II.Qədim Çin fəlsəfəsi.
1) Qədim Çin fəlsəfəsinin ümumi səciyyəsi. Qədim Çində fəlsəfi ənənələrin meydana gəlməsi və formalaşması təqribən m.ö. I minilliyin ortalarına təsadüf edir. Burada fəlsəfi fikir ənənəvi cəmiyyətlərdə fövqəladə dərəcədə böyük əhəmiyyətə malik yazı mədəniyyətinin ümumi inkişafı ilə sıx bağlı olmuşdur.Çin fəlsəfəsinin əsas səciyyəvi xüsusiyyəti bu regionda yaşayan mütəfəkkirlərin düşüncələri üçün nəzəri baza kimi çıxış edən müəyyən kanonik kitablar toplusuna əsaslanmasıdır. Ümumiyyətlə bu kitablar Çin intellektual ənənəsinin təməli hesab edilir.
Kanonlaşdırılmış kitablar qədim tarixə malik olmuş, sonralar, təq. m.ö. II-I əsrlərdə tərtib edilərək “U tszin” (“Beş kanon” və yaxud “Beşkitab”) adlandırılmışdır. “U tszin”ə daxil olan kitablar bunlardır: “Şi tszin” (“Mahnılar kitabı”), “Şu tszin” (“Tarix kitabı”), “İ tszin” (“Dəyişikliklər kitabı”), “Li tszin” (“Ayinlər kitabı”) və “Lyuy şi çun tsyu” (“Cənab Lyuyun bahar və payızları”).
Çində fəlsəfi ənənələrin inkişafının ilkin mərhələsi (m.ö. VI-III əsrlər) ideya və doktrinaların rəngarəngliyi ilə seçilir. Məhz bu baxımdan həmin dövr “yüz məktəbin rəqabəti” kimi səciyyələndirilmişdir. Dövrün fəlsəfi məktəblərinin ilk təsnifatı m.ö. II əsrdə Sım Tan tərəfindən verilmişdir. Bu məqsədlə o, “altı təlim adlı” traktat da yazmışdır. Sım Tanın təsnifatına görə Qədim Çin fəlsəfəsi əsas etibarilə altı məktəbi əhatə edir: 1) “in və yan” – naturfəlsəfə; 2) konfusiçilik; 3) moizm; 4) “adlar məktəbi” 5) “qanunçular məktəbi” – legizm; 6) “Yol və kəramət məktəbi” –daosizm.
Dostları ilə paylaş: |