32. Nitqin təmizliyi
Danışıq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz adlanır. Belə nitq dil vasitələrinin təhrif olunması ədəbna, ədəbi dilin normalarından kənara çıxmağa yol vermir. Əlbəttə, hər bir şəxs öz nitqində həmişə bu tələbləri ödəyə bilmir. Bəzilərinin nitqi düzgün, təmiz olmur, kələ-kötür olur. Belə nitq dilin təmizliyinə zərbə vurur. Dilin, nitqin təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizmlərdir. Bəzilərinin nitqində həddən artıq yerli şivə və dialekt sözləri işlədilir. İkincisi, nitqdə varvarizm, vulqarizm və jarqonizmlərdən istifadədir.
Heç bir ehtiyac olmadan nitq dialektizm, varvarizm, jarqonizm və əcnəbi sözlərlə yüklənir. Dialektizmlərin ədəbi nitqdə işlədilməsi və tətbiq olunması mümkündür. Azərbaycan həyatını, kəndini təsvir edən, milli kolorit yaradan hər bir yazıçı əsərində dialekt sözlərinə müraciət edir, dialekt leksikası işlədir. Bədii nitqdə dialektizmlərin işlədilməsinə çox ehtiyatla yanaşmaq lazımdır.
Bədii üslubdan kənarda dialektizmlərin işlədilməsi arzuolunmazdır. Elə ziyalılar var ki, onlar öz nitqlərində əcnəbi sözlərdən, dialektizmlərdən, loru sözlərdən, jarqonlardan bol-bol istifadə edir. Belə ziyalıların nitqini «ədəbilikdən uzaq ziyalı nitqi» adlandırmaq olar.
Bədii əsərlərdə dialektizmlərin tez-tez yersiz işlədilməsi özünü doğrultmur, onların xüsusən nəsr əsərlərində yersiz işlədilməsi fikrin asanlıqla anlaşılmasına maneçilik törədir.
Dostları ilə paylaş: |