Fənn: Çıxan protezlərin hazırlanma texnikası
Şöbə: “Ortopedik stomatologiya”
2 nömrəli Bakı Baza Tibb Kolleci
58
MÖVZU 9.
Herberə görə atrofiyanın təyini. Modellərdə alveolyar çıxıntıların atrofiya
xəttinin çəkilməsi. Modellərin artikulyatora gipslənməsi.
Dişsiz çənələrin atrofiya dərəcəsindən asılı olaraq müxtəlif təsnifatlar mövcuddur. İ.M.Oksman
yuxarı və aşağı çənələr üçün vahid təsnifat təklif etmişdir.
I tip - hündür alveol cıxıntısı, iti alveol qabarları, dərin damaq tağı və keçid büküşləri dərində
yerləşmiş yuxarı çənə. Hündür alveol çıxıntısı və alçaqda yerləşən keçid büküşü olan aşağı çənə.
II tip - alveol çıxıntıları və əng qabarları orta dərəcədə atrofiyaya uğramış, alçaq damaq tağı və
keçid büküşləri olan yuxarı çənə. Aşağı çənədə alveol çıxıntısının orta dərəcədə atrofiyası.
III tip - kəskin və bərabər atrofiyaya uğramış alveol çıxıntısı və əng qabarları, yastı damaq tağı
olan dişsiz yuxarı çənə. Aşağı çənədə alveol çıxıntısı tam atrofiyaya uğramış.
IV tip - qeyri -bərabər atrofiyaya uğramış dişsiz yuxarı və aşağı çənə.
Protezin yuksək keyfiyyətli olması üçün alveol darağının forma və relyefinin böyuk əhəmiyyəti
vardır. Dişsiz çənələrin alveol çıxıntısının vestibulyar səthinin formasının praktik əhəmiyyəti
böyükdür. Vestibulyar səthin 3 forması olur: şaquli, maili, örtük formalı. Protezdə qapayıcı klapanın
yaranması və çeynəmə zamanı pozulmaması üçün şaquli vestibulyar səthi olan alveol çıxıntısı daha
əlverişlidir. Maili vestibulyar səth az əlverişlidir, çünki effektli klapan yaratmaq üçün protezin
sərhədləri genişləndirilməlidir. Vestibulyar səthin örtük formalı olan dişsiz çənə protezləmə üçün
əlverişsiz sayılır. Belə halda protezin fiksasiyası mexaniki retensiya hesabına təmin olunur.
Dostları ilə paylaş: |