FəSİl adam smiTİN İQTİsadi TƏLİMİ


§5. A.SMİTİN SİNİFLƏR VƏ GƏLİRLƏR BARƏDƏ



Yüklə 450 Kb.
səhifə5/20
tarix20.12.2022
ölçüsü450 Kb.
#76523
1   2   3   4   5   6   7   8   9   ...   20
adam-simit

§5. A.SMİTİN SİNİFLƏR VƏ GƏLİRLƏR BARƏDƏ
FİKİRLƏRİ VƏ BUNLARLA ƏLAQƏDAR ONUN ƏMƏK HAQQI, MƏNFƏƏTVƏ RENTA NƏZƏRİYYƏSİ

A.Smit gəlirlər bölgüsünü "üç böyük sosial sinif" adlandırdığı: əməkçi sinfi, kapitalist sinfi və torpaq sahibləri sinfinin: əmək haqqı, mənfəət və renta adı verilən gəlir paylarını necə əldə etdiklərini təhlil etmiş və beləliklə "klassik bölgü nəzəriyyəsi"nin əsaslarını müəyyənləşdirmişdir. "Hər bir ölkədə torpaq və əməyin bütün illik məhsulu yaxud da bu illik məhsulun bütün qiyməti deyildiyi kimi təbii olaraq üç hissəyə: torpaq rentasına, əməyin əmək haqqına və kapitalın mənfəətinə bölünür və xalqın üç müxtəlif sinfinin gəlirlərini təşkil edir". (A.Smit, "Xalqların sərvəti", I cild, səh.220, Moskva, 1935).


