Azərbaycan Respublikasında aksiz dərəcələrinin iki növündən
istifadə edilir: spesifik və advalor.
Spesifik dərəcələr malın hər vahidinə pulla ifadə edilmiş konkret
vergi məbləği tətbiq olunarkən istifadə olunur. Məsələn, bir litr içməli
spirtə 0,8 AZN.
Advalor dərəcələr isə vergitutma obyektinin dəyərinin müəyyən
faizinin tutulmasını nəzərdə tutur. Məsəln, bir litr içməli spirtin
dəyərinin 90 faizi.
Azərbaycan Respublikası ərazisində istehsal olunan içməli spirt,
pivə və spirtli içkilərin bütün növlərinə spesifik dərəcələr, neft
məhsullarına və tütün məmulatlarına isə advalor dərəcələr tətbiq olunur.
Azərbaycan Respublikasına idxal edilən mallar üçün vergi tutulan
əməliyyatın məbləği Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə
uyğun olaraq müəyyən edilən, lakin topdansatış bazar qiymətindən aşağı
olmayan malların gömrük dəyəridir (aksiz və ƏDV çıxılmaqla).
Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün
malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt vergi
tutulan əməliyyatın vaxtıdır.
Malların idxalı üçün – Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin
nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır.
Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
Azərbaycan Respublikasına idxal edilən aksizli mallara aksizlərin
dərəcələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə,
spirtli içkilərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq
edilir:
- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan
denaturlaşdırılmamış etil spirti, tərkibində 80 faizdən az spirt olan
denaturlaşdırılmamış etil spirti)- hər litrinə 0,8 manat;
- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki
materialları, likyor və likyor məmulatları – hər litrinə 0,5 manat;
- konyak və konyak materialları – hər litrinə 0,2 manat;
- şampan şərabı – hər litrinə 0,2 manat;
- şərablar və şərab materialları – hər litrinə 0,1 manat;
- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər
içkilər – hər litrinə 0,08 manat;
- bütün növ tütün məmulatları – 12,5 faiz.
Dostları ilə paylaş: