Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu № Akademik kommunikasiyada nitq etiketləri Plan


Akademik kommunikasiyada sualvermə və söhbətəqoşulma qaydaları



Yüklə 24,98 Kb.
səhifə2/7
tarix08.06.2023
ölçüsü24,98 Kb.
#127078
növüQaydalar
1   2   3   4   5   6   7
Mövzu 9

Akademik kommunikasiyada sualvermə və söhbətəqoşulma qaydaları. İctimai yerlərdə natiqə və ya hər hansı bir adama söylənilən fikirlə bağlı veriləcək suallar münasiblik, lazımlıq, vaciblik və s. baxımdan ölçülüb-biçilməli, götür-qoy edilməlidir. Bəsit suallar onun sahibinin səviyyəsinin, dünyagörüşünün, bilik və məlumatının səthiliyini biruzə verir. Verilən sualı başqa cür yenidən təkrar etmək, deyilmiş və hamıya məlum olan məsələ barədə sual vermək müzakirə olunan və ya haqqında söhbət gedən, mətləblə heç bir əlaqəsi olmayan bir şeyi soruşmaq məsləhət görülmür. Rəsmi yerlərdə, verilişlərdə ənənəvi, bir növ qəliblənmiş, çeynənilmiş suallar da dinləyiciləri təmin etmir. Televiziya verlişlərindəki söhbətlərin birində, aparıcı müsahibinə belə suallar verirdi: “Eldar müəllim olduğunuz kimi olmaq istəyirsiniz, yoxsa göründüyünüz kimi?” “Siz nədən sevinir, nədən kədərlənirsiniz?” “Dördüncü babanızın adını bilirsinizmi?” və s. Bu cür məntiqsiz və mənasız suallara radio və televiziya verilişlərində tez-tez təsadüf olunur. Şübhəsiz ki, suallar (xüsusilə rəsmi yerlərdə, geniş auditoriyalarda, radio və televiziya verilişlərində qoyulan suallar) ölçülüb-biçilməli, onların əhatəli, düşündürücü, məntiqli, maraqlı olmasına ciddi fikir verilməlidir. Hər hansı bir məsələni araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa cəlb etmək məqsədilə belə ifadələri işlətmək daha münasib olar: zəhmət olmasa deyin görüm; zəhmət olmasa başa salın. Deyə bilməzsiniz ki... Sizin fikrinizi bilmək olar? Sizə zəhmət vermək istəyirəm; Sizə bir sual vermək olar? və s. Söhbət dinlənildikdən və ya suala cavab aldıqdan sonra müsahibə razılıq əlaməti olaraq belə ifadələr işlədilə bilər: Danışığınızdan məmnun oldum, çox sağ olun; Sizdən razı qaldım; Təşəkkürümü bildirirəm; Minətdaram və s. Söhbət, məlumat, mühazirə və s. müsahibi qənaətləndirmirsə, danışana belə ifadələrlə müraciət etmək olar: Fikriniz aydın olmadı, xahiş edirəm bir də təkrar edin; Zəhmət olmasa nümunə göstərin; Bu məsələyə sizin şəxsi münasibəniz necədir? Siz buna əminsinizmi? Düşünmək lazımdır; Siz bu təklifə necə baxırsınız? Siz yəqin ki, bu barədə maraqlanırsınız və s. Danışan sözünün sonunda dinləyicilərə razılıq əlaməti olaraq belə ifadələrdən istifadə edə bilər: Diqqətinizə görə təşəkkür edirəm. Sizi yordum, vaxtınızı aldım və s. Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal münasibət bildirilməlidir: Sual yerində verilmişdir, “Yaxşı sualdır”, “Mən bu sualı gözləyirdim”, “Düşünülmüş sualdır” və s. Sual bəsit və məsələyə dəxli olmayanda və ya düzgün qurulmadıqda “Bu nə sualdır? Hələ sən onu da bilmirsən? Belə də sual olar? Vaxtımızı alırsan?”. Sual verəndə yaxşı-yaxşı fikirləşmək lazımdır. “Mane olmayın, imkan verin işləyək”, “Səni heç cür başa sala bilmərəm” kimi ifadələr işlətmək məsləhət deyildir. Bunun əvəzində “Gərək bu sualı belə qoyaydın”. “Bəlkə soruşmaq istəyirsən...? .” “Bu sualı başqa şəkildə də vermək olar” və s. kimi ifadələrlə natiq qüsurlu və düzgün qoyulmayan suallara müəyyən düzəlişlər aparmalı, sonra onlara cavab verməlidir.
Fikrin istənilən səviyyədə çatıb-çatmadığını müəyyəbləşdirmək məqsədilə belə suallar verilə bilər. “Fikrimi izah edə bildinmi?” “Mənimlə razısanmı?” “Bu barədə siz nə deyə bilərsiniz?” “Deyəsən, fikrimi sizə çatdıra bilmədim?” və s. Söhbətəqoşulma. Ünsiyyət prosesində dinləyici hər hansı bir səbəbdən (başa düşmədiyini soruşmaq, nəyisə əlavə etmək, məsələyə münasibət bildirmək və s.) söhbətə qoşulmalı, müsahibinin danışığını kəsməli olur. Belə müdaxilə münasib məqamlarda, həm də müəyyən nəzakət dairəsində edilməli, “Bağışlayın”, “Üzr istəyirəm”, “Sözünün arasında əzizlərin dursun” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən üzrxahlığını bildirməlidir. Cavabvermə. İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən başqalarına ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”, “Sualınız mənə aydındır”, ”Aydındır”, “Çalışaram məsələyə aydınlıq gətirəm”, “Sualınıza görə təşəkkür edirəm”, Bu çox yaxşı və gərəkli sualdır, Cox yerində verilən sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir. Cavabdan sonra qarşı tərəfin razı qalıb-qalmaması soruşulsa, daha yaxşı olar. Bu məqsədlə belə ifadələr işlədilə bilər: “Razı qaldınızmı?”. “Cavabım sizi qane etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?” “Sizi razı sala bildimmi?” “Deyilənlərlə razısınızmı?” “Razılaşmırsınızsa nə üçün?”, “Bunu nə ilə izah edə bilərsiniz?” və s. Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Tək-tək olsa da kobud sözlər və ifadələr işlədilir. “Səni başa salmaq çətindir”, “Vaxtımı alırsan”, “Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s., verilən sualın əvəzində “Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”, “Mane olma”, “Vaxtımı alma” və s. kimi ifadələri işlədən adamlara, xüsusən müəllim və valideynlərə heç bir halda bəraət qazandırmaq olmaz. Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir. Cavab verən təkcə bilik və məlumatını deyil, eyni zamanda öz mədəni səviyyəsini də nümayiş etdirir. Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən oxumalı, cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə yol verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emasional çalarda cavab verməyi bacarmalıdır. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, ifadələr eşitdikdə, müəyyən qədər nəvaziş hiss etdikdə razı qalır, məmnunluq duyurlar.

Yüklə 24,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin