HƏQİQƏTİ baki – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu naiLƏ SƏMƏdova insan, zaman və HƏyat



Yüklə 1,47 Mb.
səhifə5/11
tarix31.01.2017
ölçüsü1,47 Mb.
#6984
1   2   3   4   5   6   7   8   9   10   11
KLASSİK MEMUARLARDA HƏYAT

HƏQİQƏTİNİN ƏKSİ
Ədəbiyyat tarixçisi «həqiqi həyatı ölmüş, bitmiş deyil, bəl­kə, müəyyən dövrün həqiqi həyatını o zamanın şair və sə­nət­karlarının necə gördüklərini, necə təsəvvür etdiklərini əvvəla gös­tərməyə, sonra izah etməyə çalışır» [60, c.3, s.209]. Gör­kəm­li türkoloq Bəkir Çobanzadənin ədəbiyyat tarixçisi haq­qın­da «Türk dili və ədəbiyyatının tədris üsulu» kitabının «Ədə­biyyat bir elmmidir?» bölməsindəki bu fikirləri eynilə xa­tirə yazarlara da şamil etmək olar. («Bəlkə» kəlməsini çıx­maq­la). Məsələ burasındadır ki, ədəbiyyat tarixçisi müəyyən döv­rün həqiqi həyatını, memuarist yaşadığı dövrün həqiqi hə­ya­tını təsvir edir; ədəbiyyat tarixçisi o zamanın şair və sənət­kar­larının necə gördüklərini göstərməyə çalışır, memuarist ün­siy­yətdə olduğu şair və yazıçıların, tanınmış şəxsiyyətlərin dün­yagörüşünü, həyata baxışını təsvir və təqdim edir.

Həyatı bitkin, insanları olduğu kimi təsvir edən XX yüzil memuar ədəbiyyatı bu baxımdan səciyyəvidir. Artıq əsrin əv­vəl­lərində tərcümeyi-hal və xatirələrin yeni-yeni nümu­nələ­ri­nin meydana gəlməsi Azərbaycanda memuar janrının inkişa­fı­na və kamil memuar nümunələrinin yaranmasına şərait yarat­mış­dır. Azərbaycan ədəbiyyatının görkəmli simaları olan Məm­məd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Ne­manzadə, Əli Nəzmi, Abdulla Şaiq, Yusif Vəzir Çəmən­zə­minli yaratdıqları kamil memuar nümunələri ilə Azərbaycan xa­ti­rə ədəbiyyatını zənginləşdirmiş və əsərlərində zamanın ən vacib, ən aktual ictimai-siyasi məsələlərini ön plana çəkərək öz həyat yollarını bu hadisələr fonunda təsvir etmişlər.

XX əsr Azərbaycan memuar ədəbiyyatının kamil xatirə nümunələrindən biri Məmməd Səid Ordubadinin (1872-1950) «Həyatım və mühitim» əsəridir. Ordubadi maraqlı hekayələri, felyetonları, ədəbi-tənqidi məqalələri, şeirləri, pyesləri, publi­sistik əsərləri ilə yanaşı daha öncə roman sahəsində ustad bir sə­nətkar kimi məşhurdur. O, Azərbaycan ədəbiyyatı və mədə­niy­yətinin inkişafında tarixi roman ustadı kimi yeni bir mər­hə­lə açmış yazıçıdır. Tarixi roman sahəsində o, son dərəcə sə­mə­rəli fəaliyyət göstərmiş, zəngin irs qoyub getmişdir. Ümu­miy­yətlə, «onun yaradıcılığı əsrinin tərcümeyi-halıdır. Əsrinin bü­tün böyük ictimai-siyasi hadisələri, xalqımızın yaşadığı tarixin ən mühüm mərhələləri Ordubadinin yaradıcılığında öz əksini tap­mışdır» [267, s.284]. Ədibin «Həyatım və mühitim» me­mua­rı ictimai-tarixi, ədəbi-mədəni olayların qorunub gələcək nəslə ötürülməsində onun tarixi əsərlərindən heç də az önəmli deyildir. Xatirələr M.S.Ordubadinin əsərlərində əks edilmiş ha­disələrin real hadisələrlə nə dərəcədə səsləşdiyini, istifadə etdiyi əsas qaynaqları, dövrünü, eləcə də ünsiyyətdə olduğu in­sanların şəxsiyyətini, sənət adamlarının yaradıcılığını öyrən­mək üçün dəyərli mənbədir. Xatirələrdə memuarist özünün ağır uşaqlıq dövründən, çətin və məhrumiyyətlə keçən gəncli­yindən, həbsxanada keçirdiyi məşəqqətli illərdən bəhs edir. «Həyatım və mühitim»də XIX yüzilin sonu  XX yüzilin əv­vəllərində yazıçının doğulduğu Ordubad şəhərinin və yaşadığı digər şəhərlərin ictimai-siyasi və iqtisadi vəziyyəti öz əksini tapmışdır. Elə memuar ədəbiyyatı nümunələrinə xas olan ma­raqlı və dəyərli cəhət də budur ki, müəllifin həm həyat və ya­ra­dıcılığı, həm də dövrü, yaşadığı mühit haqqında məlumat etibarlı mənbə kimi burada cəm olur. «Həyatım və mühitim» Məmməd Səidin inqilabi, ədəbi və ictimai fəaliyyətini, yara­dı­cılıq xüsusiyyətlərini, əsərlərinin yaranma tarixini öyrənməkdə səhih mənbədir. Memuar müəllifin inqilabi fəaliyyətini öy­rən­mək­lə bərabər Azərbaycanda inqilabi hərəkat tarixinin müəy­yən səhifələrini işıqlandırır. Əsərin əlyazması yeganə nüs­xə­dir, avtoqrafdır. Əlyazmada onun yazıldığı tarix və məkan gös­tərilməmişdir. Əsərin məzmunundan məlum olur ki, ədib vaxtı ilə yazdığı xatirələrini toplayıb memuar halında tərtib etmişdir və əsəri Bakıda tamamlamışdır. Ayrı-ayrı xatiratlarına gəldikdə Ordubadi hələ həbsxanada olarkən gündəlik yazdı­ğını qeyd etmişdir. O, memuarında ayrı-ayrı xatirələrini necə, han­sı şəraitdə yazdığını, qarşıya çıxan çətinlikləri qələmə al­mışdır. Xatirələrin yazılması, tərtibi ilə əlaqədar memuarist bun­ları bildirir:

«Mən Bakıya qədər həbsxana xatiratını yazmışdım. Bakı həbsxanasında tərtibə salmağa başladım... Mənim bu işlər ilə nə üçün maraqlandığımı soruşurdular. Mən isə  bir vaxt mən bu xatirəni kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxu­yub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır» [202, s.118].

Xatirələrə əsasən məlum olur ki, burada təsvir edilən bir çox olaylar, faktlar öz vaxtında yazıya köçürülmüşdür. Onlar ya­zıçının yaddaşındakı xatirələrin qələmə alınmasının nəticəsi deyildir. Ona görə də bu əsər faktik sənədlərin zənginliyi ilə daha çox diqqət çəkir. Memuarda öz vaxtında qələmə alınan mü­sahibələr həyat həqiqətinin tam və dolğun əks olunmasını sübuta yetirir.

Məlumdur ki, memuar janrı uzun inkişaf yolu keçmiş, süjet baxımından dəyişmişdir. «İlk baxışda adama elə gəlir ki, memuar-avtobioqrafik əsərlər öz janr spesifikasına görə süjet xəttinə malik ola bilməz. Həqiqətən, keçmiş real həyatın axı­nı­nı dəyişdirmək mümkün deyil. Əgər bu axın kitabda dəyiş­di­ri­libsə, o zaman memuar janrının hüdudlarından kənara çıxır. Əs­lində müəllif həyatda baş verən hər bir şeyi qələmə almır. O, faktların müəyyən anlayışına və konkret vəzifələrinə əsas­la­naraq onları sahmana salır» [282, s.12].

Nəsrlə yazılan ədəbi əsərlərdə bir süjet xətti olur və bütün hadisələr həmin xətt ətrafında cərəyan edir, əsas hadisənin, məz­munun getdikcə yüksələn istiqamətdə genişlənməsinə sə­bəb olur. Bu da əsas mövzunun, yazıçının qarşıya qoyduğu məq­­səd və vəzifənin aydınlaşmasına kömək edir. Xatirələr öz sü­jet xətti ilə onlardan fərqlənir. Əgər memuar ədəbiyyatının bir növü olan səyahətnamələrdə müəllifin səfəri ilə bağlı xati­rə­­ləri cəmlənirsə, vücudnamələrdə insanın ana bətnində yaran­masından qəbir evinə kimi keçirdiyi halı təsvir edilir. Bu cür əsərlərin  vücudnamələrin də bir süjet xətti, başlanğıcı, sonu olur. Hadisə getdikcə yüksələn xətt üzrə inkişaf edir, kulmi­na­siya nöqtəsinə çatır və nəhayət bitir. «Həyatım və mühitim» me­muarı bunlardan tamamilə fərqlənən və orijinal süjetə malik bir əsərdir. Burada mövzular maraqlı süjet vasitəsilə oxucuya çat­dırılır, hər bir olay və əhvalat öz təsirini göstərir. Əsərdə sü­je­tin maraqlı və bəzən təsirli çıxmasında memuarist çətinliyə düş­mür. Memuarda öz xarakterik xüsusiyyətləri, ictimai mən­şələri, habelə dünyagörüşləri ilə bir-birindən fərqlənən surətlər qalereyasına rast gəlirik. Əsas hadisələr müəllifin  Orduba­di­nin ətrafında cərəyan edir. Xatirələrin, demək olar ki, hər səhi­fəsində müəllifin obrazı görünür. «Müəllifin obrazı o vaxt can­lı və dolğun çıxır ki, o böyük hadisələrlə yaşayır, zamanı dü­şün­dürən böyük ictimai-siyasi əxlaqi problemlərlə məşğul olur. Xalqın ən yaxşı arzu və əməllərini ifadə edir. Həyata seyrçi kimi baxmır, əksinə fəal münasibət bəsləyir. Mənfiliklə ciddi kon­fliktə girir... Buna görə də əsərlərin taleyi hadisələrin apa­rı­cısı olan müəllifdən, onun obrazının xarakterindən asılı­dır. Mü­əllifin obrazı ümumiyyətlə publisist ədəbiyyatın əsas xü­su­siyyəti  sənədliliklə bağlıdır. Publisistika janrında ya­zıl­mış əsər­lərdə bu obraz fəal rol oynayır. Lakin lirik oçerklərdə, elə­cə də xatirə, bədii gündəlik və səyahətnamələrdə daha çox nə­zərə çarpır. Çünki bu qisim əsərlərdə başqalarından fərqli ola­raq əsas obraz yazıçı-publisistin özüdür. O, hadisələrə real qəh­rəmanın gözü ilə deyil, bilavasitə özü baxır, müşahidə apa­rır, ictimai-siyasi problemlərin konkret həllinə kömək üçün yol­­­­lar axtarır, mülahizələr yürüdür, polemikaya girir, əsas­lan­dı­­rır, sübut edir. Eyni zamanda yazıçı-publisist müəyyən mə­sələlərlə əlaqədar hiss və həyəcanlarını, fikir və ehtiraslarını ifa­­də edir, oxucularını da həmin ictimai-siyasi məsələlər səm­ti­­nə istiqamətləndirir, hissləri coşdurur, fəallaşdırır» [84, s.199].

Memuar nümunələri müəllifin həyatında baş verən bir çox məqamları göstərməklə yanaşı, ictimai həyatın canlı, hərtərəfli mən­zərəsini verir, cəmiyyətin rolunu işıqlandırır. «Həyatım və mü­hitim» xatirəsində də Azərbaycanın tarixi, iqtisadi, mədəni hə­yatından epizodlar verilmişdir ki, bunlar da ölkəmizin keç­mişini öyrənmək üçün çox önəmlidir. Tarixi romanlarını ya­zar­kən hansı real hadisələrdən istifadə etdiyini, şahidi olduğu hansı cəhətə və fakta əsaslandığını görmək üçün Ordubadinin hə­yat və yaradıcılığının, inqilabi fəaliyyətinin əksi olan «Hə­ya­­tım və mühitim» memuarına müraciət etmək lazım gəlir. Belə ki, xatirələrdə təsvir olunan olaylarla romanlarında səslə­şən cəhətlərin müqayisəsi yazıçının real hadisələri bədii planda ver­məsi və onun bu hadisələrdən istifadə metodunun öyrənil­mə­si baxımından çox önəmlidir. Rus tənqidçisi V.Q.Belinski «1847-ci ilin rus ədəbiyyatına bir nəzər» məqaləsində yaz­mış­dı: «Sənətin həyatla, uydurmanın həqiqətlə yaxınlaşması bizim əs­rimizdə xüsusilə tarixi romanda özünü göstərmişdir. Me­mu­ar­lara düzgün qiymət vermək üçün tarixi romandan yalnız bir ad­dım irəli getmək lazım idi; memuarlarda səciyyə və şəxs­lə­rin təsviri, oçerkləri mühüm rol oynayır. Oçerklər canlı və ma­raq­lıdırsa, demək, sadəcə naturadan götürülmüş surət, sönük və heç bir şey ifadə etməyən köçürmə deyil, insan və hadi­sə­lə­rin bədii inikasıdır» [40, s.134].

M.S.Ordubadinin tarixi romanları xalqımızın tarixi keç­mi­şi­ni, düşmən qüvvələrin törətdiyi acınacaqlı vəziyyəti, qaranlıq və işıqlı səhifələri tərənnüm edən, keçmiş olaylara müasirlik ruhu verən sənət əsərləridir. Mehdi Hüseyn «Azərbaycan ro­manı haqqında» adlı geniş həcmli məqaləsində yazırdı: «Əsl sə­nətkar həyatı məzuniyyət vasitəsilə deyil, həmişə, bütün öm­rü boyu öyrənir, tədqiq edir, həyat haqqında mühakimələr yü­rüdür, hadisə və insanları mənalandırmaq üçün yollar axtarır, öz müşahidələrini saf-çürük edir, ümumiləşdirir, zahirən bir-bi­rilə o qədər də əlaqəsi olmayan hadisələrin inkişafındakı qa­nu­nauyğunluğu və əlaqəni dərk edir, ziddiyyətlərin mahiyyətini mütəfəkkir bir yaradıcı kimi açır və işıqlandırır» [112, c.10, s.256]. M.S.Ordubadi də əsl sənətkar kimi bir çox tarixi fakt­ları və hadisələri bədiiliklə təsvir etmişdir ki, bu da əsərlərinin maraqla qarşılanmasına, kütləviləşməsinə səbəb olmuşdur. Ro­manlarında əksini tapmış bir çox hadisələr öz rişəsini müəllifin «Həyatım və mühitim» xatirəsindən almışdır. Memuarist xati­rə­lərdə yalnız ədəbiyyat təmsilçisi kimi deyil, həm də mədə­niy­yət xadimi, maarifpərvər və siyasi xadim kimi çıxış etmiş­di. O, Azərbaycanı ictimai-siyasi yol ilə inkişaf etdirməyi la­zım görürdü, xalqını onun gələcəyi uğrunda fədakarlığa, mü­ba­rizəyə çağırırdı. Ordubadi həyat həqiqətinə sadiq qalaraq qəl­binə hakim kəsilən hiss və düşüncələri, gördüklərini və mü­şahidə etdiklərini qələmə almağa çalışmışdır. Mövzunun sa­də­liyi, bitkin həyat həqiqətinin əksi, orijinallıq əsərin əsas xü­su­siyyətləridir. Elə bu səbəbdən memuar əsl sənət əsəri kimi çox oxunaqlı və dəyərlidir.

Hər bir əsəri gözəlləşdirən, oxunaqlı və maraqlı edən onun dilinin sadəliyi, ifadənin bədiiliyi, müəllifin sənətkarlıq baca­rı­ğıdır. Məlumdur ki, bədii ifadə vasitələrindən lirik-romantik məz­munlu əsərlərdə daha çox istifadə edilir. Xatirələrdə, xü­susilə XX əsrdə yaranmış nəsr əsərlərində isə təşbih, istiarə, mə­caz kimi bədii təsvir vasitələri, demək olar ki, çox deyildir. «Həyatım və mühitim» memuarında isə Ordubadi əsərin di­li­nə, ifadə vasitələrinə xüsusi fikir vermiş, həm oxucunu aludə edən, həm də tarix, ədəbiyyat, mədəniyyətimizi öyrənmək üçün etibarlı qaynaq rolunu oynayan əsər yaratmışdır.

Qeyd edildiyi kimi, M.S.Ordubadi tarixi romanlar usta­sı­dır. Romanlarında tarixi şəxsiyyətlərə rast gəlsək də, müəllif Azər­baycanın tarixi keçmişini burada olduğu kimi canlandıra bilməzdi. Bədii əsər olduğundan müəllifdən bunu tələb etmək düzgün deyildir. Memuar ədəbiyyatında isə həyat həqiqəti bü­tün dolğunluğu ilə əks olunur. «Həyatım və mühitim» me­mua­rında yazıçının bədii dili real hadisələrlə elə çarpazlaşmışdır ki, bu da əsərin roman qədər maraqlı çıxmasını təmin etmişdir. Əsər sadə danışıq dilində yazılmışdır. Xatiratın mürəkkəb, do­laşıq cümlələrlə deyil, məzmunun, hər bir ifadənin belə oxu­cu­ya asanlıqla çatdıra bilən sadə cümlələrlə verilməsi əsərə ma­ra­ğı xeyli artırır.

1920-ci ilin may ayında Ordubadi Bakıya gəlir. «Həyatım və mühitim» memuarı da Məmməd Səidin Bakıya gəlməsi ilə sona çatır. Bundan sonrakı xatirələrini yazıçı «Bakıda ikinci kərə» adlı əsərində qələmə almışdır. Sözügedən əsəri «Hə­ya­tım və mühitim» memuarının bir növ davamı kimi qiy­mət­lən­dirmək olar. Hələ Ordubadda olarkən Məmməd Səidi Bakıya dəvət etsələr də o, qoçulardan çəkindiyi üçün bu şəhərə gəl­mirdi. Bu barədə Üzeyir Hacıbəyovun ona ünvanladığı məktu­bun­da qeydlər də vardır. Ordubadi Üzeyir Hacıbəyov haq­qın­da yazdığı «Böyük sənətkar barəsindəki xatiratım»a bu mək­tubu daxil etmişdir. Məktubda Üzeyir bəy yazırdı: «Səid! Tə­əccüb edirəm ki, nə üçün Ordubadda qapanıb qalmısan. Sən yı­­ğışıb Bakıya gəlsən, öz yazılarına çox geniş səhifələr tapa bi­lərsən, səninlə yaxından tanış olarıq, sənin irəli getməyin üçün imkan yaradarıq. Əzimzadənin dediyinə görə qoçulardan qorxduğun üçün Bakıya gəlmək istəmirsən. Bu barədə heç də qorxmağa dəyməz. Mənə inan, qoçuların özü də satiranı gülə-gülə oxuyurlar» [247, s.154].

1914-cü ilin yanvar ayında Saritsin şəhərinə sürgün edi­lər­kən Məmməd Səid Bayıl həbsxanasında bir ay yarım qalmışdı. Yazıçı ilk dəfə olaraq Bakını o vaxt ötəri görmüşdü. Bakıya ikin­ci dəfə isə 1920-ci ilin may ayının ikisində gəlmişdi ki, bu haqda Ordubadi özünün «Bakıda ikinci kərə» xatirəsində mə­lu­mat vermişdir. Xatirələr ağ, saya vərəqlərin bir üzündə ərəb əlifbası ilə, bəzi yerlərində düzəlişlər edilməsinə baxmayaraq, səliqəli xətlə qələmə alınmışdır. Yazılışından belə məlum olur ki, «Bakıda ikinci kərə» müharibədən sonrakı dövrün məhsu­lu­dur. Əsər yeddi kiçik hissədən ibarətdir: «Bakıda ikinci kə­rə», «Bakı ziyalıları», «Əxbar» qəzeti idarəsində», «Hacı İbra­him Qasımov», «Səməd Mənsur», «Kommunist» və «Əxbar» qə­zetləri», «Cəfər Cabbarlı». Bu hissələrdə memuarist özü ba­rədə məlumat verməklə yanaşı dostları, tanışları  dövrün gör­kəmli adamları haqqında xatirələrini yazıya köçürmüşdür. Nə­zərə çatdırmaq lazımdır ki, ədəbiyyatşünas Nazif Ələkbərli Sə­məd Mənsurun həyat və yaradıcılıq yollarından bəhs edən ki­tabında M.S.Ordubadinin «Bakıda ikinci kərə» xatirəsindən la­zımi qədər yararlanmış və haqlı olaraq M.S.Ordubadidən baş­qa Səməd Mənsur haqqında dəyərli, emosional və təfsilatlı xa­tirə yazan olmadığını bildirmişdir. [75, s.73].

Səməd Mənsurun tərcümeyi-halına gəldikdə isə qeyd olun­malıdır ki, o özü «Övladıma vəsiyyətlərim»də ömür yolunun bəzi məqamlarına toxunaraq bunları yazmışdır: «Çox cavan ikən, on beş-on altı yaşlarımdan kəndi zəhmətlərim sayəsində yaşamağa başladım. Savadsız, məlumatsız meydana atıldım. Təbii zəkavətə malik olduğumdan hər şeyi tədqiq etmək, hər şeyi anlamaq təbii xasiyyətim oldu. Hər bir məsələdə istər o məsələ məaşi bir məsələ olsun, istər zaye nəqid, yaxud adi ti­ca­rət məsələsi olsun, bir dəfə də olsa, əhəmiyyətsiz burax­maz­dım. Daima yazılar ilə, kitablar ilə uğraşardım. Bir məsələ ba­rəsində bu mütəfəkkirin fikri və nəzəriyyəsini digər bir mütə­fək­kirin fikri və nəzəriyyəsi ilə müqayisə etmək vasitəsilə get-gedə özüm də bir müəyyən fikir və nəzəriyyə sahibi oldum» [163, s.220]. Xoşbəxt ailə həyatının hər şeydən üstün olduğu­nu söyləyən Səməd Mənsur həyat yoldaşını çox sevdiyini, öv­ladları qədər sevdiyini bildirərək yazır: «Əminəm ki, o da mə­ni sevir. Zira o, mənim xatirimi heç bir şey ilə mükəddər et­məz. Nə arzu etsəm əmələ gətirər, məni möhtərəm saxlar. Si­zin də mənə hörmətiniz varsa, onun tərbiyəsidir. Bu gün südə­mər uşaq mənim evdə böyük olduğumu dərk edər. Bunlar ha­mısı onun sayəsində olmuşdur» [163, s.222]. «Övladıma və­siy­­yətlərim»də Səməd Mənsurun həyata baxışları, dünya­görü­şü, ailə, qadın haqqında fikir və mülahizələri əks olunmuşdur. Bütün bunlar onun ömür yolunun müəyyən səhifələrini işıq­lan­dırmaqda xeyli önəmlidir.

Yenidən «Bakıda ikinci kərə» xatirələrinə qayıdaraq qeyd edək ki, əsərin başlanğıcında Məmməd Səid vətəni Ordubada getmək arzusunda olduğunu bildirərək yazır: «Doğrudan da mən elə bilirdim ki, Ordubada yetişən kimi qiymətli olan gənc­lik günlərimi görəcək və onu ziyarət edəcəyəm. Bunun üçün də bir çox qocalara köhnəpərəst və keçmişi sevən fanatik adını verənlərlə razılaşa bilmirəm. İnsan öz gəncliyini keç­miş­də buraxdığı üçün onun gözü daima keçmişi axtarmalıdır» [117, s.9].

