Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin obyekti fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar.
Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və onların ərazilərində ödənilən vergilərdir. Bələdiy-yələr öz ərazilərində yerli vergitutma üzrə güzəştlər edə və müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.
Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəziləri isə yerli büdcəyə daxil olur. Məsələn, aksizlər tamamilə yerli büdcəyə daxil olur, korporasiyaların (firmaların) mənfəətindən tutulan vergilər isə mərkəzi və yerli büdcə arasında müəyyən nisbətdə bölüşdürülür. Lazım gəldikdə yerli büdcə mərkəzi büdcədən subsidiya alır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büd-cənin mədaxilinin 40%-i şəxsi gəlirlərin, 10%-i korporasi-yaların mənfəətindən tutulan vergilərin, 30%-i sosial vergi-lərin (ayırmaların), 10%-i əlavə dəyər, 5%-i gömrük, 5%-i isə digər vergilər və vergi daxilolmalarının payına düşür.
Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan yalnız torpaq vergisini və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik törətmir. Ona görə ki, bu vergilər icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı məhsullarının qiymətlərinə daxil edilir.
Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəricisindən asılı olaraq son istehlakçılardan tutmaq mümkündür. Belə ki, tələbin elastikliyi aşağı olduqda verginin çox hissəsini istehlakçıdan "çıxartmaq" mümkün olur. Tələbin elastikliyi yüksək olduqda, dolayı vergilərin artırılması istehlakın, təklifin elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin azalmasına səbəb olur. Bu da öz növ-bəsində sərmayə qoyuluşunun ixtisar olunmasına, kapitalın digər fəaliyyət sahəsinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər dövlətin qanunvericiliyi əsasında tənzimlənir.