Verifikasiya (yoxlanıla bilmə) prinsipi də müəyyən mənada eyni müddəalara əsaslanır. Əgər bu və ya digər nəzəriyyə gerçəkliyi adekvat əks etdirirsə, onun həmin nəzəriyyəni bütövlükdə, həmçinin onun tərkib hissələrini təcrübədə yoxlamaq olar. Bu zaman əgər hər bir müddəa təsdiq olunursa, onda bütün nəzəriyyəni həqiqi hesab etmək olar. Əlbəttə, verifikasiya, əsasında sübuta ehtiyacı olmayan aksiomların dayandığı riyaziyyat və məntiqə aid edilə bilməz.
Falsifikasiya (inkar ediləbilmə) verifikasiya prinsipinin çatışmazlıqlarını aradan qaldırmaq üçün istifadə edilən meyardır. Ən sadə formada bu prinsipi belə ifadə etmək olar: əgər nəzəriyyənin nəticələri faktiki məlumatlarla inkar olunursa deməli nəzəriyyə də inkar olunur. Bir uyğunsuzluq faktının tapılıb sübut olunması kifayətdir ki, nəzəriyyənin düzgünlüyü şübhə altına salınsın. Bu zaman nəzəriyyənin hər bir müddəasını yoxlamağa ehtiyac qalmır.