Məmməd Səid Ordubadda yazıçılıq etməklə bərabər gənc­liyində işlədiyi ipək fabrikinə qayıtmaq fikrində idi. O, həm də gənclik yoldaşlarını görmək istəyirdi. Lakin milli çarpış­mala­rın davamı, yolların erməni iğtişaşçılarının əlində olması Məm­məd Səidin Ordubada getməsinə mane olur. Ədibin «Qan­lı illər» [203] əsərində erməni-müsəlman qırğını bütün təf­silatı ilə təsvir edilmişdir. Müəllifin əsəri yazmaqda məq­sədi 1905-1906-cı illərdə baş verən erməni-müsəlman davası­nın tarixini vermək idi. «Qanlı illər» müxbirlər vasitəsilə Or­dubadiyə çatdırılmış 245 məktubun saf-çürük edilib yazıçının üs­lubuna müvafiq bir dilə çevrilməsi nəticəsində meydana gəl­mişdir. Bir növ memuar xarakteri daşıyan bu əsərində də Məm­məd Səid yalnız faktlara müraciət edir. Əgər «Həyatım və mühitim» memuarında Ordubadi iştirakçısı olduğu hadisə­ləri təsvir edirsə, «Qanlı illər»də müşahidə etdiyi olayları qə­ləmə almışdır. Müəllif olayları təsvir edərkən onlara öz mü­na­sibətini də bildirmişdir.

Mir Möhsün Nəvvab da «1905-1906-ci illərdə erməni-mü­səlman davası» əsərini əsasən tarixi faktlara və şahidlərin söh­bə­tinə əsaslanaraq qələmə almışdır. Lakin hadisələrin bütün tə­fərrüatı və dəqiqliyi ilə təsviri onu deməyə əsas verir ki, mü­əllif bir çox olayların şahidi olmuşdur. Digər tərəfdən əksər mə­qamlarda Nəvvabın da hadisələrin iştirakçısı olduğu aydın olur. «Erməni xəlifəsinin bütün keşişləri ilə barış üçün məsçi­də gəlməsi bölməsində» bu məqam özünü açıq-aşkar göstərir. Çox maraqlıdır ki, müəllif özünün iştirakını göstərəndə mötə­ri­zədə adını da qeyd etməyi vacib sayır. Əsərdə Əhməd bəyin qızı Həmidə xanımın ermənilərin mühasirəsində olan kənd­ləri­mizə göstərdiyi maddi və mənəvi yardımdan bəhs edilir. Onun Ağdam camaatı qarşısında çıxışı çoxlarını təsirləndirərək köv­rəl­dir. Həmidə xanım deyir: «Mən Qalada bizim qan qardaş­la­rı­mızın çox zəhmət və əziyyət çəkdiklərini eşitdim. Mənə mə­lum oldu ki, kəndlərdə yaşayan ermənilər yolları kəsərək ca­maatın Qalaya ərzaq və mal gətirməsinə, eləcə də dəyirmana getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz atlı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət olsam da, müsəlman qardaşlarımızın belə əziy­yət çəkməsi gecə-gündüz mənə əziyyət verərək rahat burax­mır­dı. Qardaşlarımız Şuşada belə əziyyətlərə məruz qaldıqları halda biz burada rahat yeyib-içib, yata bilmərik. Mənə ya­raş­maz ki, siz olan yerdə mən xalqımızın bu əziyyətdən qurta­rıl­ması üçün mübarizə aparam. Ona görə cənablarınızdan xahiş edirəm ki, siz də qüvvələr toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmiz­lə­yəsiniz ki, onlar rahat yaşaya bilsinlər» [189, s.82].

Həmidə xanımın Ağdam camaatı qarşısında çıxışını, ca-ma­atın bu çıxışdan təsirləndiyini çox dolğun təsvir edən Nəvvab özünün orada iştirakını birbaşa bildirməsə də olayları təfərrüatı ilə nəzərə çatdırdığından buna şübhə etməyə heç bir əsas qal­mır.

Erməni-Azərbaycan münasibətlərini araşdıran alimlər tari­xə müraciət etdikdə əsasən M.S.Ordubadinin «Qanlı illər» və M.M.Nəvvabın «1905-1906-ci illərdə erməni-müsəlman dava­sı» əsərlərinə istinad etmişlər. Çünki bu əsərlər tarixi fakt və sənədlər əsasında yazıya alınmışdır. Bu baxımdan akademik Tofiq Köçərlinin «Yaddan çıxmaz Qarabağ. Nəqşi-cahan Naxçıvan» ki­tabına daxil etdiyi məqalələri nümunə göstərə bilərik. Ötən əsrin 80-90-cı illərinin olaylarını əks etdirən məqalələrə gəl­dik­də, alim qeyd edir ki, «kitaba daxil edilmiş məqalələr bioq­rafiyamın səhifələridir. Onların bəzilərində iştirakçısı olduğum dramatizmlə dolu siyasi proseslərin, hadisələrin mikroanalizi var» [127, s.15].

Erməni-azərbaycanlı münaqişəsi Mirzə Rəhim Fənanın «1905-ci il hadisəsi» əsərində də əks olunmuşdur. Əsərdə er­mə­ni millətçilərinin törətdikləri ağlagəlməz vəhşiliklər, qırğın­lar təsvir olunmuşdur. Şahidi olduğu əhvalatlara və tarixi fakt­lara əsaslanan müəllif hadisələrin başlandığı və davam etdiyi ayın və həftənin günlərini verməyi də lazım bilmişdir. Qanlı fa­­ciələrin törədildiyi məkan və bölgələr dəqiqliklə göstəril­miş­dir. Şuşa, Bakı, Naxçıvan, Zəngəzur, Cəbrayıl və digər yerlər­də olan qırğınları Fəna hərtərəfli və əhatəli təsvir etmiş, həyat həqiqətini bütün aydınlığı ilə qələmə almışdır. «Qanlı-qadalı illərdəki müsibətlərin yaddaşlardan silinməsindən ehtiyatla­na­raq gələcək nəsillərin ibrətamiz nəticələr çıxaracağını təmənna etdiyi hadisələri qələmə alan müəllif erməni vəhşiliyinin tüğ­yan etmə səbəbləri, bunun arxasında kimlərin dayanması, iki xalqın qanlı qovğaya girişməsində hansı qüvvələrin maraqlı olmasına dair suallara cavab axtarır» [88, s.5].

Daşnak hökumətinin və erməni quldur dəstələrinin Qara­bağ, Cavanşir və Cəbrayıl qəzalarında 1918-1920-ci illərdə tö­rətdiyi cinayətlər isə professor Teymur Əhmədovun «Erməni xə­yanəti» kitabında [70] arxiv sənədləri və mətbuat materialları əsasında göstərilmişdir.

Tanınmış şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənil­mə­sində məktubların əhəmiyyəti haqqında daha öncə məlumat verilmişdir. Bu sıraya Məmməd Səid Ordubadinin məktub­la­rı­nı da aid etmək olar. Yazıçının həyatının, ədəbi və ictimai fəa­liyyətinin öyrənilməsində xatirələri əsas qaynaq olsa da, elə mə­qamlar vardır ki, bu nümunələrdə onlara toxunulmamışdır. Bu baxımdan Ordubadinin epistolyar irsi xeyli maraq doğurur. Ədibin şəxsi fondunda saxlanılan, məzmun və formasına, ya­zılış tərzi və səviyyəsinə görə müxtəlif olan məktublar 2002-ci ildə nəşr edilmişdir [159]. Ordubadinin həyatını, ictimai fəa­liy­­yətini, əsərlərinin kütləviliyini, yaradıcılığının bəzi cəhət­lə­rini aydınlaşdırmaqla yanaşı bu məktublar XX yüzil Azər­bay­can ədəbiyyatının öyrənilməsində də əhəmiyyət kəsb edir.

XX əsrin klassik memuarları sırasında Cəlil Məmmədqu­lu­zadənin (1869-1932) «Xatiratım» əsəri xüsusilə diqqət şəkir. Azərbaycan memuar ədəbiyyatının maraqlı nümunələrindən olan xatiratın əlyazması [151] ədibin Əlyazmalar İnstitu­tun­dakı şəxsi arxiv fondunda saxlanılır. Nəstəliq xətti ilə yazılmış əlyazmasında bəzi sözlər, cümlələr, bəzən də tam bir abzas ix­tisar edilmişdir. Əsər bənövşəyi mürəkkəblə ağ, qızılı kontor dəftərinə ərəb əlifbası ilə Azərbaycan dilində yazılmışdır. Dəf­tər cildsizdir. Birinci səhifədə Mirzə Cəlilin öz xətti və imzası ilə rus dilində «Moi vospominaniya s detstva do jurnala «Mol­la Nasreddin» sözləri qeyd edilmişdir. Ədibin şəxsi fondunda «Tərcümeyi-hal» [152] başlığı ilə mühafizə olunan xatirələri «Xatiratım» memuarının davamıdır. Bu nüsxənin sərlövhəsi  «Tər­cümeyi-hal» sonradan göy karandaşla yazılıb birinci his­sə­dən  «Xatiratım»dan ayrılmışdır. Xatirələr iki hissədən iba­rətdir: birinci hissədə yazıçının uşaqlıq illəri, ikinci hissədə gənclik dövrü təsvir olunur. Birinci hissə özü «Qaranlıq», «Na­maz», «Meyit büsatı», «Şadlıq namazı», «Gecə namaz­la­rı», «Sövm-orucluq» adlı bölmələrdən təşkil olunmuşdur. Xa­ti­­rə müəllifi namazların adlarını, onların neçə yerə bölün­mə­si­ni, hansı namazı əvvəl, hansını sonra qılmaq lazım olduğunu çox yaxşı bilirdi. Hələ Molla Bağırın məktəbində oxuyarkən ba­laca Cəlil müəllimin sevimli şagirdlərindən idi. Əsərdə Mir­zə Cəlil Hacı dayısının surətini yaratmaqla böyük ümumi­ləş­dir­mə aparmış, dövrün dindarlarının  mollaların, ruhanilərin səciyyəvi xüsusiyyətlərini bu tipdə cəmləşdirmişdir.

Xatiratın ikinci hissəsində Cəlil Məmmədquluzadə gənclik illərinə aydınlıq gətirir. 1903-cü ilin dekabr ayında Tiflisə gə­lən Mirzə Cəlil bu şəhərin sakini olur. Artıq heç bir qüvvə onu bu mühitdən ayıra bilmir. Yazarın Tiflisdə qalmasının başlıca səbəbi bəlkə də «Poçt qutusu» hekayəsi ilə bağlıdır. Çünki Nov­ruzəlinin gülməli və kədərli həyatı «Şərqi-Rus» qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtinskinin çox xoşuna gəlir. Nə­zərə çatdırmaq lazımdır ki, «şərqşünas alim, ictimai xadim və pe­daqoq kimi dövründə məşhur olan Şahtaxtinski həm də gör­kəmli jurnalist idi. Jurnalistik fəaliyyətə 1870-ci ildən baş­la­yan M.Şahtaxtinski Peterburq və Moskva qəzetlərində mün­tə­zəm əməkdaşlıq etməklə yanaşı, İstanbulda nəşr olunan türk, fars, fransız qəzetlərində də məqalələr çap etdirirdi» [72, s.187]. Məhz onun təklifi ilə Cəlil Məmmədquluzadə Tiflisdə qalır və «Şərqi-Rus» qəzetində fəaliyyətə başlayır. O, qəzetdən həvəslə, onun naşiri Məhəmməd ağadan böyük minnətdarlıq hissi ilə danışır. Belə ki, məhz bu qəzet onu mühərrirlik alə­minə aparır. Məhz bu qəzetin sayəsində Mirzə Cəlil nəşriyyat işinin texnikasını öyrənir, böyük təcrübə əldə edir ki, bu da gələcəkdə ona gərək olur. Ədib xatirələrində mühərrirlik fəa­liy­yətinə başlaması ilə yanaşı «Molla Nəsrəddin» məcmuə­si­nin yaranma tarixindən, bu yolda meydana çıxan çətin­liklər­dən bəhs edir. Məcmuənin birinci sayı onun gələcək iş proq­ra­mı­nı təşkil edirdi. Mirzə Cəlil bu nömrəyə böyük önəm verdi­yindən onun materiallarını xatirələrdə müfəssəl şərh etmişdir. Burada qaldırılan məsələlər məcmuənin sonrakı tarixi boyu döv­rün tələbinə uyğun şəkildə davam və inkişaf etdirilmişdir. Təsadüfi deyil ki, ziyalılar məcmuəyə, xüsusilə onun birinci sa­yına böyük əhəmiyyət verirdilər. Görkəmli uşaq yazıçısı Ab­dulla Şaiq xatirələrində yazırdı: «Molla Nəsrəddin» məcmuə­si­nin çox ardıcıl ədəbi, ictimai-siyasi istiqaməti var idi. Mət­bua­tımız tarixində çox mühüm yer tutan, ictimai-siyasi həya­tımızın, ədəbiyyatımızın inkişafında böyük əhəmiyyəti olan bu məcmuənin ilk nömrəsindən aldığım təsiri heç bir qəzet və jur­naldan almamışam...

Bazar günü idi. Şəhər bağçasında oturub yoldaşlarımla da­nışırdım. Birdən-birə satıcı uşaqların hərəsinin əlində bir neçə məcmuə «Molla Nəsrəddin», «Molla Nəsrəddin»  deyə çı­ğır­dıq­larını eşitdim. Məcmuənin ilk səhifələrində əsrlərdən bəri şirin lətifələri ilə xalq içərisində məşhur olan Molla Nəsrəd­di­nin mahir bir rəssam fırçasından çıxmış şəkli verilmişdi. Məc­muəni alıcılar bir-birinin əlindən qapırdılar. Mən də aldım. Ori­jinal karikaturaları, məzhəkəli və mənalı tənqidləri məndə başqa hal və sevinc oyatdı. Məcmuənin ictimai və siyasi əhə­miy­yətini anlayan gənclər o gün çox nəşəli və şən görü­nür­dü­lər» [229, s.203].

Cəlil Məmmədquluzadənin həyati müşahidələri ilə yara­dı­cılıq fəaliyyəti arasında qırılmaz əlaqəyə dair misallar göstərən ədəbiyyatşünas Əziz Mirəhmədov çox haqlı olaraq qeyd edir ki, «Danabaş kəndinin əhvalatlarına ilk dəfə, qorxa-qorxa da olsa, uşaqlıqda gülməyə başlayan Cəlil sonralar, böyüyüb Mol­la əmi olduğu zaman artıq onları gördükcə qəhqəhə çə­kirdi» [165, s.10].

Deyilənlər yekunlaşdırılaraq bir daha vurğulanmalıdır ki, Cəlil Məmmədquluzadənin «Xatiratım» əsəri Azərbaycan me­muar ədəbiyyatının klassik nümunəsidir. Xatirələrdə bir tərəf­dən ədibin uşaqlıq və gənclik illəri, digər tərəfdən «Molla Nəs­rəddin» məcmuəsinin meydana gəlməsi tarixi məharətlə təsvir olunmuşdur. XX yüzil Azərbaycan ədəbiyyatı, mətbuatı və ic­ti­mai fikir tarixinin inkişafını öyrənməkdə bu memuarın önəmi böyükdür. «Xatiratım» ondan sonra yazılan bütün xatirələrə yol­göstərici və örnək olmuşdur.

İnsanın kamilliyini və xoşbəxtliyini sədaqətli həmkarının olması ilə səciyyələndirən Ağababa Rzayev çox haqlı olaraq yazır: «İnsan öz təbiəti etibarilə ictimai olduğundan onun tam xoşbəxtliyi sədaqətli adamlarının, dostlarının xoşbəxtliyi, əmək həmkarlarının səadəti ilə bir yerdə olur. Kimin ki, tam­lığı baş­qalarının kamilliyi ilə əlaqədardır, o heç vaxt təklikdə kamala çata bilməz. Deməli, kamil və xoşbəxt o adam olar ki, özünə çoxlu sədaqətli həmkar tapmış olsun; özünə xeyirli şey­lərə on­ları da şərik etsin, tək bacara bilmədiyi xoşbəxtliyi on­ların kö­məkliyi ilə ələ gətirsin» [213, s.202].

Məsələyə bu yöndən yanaşdıqda XX yüzil Azərbaycan ic­timai-siyasi fikrinin inkişafında mühüm xidmətləri olan Ömər Faiq Nemanzadə (1872-1941) Cəlil Məmmədquluzadənin sə­da­qətli həmkarı kimi dəyərləndirilməlidir. Ömər Faiq Neman­zadə şair, publisist, naşir, pedaqoq, yazıçı idi. İlk təhsilini doğ­ma kəndindəki mollaxanada almışdır. Molla məktəbini bitir­dikdən sonra Ömər Faiq təhsilini davam etdirmək üçün iki yol arasında qalır: təhsilini rusca davam etdirmək üçün Qoriyəmi və ya türk dilində savadlanmaq üçün İstanbulamı getsin? Ana­sının dəstəyi ilə ona İstanbula getmək səadəti nəsib olur. Da­yısı Osman əfəndi ilə İstanbula gələn 10 yaşlı Öməri bu şə­hərin gözəlliyi məftun edir. Dörd – beş gündən sonra anasına məktub yazır: «Anacan! Azqurdan çıxan axşamı Xaşura yetiş­dik. O axşam da dəmiryol qatarına minib sabahnan Batuma çat­dıq. Batumda gəmiyə minib üçüncü günü İstanbula vardıq. Anacan! İstanbul çox böyük və gözəl şəhərdir. Hələ ulu ca­me­ləri görsən, nə qədər xoş və nə qədər bəzəkli. Cameyə namaz qıl­mağa gedəndə hər vaxt sən yadıma gəlirsən» [181, s.19]. Bu sətirləri yazan müəllif anasının ən ümdə arzusunu  oğlunun İstanbulda təhsil almasını həyata keçirdiyini bir daha vur­ğula­mağa çalışmışdır. Bir ilə yaxın Fateh mədrəsəsində oxuduqdan sonra Darüşşəfəq məktəbinə daxil olur. 1883-cü ildən 1891-ci ilə qədər  tam səkkiz il Sultan Səlim camesinin qonşulu­ğun­da «Altunbuynuz» deyilən Xəlic körfəzinə hakim bir nöqtədə geniş bir bağçanın ortasında dördqat bir yapı  Darüşşəfəq məktəbində təhsil alır. Bu məktəb müstəqil idarəsindən, daxili intizamından, dərs proqramından başqa zahiri gözəllik və gör­kəmi ilə də başqa məktəblərdən seçilirdi. «Məktəb pansion he­sab olunduğundan müdavimləri ancaq həftədə bir dəfə şəhərə buraxırdılar. Həftədə bir dəfə gördükləri canlı həyat isə onlar üçün yeni məktəb idi» [145, s.178]. İstanbulda təhsil aldığı illərdə, artıq yuxarı siniflərdə Ömər Faiq digər tələbələr kimi türk ədəbiyyatını izləyir və oxuyurdu. Tələbələr məşhur türk şairi Namiq Kamalın nəşr olunmamış əsərlərini, xüsusilə sul­ta­na qarşı yazdığı həcvlərini tapıb məktəbə gətirir və əzbər­lə­yir­dilər. Eyni zamanda Tənzimat dövrü ədəbiyyatının banilə­rin­dən olan ədəbiyyatşünas, şair və dramaturq Mahmud Əkrəm Ri­caizadə, dahi türk şairi və dramaturqu Əbdülhaq Hamid, XIX əsrin sonu  XX əsrin əvvəllərində demokratik türk şeiri­nin ən görkəmli yaradıcılarından olan Tofiq Fikrət və digərləri maraqla oxunurdu.

Darüşşəfəq məktəbini bitirdikdən sonra Ö.F.Nemanzadə Avropa ilə doğrudan-doğruya əlaqədə olan Qalata post və teleqrafxanasının Morid şöbəsinə təyin edilir. Burada işlərkən o, istibdada qarşı mübarizə aparan inqilabçı türk gənclərinə qo­şulur və bir müddət onlarla əməkdaşlıq edir. Onlar öz ara­la­rında gizli bir təşkilat yaradıb Avropada yaşayan demokratik ruh­lu türk mühacirləri ilə əlaqəyə girməyə, onlara yardım et­məyə qərar verirlər. Bu məqsədlə yığıncaqlar keçirir, söhbət və müzakirələr edirlər. Lakin çox keçmir ki, bu yığıncaqlar sultan xəfiyyələri tərəfindən duyulur və təşkilat üzvləri qaçıb qurtulmağa müvəffəq olurlar. Professor Əziz Mirəhmədov çox doğru olaraq göstərmişdir ki, «Azərbaycanın qabaqcıl yazıçı və ictimai xadimləri, o cümlədən Ömər Faiq İran və Türkiyə inqilablarının hazırlanmasında fəal iştirak etmişdir» [165, s.205].

Ömər Faiq Nemanzadənin İstanbulda yaşadığı on bir il onun həyatının yaddaqalan dövrü olur və bu dövr onun sonrakı fəaliyyətinə böyük təsir göstərir. Müəllimlik etdiyi illərdə İs­tanbuldan özü ilə gətirdiyi fəlsəfəyə, tarixə aid kitablardan, xü­susən Flammarion, Kant, Spenser, Darvin və başqalarının əsər­lərindən yararlanırdı. Bu kitablardan gizli şəkildə başqa mü­əllimlər də istifadə edirdilər. O, İstanbulla bağlı düşün­cələ­rini həyatının son illərində yazdığı xatirələrində qələmə almış­dır. Həmçinin «İqbal» qəzetinin 1912-ci il iyun-avqust ayla­rın­da dərc olunmuş «Həmiyyətli bir cavan» adlı hekayəsində «ha­disələrin baş verdiyi zamanın dəqiqliyi və yerin konkretliyi (İstanbul, Qafqaz və s.) də təsadüfi deyildir. Bu, məhz Ömər Fai­qin ilk fəaliyyəti illərinə təsadüf edir, onun özünü düşün­dü­rən məsələlərlə səsləşirdi» [145, s.178].

Yazarın həyat və fəaliyyəti xatirələrində daha əhatəli təsvir edilmişdir. 25 hissədən ibarət xatirələr 1936-cı ilin 25 mayına qədərki dövrü əhatə edir. Ömrünün son illərində xatirələr üzə­rində işləyən Ömər Faiqə otuzuncu illərin məlum hadisələri onu başa çatdırmağa «imkan verməmiş və o, ancaq XIX əsrin səksəninci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü əhatə edə bilmişdi. Buna baxmayaraq son dərəcə etibarlı və mö­təbər bir mənbə olan bu «Xatirələr» iki əsrin (XIX-XX) qovuşuğunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum məsə­lə­lərin açılmasına kömək edir» [182, s.18].

Ömər Faiq Nemanzadə öz fəaliyyətinin bəzi məqamlarına yazdığı məqalələrində də toxunmuşdur. Bu məqalələrdə yazı­çı­nın dünyagörüşü, həyata və insanlara baxışı öz əksini tap­mışdır. «Molla Nəsrəddin» bağlandı», «Ətiqə», «Eşq və mə­həb­bət» kimi məqalələri bu qəbildəndir. «Azərbaycan» qəze­ti­nin 1919-cu il 21, 24 noyabr sayında dərc etdirdiyi «Milliləş­mək» məqaləsində isə Ömər Faiq milli dil və ədəbiyyat haq­qında dəyərli fikirlər irəli sürür: «Canlı işlər, tarixi dəyişik­lik­lər bizə göstərir ki, hər cəmiyyət, hər fərd hər dürlü ənə­nə­sin­dən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o mil­lətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış de­məkdir.

Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz» [182, s.246].

Zəngin ənənəyə malik Azərbaycan memuar ədəbiyyatı XX yüzilin birinci yarısında özünün təşəkkül mərhələsinə çatmaq­la milli memuaristikanın inkişafını surətləndirmişdir. Bu dö­nəm­də fəal mollanəsrəddinçi şair Əli Nəzminin (1878-1946) qələmə aldığı «Keçmiş günlər» xatirəsi Azərbaycan memuar ədəbiyyatı tarixində özünəməxsusluğu ilə fərqlənir. Əsər mü­əl­lifin özündən əvvəl yaranan xatirələrin labüd davamı olsa da onun nəzmlə yazılması Azərbaycan memuaristikası tarixində bir yenilik kimi dəyərləndirilməlidir. Xatiratın əlyazma nüs­xəsi Əli Nəzminin avtoqrafıdır və iki ümumi dəftərə bənövşəyi mürəkkəblə, müasir nəstəliq xətti ilə yazılmışdır. Əlyazma üzə­rində çoxlu düzəlişlər aparılmış, ixtisar və əlavələr edil­miş­dir. Bəzən tam bir səhifə əlavə olunmuşdur. Dəftərlərin boz cil­di üzərində rus dilində «Dnevnik» yazılmışdır. Əsərin üzü kö­çürülmüş, səliqəli və tam nüsxəsi isə Nizami adına Ədə­biy­yat İnstitutunun elmi arxivində saxlanılır. Məhz bu nüsxə əsa­sında f.e.n. Elmira Qasımova əsəri nəşr etdirmişdir [198].

XX əsrin birinci yarısının ictimai-siyasi, iqtisadi durumu, ədəbi mühiti, «Şərqi-Rus», «Molla Nəsrəddin», «İşıq», «Zən­bur», «Məzəli» və digər məcmuələr haqqında məlumat, ta­nın­mış mühərrirlərin, şair və yazıçıların fəaliyyəti, xüsusən C.Məm­mədquluzadə, M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Hü­seyn­zadə, S.Mümtaz, Ə.Qəmküsar, M.Hadi kimi ədəbiyyat xadim­lərinin şəxsi keyfiyyətləri «Keçmiş günlər» xatirəsində özünün real təcəssümünü tapmışdır. Ən əsası bütün bunlar yüksək şei­riyyətlə, bədii boyalarla əks olunmuşdur. «Keçmiş günlər» əsə­rində hadisələrin təsviri tarixi-xronoloji bir ardıcıllıqla da­vam etdirilir. Şairin özünün şəxsi həyatı, yaradıcılığı oxucuya dövrün, mühitin, ictimai-siyasi, ədəbi hadisələrin inkişafı axa­rında təqdim edilir və dilinin sadəliyi və axıcılığı əsəri oxu­naqlı edir» [199, s.22]. Əsər müəllifin doğulduğu Sərab kən­di­nin təbiətinin təsviri, təsərrüfatı, coğrafiyası haqqında, Kəpəz, Mirab dağları haqqında məlumatla başlanır. Şeirin imkanları nəsrə nisbətən geniş olmasa da, Əli Nəzmi kiçik bir hissədə müəyyən hadisə haqqında dolğun təsəvvür yaratmağa müvəf­fəq ola bilmişdir. Xatirələrdə ayrı-ayrı başlıqlar altında his­sə­lər verilmişdir. Bu başlıqların əksəriyyəti həmin hissənin məz­munu haqqında tam təsəvvür yaradır. Xatirələrin birinci dəftəri təxminən qırxa yaxın, ikincisi isə otuzdan artıq kiçik hissələri əhatə edir. Əli Nəzminin özünə aid hissələrdə  «Atamın vəfa­tı», «Ev işim», «Necə oldu Buxaraya getdim», «Kitab məş­ğu­liy­yəti», «Birinci dəfə şeir yazmağım», «Məni evləndirdilər» və digər hissələrdə şairin acınacaqlı həyatı, ticarətlə məşğul ol­ması, rus məktəbinə getməsi təsvir edilmişdir. Özü ilə bir çox olaylar yeri gəlmişkən müxtəlif hissələrdə qələmə alınmışdır. Əli Nəzminin müxtəlif nəşriyyatlardakı fəaliyyəti Azərbay­canda mətbuat tarixini öyrənmək üçün zəngin material əldə et­məyə imkan yaradır.

Əli Nəzmi xatirələrdə «Şərqi-Rus», «Molla Nəsrəd­din»də­ki fəaliyyətindən, orada iştirak edən müəlliflərdən, özünün ilk sə­yahətlərindən, Buxara, Səmərqənd şəhərlərində ticarətlə məş­ğul olmasından, Mirzə Ələkbər Sabirin, Abdulla Tofiqin «Molla Nəsrəddin» məcmuəsinə cəlb olunmalarından, vaxtsız vəfat edən Abdulla Tofiqin ölümünə mərsiyə yazmasından, Hatif təxəllüslü Mirzə Məhəmməd Axundzadədən bəhs edir. Qeyd etmək lazımdır ki, mollanəsrəddinçı şair, görkəmli ma­arifçi, pedaqoq, publisist, dramaturq Mirzə Məhəmməd Axund­zadə Əli Nəzminin yaxın dostu, etibarlı sirdaşı idi. O, «Türk Ədəmi-Mərkəziyyət-Musavat» partiyasının liderlərin-dən və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının fəal iştirak­çı­larından biri olmuşdu. «Bir yandan ağır məişət problem­lərin­dən min bir əziyyət çəkən, ehtiyac əlindən hətta kiçik bir dü­kan açıb alış-veriş etməklə ailəni dolandırmağa məcbur olan Ə.Nəzmi, digər tərəfdən «Molla Nəsrəddin»dəki yazılarına görə cahil və nadan mollaların, onların fitnə-fəsadına uyan avam camaatın da təqib, rişxənd və həqarətinə də dözmək məc­buriyyətində qalardı. Belə vaxtlarda onun yeganə təsəlli yeri, məhz, M.M.Axundzadə olardı» [120, s.52]. Mirzə Mə­həm­məd Axundzadənin məsləhətilə Əli Nəzmi «Molla Nəs­rəd­din» məcmuəsi ilə əməkdaşlığa cəlb olundu və maraqlı ya­zıları ilə oxucuların rəğbətini qazandı.

«Keçmiş günlər» xatiratının ikinci dəftərində əlavələr, təs­hihlər daha çoxdur. Burada 1907-ci ildə «Molla Nəsrəddin» məc­muəsinin həbsi, Mirzə Cəlili öldürmək qəsdi, M.Ə.Sabirin, A.Səhhətin vəfatı, Ə.Qəmküsarın 1919-cu ildə Tiflisdə qətli, M.Hadinin itkin düşməsi, Ə.Hüseynzadə, S.Mümtaz, M.Hadi ilə ilk görüşü haqqında dəyərli məlumatlar verilir. Bir sözlə, XX əsrdə Azərbaycanın mətbuat tarixini, ictimai-siyasi və­ziy­yətini, bu dövrdə yazıb-yaradan müəlliflərin, şəxsən Əli Nəz­minin həyat və fəaliyyətini öyrənmək baxımından «Keçmiş gün­lər»in əhəmiyyəti danılmazdır.

