3) Məzdək və məzdəkizm. Sonradan məzdəkizm adlandırılmış dini-fəlsəfi və sosial təlimin banisi Məzdək (? - 528) Dəclə çayının sahilində yerləşən Nişapurda anadan olmuşdur. Həyat nemətlərinin bərabər bölünməsini tələb edən məzdəkizm təlimi çoxsaylı tərəfdarlar toplamış və iqtidar sahiblərinin istismarı və zülmünə qarşı yönəlmiş kütləvi hərəkata çevrilmişdir. Sasani hökmdarı I Qubad kahin və əyanların nüfuzunu zəiflətmək məqsədilə məzdəkilərlə yaxınlaşmışdır. Məqsədinə nail olduqdan sonra isə onlarla ittifaqdan imtina etmişdir. I Qubadın oğlu Xosrovun əmri ilə Məzdək və yaxın silahdaşları amansızlıqla edam edilmişdir.
Məzdəkilər işıq və zülmətin mübarizəsini qəbul edir və onu inkişafın mənbəyi sayırdılar. Manilik doktrinalarından fərqli olaraq, məzdəkilərin təliminə görə İşıq (xeyir) səltənətinin fəaliyyəti ədalətli, ağıllı və məqsədəuyğundur. Qaranlıq (şər) səltənətinin isə hərəkəti ağıldankənar və xaotikdir.
Məzdəkizmə görə keçmiş dövrlərdə insanlar asudə və firavan yaşamışlar, çünki bir qayda olaraq xeyir qüvvələri şər qüvvələrinə qalib gələrək ümumbəşər səadətini təmin edirmişlər. Lakin tarixi inkişafın müəyyən mərhələsində şər qüvvələri təsadüfi olaraq xeyir qüvvələrinə qalib gələrək yer üzərində fənalıqları: dilənçiliyi, oğurluğu, müharibələri, qatilliyi, zülmkarlığı, acgözlük və paxıllığı yayırlar. Məzdəkilər əvvəlki ədaləti bərqərar etməyə çağırır, cəmiyyətdəki nemətləri bütün vətəndaşlar arasında bərabər surətdə bölüşdürməyi məsləhət görürdülər.
Dostları ilə paylaş: |