b) Ekoloji problemlər. Bu problemlər təbii mühitin çirklənməsi və onun nəticəsi olaraq deqradasiyası ilə bağlıdır. Çirklənmə geniş anlayışdır. O mexaniki, kimyəvi, radiasiya, səs, vibrasiya, istilik çirklənməsi ola bilər. Problem bir sıra fərqli formalarda təzahür edir. Məsələn, ozon qatının dağılması, turşulu yağışların yağması, qlobal istiləşmə və s.
c) Növ müxtəlifliyinin kasadlaşması. Bu əvvəlki iki problemlə sıx bağlıdır. Onun mahiyyətini yaranmasına təbiətin yüz min illər sərf etdiyi heyvan və bitki növlərinin məhv olmasıdır. Məlumdur ki, genetik müxtəliflik hər bir təbii sistemin normal fəaliyyəti üçün mühüm şərtdir. Hər bir ayrıca növün məhvi biosferin dayanıqlığını azaldır və biosenozun məhv olma ehtimalını yüksəldir. Bütün canlılar məskunlaşdığı mühitin şəraitindən asılıdır. Orqanizmlər bir-biri ilə trofik zəncirlərlə (qida zənciri) bağlıdır. Şəraitin dəyişməsi ilə bir həlqənin qopması, yəni hər hansı bir heyvan və ya bitki növünün məhv olması onlarla digər canlı növün məhv olmasına gətirə bilər. Məhv olmuş növləri isə sonradan bərpa etmək mümkünsüzdür.