4.“Adlar məktəbi”. Bu məktəb nümayəndələrinin də əsərləri dövrümüzə gəlib çatmamışdır. Məktəbin əsas ideyaları Çin fəlsəfi fikrinin digər cərəyanlara məxsus mətnlərindən məlumdur. “Adlar məktəbinə” aid mütəfəkkirlər üçün əsas problem adlar (min) və şeylər (şi), adlandırma və onun işarələdiyi predmet arasındakı münasibət olmuşdur.
“Adlar məktəbi” çərçivəsində iki istiqamət formalaşmışdır: 1) “oxşarlıq və fərqin birləşdirilməsi məktəbi”; 2) “bərkin ağdan ayrılması məktəbi”. Birinci istiqamətin ən görkəmli nümayəndəsi Xuey Şi (m.ö.IV əsr) olmuşdur. O, şeylər və təzahürlər arasındakı fərqliliyi nisbi məna kəsb edən zaman, yer və şəraitin konkretikası ilə əlaqələndirmişdir. Onun təlimi on tezislə ifadə olunmuşdur. Tezislərin birincisində deyilir ki, şeylərin bütün çoxluğu “kiçik təkçədən” törəyir. Ona görə də onlar arasında mahiyyətcə fərq yoxdur. Qeyd edək ki, bu tezislər öz paradoksallığı ilə seçilir. Məhz bu səbəbdən fərqli cür təfsirlərə məruz qalmışdır.
Məktəb çərçivəsində yaranmış ikinci cərəyanın ən görkəmli nümayəndəsi isə Qunsun Lun olmuşdur. Onun təliminə görə “adların” “şeylərlə” əlaqəsi dayanıqlı, konkret və mahiyyət xarakterlidir. Onun bu aforizmləri məşhurdur: “ağ at – at deyil”, “bərk və ağ daş – mahiyyətcə iki daşdır”. Müasir tədqiqatçılar Qunsun Lunun paradokslarını müxtəlif cür, o cümlədən təkcə və ümuminin, anlayışların həcm və məzmununun nisbəti probleminin ifadəsi kimi və s. şərh edirlər.
Dostları ilə paylaş: |