Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs



Yüklə 319,44 Kb.
səhifə3/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş

Təhsilin məqsədləri


Fərabiyə görə təhsilin məqsədlərini bu kateqoriyalara ayırmaq mümkündür;
İnsanı kamilləşdirmək və xoşbəxtliyə çatdırmaq: təhsilin məqsədi sosial cəhətdən insanı yaşadığı cəmiyyətin fəal və yolagedən/uzlaşan bir fərdinə çevirmək, fərdi cəhətdən isə onu kamilləşdirməkdir. Çünki insanın da yaradılış qayəsi belədir. O, ən son və ən yüksək kamillik və mütləq yaxşı olan xoşbəxtliyi əldə etməyə çalışır. Bu yolda onun qarşısını kəsən hər bir şey isə mütləq pislikdir. Xoşbəxtliyin qazanılmasında lazımlı olan yaxşılıq ya təbii olaraq vardır, ya da iradi olaraq yaranır. Pislik üçün də eynisini demək mümkündür. Təbii olaraq var olanlar ona göydən verilmişdir. İradi yaxşılıq və ya pislik, yəni gözəllik və çirkinlik isə insanlardan qaynaqlanır.
Fərabi iradi yaxşılığın yaranmasını təmin edən insan nəfsinin beş gücü olduğunu ifadə etmişdir; düşünmə gücü-insan elm və sənətləri qazanır, davranışlar içərisində pis və yaxşını bir-birindən ayırır, faydalı və zərərli olan şeyləri qavrayır; əməli güc-insan istəyərək edəcəyi şeyi bilir və o praktik düşüncə ilə əlaqəlidir; arzu etmə gücü-insan bir şeyi istəyər və ya ondan qaçar, onun üçün darıxar və ya ondan zəhləsi gedər. Kin və sevgi, dostluq və düşmənlik, mərhəmət və sərtlik bu güc ilə yaranır; xəyal gücü-bir və ya bir neçə əşya idrak edildikdən sonra onun görünüşünü qoruyur, onları bir-biri ilə birləşdirir ya da ayırır. Əxlaqi davranışlar arasında faydalı və zərərli olanları, zövq və ələm verici şeyləri idrak edir; hissiyat gücü-beş hissiyat orqanı ilə obyektləri, eyni zamanda zövq və ələm verici cisimləri idrak edir, lakin yaxşı ilə pis, faydalı ilə zərərli olanları fərqləndirə bilmir. Fərabi bu güclərlə xoşbəxtliyin yaranmasını belə əlaqələndirir; insan düşünmə gücü ilə xoşbəxtliyi qavrayır, arzu gücü ilə onu istəyir, əməli güc ilə onu əldə etmək üçün lazımi addımlar atmağı düşünür və arzu gücünün vasitələri ilə onu həyata keçirərək iradi yaxşılığı ortaya çıxarmış olur. Beləliklə, Fərabinin təhsildən gözlədiyi mükəmməllik, biliyi və fəzilətli davranışı bir yerdə cəmləşdirməkdir. Bunun özü də xoşbəxtlik və yaxşılıqdır.
İdeal cəmiyyəti meydana gətirmək: Fərabiyə görə bədən və ruhdan yaranmış insan yemək, içmək, qorunmaq və s. bioloji həyatını davam ettirmək üçün ictimai bir şəraitdə yaşamağa məcburdur. İctimai mühitin labüdlüyü təkcə onun bioloji varlığı üçün deyil, eyni zamanda mütləq xoşbəxtliyə çatmaq üçün də keçərlidir. Nəzəri və əməli fəzilətlər ancaq bir cəmiyyət içərisində qazanıla bilər. Başqa sözlə, təhsilin məqsədlərindən biri də, fəzilətli insan yetişdirmək vasitəsi ilə fərdlərinin hər birinin (yaxşılığı qazanıb pisliyi aradan qaldırmaq üçün əməkdaşlıq qurduqları) xoşbəxtliyə çatmaq üçün bir-biri ilə köməkləşdikləri ideal cəmiyyət meydana gətirməkdir.
Lider yetişdirmək: Fərabiyə görə təhsilin məqsədlərindən biri də ideal cəmiyyəti idarə edən liderləri, idarəçiləri, rəhbərləri yetişdirməkdir. Fərabi dövlət başçısını həkimə bənzətmişdir. Həkim bədənin şəfa vericisi olduğu kimi, dövlət başçısı da ruhların/nəfslərin şəfasını, şəhərin rifahını təmin edər. Bir lider həm də əxlaq və davranışlarda mötədil olanı ortaya çıxaran şəxsdir. Fəzilətli bir başçı tərəfindən idarə edilən fərdlər də fəzilətli, yaxşı və xoşbəxt insanlardır2. Buna görə də təhsil fəzilətli lider yetişdirmək məqsədini də daşıyır. Fərabi düşüncəsində liderin bir sıra xüsusiyyətləri mövcuddur; heç bir işdə idarə edilməyə ehtiyacı olmayan, elm və mərifəti həqiqi mənada qazanan, insanları xeyirli istiqamətə yönəldə bilən gücə sahib olmalıdır; fiziki cəhətdən sağlam olmalıdır ki, vəzifəsini icra edə bilsin; ona deyilənləri və deyənin məqsədini başa düşəcək qədər zəki, gözüaçıq olmalı, sezdiyi ən kiçik dəlili unutmayacaq güclü hafizəyə malik olmalı, güclü xitabət qabiliyyəti olmalı, öyrənməyi və öyrətməyi sevməli və tez yorulmamalıdır; doğrunu, ədaləti sevib, yalançılardan və zalımlardan nifrət etməli, heysiyyətli və şərəfli olmalı, maddiyyatdan uzaq durmalıdır; mötədil, cəsarətli, əzmli və iradəli olub qorxaqlıq və zəiflik göstərməməlidir. Fərabi bir liderdə bu xüsusiyyətlərin vacibliyinə diqqət çəksə də, bu yaradılışdakı insanlara az-az rastlandığını da ifadə etmişdir.
İxtisaslaşma: Fərabi bir sahədə ixtisaslaşmağın əhəmiyyətinə toxunaraq fəzilətli bir cəmiyyətdə istər idarəçilik, istərsə də bir vəzifə olsun hər fərdin ancaq bir sənət sahəsi ilə vəzifələndirilməsini, bir işlə məşğul olmasını istəyir. Onun fikrincə, fərdin bir işlə yüklənməsi yetərli və tam təhsilin alınması və hər işin vaxtında, layiqincə yerinə yetirilməsi baxımından olduqca vacibdir3.
Bilik və davranış bütövlüyü: Fərabiyə görə təhsilin məqsədlərindən biri də nəzəri və praktik fəzilətləri birləşdirmək, yəni bilik və davranış birliyini təmin etməkdir. Çünki biliyin məqsədi onun tətbiqidir. Elm və bilik praktik olaraq həyata keçmədikcə bir mənası yoxdur, başqa sözlə lazımsız və faydasız olacaqdır. O, fəziləti nəzəri bilməklə yanaşı bu biliyin tətbiqini, yəni davranışın necə ortaya çıxacağını bilmək və tətbiq etməyin çox vacib olduğunu irəli sürmüşdür.
Ruh sağlığı: Mütəfəkkir, bədənin sağlığı və xəstəliyi olduğu kimi ruhun da sağlığı və xəstəliyinin olduğundan bəhs edir. Bu səbəblə təlim-tərbiyənin ən vacib məqsədlərindən birinin ruh sağlığını qorumaq olduğunu vurğulamışdır. Neqativ düşüncə və davranışların ruh sağlığını necə pozduğunu bir analogiya ilə belə açıqlamışdır; necə ki, yazı öyrənərkən yalnış və yararsız bir üsulu izləmək insanda pis və xətalı bir yazı vərdişi yaradırsa, pis fellər də insanların ruhlarında pis meyillər yaradır. Davamlı olaraq neqativ düşüncə və davranışlara sahib olmaq fərdin ruhunda xəstəlik meydana gətirir və gedərək pis şeylərdən zövq almağa başlayır. Ruhən xəstə olan bu tip insanlar artıq pis işlərə və pis xüsusiyyətlərə meyilli olurlar. Normal xəstələr arasında dərdini bilmədiyi üçün özünü sağlam zənn edən və həkimə qulaq asmayanlar olduğu kimi, ruhu xəstə olanlar arasında da özünü üstün və saleh zənn edən və mürşidə və ya müəllimə qulaq asmayanlar vardır. Beləliklə, təhsilin burada əsas qayəsi fərdə müsbət xüsusiyyətlərin qazandırılması, mənfi xüsusiyyətlərin isə qarşısının alınması və dəyişdirilməsi ilə onun ruh sağlığını qorumasına kömək etmək olmalıdır.

Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin