XRONİK ALKOQOLİZM VƏ ONUN MÜALİCƏSİ
Ağalarov Cəlal Yusif oğlu
BDU-nun II kurs magistrantı.
Xronik alkoqolizm, spirtli içkilərə güclü meyllik, ona qarşı orqanizmin fiziki və psixi asılılığı ilə müşayiət edilən, tədricən şiddətlənən xəstəlikdir. Bu, alkoqolu uzun müddət müntəzəm olaraq qəbul edən adamlar arasında baş verir. Xəstəliyin özünəməxsus kliniki mənzərəsi, qanunauyğun dinamikası, somatik və psixonevroloji ağırlaşmaları vardır. Xəstəliyin formalaşması məişət sərxoşluğu adlanan mərhələdən başlayır və fərdin alkoqola qarşı rezistensliyindən və psixoloji vəziyyətindən asılı olaraq 1-2 il davam edir. İnkişaf dinamikasına görə xronik alkoqolizm başlanğıc, inkişaf və son mərhələlərə bölünür [3].
İlk mərhələ özündə alkoqola ilkin patoloji aludəçilik, nəzarətin azalması, alkoqola tolerantlığın artması, alkoqol amneziyası kimi xüsusiyyətləri daşıyır. Alkoqoldan 10-15 il davamlı sui istifadə fərddə 35-40 yaşda xəstəliyin ikinci mərhələsinə keçməsinə səbəb olur.
İkinci mərhələ üçün səciyyəvi olan yeni xüsusiyyətlər abstinent sindromun meydana çıxması, alkoqoldan sistematik şəkildə sui istifadə şəxsiyətin üz cizgilərinin itiləşməsidir. Alkoqola patoloji meyillik daha nəzərə çarpacaq dərəcədə artır, xəstələr özləri artıq içki içməyə şərait yaradırlar. Əgər ilk mərhələdə alkoqolik "içmək və ya içməmək” fikri ilə təkbaşına mübarizə apararaq, içki olan yerlərdən uzaqlaşırdısa, bu mərhələdə isə xəstə özü içki qəbulu üçün səbəblər axtarır: ailə problemi, iş zamanı, təsadüfü tanışlıqla görüş və s. Bu halda alkoqolizmin qarşısın almaq çox çətindir.
Alkoqolizmin III (son) mərhələsi ilkin və II mərhələyə xas olan əlamətlərin ağırlaşması və həqiqi sərxoşluq, alkoqol deqradasiya ilə xarakterizə olunur. Alkoqol deqradasiyasının əsas əlamətləri emosionallıq, etik normaların azalması, tənqidin itirilməsi, intellektin azalması. Daha tez-tez psixopatoloji (davranışın dəyişilməsi, aqressivlik,), eyforiya (özünə və ətrafdakılara qarşı tənqidin azalması), aspontan (yorğunluq, passivlik, marağın itməsi) deqradasiyalar baş verir. Adətən 45-50 yaşda uzunmüddətli (15-20 il) alkoqoldan sui istifadə nəticəsində yaranır. Alkoqolizmin 3-cü mərhələsində somatik pozğunluqlar həzm sisteminin (hepatit, qara ciyər sirrozu, atrofik qastrit), ürək-damar sisteminin (miokardiopatiya), sinir sisteminin (polinevropatiya) pozulması baş verir.
Müalicə. İçki içməyə aludə olan fərdlərin, içkidən əvvəlki sağlamlığını bacarıqlarını əldə etməsi, içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır. Müalicədə məqsəd, içkinin tam buraxılmasıdır. Müalicənin istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli, müalicə başlayandan etibarən içki içməməlidir. Müalicə prosesində detoksikasiya və reabilitasiya paralel aparılır. Alkoqolizmin müalicəsi digər narkoloji xəstələrin müalicəsi üsulları kimi xəstənin səhhətinin vəziyyəti və onu əhatə edən mühit nəzərə alınmaqla narkoloji müəssisədə (stasionar və ya ambulator şəraitdə) və ya xəstənin evində (ambulator şəraitdə) həkim-narkoloq tərəfindən aparılır. Narkoloji xəstə barəsində fəal müalicə kursundan sonra aparılan sosial-psixoloji reabilitasiya kursu onun fərdi tələbatına uyğun olmalıdır [5].
İlk növbədə qeyd edək ki, alkoqolizmin müalicə metodları təmamilə sağalmaq təminatı vermir. Doğrudur, bəzi içki düşkünlərinin uzun müddət spirtli içki qəbul etməməyə iradəsi çatır. Amma belələrinin sayı çox azdır (10%-dən az).
Müalicə bir neçə mərhələdən ibarətdir:
I mərhələ - Xəstə müalicəyə başlandığı ilk gündən spirtli içki qəbulunu dayandırmalıdır. Bu mərhələdə Klirens detoksikasiyası, Ekstrakorparal detoksikasiya, Klassik psixofarmakoterapiya istifadə edilir.
Alkoqola asılılığı aralarındakı bənzərliyə görə benzodiazepinlər ilə detoksikasiya edilir. Dərmanların dozaları alkoqola fiziki bağlılığın dərəcəsindən və şəxsə görə müəyyən edilir.Heyvanlar üzərində aparılan təcrübədə haloperidol, fenazepam və lityum hidroksibutirat üçlüyünün kompleks istifadəsi alkoqol istəyi və istifadəsini azaltması müşahidə olunması, bəzi ölkələrdə bu üçlüyün kompleks istifadəsinin müalicədə effektliyi araşdırılır [1, 739-750].
50 ilə yaxındır ki, həkimlər alkoqolizmin müalicəsi kimi pasiyentlərə “Antabuz” adlı dərman yazırlar. Onu qəbul etmiş şəxs spirtli içki içən kimi, onda ürək bulanmasından tutmuş təngnəfəsliyə qədər bir sıra xoş olmayan simptomlar özünü göstərir. Antebusla içkiyə diksindirici və istənməyən effektlərin yaradılması həkim nəzarəti altında aparılmalıdır. Ancaq “Antabuz”un effektli olması üçün onu hər gün qəbul etmək lazımdır. Yəni, alkoqolik yenidən içmək və bu simptomları yaşamamaq istəyirsə, bu dərmanın qəbulunu yarımçıq dayandırması kifayət edir [3].
Son zamanlarda alkoqolizm müalicəsində yeni bir dərman olan akamprosat (kalsium aseltihomotauirat) ilə uğurlu nəticələr alındığına dair məlumatlar yayılmışdır. Akamprosat 1990-cı ildən bu yana Avropada alkoqolizm müalicəsində istifadə edilən dərmandır. Araşdırmalar nəticəsində bu dərmanın alkoqoliklərdə alkoqolu şiddətli arzulamaq və alkoqolu buraxdıqdan sonra yenidən arzulama kimi mənfi xüsusiyyətlər azaltdığı müəyyən edilmişdir [2, 673-680].
II mərhələ - 10-12 gün müalicədən sonra psixofarmakoterapiya ilə bərabər sensibilizəedicilərlə aparılan ŞRM (şərti reflektor müalicə) və psixoterapiya (qrupla, fərdi, ailə, suqqestiv). Bu mərhələdə sosial işçiləri və psixoloqların rolu böyük olur. Psixoterapiya bu mərhələdə tibbi müalicəylə yanaşı aparılır və alkoqoliklərin məhv olmuş psixoloji və sinir sisteminin bərpasına yönəlmiş olur. Sosial işçilər bu mərhələdə alkoqoliklərnən fərdi, qrup və ya ailə daxilində söhbətlər apararaq, onları yenidən həyata qaytarmağa çalışırlar.
III mərhələ - residivin qarşısını almaq üçün profilaktik tədbirlər. Bu mərhələ əsasən müalicəni bitirmiş şəxsin yenidən içki içməyə başlamasını önləmək üçün keçirilən tədbirlərdən ibarətdir. Bu mərhələdə alkoqoliklər öz maraqları və xobbiləri ilə məşğul olurlar. Hər hansı incəsənət məşğuliyyəti (rəsm, musiqi,rəqs), idmanla məşğul olmaq, əmək məşğuliyyəti (balıq tutmaq) və s. vasitələri bu mərhələdə istifadə edilir. Bundan başqa bu mərhələdə ən əsas artterapiyadan istifadə edilir.
Artterapiya və ya təsviri sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Digər terapiya zamanı çox zaman insanların problemləri birbaşa müzakirə obyektinə çevrilir, hansı ki belə hallarda fərd (xüsusən yeniyetmə və uşaqlar) sıxılır, danışmaqdan imtina edir, psixoloqu yanıltmağa çalışır və dolayısıyla da problemi müzakirə etməkdən, daxili dünyasını açmaqdan qaçmağa çalışır. Amma art terapiyada problemə birbaşa deyil, dolayı yolla toxunulur. Fərd probleminin istədiyi qədərini ortaya qoyur. Paylaşmaq istəmədiyini özünə saxlayır. Onun daxili dünyasına təsviri sənət vasitəsilə daha yumşaq,daha estetik yanaşılır
Ədəbiyyat
Dostları ilə paylaş: |