3. X – XX əsrin əvvəllərində Azərbaycanda vergilər
IX – XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf
etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya mülk torpaqları)
xüsusi mülkiyyət idi, onu almaq, satmaq, irsən vermək, bağışlamaq,
girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac,
yəni yeni torpaq vergisi verirdi.
Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara
divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri – iqta sistemi inkişaf
etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi
mülkiyyətinə çevrildi.
Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin
mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən
camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi uşr və ya
üşur (onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-
ayrı adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan
vergi məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə
mütəsərrif adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən
məhsulun yarısı kəndlinin əlindən alınırdı. Xərac əvvəllər əsasən
məhsulla alınırdı. Azərbaycan kəndliləri X – XI əsrlərdə xəracın
müəyyən hissəsini pulla ödəyirdi. Bu, hələ o zaman Azərbaycanda
əmtəə–pul münasibətlərinin inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri