Bütün yazılarında olduğu kimi Anar bu əsərində də olaylara, Rəsul Rza ilə qələm əhli arasındakı qarşılıqlı münasibətlərə obyektiv yanaşır, bir çox qaranlıq mətləbləri işıqlandırır. Əsərdə Rəsul Rzanın Nazim Hikmətlə şəxsi dostluq əlaqələri, yaradıcılıq yaxınlığı öz əksini tapmış, eləcə də Rəsul Rza ilə yaxın münasibətdə olan digər insanların, onun dostlarının ömür yollarının önəmli, yaddaqalan, sevincli və kədərli anları yazıya alınmışdır. Onu da qeyd etmək lazımdır ki, çox maraqla oxunan əsərdə bir qədər pərakəndəlik hiss olunur. Bu fikri özü də etiraf edən müəllif bunu belə əsaslandırır: «Üzərində duracağım mətləbləri, məqamları müəyyən məntiqi ya xronoloji ardıcıllıqla, Rəsul Rza ömrünün və yaradıcılığının dövrləri, mövzuları əsasında düzərək sistemləşdirməyə çalışsam da, yazım müəyyən qədər pərakəndəlik, dağınıqlıq, mozaika təsiri bağışlaya bilər. Amma yazının müəyyən sərt qəliblərə tabe olmamasını həm də onun janrıyla düşüncə - esse janrıyla bağlıdır: bu ədəbi tür çox vaxt yalnız anımların – assosiasiyaların ardıcıllığına əsaslanaraq sərbəst şəkildə mətləbdən mətləbə, mövzudan mövzuya, dövrdən dövrə keçməyə imkan yaradır» [25, s.8].
Əsərin janrının bir növ «Gecə düşüncələri»nin davamı olduğunu bildirən Fikrət Qoca qeyd edir ki, «burada düşüncələr faktlar ətrafındadır. Bu faktları bir-birinə bağlayan gərgin konflikt Rəsul Rza ömrüdür» [25, s.526]. Bu ömür dövrün olayları ilə əlaqədar canlandırılmışdır. Əsərdə Rəsul Rzanın ailəsi, yaşadığı mühit, qarşısına çıxan çətinliklər və onları necə dəf etməsi haqqında aydın təsəvvür almaqla yanaşı müxtəlif mövzularda yazdığı əsərlərinin yaranma tarixi, müxtəlif dillərə edilən tərcümələri, dilin saflığı və yad təsirlərdən qorunması, 1945-1946-cı illərdə «Azərbaycan» jurnalının baş redaktoru kimi fəaliyyəti, kinomatoqrafiya sahəsində, Azərbaycan ensiklopediyasında gördüyü işlər, ona həsr olunmuş kitablar haqqında dəyərli məlumatlar almaq mümkündür. Rəsul Rzaya həsr olunmuş yazıların böyük bir hissəsi onun vəfatından sonra qələmə alınmış xatirələrdir. Məhz bu xatirələri əsərinə daxil etməklə Anar bu böyük şəxsiyyətin dünyagörüşü, xasiyyəti, çevrəsində olan insanlara münasibəti haqqında bilgilər vermişdir.
Cəfər Cabbarlı haqqında yazılan xatirələrdə onun heç bir tənqidə cavab vermədiyi, cavabı yalnız qüvvətli əsərlər yazmaqdan ibarət olduğu qeyd edilirdi. Rəsul Rza da ötən əsrin 40-cı, 50-ci illərində şifahi və yazılı hücumlara məruz qalmışdı. O, vaxtilə yaxın münasibətdə olmuş böyük dramaturq kimi «bu sayaq yazılara ciddi reaksiya vermirdi, çünki nə səbəbə və kimlər tərəfindən fitvalandığını bilirdi. Amma ara-sıra polemik şeirlər və ayrı-ayrı misralarla onların bəzilərini cavabsız da qoymurdu» [25, s.212]. Anar Rəsul Rzaya qarşı olan qərəzli yazılardan ətraflı bəhs edir, yazı müəlliflərinin imzasını göstərməsə də, onlar haqqında aydın təsəvvür yaradır. Müəllif yazır: «Rəsul Rza sağlığında ömür boyu «ədəbi mığmığalar» adlandırdığı nadan, cahil, paxıl və kinli adamcıqların hücumlarına məruz qalıb. Bu «ədəbi mığmığalar» şairin ölümündən sonra da onu sancmaqdan həzz alırlar. Yazıçılıq iddiasına düşmüş, amma bununçün nə istedadı, nə ağlı çatmayan bir qrafoman da uğursusluğunun səbəbini öz iqtidarsızlığında deyil gah Yazıçılar Birliyində, gah da onun rəhbərliyində axtarır» [25, s.511].
Anar ədəbi mühiti ictimai-siyasi hadisələr kontekstində təhlil edir, öz fikir və mülahizələrini bildirir. Əsərdə mühit, şair və insan obrazı uğurla canlandırılmış, həyat həqiqəti əhatəli və dolğun şəkildə əks olunmuşdur. Müəllif hələ 1981-1983-cü illərdə qələmə aldığı «Sizsiz» xatirə-romanında ata-anasının xəstəliyi, vəfatı ilə bağlı keçirdiyi mənəvi sarsıntıları, daxili dünyasının hiss və həyəcanlarını, iç dünyasının hər guşəsini, hər bucağını bütün incəlikləri ilə təsvir etmişdir.
Müasirləri haqqında yazılan xatirələr sırasında yazıçı, ədəbiyyatşünas-alim və pedaqoq Mir Cəlal Paşayevə (1908-1978) həsr olunmuş yazılar bu görkəmli şəxsiyyətin tanınmasında əhəmiyyətlidir. Ailə üzvlərinin, dostlarının, tələbələrinin xatirələrində onun şəxsi keyfiyyətləri xoş rəftarı, səmimiliyi, sadəliyi, təvazökarlığı, nəcibliyi, qayğıkeşliyi, həssaslığı, təmkinliyi, eyni zamanda işdə tələbkar və qanunpərəst olması, dərs demək manerası öz əksini tapmışdır. Qeyd edilməlidir ki, yazıçının əsərlərinin özü həyatdan alınmışdır. Professor Qara Namazov çox haqlı olaraq yazır ki, «o, mövzunu yaşadığı mühitin özündən, gündəlik təmasda olduğu insanlardan, onların həyat və məişətindən almış, onların özlərinə məxsus sadə və aydın bir dildə yazmışdır» [264, s.44].
Mir Cəlal haqqında yazılan məqalələrdə də ara-sıra onunla bağlı xatirələrə toxunulur, o, bir şəxsiyyət, bir insan, bir müəllim kimi səciyyələndirilir. Akademik Ağamusa Axundovun «Zamanın fövqündə» [264, s.241], akademik Fuad Qasımza-dənin «Mir Cəlal Paşayev şərqdə ədəbiyyat və fəlsəfənin, bədii təfəkkürlə fəlsəfi təfəkkürün vəhdəti haqqında» [264, s.299] məqalələri bu baxımdan daha çox diqqət çəkir.
Mir Cəlal Paşayev haqqında xatirələrdə memuar janrının və bu janra aid olan gündəliklərin əhəmiyyəti xüsusilə vurğulanır. Professor Teymur Əhmədov diqqəti bu cəhətə yönəldərək bildirir: «Ömürdən illər keçib. İndi təəssüflənirəm ki, gündəlik yazmamışam. Gündəlik ömrün salnaməsidir. Keçmişi xatırlayanda gündəlik insanın karına gəlir. Onun köməyi ilə hər şeyi yerli-yataqlı yada salırsan. Gündəlik xatirə yazan üçün əvəzsiz mənbədir» [164, s.55].
Görkəmli ədəbiyyatşünas, mətnşünas alim, tənqidçi, əməkdar elm xadimi, professor Abbas Zamanov (1911-1993) haqqında da yazılan xatirələrdə onun portret cizgiləri əks olunmuşdur. O, çox cəsarətli, mərd, sözünü açıq deyən bir insan, həqiqətsevən vətənpərvər idi. Bir şəxsiyyət kimi prinsipial, mübariz, humanist, həmçinin həssas, qayğıkeş, özünə qarşı həddən artıq tələbkar, dostluqda möhkəm, etibarlı və sədaqətli, qətiyyətli, əsl ziyalı, vətəndaş alim Abbas Zamanov tələbələrin yanında gənc müəllimləri ucalda bilirdi, onlara arxa-dayaq olurdu. Tələbələrinə isə sadəlik, əsl insanlıq dərsi keçirdi. «Təmizlik, düzlük, həqiqəti müdafiə etmək, haqqın tərəfini saxlamaq, ağır gündə dosta dayaq olmaq! Abbas müəllimin bu keyfiyyətləri ona bir insan kimi böyük nüfuz qazandırmışdı» [172, s.90].
Azərbaycan ziyalılarının ən gözəl keyfiyyətlərini özündə təcəssüm etdirən Abbas Zamanov dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqə saxlayıb İran, İraq, Türkiyə və başqa ölkələrin kitabxanalarını klassik və çağdaş yazarlarımızın əsərləri ilə, ədəbi jurnal və qəzetlərlə zənginləşdirirdi. O, məktublaşma işinə çox ciddi önəm verirdi. Ona gələn məktubları səliqə ilə yığır, ayrı-ayrı adamlara göndərdiyi məktubların da üzünü köçürüb saxlayırdı. 23 aprel 1958-ci ildə yazdığı bir məktubunun surətini Respublika Əlyazmaları fonduna (indiki Əlyazmalar İnstitutuna) göndərmişdi. Məktub Mehdi Hüseynə ünvanlanmışdı. Məktub bu sətirlərlə başlayır: «Hörmətli H.Mehdi! Səninlə son dəfə görüşərkən Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin martın 4 və 5-də keçirilən plenumunda etdiyin məruzənin bəzi yerlərilə razılaşmadığımı və bu barədə mətbuatda yazacağımı demişdim. Bu mümkün olmadı. Görünür, heç kəs səninlə baş-başa vermək istəmir. Buna görə şəxsi məktubla cavab verməkdən başqa yolum qalmadı. Mən sənə nə şəkildə olursa-olsun cavab verməli idim. Bu cavabı vermədən sakitləşə bilməzdim, çünki mən qapazlandıqca başımı aşağı əyib, növbəti qapazı soyuqqanlıqla gözləyənlərdən deyiləm» [268].
Məktubda Abbas Zamanovun şəxsi keyfiyyətləri mərdliyi, bir şəxsiyyət və bir tənqidçı kimi daxili mədəniyyəti, heç nədən çəkinmədən həqiqəti deməsi açıq-aydın görünür. Öz yazılarında və mühazırələrində Mehdi Hüseyn haqqında nəsrimizin görkəmli nümayəndələrindən biri kimi, əməksevən, öz yaradıcılığına tələbkar yanaşan bir yazıçı kimi danışan məktub müəllifi onu xırda hisslərdən əl çəkməyə çağırır.
Abbas Zamanov haqqında xatirələr kitabına «Abbas Zamanov və müasirləri» adlı müqəddimə yazan akademik İsa Həbibbəyli müasirlərinin konkret bir sənətkar barəsində məqalələr və xatirələrin toplanıb nəşr olunmamasından gileylənir. Həqiqətən, Azərbaycan ədəbiyyatında bu mövzuda əsərlər rus və Avropa ədəbiyyatı ilə müqayisədə yetərincə deyil. Lakin son illər bu sahədə xeyli işlər görülmüşdür. Çox maraqlıdır ki, bədii-publisistik üslubda yazılan nümunələrdə də xatirələr əsas istinad mənbəyi olur. Bu mənada XX yüzil Azərbaycan mətbuatı və ictimai fikir tarixində görkəmli yer tutan, milli jurnalistikamızı idarəetmə və yaradıcılıq istiqamətlərində zənginləşdirən Nəsir İmanquliyevin həyatından, yaradıcı fəaliyyətindən bəhs edən kitab özəlliklə dəyərləndirilməlidir. Kitabın müəllifi «Nəsir müəllimin həyatının və əməllərinin əbədiyyətə qovuşan silinməz izlərini meydana qoya» [99, s.43] bilən ömür tarixçəsindən başlıca məqamları seçıb yazının üslubuna uyğun tərzdə təqdim etməyə müvəffəq olmuşdur. Peşəkar redaktoru yaxından tanıyan, onunla çalışan insanların elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin xatirələri onu həm şəxsiyyət, insanlara qayğı və məhəbbətlə yanaşan sadə, təvazökar, səmimi insan, həm də ləyaqətli ziyalı, ictimai xadim, gözəl tərcüməçi, böyük alim kimi səciyyələndirir. Eldar İskəndərzadənin, Rəşad Məcidin xatirələri öz səmimiliyi ilə diqqət şəkir. Bu xatirələrdə Nəsir İmanquliyevin şəxsi keyfiyyətləri daha aydın canlandırılmışdır. Belə ki, xatirə müəllifləri onunla sıx təmasda olan insanlar olmuşdular. Xatirələrdə həmçinin Nəsir İmanquliyevin həyat və fəaliyyəti haqqında özünün söylədikləri də yer almışdır. Onun keçdiyi mənalı və şərəfli ömür yolu yeni nəsil jurnalistlər üçün əsl məktəbdir. «Nəsir İmanquliyevin davranışları, yüksək ziyalı və pedaqoq mədəniyyəti böyük təsir gücünə malik idi və yeni nəslin ləyaqətli inkişafı üçün sözlə ifadəsi çətin olan imkanlar açırdı» [99, s.133].
Nəsir İmanquliyevin 30 il ərzində rəhbərlik etdiyi «Bakı» və «Baku» axşam qəzetlərinin səhifələrində müxtəlif üslublu yazılarla yanaşı xatirələr də dərc edilirdi. İsmayıl Şıxlının, Mikayıl Abdullayevin Üzeyir Hacıbəyova həsr etdikləri «Dahiyanə sadəlik», «Musiqidən başlanan tanışlıq» xatirələri bu qəbildəndir. Müəllif bu xatirələri kitaba daxil etməklə sözügedən nümunələrin tarixin və şəxsiyyətlərin öyrənilməsində önəmini bir daha nəzərə çatdırmağa nail olmuşdur.
