Nitq etiketləri və onlardan istifadə qaydaları. Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər. Bu ifadələrin bir qismini mədəni danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette sözündən olub, mənası mərasim, təsrifat deməkdir.Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. yerlərdə davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyyətdə qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir. Xalqımızın milli təfəkkürünə, etnoqrafiyasına, milli ənənələrinə uyğun müəyyən nitq etiketi normaları, qaydaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara əməl etməsi akademik kommunikasiya baxımından zəruri sayılır. Danışığın milli mentalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamları, situasiyalarında söz, ifadə, nitq etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib, xoşagələn etiketlərin (nəzakətli, ürəkaçan söz və ifadələrin ) yerində işlədilməsi, ünsiyyətə girənlər, dinləyicilər tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu, istəyi, hətta bəzən də taleyi çox zaman onun müvafiq nitq etiketlərini işlədə bilməsindən asılı olur. Bu tələblərin gözlənilməməsi insanların narazılığına, münasibətin, qarşılıqlı anlaşmanın pozulmasına gətirib çıxarır. İnsan bütün hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir vəziyyətdə etika qaydaları pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox vaxt əsəbi danışır. Belələrinə onu tanıyanlar “əsəbidir, bənd olmayın” deyə bəraət qazandırırlar. Əslində, heç də belə olmamalıdır. Qeyri-normal danışığa görə adamlar məzəmmət edilməlidir. Həm ailədə, həm də ictimai yerlərdə nitqin etik normaları gözlənilməli, lazımsız, təhqiramiz sözlər işlədilməməlidir. Ünsiyyət mədəniyyəti və etik normalara uyğun işlədilən ifadələr, hazır nitq modelləri bütün hallarda adamları razı salır. Onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini istiqamətləndirir, səmimiyyətlə qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. Bilmək lazımdır ki, etiket formaları ilk növbədə spesifik sityasiya ilə bağlıdır. Görüş, günün hansı çağında salamlaşma, xudahafizləşmə, qonaq qəbulu zamanı işlədilən etiketlər situasiya haqqında müəyyən təsəvvür yaradır. Müasir dövrümüzdə mədəni danışıq etikası və müraciət qaydaları hər bir adamın həyatında başlıca davranış olub, adət halına keçməli, hər kəs təkcə ictimai yerlərdə, kollektivdə deyil, eləcə də həyatın bütün sahələrində - evdə, ailədə, küçədə, bazarda, nəqliyyatda və s. etik normalara, danışıq və yazı etikasına riayət etməli, kiminlə necə danışmaq, kimə necə müraciət etmək, kimdən necə yazmaq qaydalarını həmişə, hər yerdə yadda saxlamalı, gündəlik həyat devizinə çevirməlidir.
Nitq etiketləri öz normaları daxilində inkişaf edir, təkmilləşir. Ünsiyyət müraciətlə başlayır-deyirlər. Salamlaşmaq, xoş sözlərlə hal-əhval tutmaq, gülümsər sifətlə müraciət etmək insan mədəniyyətində ilkin şərtdir. Kimə harada, necə müraciət etməyi hər kəs evdən, ailədən, bağçadan görüb, eşidib götürür. Xoş ünsiyyət, səmimi münasibət yalnız mehribanlıq, qayğı və hörmət əsnasında mümkündür və bu da ilk tanışlıqdan başlamış birgə yaşayış, iş fəaliyyəti ilə, ümumiyyətlə, bütün ömrümüz boyu müraciət etiketləri ilə həmahəngdir. Nitq etiketlərindən istifadə qaydaları. Ünsiyyət üslubu nitq fəaliyyətinin müxtəlif sahələrini əhatə etməklə müraciət etiketlərini həmişə nəzərdə saxlayır. İnsan elmi, bədii, kütləvi və məişət üslublarında çıxış etdiyi bütün hallarda etikanı gözləməyə borcludur. Bu cəhət hər bir şəxsin peşə etikasının əsasını təşkil edir. Müəllimin də peşə etikası öz nitqində, müraciətində, münasibətində əxlaqi olan bütün komponentləri nəzərə almaqdan ibarətdir. Biz, adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələri tez-tez eşidirik. İnsan məişətdə salamlaşma, görüşmə, müraciət, vədləşmə, sövdələşmə, halallaşma, dostlaşma, vidalaşma, ayrılma və ya xudahafizləşmə kimi etiket təşkil edən sözlərdən, ifadələrdən və yaxud cümlələrdən istifadə edir. Xalq şairi Səməd Vurğun da bunlar haqqında belə deyib: “Salam verib, hal soruşub, əhval bilmək də, Əziz dostun məclisində deyib-gülmək də, Dədə-baba qaydasıdır, gözəl adətdir, Düz ilqar da insanlığa bir səadətdir.”
Aşıqlarımız isə belə demişlər:
“Salam verib bir məclisə varanda Yaxşı əylən, yaxşı otur, yaxşı dur! Dindirsələr, kəlmə-kəlmə cavab ver, Görən desin, bərəkallah, yaxşıdır!”
Şirin, nəzakətli danışmaq Allahın, peyğəmbərin buyruğudur. Həzrət Əli Əleyhissalam buyurur: “Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, şirin danışın.” Müxtəlif nitq situasiyalarında müraciət, görüşmə, ayrılma, yolasalma, təbrik, alqış, telefon danışığı və sairdə istifadə olunan (yəni etiket təşkil edən) söz, ifadə və cümlələrdən bir neçəsini nümunə göstərək: 1.Salamlaşma. Mədəni nitqin etiketlərindən olan salamlaşmada xalqımızın milli mentaletitinə uyğun hazır nitq modelləri insanlarda ünsiyyətin başlanğıcı kimi xoş ovqat yaradır, qarşılıqlı anlaşmaya bir növ körpü salır. Azərbaycanlılar qarşılaşarkən əvvəlcə mütləq salam və ya salaməleyküm sözlərindən birini işlədir, ardınca günün hansı çağından asılı olaraq sabahın (sabahınız) xeyir! Günortanız xeyir! Axşamınız xeyir! - ifadələrini işlədirlər. Müsahib elə həmin söz- ifadələrlə cavab verir. Yaşlılar cavabında Aqibətiniz xeyir! Hər vaxtınız xeyir! Ağ bəxt olasınız!- ifadələrini işlətməyə üstünlük verirlər.
Dostları ilə paylaş: |