bu amillər artıq pul kütləsidirsə, ikinci halda artıq yığımlardır.
Ötən əsrin 80-ci illərində amerikalı alimlər M.Berns, Q.Stayn və
A.Laffer tərəfindən işlənib hazırlanmış təklif iqtisadiyyatı nəzəriyyəsində vergilərə iqtisadi inkişafın və tənzimləmənin əsas amillərindən biri kimi baxılır. Bu nəzəriyyəyə görə vergitutma
səviyyəsinin yüksək olması sahibkarlıq və investisiya fəallığına mənfi
təsir göstərir, bu isə son nəticədə vergi ödənişlərinin azalmasına gətirib
çıxarır. Vergitutmanın proqressivliyi və büdcə gəlirləri arasındakı
kəmiyyət asılığının parabolik əyrisini quraraq, A.Laffer belə bir nəticəyə
gəldi ki, vergilərin azaldılması investisiya fəallığına müsbət təsir
göstərir. O yazırdı ki, «Əyrinin əsasında duran fundamental ideya ondan
ibarətdir ki, vergi dərəcələrinin son həddi nə qədər yüksək olarsa, ayrı-
ayrı fərdlərdə ondan yayınmanı doğuran motivlər bir o qədər güclü
olacaq. İnsanlar vergi ödəmək üçün işləmirlər. Vergilər çıxılmaqla xalis
gəlir bu adamın işlədiyini və ya yerində durduğunu müəyyən edir».
İqtisadiyyatda daha tez-tez müraciət edilən, lakin hələ də öz həllini
tapmamış əsas problem vergilərin səviyyəsi ilə dövlətin real gəlirləri arasındakı nisbət məsələsidir. Bu problemin həlli Laffer əyrisi adlanan
və vergi dərəcələri ilə vergi daxilolmalarının həcmi arasındakı asılılığı
əks etdirən əyrini meydana gətirdi. Qrafiki olaraq bu əyri şəkildə əks
olunmuşdur.