Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr



Yüklə 0,99 Mb.
səhifə161/187
tarix23.01.2022
ölçüsü0,99 Mb.
#51508
1   ...   157   158   159   160   161   162   163   164   ...   187
fəlsəfə mühazirələr.doc 2

2. Fəlsəfi fikir tarixində insan haqqında düşüncələr. Fəlsəfə tarixinin hər bir mərhələsində toplanmış təcrübə və mədəni amillərin təsiri altında insanın özünəməxsus obrazı yaradılmışdır. Qədim yunan fəlsəfəsində insan öz-özlüyündə yox, mütləq nizam və kosmos kimi qavranılan müəyyən münasibətlər sistemində mövcud olur. O özünün təbii və sosial mühiti, qonşular və dövlətlə, canlı və cansız əşyalarla, heyvan və Tanrılarla birlikdə vahid və bölünməz dünyada yaşayır. Hətta kosmos daxilində mövcud olan Tanrılar insanlar üçün gerçək fəal şəxslərdir. Kosmos anlayışı insani məna kəsb edir, insan isə makrokosmos kimi götürülən kosmosun hissəsi kimi düşünülür: insan canlı orqanizm kimi başa düşülən makrokosmosu özündə əks etdirən mikrokosmosdur. Miletlilərin insan haqqında baxışları məhz belədir. Onlar hilozoistdirlər, yəni canlı və cansız arasında sərhədi inkar edir, universumun canlı olmasını fərz edirlər.

Sözün əsl mənasında fəlsəfi düşüncələrin mərkəzinə insanın gətirilməsi, yəni antropoloji çevriliş sofistlərSokratın tənqidi və maarifçi fəaliyyəti ilə bağlıdır. Sofistlərin insan haqqında şüarını Protaqor səsləndirib: “İnsan hər şeyin ölçüsüdür”. Sofistlərin insan konsepsiyası üç məqamla diqqəti cəlb edir:

1) fəzilət, xeyir və ədalət kimi əxlaqi fenomenlərin anlaşılmasında relyativizm və subyektivlik;

2) varlıq probleminin həllində fəal insan ön plana çəkilir;

3) sofistlər idrak prosesini ekzistensial məna ilə tamamlayır və həqiqətin ekzistensial səciyyəsini əsaslandırırlar.

Bununla belə fəlsəfədə antropoloji çevriliş məhz Sokrat tərəfindən gerçəkləşdirilir. Onun üçün insanın daxili aləmi, insanın qəlbi və fəzilətləri xüsusi maraq kəsb edir. Sokrat ilk dəfə etik rasionalizm prinsipini əsaslandırır: “fəzilət bilik deməkdir”. Ona görə ki, xeyir və ədalətin nə olduğunu dərk edən insan şər və ədalətsiz hərəkətlər etmir. İnsanın əsas vəzifəsi həqiqəti dərk etməklə əxlaqi kamilliyə can atmaqdır.

Sokratın şagirdi olmuş Platon can və bədənin antropoloji dualizmi mövqeyində durur. Lakin insanı insan edən substansiya məhz candır. Bədən isə cana qarşı duran materiyadır. Ona görə də insanın ümumi səciyyəsi, onun vəzifələri və sosial statusu canın keyfiyyətindən asılıdır. Canlar iyerarxiyasında birinci yerdə filosofun, sonuncu yerdə tiranın (zülmkar anlamında) canı dayanır. Çünki filosofun canı daha müdrik olub biliyi tez qavrayır. Bu həm də insanın mahiyyətinin əsas səciyyəsi və onun heyvandan fərqidir.

İnsan canı daim transendental ideyalar dünyasına istiqamətlidir. Can əbədi, bədən isə fanidir. İnsan xarakterinin ikili olması haqqında təlim orta əsrlərdə insana teoloji fəlsəfi baxışların formalaşmasına təsir göstərib. Platona görə can və bədənin vəhdəti və əksliyi insan mövcudluğunun əbədi faciəviliyinin səbəbidir. Bədən insanı heyvani dünyaya bərabər edir, can isə onu bu dünyanın fövqünə ucaldır.

Aristotelin təlimində insan ictimai və siyasi vücud kimi nəzərdən keçirilir. Elə insanı heyvandan fərqləndirən də onun sosial təbiətidir. İnsanın digər fərqləndirici əlaməti onun zəkalı olmasıdır. Aristotelə görə insan zəkaya malik ictimai heyvandır. Sosiallıq və zəkalılıq insanı heyvandan fərqləndirən iki əsas məqamdır.

Qədim yunan cəmiyyətinin böhran mərhələsində, daha doğrusu Ellin fəlsəfəsində insan problemi fərqli çalarlarla təzahür edir. Bu dövrdə insan problemi sosial və əxlaqi vəziyyətlə, insan həyatının və ekzistensial dəyərlərin itməsi ilə əlaqədar meydana çıxır. Belə şəraitdə fəlsəfənin intellektual-terapevtik funksiyası ön plana çıxır. Deyilənlər daha qabarıq şəkildə epikürçülüyə aiddir. Epikürün təliminə görə tibb insanın bədənini müalicə etdiyi kimi, fəlsəfə də insanın canını, ruhunu, qəlbini müalicə etməlidir.

Orta əsrlər Qərb xristian fəlsəfəsi əsas diqqətini insan varlığının dəfolunmaz ziddiyyətlərinə yönəldir. İnsan həm yaradılmışın tacı olub digər canlı vücudlar üzərində hökmranlıq edir, həm də bütünlüklə Allahın mərhəmətindən asılıdır. O həm arzulayan və şəhvətli bədən, həm də əbədiyyətə qovuşmaq istəyən candır. Bax insan təbiətinin ziddiyyətliliyi və çoxtərəfliliyi səbəbindən onun özü tərəfindən dərk edilə bilmir. Yalnız İlahi vəhydə insanın gerçək mahiyyəti aşkarlanır.

Bu dövr fəlsəfəsinin görkəmli nümayəndəsi Müqəddəs Avqustinin təliminin bütövlükdə Platon fəlsəfəsindən qidalandığı kimi, onun insan konsepsiyası da eyni mənbədən qidalanır. İnsan bir-birindən asılı olmayan can və bədəndən ibarətdir. Lakin, insanı insan edən məhz onun canıdır. Can insanın məxsusi, immanent substansiyasıdır.

Avqustindən fərqli olaraq Foma Akvinalı insan haqqında xristian təlimini əsaslandırmaq üçün Aristotel fəlsəfəsindən istifadə etmişdir. Fomaya görə insan heyvanla mələk arasında aralıq vücuddur. O can və bədənin vəhdətidir. Lakin bədənin “mühərriki” candır və insanın mahiyyətini də can müəyyənləşdirir. Avqustinin əksinə olaraq Foma belə hesab edir ki, can və bədən heç də bir-birindən müstəqil mövcud deyillər. İnsan onların hər ikisinin şəxsi vəhdətidir. Can qeyri-maddi substansiyadır, bununla belə özünün son gerçəkləşməsini bədən vasitəsilə əldə edir.

İntibah dövrünün insan fəlsəfəsi yeni iqtisadi münasibətlərin, elmi biliklər və humanizm adı almış yeni mədəniyyətin təsiri altında formalaşır. Əgər Orta əsrlərin teoloji fəlsəfəsi insan problemini dini-mistik planda həll edirsə, İntibah fəlsəfəsi insana dünyəvi aspektdə baxır və bu əsaslarda da insan problemini həll edir. Bu dövr fəlsəfəsinə humanizm və antroposentrizm üzvi surətdə xasdır. Ümumiyyətlə, İntibah fəlsəfəsi humanizm pafosu, insanın azadlığı və onun hüdudsuz imkanlarına inamla səciyyələnir.

Yeni dövr fəlsəfəsinin insan konsepsiyası daha çox onun zəkalılığına əsaslanır. Məlum olduğu kimi Yeni dövr rasionalizminin, xüsusi halda antropoloji rasionalizminin banisi R.Dekartdır. Onun fikirlərinə görə insan mövcudluğunun yeganə səhih göstəricisi təfəkkürdür. Bu isə onun məşhur “Cogito ergo sum” (“Fikirləşirəmsə deməli mövcudam”) tezisindən alınır. Bundan əlavə filosofun insan haqqında təlimində can və bədənin antropoloji dualizmi müşahidə edilir. Can və bədən müxtəlif keyfiyyətli substansiya kimi nəzərdən keçirilir. Dekarta görə bədən özünəməxsus maşındır. Əgər şüur bədənə təsir göstərirsə, o həm də əks təsirə məruz qalır.

İnsan problemi klassik alman filosoflarının da diqqətindən yayınmamış, artıq yuxarıda deyildiyi kimi, bu fəlsəfəçilik tipinin banisi İ.Kant insan problemini fəlsəfi tədqiqatın episentrində qoymuşdur. Dekart kimi Kant da antropoloji dualizm mövqeyində durur. Lakin onun dualizmi can və bədənin dualizmi yox, əxlaqi-təbii dualizmdir. Kanta görə insan bir tərəfdən təbii zərurətə, digər tərəfdən isə əxlaqi azadlıq və mütləq dəyərlərə aiddir. Hissi təzahürlər dünyasının tərkib hissəsi kimi o, zərurətə tabedir, mənəviyyat daşıyıcısı kimi isə azaddır. Lakin Kant insanın əxlaqi fəaliyyətinə böyük rol verir.

Kant insanı azad və müstəqil başlanğıc və eyni zamanda özünün nəzəri və praktiki fəaliyyətinin qanunvericisi qismində təsdiqləməyə cəhd edir. Bu zaman davranışın əsas prinsipi qəti imperativ olmalıdır. Qəti imperativ –formal daxili əmr, tələbdir. Bu əmr, tələb isə belə bir müddəaya əsaslanır ki, şəxs özü üçün məqsəd və özünəkafidir. Ona görə də insana hətta ən ali niyyətin belə gerçəkləşməsi üçün vasitə kimi baxıla bilməz.

Kant belə hesab edir ki, “insan təbiətinə görə şərdir”. Lakin, bununla belə o xeyrə meylliliyə də malikdir. Əxlaqi tərbiyənin vəzifəsi isə həmin meyllərin, insana öncədən xas olan şərə meyllilikdən üstün olmasına kömək etməkdir. Şərin öncəki üstünlüyünə baxmayaraq, xeyir nişanəsi özünü insanları saran günah hissi vasitəsilə göstərir. Ona görə də, Kant belə hesab edir ki, insan əxlaqın əsasını təşkil edən “günah hissindən azad deyil”. Kanta görə hər şeydə haqlı olan, həmişə vicdanı sakit olan insan əxlaqlı ola bilməz. İnsanın digər vücudlardan əsas fərqi – özünüdərkdir. Bu faktdan həm də təbii xassəsi kimi eqoizm alınsa da, filosof hansı formada təzahür etməsindən asılı olmayaraq eqoizmin əleyhinə çıxır.

Hegelin insan konsepsiyası, elə onun bütün fəlsəfi sistemi kimi rasional əhval-ruhiyyəlidir. İnsanın heyvanlardan əsas fərqi ilk növbədə insana insaniliyini anladan təfəkkürüdür. O, ciddi cəhdlə insanı mənəvi fəaliyyətin subyekti və ümuməhəmiyyətli ruh və zəkanın daşıyıcısı kimi təsvir edir. Fərddən fərqli olaraq şəxsiyyət insanın özünü “sonsuz, ən ümumi və azad” vücud kimi dərkindən başlayır. Sosial planda onun təlimi metodoloji və sosioloji kollektivizmi, yəni sosial bütövün fərd üzərində üstünlüyü prinsipini ifadə edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin