Təbii ipək tut ipək qurdunun (mədəni), yaxud palıd ipək qurdunun (vəhşi) baramasından alınır. Tut ipəyinin qurdu yumurtacıqlardan (qrena) törəyir, yumurtacıqlar isə kəpənək tərəfindən tökülür. 30–38 sutka müddətində tut yarpağından qida alaraq qurd öz çox inkişaf etmiş vəzilərinə xüsusi özlü maye yığır. Inkişaf etmiş qurd həmin mayeni havada bərkiyən cüt sap şəklində öz alt dodağındakı əmziklərdən bayıra buraxır.
Bu sapdan qurd barama toxuyur və özü içəridə qalır. Baramanın içində qurd böcəyə və sonra da kəpənəyə çevrilir. Kəpənək baramanın bir ucunu xüsusi maye vasitəsilə isladıb cırır və bayıra çıxır. Belə olduqda barama xarab olur.
Barama buxara verildikdən (böcəyi öldürmək məqsədilə) və isti suda yumşaldıqdan (ipək sapların açılması üçün) sonra xüsusi aparatlarda açılır. Baramadan açılmış ipək serisin deyilən xüsusi maddə vasitəsilə yapışmış (barama sapı) iki sapdan (ipək teldən) ibarət olur. Bir neçə barama sapı (adətən 5-7) açılarkən birləşdirildikdə xam ipək təşkil edir. Qələvi suyunda bişirilib bir-birindən ayrılan barama sapları tək-tək tellərə ayrılır və nəticədə bişmiş ipək əmələ gəlir. Bişmiş ipək parlaq və yumşaq olur.
Açıla bilməyən baramalar, habelə müxtəlif ipək tullantıları doğranır və əmələ gələn kütlədən əyiricilik yolu ilə ipək iplik (əyirilmiş ipək) yaradılır.
Təbii ipək də yun kimi zülal maddəsidir, lakin bunun tərkibi bir qədər başqadır. Barama sapının diametri 20-30 mikron təşkil edir və ayrı –ayrı ipək telin diametri isə iki dəfə azdır. Natural ipəyin möhkəmliyi pambıqdan yuxarıdır.
Vəhşi qurdun, yəni palıd yarpaqları ilə qidalanan qurdun ipəyi bir qədər qabadır, buna «Tussor» ipəyi deyilir.
Natural ipək yun kimi qələviyə qarşı davamsızdır. Yuna nisbətən natural ipəyin turşulara qarşı davamı aşağıdır.
Dostları ilə paylaş: |