A.Smit adamları istehsal vasitələrinə görə siniflərə bölmüşdü. O, İngiltərə cəmiyyətində üç əsas sinfin: torpağa sahib olan torpaq mülkiyyətçilərinin, digər növ istehsal vasitələrinə yəni əmək alətlərinə, sənaye qurğularına və əmək cisimlərinə sahib olan kapitalistlərin və iş qüvvəsinə sahib olan fəhlələr sinfinin olduğunu qeyd edir. Bu əsas siniflərlə yanaşı cəmiyyətdə ara qrupların və təbəqələrin də olduğunu göstərir və əsas sinifləri və digər qrupları bir-birindən, onların gəlirlərinin əsas, ilkin və törəmə olmasına görə fərqləndirir.
Gəlirin üç əsas növünü: əmək haqqı, mənfəət və rentanı qəbul edən Smit, bunları bir-birindən fərqləndirir. O, hesab edir ki, üç gəlirdən yalnız əmək haqqı əmək gəliridir, mənfəət və torpaq rentası isə fəhlənin əməyi ilə yaradılan əmək məhsulundan çıxmadır. Smit öz dahi əsərinin heç bir yerində kapital sahibinin mənfəət əldə etməyə və torpaq sahibinin də renta gəliri əldə etməyə haqqı olduğunu rədd etməmişdir, əksinə bu prosesə təbii bir hal kimi baxmışdır. Bu halı o, istehsal vasitələrinin və torpağın xüsusi mülkiyyətə çevrilməsi və onun inhisarı ilə əlaqələndirmişdir. Bununla yanaşı Smit iri torpaq sahibkarlığının əleyhdarı olmuş və torpaqların parçalanmasına (bölünməsinə) mane olan qanunların ləğv edilməsini tələb etmişdir. Torpaqları, onlardan daha səmərəli istifadə etməyi bacaran sahibkarların sərəncamına verməyi təklif etmişdir.
Fəhlənin gəliri olan əmək haqqı Smitə görə əməyin təbii qiymətidir, onun işinin mükafatlandırılmasıdır. O, əmək haqqının kəmiyyətini fəhlənin və onun ailəsi üçün zəruri olan yaşayış vasitələri dəyəri ilə müəyyən edir. Smit hesab edir ki, əmək haqqı insanın yaşaması üçün kifayət edən səviyyədən bir qədər yüksək olmalıdır; əmək haqqı özündə tarixi və mədəni ünsürləri də əks etdirməlidir. Onun fikrinə görə kortəbii bazar mexanizmi təbii əmək haqqını müəyyən səviyyədə saxlayır. A.Smitin "bazarlıq nəzəriyyəsi"nə görə "hər yerdə əmək haqqı və mənfəətlər bir-birindən fərqli olan iki tərəf arasındakı razılaşmaya dayanır... Bu iki tərəfdən hansının normal şəraitlərdə daha üstün vəziyyətdə olduğunu və digər tərəfi öz şərtlərini qəbul etməyə məcbur edəcəyini əvvəlcədən müəyyənləşdirmək çətin deyildir". Smitin "yaşayış üçün minimum əmək haqqı" adını verdiyi və işçi ilə ailəsinin yaşayışına yetəcək bu əmək haqqı səviyyəsi uzun dövrdə əmək haqqının düşəcəyi minimum səviyyəni göstərir. O, əmək haqqının dəyişmə meylini ölkənin təsərrüfat vəziyyəti ilə əlaqələndirir və cəmiyyətin üç vəziyyətini qeyd edirdi: 1. İqtisadi tərəqqi, 2. İqtisadi sabitlik, 3.İqtisadi tənəzzül. Smitə görə yüksək əmək haqqı tərəqqiyə işarədir, çünki bu, əmək məhsuldarlığının artması üçün stimul rolunu oynayır. O, əmək haqqının artımının əməyə stimulu azaldacağı və fəhlələri tənbəl edəcəyi fikrinə qarşı çıxış edirdi. O, xalqın əsas hissəsinin muzdlu fəhlələrdən ibarət olduğunu bildirərək yazırdı: "Əgər cəmiyyətin böyük bir hissəsi kasıb və bədbəxtdirsə, o, heç bir zaman xoşbəxt adlandırıla bilməz. Bundan başqa, bütün xalqı yedizdirən, geyindirən, yaşayışla təmin edən insanların (yəni fəhlələrin q.m.) dilənçi halında yaşamaları ən azından ədalətsizlikdir və onlar heç olmazsa orta yaşayışları üçün lazım olan vasitələrlə təmin olunmalıdırlar". Smit fəhlələrin yoxsulluğunun burjuaziyaya da ziyan vurduğunu izah etməyə çalışmış və əmək haqqının mənfəətə toxunmadan artırılmasının mümkünlüyünü qeyd etmişdi; və əməyə tələbin əmək haqqı fondunun böyüklüyü ilə bağlılığını göstərmişdir.
Smit əmək haqqı səviyyəsi ilə əhalinin artımı arasındakı əlaqəni də təhlil etmişdir, ona görə "hər canlı növünün artımı, onun yaşayışı üçün mövcud olan vasitələrlə düz mütənasibdir".
Burjuaziyanı mütərəqqi sinif edən Smit onun mənafeyini müdafiə edir və onlara cəmiyyəti tərəqqi etdirən və millətin sərvətini artıranlar kimi baxır və bununla yanaşı onların bəzilərinin mənfəətləri artdıqca amansızlaşmasını, cəmiyyətin mənafeyinə qarşı mənfi hərəkətlər etməsini tənqid edir. Sənayeçilər və tacirlər daim azad rəqabəti boğmağa, məhdudlaşdırmağa, cəmiyyət üçün zərərli olan inhisar yaratmağa çalışdıqlarını tənqid edir. Bununla belə Smit son nəticədə kapitalizmə təbii və əbədi cəmiyyət kimi baxır.
