2. Sosial-təbii qlobal problemlər. Adından göründüyü kimi sosial-təbii qlobal problemlər “insan-təbiət”, “cəmiyyət-təbiət” qarşılıqlı təsir və əlaqələrdən törəyir. Şərti olaraq bu qrupa daxil olan və bir-biri ilə qarşılıqlı əlaqədə olan üç qlobal problemi göstərə bilərik: resursların tükənməsi; ətraf mühitin çirklənməsi və onun nəticəsində təbii mühitin deqradasiyası (ekoloji problemlər); hər iki problemlə sıx bağlı olan növ müxtəlifliyinin kasadlaşması.
a) Resursların tükənməsi. Bütövlükdə təbii resurslar iki böyük qrupa bölünür: bərpaolunan və bərpaolunmaz təbii resurslar. Lakin bu bölgü şərtidir. Məsələn, neft bərpaolunmaz resurs sayılır. Əslində bu bərpaolunmazlıq onun yaranma müddətinin həddən çox olması ilə bağlıdır. Yəni neftin yaranması milyon illərə başa gəlirsə, bu faktiki bərpaolunmazlıqdır. Digər tərəfdən bərpaolunan resurslar da tükənə bilər. Məsələn, amansız ovçuluq əslində bərpaolunan resurs hesab edilən bəzi heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olur.
Ümumiyyətlə resursların tükənməsi dedikdə bunlar başa düşülür: kənd təsərrüfatında texnoloji qaydaların pozulması torpağın erroziyasına gətirir; sənaye istehsalının genişlənməsi neft və qaz ehtiyatlarını kəskin azaldır; bəzi hesablamalara görə yaxın 20-30 ildə mis, gümüş, qızıl ehtiyatları tam tükənə bilər. Ekspertlər göstərirlər ki, son 50 ildə istehlak olunan mineral xammalın həcmi, bəşəriyyətin mövcudluğu boyu istehlak olunan xammalın həcminə bərabərdir.
Dostları ilə paylaş: |