədir” hökmündə “Rafiq” bu hökmün subyekti, “tələbə” isə predikatıdır.
Hökmün əsasən iki formasını fərqləndirirlər: iqrari və inkari hökmlər. Birinci forma nəsə haqqında nəyisə təsdiq, ikinci isə nəyisə rədd edir. Məsələn, yuxarıda deyilmiş “Pələng yırtıcı heyvandır” iqrari hökm, “O maşın sürə bilmir” isə inkari hökmdür.
Əqlinəticə. Mücərrəd təfəkkür təkcə anlayış və hökmlərdən ibarət deyil. Gerçək təfəkkür prosesində anlayış və hökmlər müstəqil, bir-birlərindən ılaqəsiz şəkildə çıxış etmirlər. Əgər daha mürəkkəb əqli fəaliyyət olan düşüncəni bir zəncirə bənzətsək, anlayış və hökmləri bu zəncirin həlqələri adlandırmaq olar. Düşüncənin, fikri prosesin nisbətən bitmiş yekun vahidi əqlinəticədir. Əqlinəticə -ilkin şərt, və yaxud müqəddimə adlandırılan bir, yaxud bir neçə hökmdən məntiqi yolla çıxarılan yeni hökmdür. Məhz əqlinəticə sayəsində insan biliklərini genişləndirir, indiyə qədər qazanılmış biliklərdən yeni bilik əldə edir. Məsələn, insan bilir ki, pələng yırtıcı heyvandır, bütün yırtıcılar isə ət yeyir. Burdan belə məntiqi nəticə çıxarmaq olar ki, pələng də ət yeyir.
Əqlinəticənin əsas etibarilə iki tipini fərqləndirmək olar: induktiv və deduktiv.
Bir neçə təkcə, xüsusi ilkin şərtlərdən ümumi nəticə çıxarılırsa bu induktiv əqlinəticədir. Məsələn:
Mis elektrik keçirir.
Dəmir elektrik keçirir.
Qızıl elektrik keçirir.
Mis, dəmir, qızıl metaldır.
Bütün metallar elektrik keçirir.
Ümumi ilkin şərtdən, və yaxud müqəddimədən ayrıca xüsusi nəticə çıxarılması isə deduktiv əqlinəticə adlanır. Məsələn:
Bütün metallar elektrik keçirir.
Mis metaldır.
Mis elektrik keçirir.
Dostları ilə paylaş: |