A.Smit mənfəət anlayışını ictimai əməyin bütün sferalarına şamil edir. Yuxarıda qeyd edildiyi kimi Smitə görə fəhlələrin materialların dəyərinə əlavə etdikləri dəyər iki hissəyə bölünür: bunun bir hissəsi ilə əmək haqqı ödənilir, digər hissəsini isə sahibkar qoyduğu kapitala görə mənfəət şəklində mənimsəyir. Deməli Smit mənfəətə bütün avans olunmuş kapitalın törəməsi kimi baxmışdı. A.Smit yazır: "mənfəət ümumiyyətlə işdə istifadə olunan kapitalın dəyəri ilə müəyyən olunur, bu kapitalın həcmindən asılı olaraq az və ya çox ola bilər". (Smit, "Xalqların sərvəti", I cild, YI fəsil, səh.46, Moskva, 1935). O, mənfəəti kapitalın özünün və onun məhsuldarlığının qanunauyğun nəticəsi kimi qiymətləndirmişdi.
A.Smit yazır: "Ayrı-ayrı şəxslərin əlində yığılan ehtiyatlar meydana gəldikdə təbiidir ki, onların bəziləri həmin ehtiyatlardan dərhal istifadə etməyə başlayır, əmək sevən adamlara iş verir, onları materialla və yaşayış vasitələri ilə təchiz edirlər ki, emal olunan materialların dəyərinə bu fəhlələrin əməyinin əlavə etdiyi şeydən mənfəət götürsünlər. Fəhlələrin əməyi ilə yaradılan məhsulun bir hissəsini, yaxud emal etdikləri materiala öz əməkləri ilə əlavə etdikləri dəyərin bir hissəsini bu sahibkar əldə etməlidir; sahibkarın mənfəətini məhz bu hissə təşkil edir". Bununla yanaşı o qeyd edir ki, mənfəət kapitalistin kapitala görə aldığı haqqdır, onun yaşayış fondudur. Smit yazır ki, "Kapital sahibi istehsal etdiyi məhsulun satışından, sərf etdiyi kapitalları ödəmək üçün lazım olan məbləğdən artıq pul əldə edə bilməzsə, onun fəhlə tutmağa marağı olmaz. Mənfəət kapitalistin yaşaması (və istehsalını davam etdirməsi, q.m.) üçün lazım olan vəsaiti təmin edən həqiqi bir fonddur".
A.Smit mənfəətin əmək haqqının digər forması kimi elan edilməsinə qarşı çıxmış və göstərmişdirki, mənfəətin kəmiyyəti kapitalın miqdarı ilə müəyyən edilir və bu əməyin güman edilən həcmi və mürəkkəbliyi ilə bağlı deyil.
Mənfəət normasının və faizin aşağı səviyyəsini yüksək iqtisadi inkişafın və millətin sağlamlığının göstəricisi kimi xarakterizə edən Smit göstərir ki, varlı ölkələrdə rəqabətin artması nəticəsində mənfəət normasının aşağı düşmə meyli olur. A.Smit qeyd edirdi ki, kapitalist təsərrüfatının əsas məqsədi mənfəət əldə etməkdir və bu proses bütün cəmiyyətin mənafeyinə uyğundur, çünki şəxsi mənafeyi güdmək son nəticədə bütün cəmiyyət üçün xeyirli olur.
A.Smit yazırdı: "Onların maraqları həmişə bir çox münasibətlərdə cəmiyyətin mənafeyi ilə eyni olur. Lakin bəzən ziddiyyət də təşkil edir".
Torpaq rentasını - Smit torpaqda işləyənin əmək məhsulundan çıxma kimi elan etmiş və onda inhisar elementi görürdü. O yazırdı: "Bu və ya digər ölkədə bütün torpaqlar xüsusi mülkiyyətə çevrildiyi vaxtdan torpaq mülkiyyətçiləri də, bütün başqa adamlar kimi əkmə­dikləri yerdə biçmək istəyirlər və hətta torpağın təbii bəhrələri üçün də renta tələb etməyə başlayırlar... işçi öz əməyi ilə yığdığının və istehsal etdiyinin bir hissəsini və ya bu hissənin qiymətini torpaq mül­­kiyyətçisinə güzəştə getməlidir. Bu hissə- torpaq rentasını təş­kil edir". (A.Smit, "Xalqların sərvəti". I cild, YI fəsil, səh.47, Moskva 1935).
O, torpaq sahələrinin məhsuldarlığına və yerləşmə məkanına gö­rə­ bir-birindən fərqləndiyini qeyd edərək, bildirirdi ki, bunların hər ikisi rentanın formalaşmasına təsir edir. O, "millətlərin zən­gin­liyi" əsərində differensial rentaya aid fikirlər söyləmişdir. O ya­zırdı: "Daha münbit və ya bazarlara daha yaxın olan torpaqlar artıq renta verirlər. Torpaq rentası nəinki torpağın... yalnız mün­bit­li­yindən, habelə onun məkanından da asılı olaraq dəyişir. Şəhər ya­xın­lığındakı torpaqlar, ölkənin uzaq yerlərindəki eyni dərəcədə münbit torpaqlardan daha artıq renta verir"
Rentaya gəlirin müəyyən forması kimi baxan Smit daha sonra ya­zırdı: "Torpaq xüsusi mülkiyyətə çevrildikdə, torpaq mülkiyyətçisi, iş­­­çi­nin həmin torpaqda yetişdirə və ya toplaya bildiyi mühsulun demək olar hamısından özünə dərhal müəyyən bir pay tələb edir, onun rentası torpağın becərilməsinə sərf edilmiş əməyin məhsulundan birinci növbədə çıxılmalıdır". Rentaya "müxtəlifdən yaranan" bir qazanc kimi də baxan Smit onu torpaq sahibinin təbii mükafatı da adlandırırdı. Deməli, Smitin renta nəzəriyyəsində fiziokratik elementlər də vardır. O göstərir ki, kənd təsərrüfatında təbiət də insanla işləyir və ona görə də renta- əkinçilikdə təbiətin insana köməyinin nəticəsidir. Deyilənlərdən aydın olur ki, Smitin renta nəzəriyyəsində müəyyən ziddiyyətli məqamlar olsa da, dəyərli fikirlər də çoxdur. O, əkinçiliyi kapital qoyuluşu üçün ən sərfəli sahə hesab edərək göstərirdi ki, kənd təsərrüfatı böyük miqdarda məhsuldar qüvvəni hərəkətə gətirir və illik məhsula daha çox dəyər əlavə edir.



Yüklə 450 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin