Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
32
Fərdi qaşığın aşağı çənədə yoxlanması dodaq və dil yüyənlərinin, yan dartıların azad
edilməsindən başlanır. Protez kənarında yer ensiz fissur burğac, disk, təkərvari başlıqla açıla bilər.
Distal sərhədin təyini üçün oriyentir selikli qişa qabarları (tuberculum mucosum) olmalıdır. Qabarlar
formasından, lokalizasiyasından, konsistensiyasından, palpasiyada ağrının olub-olmamasından asılı
olaraq hissəvi və tam surətdə qaşıqla örtülür. Dil tərəfdən yan şöbələrdə qaşıq daxili çəp xəttin dairəvi
forması zamanı onu örtür və iti forması zamanı ona çatır, qaşığın arxa dil kənarı mütləq əzələsiz
üçbucaqda yerləşməlidir. Alveol çıxıntının ön şöbələrində ekzostozlar olarsa, qaşıq onları örtür, dilaltı
ağız suyu vəzisinin axacaqları sərbəst qalır.
Aşağı çənəyə düzgün oturdulmuş qaşıq dil və digər yumşaq toxumaların hərəkəti zamanı protez
yatağından yerini dəyişməməlidir. Fərdi qaşıq ağız boşluğunda yoxlandıqdan sonra funksional ölçü
alınır. Bu zaman 2N-li termoplastik kütlə, evgenol sink oksidi olan “Dentol”, “Repin”, silikon və s.
kütlələrdən istifadə etmək olar. Ölçü alınarkən kənarlarının formalaşdırılması üçün eyni funksional
sınaqlar tətbiq olunur.
Protez yatağı selikli qişasına təzyiqə, selikli qişanın sıxılma dərəcəsinə görə funksional ölçülər
bir neçə cür olur:
1. Kompression-təzyiq (sərbəst və ya çeynəmə) altında alınmış
2. Dekompression və ya yükü azaldan
3. Differensial təzyiqli ölçülər.
Dekompression ölçü daha duru konsistensiyalı ölçü kütləsi və fərdi qaşıqda 1-3 dəlik açılmaqla
alınır.
Kompression ölçü üzrə hazırlanmış protez çeynəmədə protezdən kənarda yalnız bufer zonaların
toxumalarına yastıq kimi söykənir, alveol çıxıntı yüklənmir. Kompression ölçünün alınması üçün
aşağıdakı şərtlərə riayət olunmalıdır:
1. Sərt qaşıq istifadə olunmalı.
2. Əsasən termoplastik kütlə tətbiq olunmalı.
3. Arasıkəsilməz kompressiyanın həyata keçirilməsi.
Kompressiyanın arasıkəsilməzliyi əllərin gücü ilə təmin edilir, lakin kompression ölçü əzələ
təzyiqi altında sıxılsa daha düzgün olar. Bu metodikanın istifadəsi zamanı funksional yüklənmədə
protezin davamlılığına zəmanət yaranır.
E.Y.Vares kompression funksional ölçülərin alınmasının məqsədəuyğunluğunu aşağıdakı kimi
əsaslandırır. Dekompression ölçü alınmışsa, protezin relyefi selikli qişanın təzyiq düşməmiş relyefinə
uyğun gəlməlidir. Protez ağız boşluğuna yerləşdirilən zaman o, protez yatağı selikli qişasının səthinə
kip söykənməli və adgeziya hesabına yaxşı fiksasiya olunmalıdır. Çeynəmədə protez selikli qişaya
oturur. Yumşaq selikli qişa “geri çəkilir” və bütün təzyiq sərt selikli qişa nahiyələrində (torus və s.
çıxıntılar) cəmlənir. Xəstə ağrını hiss etməyə başlayır və sonrakı təzyiq aradan qalxır. Adgeziya
pozulur, protez yerini dəyişir.
Funksional ölçü alınarkən əsas kriteri protez yatağı selikli qişasının vəziyyəti, yaş, konstitusional
və s. xüsusiyyətlər olmalıdır. Ölçü alınmasının əsasında differensional təzyiq prinsipi
məqsədəuyğundur.
Düzgün seçilmiş standart qaşıq və ya köhnə protez bazisinin köməyilə ilk ölçü alınır. Bunun
üçün Vaynşteyn tipli 2 nömrəli termoplastik kütlə duru gips və ya evgenol-sink oksidi pastaları tətbiq
oluna bilər. Protez yatağı toxumalarının artıq kompressiyasının qarşısını almaq üçün termpolastik kütl ə
yaxşı qızdırılmalı, qaşıq çox doldurulmamalıdır. Hətta ilk ölçü götürülərkən funksional sınaqlar tətbiq
olunmalıdır. Tökülmüş ilkin model üzərinə lazımi yerlərdə nazik folqa (qurğuşun da olar) qoyulur.
Folqanın kənarları mərkəzdən periferiyaya doğru tamam nazilir. Folqa torus və ekzostozlar, hərəkətli
selikli qişa, eləcə də damar və sinir çıxışları nahiyələrinə qoyulmalıdır. İzolyasiya ölçü alınması
prosesində aparılmalıdır. Bu protez bazisinin selikli qişa ilə kontaktını saxlamağa, bununla da selikli
qişanın hiperlaziyanın qarşısını almağa imkan verir.
|