30. Nitq mədəniyyəti və mədəni nitq
Nitq mədəniyyətinin əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi.
Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn, "öyə getmək" düzgün deyil. Burada dilin fonetik (orfoepik) qaydası pozulmuşdur. Bu ifadəni «evə getmək» kimi dedikdə nitq düzgündür.
Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi nəzərdə tutulur. Məsələn: «Uşaq dərsdən gəlir» — cümləsi düzgündür, ancaq dəqiq deyil. «Uşaq məktəbdən gəlir» — cümləsi isə həm düzgündür, həm də dəqiqdir.
Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu və bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: «O, klassik ədəbiyyatı çox sevir» cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. «O, klassik ədəbiyyatın vurğunudur» cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.
Nitqin düzgünlüyünə və dəqiqliyinə hamı əməl etməlidir. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.
Dostları ilə paylaş: |