Qərarlara bir çox amillər təsir göstərə bilər çünki, menecer müxtəlif variantlardan seçim edir.
Proqramlaşdırılmayan qərarlar proqramlaşdırılan qərarlardan baha başa gəlir, ancaq bu halda menecerin müstəqil və geniş seçim imkanları olur.
İntuitiv qərar: Menecer öz intuisiyası (duyğu) ilə qərar qəbul edir. Bu tip qərarları idarəçilikdə böyük təcrübəsi olan menecerlər qəbul edir. İntuitiv qərarlar şüuraltı bir proses olaraq keçmiş təcrübəyə əsaslanır. İntuisiya rasional (səmərəli) analizi tamamlayır. Təcrübədə buna uyğun problem və şəraitlə üzləşən menecer, məhdud informasiyaya malik olmasına baxmayaraq cəld və çevik fəaliyyət göstərir və öz iş təcrübəsinə və mütəxəssislərin fikrinə əsaslanan qərar qəbul edir.
İntuisiyada 5 müxtəlif baxış var və bu qərarların qəbulunda müxtəlif tiplərdə özünü göstərir. Bunlardan birincisi etika və dəyərlərə əsaslanan qərarlardır. Menecer yaddaşında, tərbiyə aldığı etika sistemini canladırır, özünün mənəvi prinsipinə uyğun qərarlar qəbul edir.
İkinci variant, təcrübəyə əsaslanan qərardır. Sınaqlardan və səhvlərdən çıxan və müəyyən təcrübəyə malik olan menecer, qərar qəbul edir.
Üçüncü variant, menecer hissə qapılır və emosiya vəziyyətində qərar qəbul edir.
Dördüncü variant, qərarların qəbul edilməsi koquitiv (idraka) xarakter daşıyır. Belə ki, qəbul olunan qərarlar menecerin hazırlığından, səriştə, bacarıq və biliyindən asılıdır.
Beşinci variant, menecer şüuraltı təfəkküründə saxlanılan çoxlu sayda məlumatları təhlil edir və qərar qəbul edir.
Rasional (səmərəli) qərarın qəbulu, menecerin təcrübəsi və iş stajından asılı deyil. Bunun əsasında, hotel biznesində tətbiq olunan dərin təhlil və bütün proseslərin sintezi durur. Rasional qərar qəbul edən menecer obyektiv və məntiqli olmalıdır. O, problemi dəqiq müəyyən etməli və qarşısına düzgün məqsəd qoymalıdır. Qərarın həqiqətən rasional (səmərəli) olmasını müəyyən etmək üçün bir sıra istisnalara yol verilir.
İlk növbədə, qərar özlüyündə, maksimum dəyərli olmalıdır. Bu o deməkdir ki, qəbul olunmuş qərar hotelin fəaliyyətini gəlirli etməlidir. İkincisibununla paralel olaraq, qərar qəbul edən menecer hotelin gəlirli işləməsi üçün bir sıra istisnalar etməli və yalnız öz qüvvəsinə arxayın olmalıdır. Qərar qəbul edən menecer, istisnaya yol verəndə əmin olmalıdır ki, o məntiqi və obyektiv hərəkət edir.
Qərar qəbul edərkən, məqsəd düzgün seçilməlidir. Rasional qərarlar qəbul edilən zaman problemlər ortaya çıxır. Məsələn böyük tədbirlər keçirilən zaman hoteldə 200 yer sifariş olunur, lakin 100 nəfər qonaq gəlir və 100 yer boş qalır və hotel zərər çəkə bilər. Bunun üçün sifariş zamanı, müqavilə savadlı tərtib olunmalı, yemək və içkinin pulunun tam ödənilməsi, hotel nömrələrinin bronlaşdırılmasının dəyəri göstərilməlidir.
Bəzən, menecer qənaətbəxş və ya münasib qərar axtarır, daha dəqiq desək, qərarın qəbulunda səhlənkarlıq göstərir. Bununla əlaqədar menecer əməkdaşların işini nəzarətdə saxlayıb, təhlil etməlidir. Məsələn, hotel restoranının aşpazı 60 nəfərlik ziyafət üçün yemək hazırlamalıdır. Menyuda hər bir nəfərə yarım toyuq nəzərdə tutulur, aşpaz toyuqları hoteldən 5 km kənarda yerləşən bazardan, 30 toyuğu 60 dollara alır. Amma O, bilmir ki, hoteldən 3 km aralıda toyuq ferması var və 60 dollara 100 toyuq almaq olar. Aşpaz alternativ variant axtarmaq əvəzinə, adət etdiyi yerdən toyuq alır.
İntuitiv və rasional qərarlar bir birindən fərqlənir lakin çox vaxt qərarların qəbulunda bunlar bir yerdə istifadə olunur. Onlar bir birini tamamlayır və menecerə ideal qərar qəbul etməyə imkan verir. Menecerlərlə sorğu zamanı müəyyən olunub ki, intuisiya əsasında qəbul olunan qərarlar ən adi haldır.