1. Kanalların kommutasiyası;
2. Məlumatların kommutasiyası;
3. Paketlərin kommutasiyası.
Kanalların kommutasiyası kompyuterlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır.
Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Məlumatın başlığında məlumatı qəbul edəcək kompyuterin ünvanı göstərilir. Qovşaq məlumatı göndərən kompyuter tərəfindən generasiya olunan məlumatı qəbul edərək öz yaddaşında saxlayır. Sonra məlumatın başlığını araşdırır və onu digər qovşağa aparan ötürülmə marşrutunu təyin edərək ora göndərir. Məlumatın qəbul edilməsi, araşdırılması və ötürülməsi prosesi bir kompyuterdən digər kompyuterə qədər marşrutda olan bütün qovşaqlarda ardıcıl təkrar olunur.
Paketlərin kommutasiyası məlumatları müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri – paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.
Kompyuter şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin ötürülməsi zamanı gecikmələrin az olmasına və aşağıdakı səbəblərə əsaslanır .
Birincisi, kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni ötürmə qabiliyyətinə malik olsun. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.
İkincisi, verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.
Üçüncüsü, paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi məsələsini də asanlaşdırır.
Dördüncüsü, əlaqə xətləri ilə verilənlərin ötürülmənin etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10-4 - 10-6 xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun korlanma ehtimalı artır.
Bütün bunlar kompyuter şəbəkələrində informasiya ötürülməsi üsulu kimi paket kommutasiyasından istifadə edilməsini vacib edir.
Dostları ilə paylaş: |