Sınaq müddətində işçinin fəaliyyəti qiymətləndirilir. Sınaq müddətində namizəd, bilik, bacarıq və səriştəsini nümayiş etdirir. Bu üsul, hotel menecerinə, imkan verir ki, tələblərə cavab verə biməyən namizədi işdən xaric etsin. Hotel, baş menecerin şəxsində, namizədlə müqavilə imzalayır. Müqavilə hüquqi sənəd olub iki tərəf arasında münasibətləri rəsmiləşdirir. \
Əmək müqaviləsi müəyyən və ya qeyri müəyyən müddətə bağlana bilər. Əmək müqaviləsinə uyğun, baş menecer namizədin işə qəbulu haqqında əmr imzalayır. İşə qəbul olunan əməkdaş müxtəlif sahələr üzrə təlimat keçir. O cümlədən nömrə fondu, yanğından mühafizə, texniki təhlükəsizlik qaydaları ilə tanış olur.
Hotellərdə, müxtəlif şöbələrdə, əməkdaşlar üçün təlimlər keçirilir. Təlimlər həm yeni qəbul olunan işçilər, həm də hoteldə artıq çalışan əməkdaşlar üçün mütəmadi keçirilir.
Hotelə yeni işçi qəbul olunarkən onun iş şəraitinə uyğunlaşması təlimin əsas məqsədidir. Hotelə qəbul olunan hər bir yeni əməkdaş üçün aşağıdakı təlimləri keçmək tövsiyyə olunur.
Vəzifə təlimatına uyğun təlim məşqləri (nəzəri planda) keçirilməlidir
Vəzifə təlimatına uyğun təcrübə keçməlidir.
Qonaqpərvərlik standartlarına cavab verən təcrübi məşğələlər aparılmalıdır.
Mövcud peşəkar standartlara uyğun vərdişlər məşq edilməlidir.
Təlim işçinin sınaq müddəti ərzində keçirilir. Sınaq müddəti ərzində yeni əməkdaş əsas personal ilə öz peşə vəzifəsini yerinə yetirir. Personalın təlimi fasiləsiz aparılmalı, onu tənzimləyən əsasnamə və sənədlərdə öz əksini tapmalıdır.
Personal ilə təlim apararkən, hoteldə fəaliyyət göstərən hər bir şöbənin spesifikliyi nəzərə alınmalıdır. Lakin təlimin ümumi elementləri mövcuddur. Qonaqlarla işləyən hər bir əməkdaş aşağıdakı təlimləri keçməlidir:
Xarici görünüş və etiket qaydaları
Qonaqpərvərlik sahəsində xidmət standartları
Qərarların qəbul edilməsi
Kommunikativ(ünsiyyət) qabiliyyəti
Satış və marketinq
Təlimin əsas üstün cəhətlərindən biri əməkdaş üçün karyera (mənsəb) inkişafına yol açır və işçi şaquli xətt üzrə daha yüksək vəzifəyə keçmək imkanına malik olur.
Hoteldə, qəbul olunmuş qaydalara uyğun attestasiya keçirilir. Müəyyən müddət ərzində personalın fəaliyyətinin qiymətləndirilməsi attestasiya vasitəsi ilə yerinə yetirilir. İlk attestasiyada əməkdaşın peşəkar standartlara münasibəti nəzərdən keçirilir. Attestasiyanın məqsədi əməyin və personalın qiymətləndirilməsidir.
Attestasiya vaxtı kadrları müqayisə etmək yox, iş standartlarına necə yiyələnmələri dəqiqləşdirilir. Attestasiyanın keçirilməsinə xüsusi attestasiya kommisiyası rəhbərlik edir. Attestasiya , keyfiyyəti müəyyənləşdirən məqamlardan biridir.
Şöbənin müdiri tərəfindən tərtib olunmuş attestasiya anketində aşağıdakı müddəalar öz əksini tapır :
Təhsil, ixtisas
Peşəkar vərdiş, əmək fəaliyyətinə münasibət, onun keyfiyyəti və nəticələri
İşçinin intellektual qabiliyyəti
Şəxsi keyfiyyəti
Xarakterinin işə təsiri
Attestasiyanın məzmununa baxıldıqdan sonra əməkdaşa qiymət verilir. Hotel biznesinin problemlərindən biri kadr axınıdır. Kadr axınının qarşısını almaq üçün bir sıra tövsiyyələri nəzərə almaq lazımdır.
Hotelin xarakterik xüsusiyyətlərini və tipini müəyyən etmək.
Əməkdaşın işdən getmə səbəbini aydınlaşdırmaq.
Kadr axınını müəyyən etmək üçün personal ilə sorğu keçirmək.
Əməkdaşın öz işindən gözləntisi
Karyerasının (mənsəbinin) inkişafı
Hoteldə, personalı həvəsləndirmə (stimullaşdırma) metodundan istifadə etmək məqsədə uyğundur. Kadrlar şöbəsi, bunun üçün təşkilati üsullar və müxtəlif həvəsləndirmə (motivasiya) formalarını seçir. Personalı maddi və mənəvi üsullarla həvəsləndirmək olar.
Pozitiv və neqatiiv motivasiya mövcuddur. Pozitiv motivasiyaya pul mükafatı, vəzifədə inkişaf, təşəkkür və.s daxildir.
Neqativ motivasiyaya töhmət, mükafatdan məhrum etmək, aşağı vəzifəyə keçirmək, işdən azad olunmaq və.s daxildir.
Beynəlxalq standartlara malik olan və şəbəkə sisteminə daxil olan hotellərdə personalın təlim və təhsili daha müvəffəqiyyətlə aparılır.
Azərbaycan Respublikasında fəaliyyət göstərən və yeni inşa olunan hotelləri ixtisaslı kadrlarla təmin etmək üçün bu sahə üzrə peşəkar mütəxəssislər hazırlayan müəssisə, təşkilat və təhsil ocaqları bu işə məsuliyyətlə yanaşmalıdırlar.
Müzakirə sualları
1.Otelin təşkilati strukturu
2. Təşkilat strukturunun əhəmiyyəti
3. Təşkilat strukturunun təşkilində yanaşmalar
4.Təşkilati strukturun təsnifatı
5. Təşkilati strukturda klassik yanaşma
6. Təşkilati strukturda şəxslərarası ünsiyyət münasibətlərinə yanaşma
7.Təşkilati strukturun təsnifatı