18. Məhkəmə natiqliyi
Məhkəmə natiqliyi natiqlik sənətində ən qədim tarixə malik demokratik əsaslar üzərində qurulan bir anlayışı ifadə edir. Natiqlik sənətinin inkişafında əvəzsiz xidmətləri olan məhkəmə natiqliyi antik dövrün məhsulu kimi diqqəti cəlb edir.
Solon islahatlarından sonra özünü müdafiə nitqlərinin yaranması, loqoqrafların yetişməsi məhkəmə natiqlik sənətinin bünövrəsini qoydu. Qədim Yunanıstanda Demosfen, Lisi, İsey, Romada Siseron, Fransada andlı məhkəmələrə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, Konn kimi natiqlərin yetişməsi böyük bir məktəbin yaranmasına gətirib çıxardı. Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər qazanması üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir. Bununla da məhkəmə zamanı gizli qalan hadisələr, obyektiv və subyektiv cəhətlər elmi şəkildə araşdırılır və ədalətli nəticə əldə edilir. Məhkəmə natiqliyini digər növlərdən fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir ki, o, hüquq, psixologiya, məntiq, pedaqoqika, dil, ədəbiyyat və digər elmlərlə sıx şəkildə bağlıdır.
Məhkəmə natiqliyində əsas məsələlərdən biri müttəhimin son söz söyləməsidir. Bu son söz adətən ibrətamiz xarakter daşıyır. Müttəhim törətdiyi əmələ görə peşmançılığını bildirir. Bir də heç vaxt cinayət törətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq. Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynayır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttəhimin törətdiyi cinayətə görə cəza almasını hakimdən tələb edir. Hakim isə müttəhimin cavanlığını və ya qocalığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir.
Məhkəmə natiqliyi öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, bu prosesdə bir neçə adam iştirak edir. Hər birinin də nitqi bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn, prokuror ədalətin bərpası, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir. Vəkil isə qanunların aliliyini gözləyərək, müttəhimin hüquqlarını müdafiə edir. Həm də şahidlərin nitqini düzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir. Məhkəmə natiqliyi əsasən rəsmi xarakter daşıyır. Hadisələrin gedişi, sübutlar, dəlillər, faktlar, əşyayi-dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmasında və inkişaf etdirilməsində respublikamızda fəaliyyət göstərən hüquq işçilərinin, prokurorların əməyi yüksək qiymətləndirilməlidir.
Dostları ilə paylaş: |