Xatirələr əksər hallarda şeirlə ifadə edilir. Sona Xəyalın xalq şairi Qabilin (1926-2007) ölümündən təsirlənərək qələmə aldığı şeirlərində şairin şəxsi keyfiyyətləri, əsərlərindəki ibrətamiz fikirlərin əsas məğzi, eyni zamanda müəllifin şairə olan səmimi münasibəti incələnir. Bu şeirlər bir növ nekroloq səciyyəlidir. Qabil yaradıcılığı onun mənəvi dünyası ilə sıx bağlıdır. Onun saflığı, sadəliyi bütün yaradıcılığına hopmuşdur. «Qabil sənəti öz mövzüsunu həqiqətən canlı həyatdan, müşahidələrdən, konkret hadisələrdən alan poeziyadır. Xalqın tarixinə, bugününə yaxından bələdlik, sadə adamlarla asanlıqla qaynayıb-qarışmaq istedadı onun şeirinin səmimiyyət qaynağıdır» [130, s.19]. Ömrünün son illərində yazdığı şeirlərinin əksər hissəsi vəsiyyət idi. «Oğlum Mahirlə otuz ildən sonra söhbət», «Çadırlara alışmayın», «Cümə axşamı», «İnanmaq azdır» və digər bu kimi şeirlərində onun həyat, ölüm haqqında fikir və mülahizələri cəmlənmişdir.
Qabil haqqında yazılan xatirələrin əksəriyyəti məqalə şəklindədir. Müəlliflər onunla birgə keçirdikləri günləri, saatları xatırlamaqla yanaşı yaradıcılığına toxunur, əsərlərindən bəhs edir, bir şair kimi ədəbiyyatımızda tutduğu mövqeyi səciyyələndirirlər. Xalq şairi B.Azəroğlunun, f.e.n. M.Sadıqovanın yazıları bu qəbildəndir. Qabilin lirik əsərlərində real həyatın inikasının əsas yer tutmasını bildirən Balaş Azəroğlu yazır: «Şairin həyatda gördüklərini, müşahidə etdiklərini bədii əsər səviyyəsinə qaldırmaq hünəri onun 1946-cı ildə yazdığı «Qara tütün ləkəsi» adlı, bədii cəhətdən çox yetkin və təsirli şeirindən başlayıb sonralar yazdığı şeirlərində, xüsusilə «Səhv düşəndə yerimiz» kimi çox qiymətli və dillərə düşmüş əsərində özünü göstərməkdədir» [130, s.36]. Şairin «Mərsiyə»si isə 1990-cı ilin 20 yanvarında Sovet Ordusunun Bakıda törətdiyi qırğınlarda şəhid olan oğul və qızlarımıza həsr olunmuşdur.
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər,
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər [130, s.126].
Yalnız «Mərsiyə» deyil, digər əsərləri də şairin həyat həqiqətinə sadiqliyini əyani surətdə sübuta yetirir.
Qabil haqqında yazılan xatirələr sırasında şair İsa İsmayılzadənin 1996-cı ildə qələmə aldığı təəssüratları əhatəliyi, genişliyi, dolğunluğu ilə diqqət çəkir. Xatirə müəllifi şairin həm zahiri portretini, həm də daxili aləmini, mənəvi keyfiyyətlərini hərtərəfli işıqlandırmağa nail olmuşdur. Müəllif eyni zamanda Qabil yaradıcılığının incə məqamlarına toxunur, bir sıra şeirlərini incələyir. İsa İsmayılzadə 35 il ərzində tanıdığı, sevdiyi bir insanı öz xatirələri ilə oxuculara tanıtmağa çalışır və buna müvəffəq olur. Professor Tofiq Hacıyev Qabilin xislətindəki nəsimiçiliyi nəzərə çatdıraraq fikrini belə izah edir: «Qabilin mənliyini, vətəndaşlıq xislətini özlüyümdə təhlil edərkən həmişə düşünmüşəm ki, onun məhz Nəsimi haqqında poema yazması təsadüfi deyil. Əgər yaradıcılığına bələdliyə qalsa, hələ poemanı yazmamışkən yəqin ki, Qabil Füzulini daha yaxşı bilərdi. Hesab edirəm ki, Qabili cəlb edən Nəsiminin tarixi iradəsi, məslək döyüşçüsü olması olub. Ölümlə üz-üzə durarkən də Nəsimi qayəsini dəyişmədi, Əli Kərim demişkən, qaşlarını bir vergül qədər çatmadı. Bu xasiyyət Qabilin yaradıcılıq tərcümeyi-halına doğmadır... Qabil deməli olduğu sözü heç vaxt saxlamayıb» [130, s.172]. Xasiyyətindəki düzlük, sözü açıq deməsi, mərdi-mərdanəliyi, əliaçıqlığı, ürəyiyumşaqlığı şair Qabili bir insan kimi səciyyələndirən cəhətlərdir. Xatirə müəllifləri onu dostsevən, qədirbilən, qayğıkeş, həssas, səmimi, sadə bir insan kimi yada salırlar. Ürəyi mərhəmətdən yoğrulmuş bu insan Fikrət Sadıqın sözləri ilə desək, «qılıqlı, mehriban, zarafatcıl, həyat aşiqi idi» [130, s.55]. Qabilin xasiyyətinin heç kəsə bəlli olmayan xüsusiyyətləri Azər Abdullanın, əsl insan, əsl dost, əsl şair, həm də səxavət əhli olması Balasadıqın xatirələrində canlandırılır. Tələbə yoldaşı M.Qocayev Qabillə birgə oxuduğu institut illərinə qiyabi ekskurs edir, tələbəlik illərinin şirin xatirələrini yada salır, onun hələ o dövrdə bilikli, bacarıqlı, istedadlı olduğunu vurğulayır. Oğlu Mahirin xatirələrində şairin yubileyləri ilə bağlı təəssüratları, ölüm və həyat haqqında düşüncələri öz əksini tapmışdır. Xatirələrdə Qabil ata, şəxsiyyət, şair, vətəndaş kimi xarakterizə olunur, həyatının Heydər Əliyevlə bağlı xoş xatirələri işıqlandırılır. Qabil özü xatirələri çox gözəl dəyərləndirirdi.
Xatirələr ömrə bəzək,
İnci-inci, çiçək-çiçək.
Yellər əsər, can üşüyər,
Xatirəsiz qalsa ürək [130, s.146].
Xalq yazıçısı Yusif Səmədoğlu (1935-1998) xatirələr yazmasa da gündəlik qeydlərini edirdi. Onun haqqında tanınmış ədəbiyyat və incəsənət xadimlərinin xatirələri, məqalələri, nekroloqları bu böyük insanın bir şəxsiyyət, bir yazıçı kimi xarakterizə olunmasında müstəsna əhəmiyyətə malikdir. Anar, Vaqif Səmədoğlu, Nəriman Həsənzadə, Tofiq Abdin, Afaq Məsud, Azər Abdulla yazıçı haqqında yazdıqları nekroloqlarda xatirələr yada düşür, aristokrat və ziyalı, büllur kimi pak, qəlbi hər cür həsəddən, kin-küdurətdən xali olan, mərhəmətli, xeyirxah, eyni zamanda cəsarətli, qorxmaz, mehriban, gülərüz, həyatsevər insan göz önündə canlanır. O, öz alicənab təbiətinə, mənəvi zənginliyinə görə digərlərindən fərqlənirdi. Dosta çox etibarlı idi. Gözütoxluq, əsilzadəlik onun xarakterinin əsas cəhətləri idi. Yusif Səmədoğlu «ədəbiyyatda bir şeyi dəqiqləşdirdi: cild-cild yazı yazıb yazıçı olmaq olmaz. Bu dünyada bir Yazıçı, bir Sənətkar kimi qalmaq üçün çox yazmaq şərt deyil, gözəl yazmaq şərtdir» [265, s.22]. Bu sətirlər Tofiq Abdinin Yusif Səmədoğlu haqqında nekroloqundan götürülmüşdür. Kamil Vəliyev isə «Qətl günü» romanının məziyyətlərindən bəhs edərək yazır: «Həyatın və insanın bədii idrakı baxımından «Qətl günü» romanının ədəbiyyatımızda hadisə olması 60-cı illər nəsrinin yüksəlişini əks etdirən yeni bədii nailiyyət kimi oxucuları ürəkdən sevindirdi... Mifik zamanla, hardasa konkret və hardasa mücərrəd qədim zaman, yaxın tarixi keçmişlə müasir həyat üzvi şəkildə bağlanmışdır. Ayrı-ayrı zamanların dəyişməyən həqiqətlərini üzə çıxaran yazıçı insanın mənəvi dəyər meyarını: xeyir və şəri, işıq və zülməti, cəsarət və qorxaqlığı, ədalət və istismarı, gözəllik və eybəcərliyi, həyat və ölümü... canlı lövhələri unudulmaz insan xarakterləri ilə qarşı-qarşıya qoymuşdur. İşığın, xeyrin, cəsarətin tərəfində dayanan yazıçı idealı həyatın gözəlliyini, ölümsüzlüyünü təsdiq edir. Bu təsdiq böyük etiraf və sənətkarın bədii obrazlarla təsdiq etdiyi fəlsəfi düşüncələrinin yekunu kimi ibrətamizdir» [265, s.106].
Yusif Səmədoğluna həsr olunmuş bəzi xatirələrdə əsərləri haqqında mülahizələrə, bəzi məqalələrdə isə yazıçı ilə bağlı xatirələrə toxunulur. Anarın məqalələri xatirə örnəklərinin zənginliyi ilə diqqət çəkir. Xatirələrin əksəriyyətində insan, həyat, ölüm haqqında fikirlər əks olunmuşdur. Yusif Səmədoğlunu klassik ziyalı tipinin mükəmməl, nümunəvi təcəssümü kimi qiymətləndirən Arif Əmrahoğlu XX əsr Azərbaycan nəsrinin parlaq nümunələrindən olan «Qətl günü» romanını yazıçının əbədiliyi adlandırır. Çingiz Abdullayev onu xalqını və torpağını sevən prinsipial şəxsiyyət kimi dəyərləndirir. Yaqut Dilbazinin yaddaşında Yusif Səmədoğlu gözəl görkəmli, zövqlə geyinən, nurani sifətli, yaşamaq-yaratmaq eşqi ilə yaşayan bir insan kimi qalmışdır. Xəlil Rza Ulutürkün tərtib etdiyi gündəlik qeydlərində Yusif Səmədoğlu, «Qətl günü» romanı, romanın müzakirəsi ilə bağlı sətirlər, həmçinin memuaristin özünün yazıçıya, əsərlərinə münasibəti haqqında fikirlər vardır ki, bunlar da xatirələrdə canlandırılmışdır. Son dərəcə yüksək ziyalı mədəniyyətinə və böyük vətənpərvərlik duyğusuna malik, gözəl, nəcib, xeyirxah və səmimi bir insan olması Yusif Səmədoğlunu çoxlarının sevimlisinə çevirən xüsusiyyətlər olmuşdur.
Yazıçı bədii əsər yazarkən «ədəbiyyatın qanunlarına riayət etməli, faktları, hadisələri bədii təxəyyülün süzgəcindən keçirməli, obrazın daxili aləminə sirayət etməli, canlı xarakterlər yaratmalıdır» [67, s.108]. Xatirə müəllifindən isə bunlar heç də tələb olunmur. O, yaşadığı həyatı olduğu kimi, gördüyü kimi, bəzən də arzuladığı kimi təsvir edir. Bədii əsərlərdə həyat həqiqətinin əks olunmasına böyük önəm verən yazıçı Mehdi Hüseyn İsmayıl Şıxlının (1919-1995) ilk əsərlərini oxuduqdan sonra demişdi ki, özünü çətinliyə salma, cəbhə yoldaşlarını yadına sal, necə vuruşduğunu xatırla, təmtəraq axtarmadan, gərgin süjet xətti qurmaq üçün süni yollar seçmədən yazmağa çalış. Belə etsən, yazdığın hekayələr xoşa gələcək. Əgər belə etməsən, bilmədiyin həyatdan yazsan, heç nəyə müvəffəq olmayacaqsan.
Bu sözlər bütün yaradıcılığı boyu İsmayıl Şıxlının devizi olmuşdur. Onun «müharibə mövzusunda yazdığı əsərlərində güclü bir avtobioqrafizm vardır. Bunların hamısında yazıçının özü bu və ya digər dərəcədə bir obraz kimi iştirak edir. «Cəbhə yolları» povestinin süjetində isə müəllifin bioqrafiyası əsas yer tutur» [113]. Yazıçı özü «Cəbhə yolları» əsərində nəzərə çatdırmışdı ki, mən hər gün gördüyüm və başıma gələn işləri dəftərimə qeyd edirdim və çalışırdım ki, heç nəyi artırıb əskiltməyim. Xatirələrində də gündəlik tərtib etdiyini qeyd edən müəllif müharibədən sonrakı dövrün ab-havasını təsvir edərək yazır: «O illərdə yazmağa mövzu çox idi. Amma yazmaq çətin idi. Mənim cəbhədə gördüklərimi qələmə alsan qurtaran deyildi. Davaya gedəndən qayıdana qədər odun-alovun, palçığın-hisin içində gündəliklər yazmışdım. Onun hər səhifəsindən, hər epizodundan bir əsər yazmaq olardı» [232, s.89].
İsmayıl Şıxlının tərcümeyi-halı Nahid Hacızadənin onun haqqında yazdığı xatirələrdə [103] özünə yer almışdır. Müəllif əsərinə İsmayıl Şıxlının özünün Səməd Vurğun, Mehdi Hüseyn, Böyükağa Qasımzadə haqqında yazdığı xatirələri də daxil etmişdir. Bunlardan bəziləri Nahid Hacızadənin özünün oxuduğu, bəziləri isə yazıçının ona şifahi danışdığı xatirələrdir. Xatirələrin əksəriyyəti müəllifin şahidi və iştirakçısı olduğu hadisələr əsasında qələmə alınmışdır. İsmayıl Şıxlı haqqında söylənənləri daha əhatəli, daha dolğun təqdim etmək üçün Nahid Hacızadə yazıçı Afaq Məsudun İsmayıl Şıxlı haqqında mətbuatda dərc olunan xatirələrindən, Mehdi Hüseynin «Azərbaycan» jurnalında nəşr olunan açıq məktubundan da yararlanmışdır. İsmayıl Şıxlının dünyagörüşü, şəxsi keyfiyyətləri, tanıdığı, ünsiyyətdə olduğu insanlar haqqında fikir və düşüncələri xatirələrin əsas məğzini təşkil edir. Yazıçının bir sənətkar kimi, bir şəxsiyyət kimi təkrarsız olması, yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamlaması onu tanıyanların yaddaşında həmişəlik həkk olunmuşdu. Qeyd olunmalıdır ki, yazıçılar, sənət adamları haqqında belə xatirələr tanınmış insanların görünməyən tərəflərini, xarakterini, mənəvi keyfiyyətlərini aydınlaşdırmaqda faydalı və önəmlidir.
Ədəbiyyatşünas Məsud Əlioğlu insan, mühit və həyat hadisələrini şərh edərək çox haqlı olaraq belə nəticəyə gəlir ki, «ictimai həyatın keşməkeşləri və dövranın təzadlı halları aqil və arif insanın nəzərində bir ibrət səhnəsidir. Həyat hadisələrinə fəal müdaxilə etdikcə, insan məhkumluğun, çarəsizliyin və məhdudiyyətin doğurduğu əzablardan qurtuluş yolu tapır. Acizlik və miskinlik kimi ötəri-zəif hallar insan təbiətini tərk edir. Ağılla qəlbin vəhdətindən doğan hərarət naqis əməlləri, riyakar məqsədləri və murdar ehtirasları əridib yoxa çıxaracaqdır. Yaxşılıq, doğruluq və ədalət kimi ülvi keyfiyyətlər bu dünyaya insanla birlikdə, insan əməlində və insan arzularında gəlmişdir. İnsan yaxşılıq sözündə daha qüvvətlidir. İnsan gözəllik sözündə daha cazibəlidir. İnsan məhəbbət sözündə daha mənalıdır. Yaxşılığı bacarmaq istəyi dünyanı çirkinlikdən xilas edəcəkdir» [77, s.53].
İnsan yaşa dolduqca bir tərəfdən xatirələr ona daha əziz və şirin görünür, digər tərəfdən sevə-sevə oxunan əsərlərin müəlliflərinin həyatı, xasiyyəti, arzuları ilə tanışlıq ədəbiyyat və mədəniyyətimizin tarixi ilə məşğul olan araşdırıcılar üçün dəyərli qaynaqdır. Xatirələrin əhəmiyyətini nəzərə çatdıran Mir Mehdi Seyidzadə qeyd edir ki, «son illər təbii bir hiss məni narahat edirdi. Bu hiss şahidi olduğum ədəbi hadisələr, müşahidə etdiyim görkəmli şəxsiyyətlərin həyatı haqqında xatirələrimi qələmə almağa məni həvəsləndirdi» [217, s.20]. Bu həvəs Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Nazim Hikmət, Səməd Vurğun, Mikayıl Müşfiq, Yusif Məmmədəliyev, Mehdi Hüseyn və başqaları haqqında xatirələrin yazılmasına şərait yaratmışdır.
Xatirələr nəinki ənənəvi memuar hekayələrində, eləcə də son dərəcə müxtəlif digər uyğun yazılarda, həmçinin müəyyən dövr xatirələrinin real çoxluğunda mövcuddur. Elə insanlar arasında ikitərəfli əlaqələri həyata keçirən şəxsi yazışmalarda bunlar çox vaxt məktub müəllifinin müasir dövrdə marağa səbəb ola bilən məlum keçmiş hadisələr haqqında hekayəsinə çevrilir. Memuar mətnlərini xidməti təyinatlı rəsmi sənədlərdə, nekroloqlarda, tənqidi məqalələrdə, oçerklərdə, müsahibələrdə asanlıqla tapmaq olar. Jurnalist Tofiq Abdinin tanınmış sənətkarlar: Hökumə Qurbanova, Ələddin Abbasov, Azərbaycanda ilk caz ifaçılarından olan Pərviz Rüstəmbəyov, qırx beş il xorda oxuyan müğənni Leyla Hüseynova, Azərbaycanda ilk orqançalan qadın Zəhra Cəfərova və xarici sənətkarlar haqqında yazdığı oçerklərinin bir çoxunun əsasını müxtəlif xatirə nümunələri təşkil edir. Məsələn, P.Rüstəmbəyov haqqında yazıda [3, s.37] («Hər şey yaxşı olacaq») müəllif onun yaxınlarının anası Münəvvər xalanın, bacısı Fəridə xanımın, vaxtilə onunla əməkdaşlıq etmiş bəstəkarların, ifaçıların Tofiq Quliyevin, İsmayıl Kələntərovun xatirələrindən istifadə etmişdir. «Cahandar ağa və Ələddin Abbasov» oçerkində [3, s.21] isə müəllifin aktyorla müsahibəsi verilir. Bu müsahibə əsnasında xatirələr çözələnir, aktyor Cahandar ağa roluna, eləcə də müxtəlif filmlərdə necə çəkilməyindən, sənət dostları haqqında xatirələrindən bəhs edir.
Nəzərə çatdırmaq lazımdır ki, aktyorlar, teatr xadimləri haqqında yazılan əsərlərdə xatirələrə geniş yer verilir. Bu da sənədli nəsrin mütəxəssislər, eləcə də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanması ilə əlaqədardır. Görkəmli teatr və kino xadimi, xalq artisti Rafiq Əzimova həsr olunmuş kitab [205] belə nümunələrdəndir. Aktyorun keçdiyi sənət yolunu izləyən müəllif kitabda xatirələrə geniş yer ayırmışdır. Tanınmış mədəniyyət və incəsənət xadimlərinin Mərahim Fərzəlibəyov, Ağakişi Kazımov, Kamal Xudaverdiyev, Yaşar Nuri, Aqşin Babayev və başqalarının xatirələrində Rafiq Əzimov səmimi, qayğıkeş və təmkinli insan, gözəl ailə başçısı, öz işinə ciddi və dəqiq yanaşan aktyor kimi səciyyələndirilir. Mətbuat səhifələrində dərc olunan nümunələr, müsahibələr aktyorun həyatına və səhnə fəaliyyətinə ayrıca rəng əlavə edir. Rafiq Əzimovun «Yeddi oğul istərəm» filmi ilə bağlı xatirələri isə bu filmin ekran taleyi ilə əlaqədar bir çox maraqlı və yaddaqalan anları canlandırır.
Elə yaradıcı insanlar var ki, onların ömür yolu qısa olmuş və bu səbəbdən xatirələr yazmağa macal tapmamışlar. Lakin onların yaradıcılığına nəzər yetirdikdə memuar əlamətlərini sezmək olar. Şair Əli Kərim (1931-1969) məhz bu sıradandır. Onun şeirlərində tərcümeyi-hal örnəkləri üstünlük təşkil edir. Şairin «Fraqmentlər», «Atamın xatirəsi», «Qış günündə», «Vəsiyyət» və s. əsərləri bu qəbildəndir. Atasının xatirəsinə həsr etdiyi şeirdə avtobioqrafizm özünü daha qabarıq biruzə verir.
O, sərt idi. Səhər dərsə tələsəndə mən
Bildirməzdi yolda durub boylandığını.
Bircə dəfə söz açmazdı qəlbindəkindən,
Söyləməzdi övlad üçün çox yandığını.
Gizli-gizli məni süzüb gülərdi bəzən,
Durub-durub güc gələrdi əyri qəlyana.
Övladına bircə dəfə «can» söyləməkdən
Övlad üçün can verməyi asandı ona.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı [76, s.29].
Tərcümeyi-hal örnəkləri ilə yanaşı Əli Kərimin demək olar ki, bütün əsərlərində müəllif şəxsiyyəti ön plandadır. Əsərlərində hiss və həyəcanları, həyata və insanlara baxışı, dünyagörüşü, bir sözlə mənəvi dünyası əks olunmuşdur. Yaradıcı insanlar ölmürlər, onlar yalnız dünyasını dəyişir. Çünki onların yaratdığı xalqa qalır. Xalq varsa, yaşayırsa, yaradıcı insanlar da yaşayır. Onlar haqqında yazılan xatirələrdə daxili dünyaları bütün incəlikləri ilə açıqlanır, oxuculara məlum olmayan şəxsi keyfiyyətləri bütün çalarları ilə təsvir olunur. Bu baxımdan publisist Feyzi Mustafayevin Əli Kərim haqqında xatirələri xeyli maraq doğurur. Məzmun və formasına görə diqqət çəkən xatirələr müxtəlif illərdə qələmə alınmışdır. Müəllifin fikrincə, hər şeyi öyrənib bitirdikdən sonra əsəri yazmaq süniliyə gətirib çıxarardı. Xatirələrdə Əli Kərimin mənəvi keyfiyyətləri bütün çalarları ilə öz əksini tapmışdır. O, təvazökar, daxilən qürurlu, sadə, sakit təbiətli, saf bir insan idi. Sevdiyi şairlərin gözəl misralarını yadda saxlamağa çalışardı, hamının bu misraları eşitməsini istərdi. Xatirələrdə memuaristin lirik düşüncələri, şairin yaradıcılığı haqqında fikirləri, uzun illər keçdikdən sonra duyduqları və hiss etdikləri özünə yer almışdır. O, Əli Kərim şeirlərini təhlil edir, onlara bu günün nöqteyi-nəzəri ilə baxır, şairin əsərlərində həyat həqiqətinin əks olunduğunu vurğulayır.
Xatirə yazanın əsəblərinin möhkəm olmasını qeyd edən Feyzi Mustafayev haqlı olaraq bildirir ki, «adam çox yerdə qələmi yerə qoyub kədərə təslim olur. Adam çox yerdə öz-özünə deyir: «Yox, bacarmıram, danışa bilmirəm. Yaza bilmirəm» [171, s.11]. Bu, həqiqətən də belədir. Xatirə yazarların əksəriyyəti, xüsusilə haqqında danışılan şəxslə yaxın münasibətdə olanlar bu hissləri keçirirlər. Əli Kərim haqqında yazmağa müəllifə haqq verən, özünün qeyd etdiyi kimi, onunla yaxından tanışlığı yox, ona olan məhəbbətidir. Xatirələrin hər sətrində Əli Kərim şəxsiyyətinə, Əli Kərim poeziyasına məhəbbət duyulur. Xatirələr əvvəldən sona qədər səmimiyyətdən yoğrulmuşdur. Bu səmimiyyət, bu məhəbbət oxucunun da qəlbinə hakim kəsilir. Çox maraqlıdır ki, Feyzi Mustafayev Əli Kərimlə tanış olduğu üç ildə həyatına aid hər bir məsələni bildiyini zənn edirdi. Lakin Əli Kərimin ömür-gün yoldaşı ilə etdiyi söhbətlər zənnində yanıldığını göstərir. Bununla belə, müəllifin söylədikləri Əli Kərimi müxtəlif yönlərdən tanımaqda çox dəyərli məlumatlar verir. Şairlə bağlı günlərinə, görüşlərinə görə həyatını qiymətli hesab edən müəllif onun danışıqlarını, sözlərini olduğu kimi xatirələrinə daxil etmişdir. Bu söhbətlər həm memuaristin özünün eşitdiyi, həm də Əli Kərimlə ünsiyyətdə olan, onu müşahidə edən insanların dilindən alınmışdır. Onunla bağlı əhvalatlardan birini nəzərə çatdırmaq maraqlı olardı: «Bir dəfə Yazıçılar İttifaqının katiblərindən biri Əli Kərimi yanına çağırıb deyir:
Əli, bala, sənə Montin qəsəbəsində ev vermək istəyirik. Oraya avtobus da işləyir, tramvay da, trolleybus da. Səninçün yaxşı olar, razısanmı?
Əli Kərim deyir:
Ona qalsa, Moskvaya da təyyarə işləyir.
Yaxşı, get, başa düşdüm» [171, s.46].
Müxtəlif illərdə qələmə alınmasının nəticəsi olaraq xatirələrdə bir qədər pərakəndəlik hiss olunsa da əsərin məziyyətlərinə xələl gətirməmişdir.Müəllif vaxtilə Əli Kərimdən ayrılan kimi onunla görüşü barədə qeydlər aparırdı. Məhz bu qeydlər sonrakı illərdə xatirələrin yazılmasında əsas istinad mənbəyi olmuşdur. Bununla belə, memuarist əsəri yazarkən əsasən yaddaşına güvənmişdir. O çalışmışdır ki, Əli Kərimin söhbətlərini, hərəkətlərini dəqiqliklə versin. Bu söhbətlər memuaristin həm şahidi olduqlarından, həm də Əli Kərimin yaxınlarından eşitdiklərindən qaynaqlanmışdı. Xatirə müəllifi əsərə şairin yaxın qohumları, dostları ilə müsahibələrini daxil etmişdir ki, bunlar da Əli Kərim həyatının yaddaqalan, önəmli, sevincli-kədərli məqamlarını işıqlandırmaqda önəmli mənbələrdir. Müsahibələr Əli Kərimi bir şəxsiyyət, bir insan, bir ata, bir həyat yoldaşı, bir qardaş kimi tanıtdırır. Şairin bacısına, həyat yoldaşına yazdığı məktublar da bu cəhətdən diqqət çəkir. Yaxın dostu Altay Məmmədovun Rəsul Rzaya ünvanladığı məktub isə əvvəldən sona qədər Əli Kərim haqqındadır. Məktubda müəllifin Əli Kərimi xalqının oğlu kimi sevməsi və onun bir dost kimi qayğısına qalması göstərilmişdir.
Feyzi Mustafayev xatirələri yazarkən Əli Kərimin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivindəki şəxsi fond sənədlərindən də yararlanmışdır. O, sənədlərin əksəriyyəti haqqında məlumat vermiş, məktublardan, yarımçıq qalmış əsərlərindən nümunələr gətirmiş, şairə verilən hədiyyə-kitablardakı avtoqrafları nəzərə çatdırmış, tanınmış insanların onun yaradıcılığı haqqında qiymətli fikirləri yazıya almışdır. Əli Kərimin əlyazmaları arasında nəşr olunmamış avtobioqrafik səciyyəli əsərləri vardır. Feyzi Mustafayev yazır: «O, «Xatirələr» adlı əsərini «Həyat səhifəsi» adlandırıb. Yazı doğrudan da həyat səhifəsidir. Bilmirəm o bilərəkdən hər şeyi açıq yazıb, yaxud fikirləşib ki, adları dəyişməklə yazıya sünilik gətirər. Burada Əli vaxtilə sevdiyi qızla yol getməyin sevincini, bu işdə dostlarının ona necə kömək göstərmələrini təsvir edir. Hər şeyi necə olubsa, elə də yazıb. Başqaları üçün bu hekayədir, amma Əlini tanıyanlar üçün isə onun özünün məhəbbət tərcümeyi-halı» [171, s.117].
Diqqətəlayiq haldır ki, Əli Kərim görkəmli adamların gündəliklərini, onların həyatına aid kitabları daha çox oxuyardı. Görünür, şair həyat həqiqətini doğru-dürüst əks etdirən bu kimi əsərlərin önəmini dəyərləndirirdi. Əli Kərim haqqında yazılan xatirələr də bu baxımdan çox qiymətlidir. Xatirələr həm Əli Kərimin mənəvi dünyasını, həm də yaradıcılığının ayrı-ayrı məqamlarını öyrənməkdə əvəzsiz mənbədir.
Yazıçı Hüseyn Abbaszadənin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndələri Səməd Vurğun, Rəsul Rza, Məmməd Arif, Mikayıl Rəfili, Cəfər Cəfərov, Üzeyir Hacıbəyov, Qara Qarayev, Mehdi Məmmədov, Adil İsgəndərov, Səttar Bəhlulzadə və başqaları haqqında yazdığı xatirələr kitabı ilə bağlı akademik Bəkir Nəbiyev sözügedən insanların dövrünü və mühitini, ictimai fəaliyyətini və yaradıcılığını, xarakterini öyrənməkdə xatirələrin əvəzsiz vasitə olduğunu göstərərək yazır: «... həcmindən asılı olmayaraq, hər bir xatirə görkəmli simaların həyat yoluna, maraq dairəsinə, psixologiyasına, obrazlar aləminə məhz xatirə müəllifi tərəfindən açılan kiçik bir pəncərədir. Bütün bu deyilənlər müəllifin həmin pəncərədən baxdığı bucaq altında görünür. Bəlkə də elə buna görə hər bir xatirə yazandan sənəd-sübut tələb etməyə oxucunun mənəvi haqqı yoxdur. Lakin səmimi, bədii yazılmış ən yaxşı bir xatirə müəyyən məqamda həm də mətbuatda dərc olunmuş məktublaşmalarda öz əksini tapmış, yaxud rəsmi sənədlərdə təsbit olunmuş konkret faktlara da əsaslanırsa, bu həmin xatirənin məna və əhəmiyyətini, ilk növbədə mötəbərlik dərəcəsini, şübhəsiz ki, xeyli artırır» [185].
Qeyd edildiyi kimi, xatirələrdə əsas yeri yaddaş tutur. Əgər hər hansı bir danışıq həmin dəqiqə kağıza köçürülmürsə, illər keçdikcə onun hərfi konkretliyi tam dəqiqliyi ilə yadda qala bilməz. Xarici aləmin heç bir hadisəsi memuaristə bütün dəqiqliyi ilə məlum ola bilməz. O, həmin hadisələri yalnız duya bilər. Buna görə də bəzi müəlliflər özlərinin avtobioqrafik və memuar əsərlərində bu təsir altına düşürlər. «Tarix kimi xatirə də həqiqətin işığıdır, buna görə xatirə müəllifi hadisələri mümkün qədər dəqiqliyi və təfərrüatı ilə bərpa etməlidir» [101]. Bu mənada gündəliklərin əhəmiyyəti əvəzsizdir.
XX yüzil Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Xəlil Rza Ulutürk (1932-1994) 1962-ci ildən ömrünün sonunadək gündəlik tərtib etmişdir. O, bu işin əhəmiyyətini vurğulayaraq yazırdı ki, «gündəlik ürəyimin tərcümeyi-halıdır. Buna görə də hər kəsin, xüsusilə də, işi-peşəsi xalqın taleyi ilə bağlı olan adamların gündəlik yazması, zənnimcə, bir işdir. Amma düz yazasan. Düz də yazmaq həmişə olmur. Hər halda buna mümkün qədər səy etmək lazımdır» [79]. Xəlil Rza 300 cilddən artıq gündəliyin müəllifidir. Bunlar onun elmi-tarixi memuarları kimi dəyərləndirilir. «Elmi-tarixi memuar janrı XX əsr Azərbaycan ədəbi-ictimai fikrində Xəlil Rza Ulutürkün adı ilə bağlıdır. Onun memuarlarında XX əsrin 60-90-cı illər ədəbi prosesi, mübahisələr, müzakirələr və problemləri ictimai-siyasi şəraitlə birlikdə yaşamaqdadır» [79].
Sənət adamları öz gündəlik, tərcümeyi-hal və xatirələrini çox zaman özünəməxsus şəkildə ifadə edirlər. Rəssam Səttar Bəhlulzadənin (1909-1974) gündəlik qeydləri buna misal ola bilər. İlk öncə qeyd edək ki, gündəliyində özünün və başqaları haqqında xatirələri vardır. Burada sənət və sənətkar haqqında maraqlı mülahizələr yürüdülür. Gündəlik rəngli qələmlərlə yazılmışdır. Səhifə qara qələmlə yazılmışdırsa, deməli rəssamın qanı qaradır. Qırmızı qələmlə yazılmışdırsa, deməli sənətkar yeni əsərlər meydana gətirmək əzmindədir. Yaşıl qələmlə yazılmışsa, demək o, təbiət təsvirləri yaratmaq eşqilə yaşayır. Gündəliyin əksər səhifəsində rənglər harmonik şəkildə qarşılaşır. Burada Səttar Bəhlulzadə gələcəkdə yaradacağı rəsmlərin eskizini də çəkmişdir.
Mədəniyyətimizin daha bir görkəmli nümayəndəsi, tarzən, əməkdar müəllim, əməkdar incəsənət xadimi Əhməd Bakıxanov haqqında tanınmış ədəbiyyat və incəsənət xadimlərindən Mirzə İbrahimov, Əkrəm Cəfər, Arif Məlikov, İlyas Tapdıq, Əfrasiyab Bədəlbəyli, Süleyman Ələsgərov, Zeynəb Xanlarova və digərlərinin yazdıqları xatirələrdə bu görkəmli sənətkarın xeyirxahlığı, ürəkaçıqlığı kimi şəxsi keyfiyyətləri ilə yanaşı Azərbaycan musiqi sənətinin inkişafında, muğamların, xalq havalarının təbliğ olunmasında, musiqi kadrlarının yetişdirilməsində göstərdiyi müstəsna xidmətləri işıqlandırılmışdır. «Nadir istedada, gözəl yaddaşa, virtuoz ifaçılıq məharətinə malik olan Əhməd Bakıxanov Azərbaycan klassik musiqisinin çoxəsrli irsinə əsl yaradıcı münasibət bəsləmiş, ömrünün 60 ilindən çoxunu xalq sənətimizin şifahi ənənələrini yaşatmağa və öyrənilməsinə həsr etmişdir» [222, s.11]. Bütün bu cəhətlər haqqında yazılan xatirələrdə əhatəli şəkildə əks olunmuşdur.
Başqaları haqqında yazılan xatirələr silsiləsində görkəmli füzulişünas-alim, qəzəlxan-şair Hacı Mail haqqında [5] qələmə alınan ürək sözləri də öz səmimiliyinə, məzmun və dəyərinə görə diqqət çəkən nümunələrdən sayıla bilər. Azərbaycanın görkəmli ziyalılarının, şairlərinin, sənətçilərinin, din xadimlərinin, dostlarının, qohumlarının, tələbələrinin, iş yoldaşlarının xatirələrində bu gözəl insanın alimliyindən, şairliyindən, saflığından, nəcibliyindən, dostluğundan, xeyirxahlığından ürəkdolusu söhbət açılır. Kitabın tərtibçisinin hal-hazırda həyatda olmayan, lakin vaxtı ilə ayrı-ayrılıqda görüşdüyü tanınmış insanlarla Hacı Mail haqqında etdiyi söhbətlər xoş və təkrarsız xatirələrin yaranmasına gətirib çıxarmışdır. Kitabın bir özəlliyi də ondan ibarətdir ki, müəllif Hacı Mailin dilindən çıxan kəlamları və zarafatları, «Divan»ından bəzi nümunələri, söylədiyi rəvayət və hekayətləri, dostlarına etdiyi ithafları əsərə daxil etmişdir. Xatirələrdə Hacı Mail bir şəxsiyyət kimi hərtərəfli canlandırılmışdır.
Görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənilməsində müsahibələrin mühüm əhəmiyyətə malik olduğu daha öncə söylənilmişdir. Görkəmli ədəbiyyatşünas-alim Abbas Zamanovun müsahibəsində [266] onun ağrılı-acılı uşaqlıq illəri, Böyük Vətən müharibəsi cəbhələrində keçirdiyi illər, müharibədən sonra təhsili və yaradıcılıq fəaliyyəti, həyatının ən çətin dövrləri qələmə alınmışdır. Müsahibədə həmçinin bu böyük şəxsiyyətin bir insan, bir alim kimi dünyagörüşü, arzu və istəkləri öz əksini tapmışdır. «Xalq qəzeti»nin müxbiri Əlipənah Bayramovun bu müsahibəsi qəzetin 1992-ci il 6 noyabr sayında dərc edilmişdir. Müsahibəni Abbas Zamanovun ömür yolunun yığcam xatirəsi adlandırsaq bəlkə də yanılmarıq.
Çox vaxt müsahibələrdə xatirələr yada düşür, görkəmli simaların həyat və fəaliyyətlərindəki maraqlı faktlar xatırlanır. Belə müsahibələrdən biri də Azər Turanın 2004-cü il yanvar ayının 9-da Turan Cavidlə apardığı söhbətdir. Bu «Son müsahibə»də [226, s.114] Hüseyn Cavid, Müşkinaz xanım, Ərtoğrul haqqında maraqlı məlumatlar verilir, dəyərli fikirlər söylənilir. Görkəmli müğənnilər haqqında bədii-publisistik yazıların müəllifi yazıçı Mustafa Çəmənlinin isə musiqişünas Vəli Məmmədovla apardığı müsahibəsində [51, s.88] ustad xanəndə Xan Şuşinski yada düşür. Nəzərə çatdırmaq lazımdır ki, Mustafa Çəmənli «Nəğməli xatirələr» [52] kitabında xanəndə Əbülfət Əliyevin sənət və ömür yolundan bəhs edərkən də müsahibələrdən yararlanmışdır. Əbülfət Əliyev Şuşa torpağında dünyaya göz açmışdır. Şuşanı daha dolğun təsvir etmək məqsədilə yazıçı bu diyarın layiqli yetirməsi Yusif Vəzir Çəmənzəminlinin xatirələrindən nümunələr gətirmişdir. Əsərdə Qarabağın toy adətlərindən, Əbülfət Əliyevin on altı yaşından başlayaraq Qarabağın toylarında çalıb-oxumasından, ölkədə və xaricdə verdiyi uğurlu konsertlərdən, bu səfərlərlə əlaqədar xatirələrindən, həmçinin dövrün gözəl ifaçılarından, böyük şəxsiyyətlərindən Xan Şuşinski, Bülbül, Seyid Şuşinski və başqalarından söhbət açılır. Müəllif əsərdə Əbülfət Əliyevin bacısı Məhbubə xanımın, bəstəkar Süleyman Ələsgərovun dediklərindən, dostların, tanışların, tanınmış musiqiçilərin, sənət dostlarının söhbətlərindən, xanəndənin arxivindəki sənədlərdən, dövri mətbuatda dərc etdirdiyi məqalələrindən, lent yazısına yazılmış, muğamatla, xanəndəlik sənətilə bağlı fikirlərindən, ömrünün müxtəlif çağlarının qəzetlərdə əks olunan fraqmentlərindən istifadə etmişdir. Qəzet səhifələrində, həmçinin bu muğam ustası haqqında xatirələr, onun ifaçılıq sənəti haqqında gözəl fikirlər özünə yer almışdır. Qarabağ musiqi məktəbinin yetirməsi olan Əbülfət Əliyevin şəxsi həyatı ilə bağlı sətirlər onun həyatının hamıya məlum olmayan tərəflərini aydınlaşdırır, eyni zamanda naməlum olduğuna görə də maraq doğurur. Ömrünün son günlərində xanəndə ilə kitabın müəllifinin müsahibəsi onun sənətə baxışını, sənətkara münasibətini, muğam haqqında fikirlərini işıqlandırmaqda yardımçı olmuşdur.
Məhz müsahibələrinin birində xalq yazıçısı İlyas Əfəndiyev (1914-1996) xatirə yazmağın faydası barədə bunları söyləmişdir: «... hər bir sənətkarın xatirələri bir tərəfdən yaradıcılıq laboratoriyasına nüfuz etmək üçün tədqiqatçılar və sıravi oxuculardan ötrü çox mühüm mənbədir. Digər tərəfdən də qələm sahibinin tərcümeyi-halının, konkret bir dövrün ədəbi-mədəni həyatının və mühitin naməhrəm diqqətindən kənarda qalan tərəflərinin bərpası və öyrənilməsi baxımından əvəzsiz sənəddir» [78, s.66].
İlyas Əfəndiyevin özünün iri həcmli memuar əsəri olmasa da ayrı-ayrı şəxsiyyətlər haqqında xatirələri vardır. Bu xatirələrdə müəllifin haqqında danışdığı şəxslə şəxsi münasibətlərindən savayı həmin insanın ədəbiyyata, elmə, incəsənətə olan münasibəti incə çalarlarla vurğulanır, onun sənət aləmində mövqeyi, maraqlı fikirləri açıqlanır. Yazıçı Elçin yazır: «İlyas Əfəndiyev 80-ci illərin sonlarından etibarən mənim xahişimlə bir sıra xatirələr yazdı və elə bilirəm ki, o xatirə-esselərin onun yaradıcılığında xüsusi yeri var. Ona görə «mənim xahişimlə» deyirəm ki, İlyas Əfəndiyev ömrünün sonuncu günlərinə qədər daima yeni mövzular üzərində işləyirdi və onun xatirələr yazmağa, sadəcə olaraq, vaxtı yox idi. Bir də ki. xatirələr yazmağa o, bir az «yaradıcılıq sonu» kimi baxırdı və onun daim işləyən bədii təfəkkürü, bədii fantaziyalar aləmi belə bir «yaradıcılıq sonu»nu heç vəcdlə yaxına buraxmırdı» [61, s.12].
Elçinin memuar janrında yazdığı əsərlərinə gəldikdə isə qeyd olunmalıdır ki, onun esseləri [62] xatirə örnəkləri ilə zəngindir. Bunlar həm dünyasını dəyişmiş insanlar Cəlil bəy Bağdadbəyov, Abbas Zamanov, Aydın Məmmədov, Araz Dadaşzadə, həm də həyatda olanlar Anar, Əkrəm Əylisli, Polad Bülbüloğlu haqqında dost sözləridir. Memuarist Aydın Məmmədov haqqında yazılarına başqalarının xatirələrini də daxil etmişdir. Anarın 60 illik yubileyi ilə əlaqədar təbriklər müəllifin özünün də gözləmədiyi halda və özünün sözlərinə görə xatirəvari olur. Lakin bütün bunlara rəğmən yazını qeyd-şərtsiz memuar janrına aid etmək olar. Elçinin ədəbiyyatla bağlı bir çox yazıları, eləcə də gündəlik tipli ədəbi qeydləri isə özünün «Ədəbi düşüncələr»ində toplanmışdır. Fikir və mülahizələrdə bəzən yazıçının özünə qarşı tənqidi münasibətini görmək olur. («Ordubadi kimdir?»). Qeydlərin əksəriyyətində xatirələr çözələnir, dövrün tanınmış şəxsiyyətləri ilə görüşlər yada düşür. («Təəssüf»). «Mərdlik (Cəfər Cəfərovla son görüş)» adlandırdığı yazı isə görkəmli teatr tənqidçisi haqqında ağrılı-acılı xatirələrdir. Bütün hallarda qeydlərdə müəllif şəxsiyyəti ön plandadır, çünki bu qeydlər Elçinin özünün və çevrəsində olan insanların yaşantılarıdır. Qeydlər müəllifin həyata, dünyaya baxışını, geniş dünyagörüşünü, maraq dairəsini öyrənmək baxımından önəmlidir. «Ədəbi düşüncələr»ində Elçin yazır: «İnsan yaşlaşdıqca (hər halda, şəkk-şübhə yoxdur ki, məndə elə belədir) illər onu elə bil ki, qatara mindirib bədii ədəbiyyatdan sənədli ədəbiyyata doğru aparır» [62, s.527]. Elə «Ədəbi düşüncələr» də bu ab-havanın təsiri ilə meydana gəlmişdir. Əsərdə yazıçının düşüncələri, rastlaşdığı olaylar, ona təsir edən epizodlar, oxuduğu kitablar haqqında təəssüratlar öz əksini tapmışdır.
Eyni fikirləri yazıçı Anarın «Gecə düşüncələri» haqqında da demək olar. Əsərdən bir-iki nümunə gətirməklə bunu əyani şəkildə aydınlaşdıra bilərik. Anar yazır: «Özümü ona görə güclü hiss edirəm ki, başımın üstündə iki böyük qüdrət var: Allah və Vaxt. Daha doğrusu, tək bir varlıq: Allah, çünki Vaxt da elə Allahın səbridir. Allah: Tələsik nəticələr çıxarmayın, darıxmayın, səbriniz olsun, deyir. Zaman hər şeyi yerbəyer edəcək. Hər şey vaxtında həqiqi və ədalətli qiymətini alacaq. Vaxt səbr deməkdir. Səbr vaxtın ölçüsüdür. Tarix də Allahın səbridir» [24, s.579]. Digər bir fikir: «Qocalıqla gəncliyin bir təfavütü də ondadır ki, gənclikdə dost qazanırsan, qocalıqda itirirsən. Bəzi dostlarımızı əlimizdən ölüm alır, bəzilərini həyat» [24, s.655]. Ölümün ayırdığı insanlardan biri də yazıçı Ənvər Məmmədxanlı olmuşdur. Anarın «Həyatım ağrıyır» povest-xatirəsi bu gözəl insana həsr olunmuşdur. «Həyatım ağrıyır» Ənvər Məmmədxanlının ifadəsidir. Anar yazıçının əsərləri ilə həyat yolunu müqayisəli şəkildə təhlil edir. Ənvər Məmmədxanlı ilk gənclik illərindən ömrünün sonuna qədər mütəmadi olaraq gündəliklər aparırdı. «Qəlpələr» adlanan bu gündəliklər onun daxili aləminin, daxili həyatının mütaliəsindən, müşahidələrindən, fikirlərindən doğan dəruni, gizlin ömrünün aynası idi» [24, s.302]. Yazıçının yaradıcılığında avtobioqrafik ünsürlər əksəriyyət təşkil edir.
Anarın «Anılar, ağrılar, ağılar» silsiləsində cəmləşdirdiyi, dostları, qohumları, sənət yoldaşları, yaxınları haqqında xatirələrində müxtəlif dönəmlərin siyasi mənzərəsi, tanınmış insanların həyat yolu, ən əsası bu böyük yazıçının Anarın insanlara, həyata baxışı, ömür yolunun ayrı-ayrı məqamları göz önündə canlanır. Sözügedən xatirələr Qara Qarayev, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Araz Dadaşzadə, dostlar, tanışlar haqqında nekroloqlar, 20 yanvar şəhidlərinin, Tofiq İsmayılovun, Vəli Məmmədovun və başqalarının xatirəsinə həsr olunmuş yazılardır. Bu yazılar arasında ümummilli lider Heydər Əliyev haqqında xatirələr öz mündəricəsi, səmimiyyəti etibarı ilə daha çox diqqət çəkir. Anar yazır: «Saysız-hesabsız toplantılarda, yubileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, mərhəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayıdarkən təyyarədə ta Romadan Bakıyacan üç saatdan artıq ikilikdə danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm» [24, s.417].
Müəllif Heydər Əliyev fenomeni haqqında düşüncələrini, uzun illər müşahidə etdiklərini, hafizəsində və gündəliyində olan xatirələri mütləq geniş şəkildə yazıya almaq fikrindədir. Qələmə almaq istədiklərini bu böyük insanın xatirəsi qarşısında borc olduğunu bildirən Anar «Qalib gəldi, qalib getdi» adlandırdığı xatirələrini isə Heydər Əliyev itkisinin təsiri altında yazmışdı. «Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsıdaraq birləşdirən, kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, nə yazır yazsın, qalib gəldi, qalib getdi» [24, s.422].
Qeyd edildiyi kimi, müəlliflər xatirələrini yazarkən özlərinin gündəlik qeydlərindən, yazışmalardan istifadə edir, köhnə qəzet kəsiklərinə, elmi ədəbiyyata, hətta bəzi hallarda müxtəlif müəssisələrin arxivlərinə müraciət edirlər. Lakin onların verdiyi məlumatın əsas və başlıca mənbəyi yaddaşdır. Memuar mənbələri yaddaş əsasında, xatirələr əsasında meydana gələn örnəklərdir. Bunlara təkcə oçerk, məqalə, qeydlər şəklində olan xatirələr deyil, öz xüsusiyyətinə görə memuar olmayan mənbələrin mətnində olan xatirələr və hətta müəlliflərin şəxsən tanıdıqları ədəbi simalar haqqında yazdıqları tarixi-ədəbi tədqiqlər də daxildir ki, bunlara aid bəzi nümunələr nəzərə çatdırıldı.
İndi xatirələr daha çox nəşr olunur. Çünki insanlar öz keçmişini sevir və onu müxtəlif vasitələrlə bəzəyirlər. İnsanın yaşantılarını, düşündüklərini, duyduqlarını oxuculara doğru-dürüst nəql etmək isə vacib və faydalıdır. Bu baxımdan başqaları haqqında yazılan xatirələr sırasında yazıçı Hüseyn Abbaszadənin xatirələrini özəlliklə nəzərə çatdırmaq lazımdır. Onun görkəmli ədəbiyyat və incəsənət xadimləri Sidqi Ruhulla, Səməd Vurğun, Abdulla Şaiq, Əliağa Vahid, Bülbül, Mikayıl Rəfili, Mehdi Hüseyn, Məmməd Səid Ordubadi, Əli Vəliyev, İlyas Əfəndiyev, Səttar Bəhlulzadə, Süleyman Rüstəm, Rəşid Behbudov, Məsud Əlioğlu, Qasım Qasımzadə və digərləri haqqında xatirələri həmin şəxslərə böyük sevgi və ehtiramla qələmə alınmışdır. Memuaristin Sabit Rəhmana həsr olunmuş xatirələrindən məlum olur ki, Əzim Əzimzadə haqqında xatirələrini qələmə alan Sabit Rəhman bu işə böyük önəm verirdi. O, «indiyə kimi yazdıqlarını və gələcəkdə yazacağı xatirələri bir kitab halında çap etdirmək fikrindədir. Hafizəsində yazılmalı çox ibrətamiz və maraqlı hadisələr vardır. Vaxtı olduqca onları kağıza köçürəcəkdir» [2, s.88]. Əfsus ki, qəfil ölüm ona bu nəcib və xeyirxah işi görməyə imkan vermədi.
Hüseyn Abbaszadənin Nəsən bəy Zərdabi haqqında yazdıqları qızı Qəribsoltan xanımdan və əmisi nəvəsi Həmidulla kişidən eşitdikləri əsasında qələmə alınmışdır. Hüseyn Abbaszadə onu da nəzərə çatdırır ki, Qəribsoltan xanımdan eşitdiklərinin heç birisini «Elm» nəşriyyatının 1985-ci ildə rus dilində çap etdirdiyi «Müasirləri Zərdabi haqqında» kitabında görməmişdi. Salam Qədirzadə haqqında isə Hüseyn Abbaszadə bildirir ki, «o, şahidi və bilavasitə iştirakçısı olduğu hadisələrdən yazmağı üstün tuturdu. Və yazıçı kimi bir çox uğurları da bundan doğurdu» [2, s.527].
Hüseyn Abbaszadənin xatirələri bədiiliklə yoğrulmuş həyat gerçəkliklərinin əksidir. Xatirələrdə tanınmış şair, nasir, bəstəkar, müğənni, ədəbiyyatşünas, rəssam, rejissor, aktyor, dramaturq və digər sənət adamlarının portret çizgiləri əks olunmuşdur. Müəllif hər bir şəxsiyyət haqqında söhbət açarkən mühitin həmin şəxsiyyətə münasibətini, onun tutduğu yeri aydınlaşdırmağa çalışmışdır. Haqqında danışdığı şəxsiyyətlə yaradıcılıq və şəxsi münasibətlərindən savayı Hüseyn Abbaszadə həmin şəxsin sənətindən asılı olaraq elmi, ədəbi fəaliyyətindən də bəhs edir və yaradıcılığına öz münasibətini bildirir. Bu da xatirələrin dəyərini bir daha artırır və memuaristin həyata, insanlara, dünyaya baxışını öyrənməyə imkan yaradır. Memuarist haqqında danışdığı şəxsin həyat və fəaliyyətinin önəmli məqamlarını işıqlandırır və oxucu hər bir şəxs haqqında əhatəli və dolğun bilgilər əldə etməyə nail olur. Xatirələrin əksəriyyəti hekayə təsiri bağışlayır. Ənvər Məmmədxanlı, Mehdi Seyidzadə, Süleyman Rüstəm, Süleyman Ələsgərov haqqında yazılan xatirələr bu qəbildəndir. Ənvər Məmmədxanlıya həsr olunmuş xatirələrə memuarist qaynanası Tutu xanımdan Ənvər Məmmədxanlının atası, Musavat hökuməti dövründə Göyçayda pristav olmuş Qaffar kişi (Tutu xanımın doğma əmisi idi) haqqında söylədiklərini daxil etmişdir.
S.Aranlı çox haqlı olaraq qeyd edir ki, illərin yel kimi çaparaq keçməsi ötəri xatirələri sozaldıb söndürdüyü kimi, içdən gələn xatirələri daha da közərdir [26]. Bu mənada H.Abbaszadənin xatirələri içdən gəldiyindən olduqca səmimi və dəyərlidir.
Bir şəxsin başqası haqqında yazdığı xatirələrdə müəllif çox zaman istər-istəməz özü haqqında da danışır, özünün xasiyyətinin, fəaliyyətinin önəmli cəhətlərini diqqətə çatdırır. Hüseyn Abbaszadənin xatirələrində isə bu belə deyil. Nəriman Qasımoğlu bu faktı belə səciyyələndirir: «Portretlərini yaratdığı böyük sənət xadimləri haqqında xatirələrində H.Abbaszadə özünü, kino dili ilə desək, əsasən epizodik rollarda nəzərə çarpdırır. Memuar janrında yazılan bəzi əsərlərdən fərqli olaraq bu xatirə qeydlərində özünüreklamdan əsər-əlamət belə yoxdur. Azərbaycan mədəniyyətinin uğurlarına aid faktları bəzən xronoloji təfərrüatlarına qədər yada salan və bu üzdən mədəniyyət maarifçisi kimi də uğurla çıxış edən müəllif özünə vaxtilə ədəbi şöhrət gətirmiş mühüm faktların üstündən xasiyyətinə xas bir təvazökarlıqla keçir. Görünür, bu keyfiyyətlərinə görə də Tanrı ona sağlığında uğurlu ədəbi tale bəxş eləmişdi» [2, s.7].
Bəllidir ki, Azərbaycan ədəbiyyatında məktub janrının formalaşması və inkişafı Mirzə Fətəli Axundovun adı ilə bağlıdır. Onun epistolyar irsinin həyat və fəaliyyətinin öyrənilməsində əhəmiyyəti haqqında artıq danışılmışdır. Mirzə Fətəli Axundovdan sonra «məktub ədəbi həyata daha geniş daxil olur, vətənin və xalqın taleyi üçün ürəkdən yanan sənətkarlarımızın arzularının tərcümanına çevrilir» [153, s.71]. Epistolyar irsin əhəmiyyətindən bəhs edən Hüseyn Abbaszadə çox haqlı olaraq bildirir ki, «peşəsindən asılı olmayaraq, görkəmli şəxslər dünyalarını dəyişəndən sonra onların epistolyar irsinə müxtəlif illərdə doğmalarına, dostlarına, həmkarlarına yazdıqları məktublara maraq artır. Bu məktubların ya hamısı, ya da xüsusi əhəmiyyət kəsb edənlərinin müəyyən bir qismini seçib çap eləyirlər. Məktubların qiyməti bundadır ki, onlarda həmin şəxsin həyatının hamıya məlum olmayan cəhətləri xarakteri, sevgisi, yaxınları, dostları ilə rəftarı, ətrafında baş verən hadisələrə münasibəti, maraq dairəsi və s. aydın olur. Və bu məktublar sahiblərinin bioqrafiyasını dərindən öyrənməyə kömək edir» [2, s.182]. Bu baxımdan xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) şəxsi arxivində saxlanılan məktublar onu bir şəxsiyyət, məhsuldar alim, gözəl yazıçı, qayğıkeş ailə başçısı kimi tanınmasında önəmlidir. Bu məktubları ilk dəfə toplu halında professor Teymur Əhmədov nəşr etdirmişdir. Məktublar əsasən ədəbiyyatşünas-alim Əziz Şərif və Cənubi Azərbaycan ədibləri ilə yazışmalardan ibarətdir. Məktublarda bu gün də aktual olan bir sıra vacib məqamlara toxunulmuşdur. Burada ədəbiyyatla, elmlə, incəsənətlə bağlı məsələlər üstünlük təşkil edir. Əziz Şərifin məktubları digər şəxslərə göndərdiyi məktublar kimi maraqlı və dəyərlidir. Qarşı tərəfə məsləhət verərkən atasının ona ünvanladığı məktublardan da misal gətirir. Qurbanəli Şərifov 8 sentyabr 1910-cu il tarixli məktubunda Naxçıvandan Tiflisdə olan oğluna yazmışdı: «Zəhərli ilanın təravətinə, xoş xətti-xalına, gözəlliyinə aludə olma. Axırda peşiman olarsan və peşimançılıq sənə heç bir fayda verməz. Sənin məşuqən elmdir, sənin məhbubən ədəbdir, sənin dostun qələmdir, sənin rəfiqin kamaldır, sənin müsahibin kitabdır. Qələmi əlindən qoyma, gözünü kitabdan götürmə, qəlbinin ayinəsini ləkkədar etmə, vicdanını saf saxla, insafını gözlə, adil ol, sadiq ol, mərd ol!» [116, s.55].
Atasının məktubları, nəsihətləri ilə tərbiyə olunmuş Əziz Şərif 27 yanvar 1974-cü ildə Mirzə İbrahimova yazdığı məktubunda öz şəxsi keyfiyyətlərini də açıqlayır: «Mən ... insanları ədəb, namus, vəfa, həya, saflıq, sadəlik, doğruçuluq, sədaqət, qeyrət, mərdlik kimi sifətlərə görə qiymətləndirməyə adət etmişəm. Bu sifətlərdən məhrum olanlarla dostluq etməmişəm, bu sifətlərə düşmən olanlara isə düşmən olmuşam. Yaşadığım 79 ildə mən peşiman olmamışam. Allah atama rəhmət eləsin, mənə düz yol göstərmişdir» [116, s.56].
Əziz Şəriflə Mirzə İbrahimovun yazışmaları iki dostun, iki ədəbiyyat fədaisinin, iki müdrik, iki səmimi, iki alicənab insanın yazışmalarıdır. Məktubları oxuduqca onların ömür və yaradıcılıq yolunun bəzi məqamları göz önündə canlanır. Bu məktublar əsl dostluğun, insanpərvərliyin, səmimiliyin bariz nümunəsidir.
«Atam və mən» adlı xatirələr kitabının dəyərini Mirzə İbrahimov əsərin müəllifi Əziz Şərifə yazdığı məktubunda belə bildirir: «Sənin kimi dünyagörmüş Azərbaycan ədəbiyyatının şərəfi, şöhrəti olan böyük yazıçılarla dostluq etmiş, onların ətirli gülüstanında ərsəyə çatmış, mürəkkəb, şərəfli yol keçmiş bir əməkdar, müdrik, ədəbiyyat, elm, mədəniyyət xadiminin xatirələri həm ədəbiyyatımızın tarixini yazanlar üçün çox faydalı bir mənbədir, həm də gənclik üçün, xüsusən ədəbi gənclik üçün xalqa, böyük ədəbiyyata namuslu, sədaqətli, təmənnasız xidmət nümunəsidir» [116, s.101].
Məktubların onları yazanların şəxsi keyfiyyətlərinin açılmasında müstəsna əhəmiyyəti vardır. Bu cəhətdən məktublar gündəliklərə daha yaxındır. Çünki burada uzaq keçmişin olayları deyil, çağdaş zamanın, bu günün hadisələri izlənilir.
Mirzə İbrahimovun İranda yaşayan dost və tanışları Cavad Heyət, Rəhim Dəqiq, H.M.Sədiq və digərləri ilə yazışmaları Cənubi Azərbaycan ədəbiyyatını inkişaf etdirmək yolundakı səylər, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dilinin inkişaf yollarını öyrənmək və gələcək nəsillərə ötürməkdə ziyalı vətənpərvər şəxslərin təşəbbüsləri və gördükləri işlər, kitab mübadilələri baxımından dəyərlidir. Məktublarında Mirzə İbrahimov həmçinin bəzi əsərlərinin yazılma səbəblərini, əsəri yazmağa onu nə vadar etdiyini də açıqlayır. O, Rəhim Dəqiqə 30 sentyabr 1981-ci ildə ünvanladığı məktubunda yazır: «Mən bu romanı («Gələcək gün» romanı nəzərdə tutulur – N.S.) üç-dörd il beynimdə, ürəyimdə qaynatmış, 1947-ci ildə, yəni 34 il bundan əvvəl yazıb çap etdirmişəm. Onu meydana gətirən səbəblər çox böyük və müqəddəsdir. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə başlanmış və qələbə çalmış demokrat hərəkat xalqın ürəyində necə şirin ümidlər oyatmışdı! Hamı arzu edirdi və inanırdı ki, Pəhləvi istibdadı zəifləyəcək, aradan çıxacaq, Azərbaycanda və bütün İranda əbədi olaraq azadlıq günəşi parlayacaq, işıqlı, xoşbəxt həyat bərqərar olacaqdır. Təəssüf ki, belə olmadı. Qara, soyğunçu imperialist qüvvələr və yerli irtica şahlığı, onun zülmünü daha da şiddətləndirdi. Lakin onu ölümdən qurtara bilmədi. Mən «Gələcək gün»də demək istəmişəm ki, dünyada heç bir qüvvə zülmü, ədalətsizliyi əbədi yaşada bilməz. Bir də çalışmışam ki, xalqın Rza şah istibdadından çəkdiyi əzabları, azadlıq arzularını və Rza şahın bədnam oğlu Məhəmməd Rzaya olan nifrətimi əks edim» [116, s.119].
Mirzə İbrahimova İrandan ünvanlanan məktublarda o, Azərbaycan xalqının fəxri və iftixarı, böyük ustad, İran xalqlarının dostu kimi dəyərləndirilir.
Ədəbiyyatşünas Əflatun Məmmədov məktubların əhəmiyyətini xüsusilə vurğulayaraq yazır ki, «görkəmli adamların bütün məktubları öz xarakterindən asılı olmayaraq, həmişə qiymətini saxlayır və saxlayacaq. Çünki bunlar ədəbiyyatı, incəsənəti, həyatı, gözəlliyi yaradan adamların arzu və fikirləridir. Bu məktubların arxasında canlı adamlar dayanır, onların ürəyi döyünür, dövrün ictimai-siyasi, ədəbi-tarixi hadisələrindən, insani münasibətlərdən böyük inam və arzu ilə, məhəbbət və ehtirasla söhbət gedir. Bu mənada məktublar da bədii əsər qədər bədii təfəkkürün məhsuludur» [153, s.70].
Məktublarla yanaşı müasirlərinin xatirələri Mirzə İbrahimovun ömür yolunu izləməkdə dəyərli mənbələrdir. Xatirələrdə o, böyük alim, görkəmli ədib, dramaturq, publisist, böyük siyasi xadim, ağıllı diplomat, mərd, müdrik, incəqəlbli insan kimi səciyyələndirilir. Nəbi Xəzrinin, Qabilin, Nazim Rizvanın, Ağa Laçınlının, Nahid Hacızadənin xatirələri Mirzə İbrahimovun bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin önəmli məqamlarının canlandırılmasında, mənəvi keyfiyyətlərinin öyrənilməsində xeyli önəmlidir. Xatirələrə sənədli materialların daxil edilməsi onların dəyərini daha da artırmışdır: Sevda İbrahimova atasının övladlarına ünvanladığı sevgi dolu məktublarını, Nazim Rizvan Mirzə İbrahimovun görkəmli şəxsiyyətlər Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi və başqaları haqqında yazılı və şifahi xatirələrini, Maarif Teymur gündəliyində böyük yazıçı ilə bilavasitə əlaqədar sətirləri xatirələrinə daxil etmişlər.
Akademik Məmməd Arif 1948-ci ildə qələmə aldığı sətirlərdə Mirzə İbrahimovun ağrılı-acılı uşaqlıq illərinə aydınlıq gətirsə də, yazı səciyyə etibarilə məqalə şəklindədir. Bəxtiyar Vahabzadənin, Qəzənfər Kazımovun yazdıqları da bu səpkidədir. Bəxtiyar Vahabzadənin 1957-ci ildə yazdığı məqalə «Böyük dayaq» romanının təhlilinə həsr olunmuşdur. Mirzə İbrahimovun yaradıcılıqla məşğul olduğu 60 il ərzində Azərbaycan dilinin inkişafı, yad təsir və təzyiqlərdən xilas olması, cilalanması, saflaşması uğrunda göstərdiyi xidmətlər Qəzənfər Kazımovun xatirələrində canlandırılmışdır. XX əsr Azərbaycan ictimai fikir tarixində parlaq simalardan olan Mirzə İbrahimov dövrun görkəmli şəxsiyyətləri ilə şəxsi və yaradıcılıq münasibətlərində olmuşdu. Onun Üzeyir Hacıbəyovla olan əlaqələrindən, münasibətlərindən, böyük bəstəkarın vəfatından sonra ev muzeyinin təşkilində göstərdiyi dəstəkdən Ramazan Xəlilovun xatirələrində söhbət açılır.
Bir şəxsin başqası haqqında yazdığı xatirələr bir də ona görə önəmlidir ki, burada xatirəni qələmə alan şəxs, yəni memuarist istər-istəməz özü haqqında da məlumat verir. Bu da digər tanınmış şəxsin həyat və fəaliyyətini öyrənməyə imkan yaradır. Vaqif Vəliyevin, Şəmistan Nəzirlinin, Teymur Əhmədovun, Əminə Dilbazinin xatirələri bu qəbildəndir. Vaxtilə Şəmistan Nəzirli Mirzə İbrahimovun uşaqlıq illərindən bəhs edən hekayə yazaraq yazıçıya göndərmiş, o da hekayəni oxuyaraq öz fikirlərini məktub vasitəsilə bildirmişdir. 12 oktyabr 1973-cü ildə yazılmış məktubda Mirzə İbrahimovun sənədli janr barədə dəyərli fikirləri nəzərə çatdırılmışdır: «... hər hansı bədii əsərdə müəyyən konkret şəxsi təsvir edəndə gərək «sənədli» yaxud «dokumental» adlandırdığımız janrın qaydalarına əməl olunsun. Məsələn, şəxsin həyatına aid faktlar düz verilsin. Bunun üçün əsəri yazmamış gərək bir sıra şeyləri dəqiqləşdirəsən...
Siz bunları etmədiyiniz üçün səhvlərə yol verirsiniz. Mirzənin anasının adı Gülsüm yox, Zəhra idi, atası Mirzəni götürüb kənddən çıxan zaman Zəhra (sizdə Gülsüm) sağ deyildi, vəfat etmişdi. Əlbəttə, yazıçının «sənədli» əsərdə də uydurmaq ixtiyarı var. Hətta adları da dəyişə bilər. Onda gərək hekayədəki əsas şəxsə də başqa ad verəydiniz. Beləliklə, siz həm konkret bir adamı nəzərdə tutmuş olardınız, həm də tam sərbəst hərəkət edərək istədiyiniz şəkildə əsər yaza bilərsiniz, heç kəs də sizə deyə bilməz ki, filan fakt elə yox, belə olub» [168, s.340].
Mirzə İbrahimovun ilk aspirantı olmuş Teymur Əhmədovun xatirələri öz məzmun və mündəricəsi etibarilə daha artıq diqqət çəkir. Burada Mirzə İbrahimovun şəxsi xüsusiyyətləri ilə yanaşı XX əsr Azərbaycan ədəbiyyatında, elmi və ictimai aləmdə tutduğu mövqe işıqlandırılmışdır. Müəllifin özünün, Teymur Əhmədovun bu gözəl, nəcib, xeyirxah insanın mənəvi keyfiyyətlərinin, elmi fəaliyyətinin öyrənilməsində xatirələrin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.
Bir çox bədii əsərlərin əsasını real faktlar təşkil edir. Əsl sənətkarın tərcümeyi-halı, fərdi taleyi onun əsərlərindədir. Yazıçı Qılman İlkinin əsərləri buna əyani sübutdur. O yazır ki, «mən «Şimal küləyi»ni gözümlə gördüyüm, eşitdiyim və müşahidə etdiyim hadisələr və bir də tutarlı faktlar əsasında qələmə almışam» [143, s.189]. Professor Teymur Əhmədov 96 il ömür sürmüş Qılman İlkinə həsr olunmuş nekroloqda onun həyat və fəaliyyətindən, mənəvi keyfiyyətlərindən söhbət açır. Onun davranışı, tələbkarlığı, səmimiyyəti hamı üçün tərbiyə məktəbi idi. «O, ən nəcib insani keyfiyyətlərə malik istedadlı qələm sahibi, əqidəli redaktor və ictimai xadim kimi tanınırdı. O, öz həmkarları arasında müqəddəsliyi, təmizliyi və sadəliyi ilə seçilirdi... Qılman İlkin həmişə deyirdi ki, o, ömrü boyu bir prinsiplə işləmişdi: «Mənə olan pislikləri və başqalarına etdiyim yaxşılıqları dərhal unuduram» [74]. Məhz bu prinsip uzun ömür sürməyin sirlərini çoxlarına təlqin edə bilər.
Yenidən əvvəlki fikrimizə yazıçıların əsərləri ilə həyat və fəaliyyətləri arasında əlaqəsi məsələlərinə qayıdaq. Müsahibələrinin birində dünyaşöhrətli detektiv romanlar müəllifi Çingiz Abdullayev qeyd etmişdir ki, mənim yazdıqlarımın hamısını ya özüm yaşamışam, ya görmüşəm, ya da hadisənin real iştirakçısı mənə danışmışdır. Digər bir müsahibəsində yazıçı bunları söyləyir: «Doxsan faiz real faktlar, olacaq hadisələri qələmə alıram. Siyasi detektivlərimin hamısını isə gerçəkliyə söykənmiş faktlar əsasında qələmə alıram. Digər əsərlərimdə ola bilsin ki, təxəyyülümün məhsulu daha qabarıq özünü biruzə verir, lakin onların da əsasını real həyat, gerçək faktlar təşkil edir» [4].
Çağdaş ədəbiyyatımızın daha bir tanınmış nümayəndəsi, poeziyamızın ən ünlü təmsilçisi Zəlimxan Yaqub «Peyğəmbər» poemasını yazma səbəbini incələyərkən həyatının ayrı-ayrı məqamlarına nəzər salır, ömür yolunu vərəqləyir. «Peyğəmbər» əsərini yazmağa onu nə vadar etdiyini şair belə izah edir: «Ömrümün Borçalıda Kəpənəkçidə keçən gənclik illəri, məni Əli Fəhmiyə qovuşduran tələbəlik çağları, taleyimin Heydər Əliyev mərhələsi, iki dəfə Məkkəni ziyarətim, qoca Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim şəhərləri, oxuduğum elmi-bədii tarixi kitablar silsiləsi, ucalığına heyran olduğum heyrət zirvələri, ömrümün 60-cı pilləsinə qədəm basmağa başlayanda öz barını-bəhrəsini verdi «Peyğəmbər»i dünyaya gətirdi. Yaşadığım illərin təcrübəsi mənə deyir: « Zəlimxan, elə mövzular var ki, onlara gəncliyində yox, ancaq ömrün 60-da, 70-də yaxınlaşa bilərsən». Mənim üçün «Peyğəmbər» də belə yazıldı, belə yarandı» [261, s.4].
Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun məqalə və çıxışlarında əks olunan yaradıcılıq hesabatlarında olduğu kimi, «Mən «Peyğəmbər»i niyə yazdım» məqaləsində müəllif tərcümeyi-halına başqa yöndən yanaşır. Tərcümeyi-halının bəzi məqamları, ən əsası müəllif şəxsiyyəti «Mənim şeir, sənət yolum» adlı şeirində açıq-aşkar sezilir:
Səsli-küylü gündüzlərdən,
Sakit gecələrdən keçdi.
Qələmləri mürəkkəbdən
Alnımdakı tərdən keçdi,
Mənim şeir, sənət yolum.
Zildən keçdi, bəmdən keçdi,
Çox sevincdən, qəmdən keçdi.
Neçə cəhənnəmdən keçdi,
Cənnət ruhum, cənnət yolum.
Kim yarıya, kim yarıda,
Balımı tapdım arıda.
Məni qoymadı yarıda,
Güvəndiyim zəhmət yolum.
Anan andı, qanan qandı,
Sevən sevdi, danan dandı.
Borçalıdan qanadlandı
Borçalıya həsrət yolum [260, s.43].
Əsərlərində xatirə örnəkləri açıq-aşkar sezilən Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr etdiyi «Böyük ömrün dastanı» poeması özünün sözlərinə görə, «lirik-epik romantik səpkidə isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirə əsəridir, elegiyadır» [262, s.371].
Zəlimxan Yaqubun məqalələrində də xatirə ədəbiyyatının əlamətlərini görmək olar. Hüseyn Arifə, Xəlil Rzaya həsr olunmuş «Ustadıma məhəbbətlə», «Azadlıq aşiqi»; «İsa Hüseynova sevgi, Muğannaya inam», «Bizim Vilayətimiz» məqalələri bu qəbildəndir. Bütün bunlarla yanaşı Zəlimxan Yaqub memuar janrında da qələmini sınamışdır. Onun Osman Sarıvəlli, Süleyman Rəhimov haqqında xatirələrində sözügedən ustad sənətkarların gənc şairə Zəlimxan Yaquba olan münasibətindən, xeyirxahlıqlarından bəhs olunur. Tofiq Bayram, Camal Mustafayev, Şamil Qurbanov haqqında xatirələr, nekroloq-yazılar da öz səmimiyyəti, dəyəri ilə diqqət çəkir. Memuarist çox məharətlə Qulu Xəlilovun portret çizgilərini yaratmışdır: «Onun sərt baxışı, ləngərli yerişi, gur səsi, ağır və təmkinli addımları, aydın və səlis nitqi, ötkəm danışığı, sənət və siyasət məsələlərinə özünəməxsus ciddi və kəskin müdaxiləsi və münasibəti, təbiətdən, torpaqdan, xalqdan gələn, geniş mütaliə ilə daha da zənginləşən poetik və fəlsəfi təfəkkürü, sözün böyük mənasında, təbiətin özü qədər təbiiliyi və saflığı, kişi qətiyyəti, ciddi ədəbi mübahisələrdə qorxmazlığı, sağlam əqidəsi, böyük istedadı onu bizim gözümüzdə yeriyən torpağa, nərə çəkə-çəkə dağlardan düzlərə doğru baş alıb gedən dağ çayına döndərmişdi» [262, s.188].
Başqaları haqqında yazdığı xatirələrdə Zəlimxan Yaqub istər-istəməz özü haqqında da məlumat verir. Əhəd Hüseynova həsr etdiyi «Kövrək bir xatirə»si bu baxımdan diqqət çəkir. Müəllifin özü ilə bağlı fikir və düşüncələri «Özüm, sözüm, taleyim» adlı xatirə qeydlərində əks olunmuşdur. Əsərdə Zəlimxan Yaqubun əsli-nəsli, ailəsi, doğulduğu Kəpənəkçi kəndində, daha sonra Bakıda keçirdiyi illər, həyat yollarının yaddaqalan anları yazıya alınmışdır. Müəllif etiraf edir ki, «əkdiyim ağaclara, saldığım körpülərə, çəkdiyim yollara, yetirdiyim övladlara, yazdığım kitablara, yaşadığım ömrə görə cəfakeş qadın, bütün uğurlarımın danılmaz şəriki, əziyyətimi çəkib, zəhmətimə qatlaşanı, ömür-gün yoldaşım, uşaqlarımın anası Sahibə xanıma çox borcluyam» [262, s.381]. Xatirələrdə memuaristin həyata, dünyaya baxışları, insanlara, mühitə münasibəti öz əksini tapmışdır. Zəlimxan Yaqub yazır:
Nə alim doğuldum, nə də ki, dahi,
Peşman da deyiləm gələn günümə.
Əliboş aparma məni ilahi,
Doğulan günümdən ölən günümə [262, s.383].
Çox vaxt müəlliflər xatirələrini olub-keçənləri etiraf etmək məqsədilə qələmə alırlar. Yazıçı Sabir Azəri də öz həyat tarixçəsini bu məqsədlə yazıya köçürmüşdür. O, özünün bioqrafik sənədli povestinin başlanğıcında bunları yazmışdır: «Bəri başdan məqsədimi bildirirəm: bu povest-etiraf vasitəsilə həyatımın, taleyimin, ailəmizin, yaşıdlarımın və bütövlükdə müasirlərimin rast gəldiyi, indiyəcən qaranlıq qalan, qaranlıq qaldığına görə də ürəyimizi daha çox sıxan sirləri hamıya açıqlamağı qərara almışam» [34, № 3, s.77]. «Heç olmasa ruhumuzun rahatlığı və bizdən sonra qalanların əzab çəkməmələri naminə ləyaqətlə yaşamalıyıq və çox günahlarımızı vaxtında etiraf etməliyik. Etiraf həm də mərdlik və alicənablıq deməkdir» [34, № 3, s.80].
Müəllif xatirələrində olub-keçənləri necə varsa elə də qələmə aldığını qeyd etmişdir. Yaddaşın köməyi ilə yazıya köçürülmüş keçmiş günlərin olaylarını xatırladıqca müəllif bu günün jurnalistikasından da söhbət açır. Xatirələrin sonunda Sabir Azəri 1988-ci il Meydan hadisələrindən, xalq hərəkatından, 1990-cı il olaylarından bəhs edir. Ağır ürək xəstəliyindən yatan müəllif xatirələrinin sonunda bildirir ki, «... indi mən ikinci ömrümü yaşayıram. Bu ömür haqqında ayrıca söhbət açacağam» [34, № 4, s.46].
Çox sevindirici haldır ki, çağdaş ədəbiyyatımızda bioqrafik əsərlərə maraq xeyli artmış və onların nəşri sahəsində xeyli işlər görülmüşdür. Ötən əsrin ikinci yarısında Azərbaycanda baş verən bir sıra olaylar bu dönəmdə yaşayıb fəaliyyət göstərmiş şəxsiyyətlərin xatirələrində əks olunmuşdur ki, bu xatirələrin də əksəriyyəti əsrimizin ilk illərində qələmə alınmışdır. Keçmiş müəllim, komsomol və partiya işçisi kimi şöhrət qazanmış Sahib Sailovun xatirələri də bunlara aiddir. Müəllif yazır: «Ürəyimdə xatirələr çoxdur. Keçib gəldiyim həyatın dolaylarında, dolanbaclarında, enişlərində, yoxuşların-da elə məqamlar var ki, yadıma düşəndə gah sevinir, qanadlanıram, gah da ürəyim göynəm-göynəm göynəyir. Ney-ləyəsən, həyatdır, onun bir üzü sevincdirsə, o biri üzü kədərdir. Bəlkə də belə olmasaydı, biz həyatı bu qədər sevməzdik» [216, s.39].
Həyatının ayrı-ayrı məqamlarını dərc etdirdiyi müxtəlif kitablarda qələmə alan Sahib Sailov yaşadığı ömür yolundan «Yaşadığım illər, keçdiyim yollar» memuarında geniş məlumat vermişdir. Memuar müəllifin əsli-nəsli, özü, ailəsi haqqında həyat hekayəsidir. Xatirələr bədii dillə qələmə alınmış, bir bədii əsər kimi maraqla oxunur. Əsərdə böyük alim, əvəzsiz insan, akademik İ.Mustafayev, sadə, mehriban V.Axundov, yazıçı-dramaturq H.Seyidbəyli, maestro Niyazi, yazıçı C.Əlibəyov, kosmonavt V.Komarov və digər görkəmli şəxsiyyətlər haqqında xatirələr vardır. Belə ki, Sahib Sailov dövlət qulluğunda işlərkən Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə, görkəmli ziyalılarla tez-tez görüşməli olurdu. Bu görüşlərdən aldığı təəssüratlar, həmçinin ayrı-ayrı məqamlar əsərdə öz əksini tapmışdır. Bunlardan ən yaddaqalanı Heydər Əliyevlə bağlıdır. Müəllifin ulu öndərlə ilk görüşü 1966-cı ilə təsadüf edir. Sonralar Sahib Sailov dövlət işlərində çalışarkən vaxtaşırı Heydər Əliyevlə görüşər, onun tövsiyə və tapşırıqlarını yerinə yetirərdi.
Vətənə, torpağa bağlı bir insan olan Sahib Sailov Azərbaycanın dilbər guşələrini böyük məhəbbətlə vəsf edir, təbiəti, əhalisi, iqtisadi və siyasi durumu haqqında müfəssəl məlumat verir. Verilən məlumat elə dəqiqliklə qələmə alınmışdır ki, oxucu memuaristin səmimiliyinə şübhə etmir və keçən əsrin ikinci yarısında Azərbaycanda baş verən bir sıra olaylardan xəbərdar olur.
Sahib Sailovun xatirələri gənclik dövründən tərtib etdiyi gündəlikləri əsasında qələmə alınmışdır. O, gündəliyinə oxuduğu kitablardan aforizmləri, qiymətli sözləri köçürmüşdür. Müəllif yazır: «Gündəlik hər şeydən əvvəl yaddaşdır. Bu işi bütün həyatım boyu daha çox Goranboy, Şamaxı rayonlarında birinci katib işlərkən, sonra isə həbsdə olduğum illərdə davam etdirmişəm. İndi həmin gündəlikləri vərəqləyərkən həyatımın ayrı-ayrı günləri göz önündə canlanır. Xəyalımdan nə qədər hadisələr axıb gedir» [216, s.101]. Bununla belə çox hadisələr yaddaşın süzgəcindən keçərək qələmə alınmışdır. Bir sözlə, xatirələrdə gündəliklər əsasında yazıya köçürülən və yaddaşda həkk olunan bir çox acılı-şirinli olaylar təsvir olunmuşdur. Kitabın növbəti səhifələrinin birində memuarist gündəlik qeydlərin əhəmiyyətini bir daha vurğulayaraq yazır: «Bütün dövrlərdə apardığım qeydlər, gündəliklər yaddaşımı təzələməkdə, keçmişləri yada salmaqda mənə çox kömək edir. Olub-keçənlər hafizəmdə canlanır. Son dövrdə yazdığım bütün kitablarımın («Saxta hökm», «Həyat davam edir», «Ömrün səhifələri», «Keçənləri xatırlayarkən», «Xatirə») əsasını təşkil edən həmin gündəliklərdəki qeydlərimdir» [216, s.182].
Yazıçı Yasif Nəzirli «Dünya» romanında Sahib Sailovun həyatının bəzi məqamlarından söhbət açmışdır. Romanın sözügedən şəxsin həyatının ağır illərinə həsr olunmuş, ürəkağrısı ilə qələmə alınmış fəsli xatirələrə daxil edilmişdir. Bu, memuaristin özü haqqında yazdıqlarını təsdiq edən daha bir mötəbər mənbədir. Sahib Sailovun xatirələri ona görə dəyərlidir ki, bir tərəfdən daima dövlət işlərində çalışan bir insanın ömür yolunu izləyirsən, digər tərəfdən ünsiyyətdə olduğu, tanıdığı görkəmli şəxsiyyətlər haqqında məlumat əldə edirsən. Xatirələrdə həmin şəxsiyyətlərin həm dövlət vəzifələrində necə çalışmaqları, həm də daxili aləmləri, insanlarla münasibətləri bütün aydınlığı ilə əks olunmuşdur.
Sahib Sailovun üç kitabdan ibarət olan «Muğanın övladları» əsərində isə Muğanda boya-başa çatmış, özündən sonrakı nəsillərə örnək olacaq insanlardan söhbət açılır. Bir növ təzkirə mahiyyəti daşıyan bu kitablarda həmin insanların qısa tərcümeyi-halı verilmişdir.
Muğan torpağının yetirməsi, Neftçala rayonunun Qədimkənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmiş, dövri mətbuatda şeirləri dərc olunmuş, «Nişan üzüyü» şeirlər kitabının müəllifi Əlisahib Bağırov (1933-2004) 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı vuruşmuş Məmmədbağır Əliyevin (1923-2002) döyüş yolunu canlandıran «Yaralı xatirələr» poemasında acılı-şirinli xatirələrin yaddaşlarda həkk olunduğunu qeyd edərək yazır:
Yaxşı ki, insanın hafizəsi var!
Ötənlər yaşayır xatirələrdə.
Sabaha səsləyən arzular kimi,
Yaşadır insanı xatirələr də.
İstər acı olsun, istərsə şirin
Ötənlər canlıdır xatirələrdə.
Keçib cəbhələrdən, oddan, alovdan
Yaşayır yaralı xatirələr də [263, s.56].
Daha öncə qeyd etdiyimiz kimi, orta əsrlərdə tanınmış şəxsiyyətlər görkəmli ədəbiyyat və mədəniyyət nümayəndələri haqqında bioqrafik məlumatlar təzkirələrdə verilirdi. Zaman keçdikcə bu nümunələr tərcümeyi-hal və xatirələrlə əvəz olunurdu, artıq memuar ədəbiyyatına aid olan əsərlər meydana gəlirdi. Bununla belə, təzkirəçilik ənənələri son dövrlərdə də davam və inkişaf etdirilir. Keçən əsrin sonlarında bu özünü daha aydın biruzə vermişdi. Sahib Sailovun «Muğanın övladları» [215], Teymur Əhmədovun «Azərbaycan sovet yazıçıları» [68], Əsgər Zeynalovun «İrəvan ziyalıları» [269] əsərləri bu baxımdan diqqətəlayiqdir. Daha öncə qeyd etdiyimiz kimi, Sahib Sailovun üç kitabdan ibarət əsərində Muğanda boya-başa çatmış görkəmli elm, sənət xadimləri, rəhbər vəzifədə çalışmış, təsərrüfat fəaliyyəti ilə şöhrət qazanmış insanlar haqqında məlumat verilmişdir.
Teymur Əhmədovun müəllifi və tərtibçisi olduğu kitabda isə yazıçıların qısa tərcümeyi-halı ilə bərabər yaradıcılığının ən səciyyəvi xüsusiyyətləri, ictimai-ədəbi fəaliyyətləri haqqında bilgilər verilmişdir. Müəllif yazıçıların orijinal əsərlərinin və tərcümələrinin biblioqrafiyasını vermiş, hətta əlaqə nömrələrini də qeyd etməyi lazım bilmişdir. 300-dən artıq yazıçının həyat və yaradıcılığından bəhs edən kitab ensiklopedik səciyyəli məlumat toplusudur. Alimin əsrimizin ilk illərində dərc olunmuş «XX əsr Azərbaycan yazıçıları» [71] adlı ensiklopedik məlumat kitabında isə «milli-mənəvi xəzinəmizi zənginləşdirən yazıçıların biblioqrafik oçerkləri verilmişdir. Sovet hakimiyyəti dövründə repressiyaya məruz qalan və mühacirətdə Türkiyə, İran, İraq, İngiltərə və digər xarici ölkələrdə yaşayıb-yaradan soydaşlarımızın, 90-cı il yanvarın 19-dan 20-nə keçən müdhiş gecə sovet ordusunun Bakıya hücumu zamanı şəhid olan, həmçinin Qarabağ müharibəsi başlananda doğma yurd-yuvasından didərgin salınan qələm sahiblərinin tərcümeyi-halı da kitaba daxil edilmişdir» [69, s.80].
«İrəvan ziyalıları» kitabı əvvəlkilərdən bir çox cəhətdən fərqlənir. İlk öncə nəzərə çatdırmaq lazımdır ki, burada XIX və XX yüzilliklərdə İrəvan torpağının yetirməsi olan ziyalıların həyat və fəaliyyətlərindən, Azərbaycan elminin və mədəniyyətinin inkişafında onların tutduğu mövqedən ətraflı söhbət açılır. Müəllif hər bir ziyalıdan bəhs edərkən onun haqqında yazılı və şifahi xatirələrə istinad etməklə yazının daha dəyərli və oxunaqlı alınmasına nail olmuşdur. Əsərin bir özəlliyi də ondan ibarətdir ki, yazıların əksəriyyətində müəllifin olaylarda iştirakı görünür. Oçerklərə xas olan müəllif şəxsiyyəti bu nümunələrin əksəriyyətində ön planda olmasa da haqqında danışılan şəxsdən sonra açıq-aydın görünür. Müəllif haqqında danışdığı şəxsin həyat və fəaliyyətindəki önəmli məqamları da nəzərə çatdırmışdır.
Şəxsiyyətin həyat və fəaliyyətindəki başlıca məqamları nəzərə çatdırmaqda biblioqrafik göstəricilər xeyli önəmlidir. Bu mənada tanınmış tənqidçi və ədəbiyyatşünas Bəkir Nəbiyev haqqında soraq kitabı [20] xüsusilə qeyd olunmalıdır. Lakin burada bir məqamı nəzərə çatdırmaq lazımdır ki, digər biblioqrafik gösrəricilərdən fərqli olaraq, akademikin 75 illik yubileyi ilə əlaqədar dərc olunmuş bu kitabda görkəmli alim, şair və ədiblərin ürək sözləri toplanmışdır. Bu nümunələrdə ara-sıra xatirələr yada düşür, keçən günlər, keçən illər yad edilir. Elçinin, Cəmil Əlibəyovun, Yaşar Qarayevin, Ağamusa Axundovun qələm məhsulları bu baxımdan diqqət çəkir. Sözügedən müəlliflərin yazıları xatirə örnəklərinin zənginliyi ilə fərqlənir. Digər yazılarda da az-çox xatirə çalarları görünməkdədir. Xeyrulla Əliyevin, Mailə Muradxanlının, Əsgər Quliyevin, dünyanın müxtəlif ölkələrində yaşayan alimlərin Cavad Heyət, Əli Yavuz Akpınar, Ləziz Qəyyumov, Şakir İbrayev və başqalarının, keçmiş tələbələrinin Kamal Abdulla, Vəfa Quluzadə, Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu və digərlərinin mülahizələri xüsusilə seçilir. Bu nümunələri Azərbaycan xatirə ədəbiyyatına daxil etsək, heç də yanılmarıq.
Xatirələr müasirlərimizin doğum günündə, yubileylərində onun yaxınları, onu tanıyanlar tərəfindən də söylənilir. Deyilənlər kitab halında nəşr olunur və geniş oxucu kütləsi belə bir görkəmli ziyalının onun müasiri olduğu ilə fəxr edir. Professor Teymur Əhmədovun 70 illik yubileyinə həsr olunmuş kitabda [124] bu gözəl insan, tanınmış alim haqqında ziyalı həmkarlarının, onu tanıyanların ürək sözləri, xatirələri toplanmışdır. Ədəbiyyatşünas, şair-publisist, f.e.d. İsmayıl Ömər oğlu Vəliyev haqqında kitab da [246] bu qəbildəndir. Onu da qeyd etmək lazımdır ki, İsmayıl Vəliyev 1988-ci ildən başlayaraq gündəlik tərtib etmişdir. Gündəliyin 1990-cı il yanvar hadisələri ilə bağlı hissələri nəşr edilmişdir [252]. Burada xalqımızın başına gətirilən faciələr əks olunmuşdur.
Nəzərə çatdırılmalıdır ki, XX yüzilliyin sonları və əsrimizin əvvəllərində tarixi hadisələri işıqlandıran və avtobioqrafik səciyyəli əsərlər daha çox meydana gəlmişdir. Müəlliflər bu növ əsərlərini yazıçı təxəyyülünün məhsulu olduğunu bildirsələr də, bunları oxuyarkən cərəyan edən hadisələrin gerçək olaylara söykəndiyi açıq-aşkar bəlli olur. Deyilənlərə Aqil Abbasın «Dolu» və Gülşən Lətifxanın «Azər və Aida adası» əsərlərini nümunə gətirmək olar. «Dolu» əsərinin başlanğıcında müəllifin «xahiş edirəm, bu əsərdə kim isə nə isə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyil» [1, s.56] sözləri verilsə də, roman həyat materialları ilə zəngindir. 1992-ci və 1993-cü illəri əhatə edən əsərdə könüllü batalyonların cəbhə xəttində göstərdikləri qəhrəmanlıqlar, Şuşa uğrunda gedən vuruşlarda mərdliklə həlak olmaları öz əksini tapmışdır. Hadisələr Dünyanın Ən Varlı Şəhərində cərəyan edir. İştirakçıların adları da şərtidir. Drakon, Pələng, At Belində olan adam, Komandir və s. «Dolu» düşmən tərəfdən yağan güllələr, qumbaralardır. Əsərin sonu nikbin əhval-ruhiyyəlidir. Bu dəfə göy üzündən yağan Dolu camaatın sevincinə səbəb olur. Müəllif həyati faktları bədii təfəkkürünün süzgəcindən keçirərək dəyərli sənət nümunəsi yaratmağa nail olmuşdur.
Eyni fikirləri Gülşən Lətifxanın «Azər və Aida adası» [146] əsərinə də şamil etmək olar. Romanda Qarabağ müharibəsi ərəfəsi və müharibə başlanandan sonra baş verən hadisələr qələmə alınmışdır. Əsər roman adlandırılsa da bir xatirə-memuar təsiri bağışlayır. Ən əvvəl hadisələr birinci şəxsin Aidanın dilindən nəql edilir. Digər tərəfdən əsərdəki olaylar gerçək hadisələrə söykənir: keçən yüzilliyin 80-90-cı illərində Bakıda cərəyan edən ictimai-siyasi durumu əks etdirir. Bu ictimai-siyasi hadisələr fonunda Azər və Aidanın saf və ülvi məhəbbəti tərənnüm edilir. Əsərdə hər bir epizod, surətlərin danışığı, hərəkəti, eləcə də Azərbaycan xalqının qədim adət-ənənələri ustalıqla, doğru-dürüst təsvir olunmuşdur.
Gündəliklərin, xatirələrin və digər sənədli əsərlərin əhəmiyyəti onların təkcə real hadisələr və insanlar haqqında məlumatın olması ilə deyil, eləcə də ideya məzmunu: müəllifin və onun qəhrəmanlarının mənəvi zənginliyə, ictimai və estetik ideallara münasibəti ilə təyin olunur. Bunun üçün yalnız faktları tapmaq və təsvir etmək, keçmişin gerçək olaylarını yaratmaq bacarığına malik olmaq azdır, həmçinin keçmişin real səhnələrini təkrar yaratmaq, geniş dünyagörüşünə malik olmaq, ideya məqsədinə doğru yönəldilmə, həyatı dərindən başa düşmək lazımdır.
Çağdaş ədəbiyyatımızda memuar əsərləri kəmiyyətcə artmaqla yanaşı keyfiyyətcə də yeniləşmişdir. Kamil xatirə nümunələrinin yaranması ilə səciyyələnən XX yüzil eyni zamanda klassik ənənələrin davam və inkişafı baxımından da dəyərləndirilməlidir. Keçən yüzilliyin ikinci yarısı və əsrimizin ilk illərində meydana gələn xatirələr Azərbaycan memuar ədəbiyyatını yeni nümunələrlə zənginləşdirmişdir. Bu dönəm mühitin yetirməsi olan şəxsiyyətin mənəvi özəlliklərini bütün çalarları ilə gələcək nəslə ötürülməsində xüsusilə önəmlidir.
Dostları ilə paylaş: |