Əli Nəzminin bir yaradıcı insan kimi xarakterinin açıl­ma­sında ona ünvanlanan məktublar da xeyli önəmlidir. Məsələn, «Dirilik» və «Babayi-əmir» məcmuələri idarəsi 1910-cu il fevral ayının 21-də belə bir məktub göndərmişdi: «Hörmətli Əli Nəzmi əfəndimiz! Salam sonrasında yaz fəslində «Məzəli» məcmuəsində dərc olunmaq üçün neçə şeir göndərmişdiniz. Mərhum Haşım bəy məzkur şeirləri Müznib əfəndi üçün oxu­muşdu. Məəttəəssüf, «Məzəli» məcmuəsi artıq qapandığından şeirləriniz dəxi dərc etməli olmadı. Ona bena həmin şeirləri bi­zim üçün irsal buyursanız birər-birər məcmuəmizdə dərc edə­rik. Və məzkur məcmuəyə parə ilə yazdığınız məlumumuzdur. Lakin idarəmiz maddi cəhətdən zəif olduğuna görə parə ver­mək nemətindən məhrumuz. Ümidvarıq ki, zati-aliləriniz kibi ərbabi-ürfanın mənəvi yardımları sayəsində idarəmizin halını hər cəhətdən təmin edib gələcəkdə o nemətə də müvəffəq ola­rıq. Baqi ərzi-ehtiram «Dirilik» - «Babayi-əmir» idarəsi» [197].

A.Jurbenkodan 29 oktyabr 1933-cü ildə göndərilmiş, rus dilində yazılmış başqa bir məktubda müəllif biblioqrafik mə­lumat kitabının tərtibi ilə əlaqədar Əli Nəzmidən müvafiq sxem üzrə özü haqqında avtobioqrafik və biblioqrafik məlumat ya­zıb göndərməsini xahiş edir.

Məktublar Əli Nəzminin tərcümə sahəsində göstərdiyi sə­mə­rəli fəaliyyətindən də xəbər verir. O, Nizami əsərlərindən, Fir­dovsi «Şahnamə»sindən, Krılovdan tərcümələr etmişdir ki, bunlar da avtoqraf halında şairin şəxsi fondunda saxlanılır. «Yeni nəsil» redaksiyasının 1940-cı ildə Ə.Nəzmiyə göndər­di­yi məktubda yazılmışdır: «Hörmətli yoldaş! Sizin redaksiya­mı­za göndərdiyiniz Nizami haqqındakı materiallarınızı aldıq. Bu günlərdə Nizamiyə həsr olunmuş nömrələrimizdə buraxıla­caq» [200].

Bu məktub Əli Nəzminin Nizami Gəncəvi əsərlərinin tərcü­mə­si ilə ciddi məşğul olduğunu sübuta yetirən sənəddir.

Nəzərə çatdırılmalıdır ki, xatirələr əksər hallarda sifarişlə ya­zılır. Əli Nəzmi xatirələrini prof. Mir Cəlal Paşayevin tövsi­yə­si ilə qələmə almışdır. Professor Əziz Mirəhmədovun xahişilə Ba­laqardaş Mürşüdov adlı bir şəxs Məhəmməd Hadi haqqında xatirələr yazmış və həmin yazının əlyazması AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə olunur [174]. Görkəmli yazıçı və müəllim Abdulla Şaiqin (1881-1959) xatirələri də bu qisim əsərlərə aiddir. Ruhulla Axundov haqqında 1956-cı ildə yazdığı xatirələrində Şaiq bu barədə mə­lumat vermişdir: «1935-ci ildə Ruhulla Axundovun təşəbbüsü ilə iki ciddi iş başladım. Bunlardan biri geniş tərcümeyi-ha­lımın və xatirələrimin yazılması idi. Həmin xatirələri 1935-ci ildə yazıb əlyazmaları arxivinə verdim. O zaman Ruhulla Axun­dovun tapşırığı ilə mədəniyyət xadimlərimizə yazdırılmış belə xatirələr indi xalqımızın yaxın tarixini öyrənmək üçün qiy­mətli mənbələrdəndir» [228, s.333].

Abdulla Şaiq 1953-1954-cü illərdə yazdığı xatirələrində XX əsrin əvvəllərində ədəbiyyatda hökm sürən cərəyanlardan, bu cərəyanlara münasibətindən söhbət açır, şair və yazıçı dost­ları haqqında öz mülahizələrini bildirir. O, memuarında M.Ə.Sa­bir, A.Səhhət, N.Nərimanov, S.S.Axundov, Ə.Haqver­di­yev, C.Cabbarlı, H.Cavidlə bağlı xatirələrini qələmə al­mış­dır. «Xatirələrim» son dərəcə maraqlı və canlı bir dillə yazıl­mış­dır. Xatirələrin əksəriyyətində hadisələr daha çox me­mua­ris­tin özü ilə bağlı olur. Abdulla Şaiqin əsərində isə özünün xa­tirələrindən əlavə uşaqlıq illərində gördüyü və eşitdiyi əhva­lat­lar da nəzərə çatdırılmışdır. Zalxanın faciəsi, Gülbala ilə Gül­sümün həyatı, Əkbər əminin faciəsi, Xanımağanın faciəsi me­muarın bir roman qədər maraqlı çıxmasını təmin etmişdir. Bu hissələr Şaiqin dövrünü, yaşadığı mühiti öyrənmək üçün də oxucuya dəqiq məlumat verir. Şaiqin xatirələri «Keşməkeşli hə­yat yollarını, görkəmli elm, maarif, ədəbiyyat və sənət xa­dim­lərinin fəaliyyətini, münasibətlərini, yaradıcılıq əlaqələrini, dövrün ziddiyyətlərini əks etdirən gözəl sənət əsəri» [154, s.117] kimi dəyərləndirilməlidir. Xatirələrdə «ədəbi-bədii və tarixi hadisələr ədibin həyatı, yaradıcılıq yolu ilə bərabər izlə­nilir, enişli-yoxuşlu yollar mahir sənətkar qələmi ilə işıq­lan­dı­rı­lırdı. Real həyat hadisələri, tarixi hadisələr, şəxsiyyətlər haq­qında qiymətli məlumatlar burada canlı şəkildə öz əksini ta­pırdı. Tarixi hadisələrə müasir baxış, obyektiv və subyektiv mü­nasibətlər, dialoqlar, elmi-kütləvi və bədii təsvir üsulları, lirik ricətlər «Xatirələr»in ən yaxşı məziyyətlərindəndi» [154, s.117].

Bütün söylənilənlərdən belə bir nəticə hasil olur ki, məktub və gündəliklərdən tərcümeyi-hal və memuarlara, memuar­lar­dan roman və povestlərə qədər estetik struktur artır. Romanist və memuarist müxtəlif məqamlardan başlayırlar, hadisə və fi­kirlərin birliyində birləşirlər. Memuar əsərlərinin müəllifi hə­mi­şə müsbət qəhrəmandır. Çünki bütün təsvir olunanlar onun nöqteyi-nəzərindən qiymətləndirilir. Ona görə ki, onun qiy­mət­ləndirməyə hüququ vardır. Memuar əsərlərində xarakter romanda olduğu kimi bədii əhəmiyyət daşıya bilər, çünki o, öz mahiyyəti etibarilə yaradıcılıq məhsuludur. Abdulla Şaiqin xa­tirələri də öz bədiiliyi ilə seçilən kamil memuar nümunəsidir.

Tanınmış uşaq yazıçısı, tənqidçi və tərcüməçi Mikayıl Rza­quluzadə memuar janrı haqqında fikirlərini açıqlayaraq bun­ları nəzərə çatdırır: «Xatirələr janrı ədəbiyyatın elə maraqlı bir növüdür ki, nə dərin elmi tədqiqlərdə, nə geniş əhatəli ro­manlarda, nə təsirli lirik şeirlərdə, nə qol-qanadlı poemalarda ifadə edilə bilməyən duyğular, düşüncələr, həqiqi həyat hadi­sə­ləri burada öz canlı ifadəsini tapır. Bu janr həm tarixi sənəd kimi, həm də əhatə etdiyi dövr və mühiti, tarixi simaları və ümumiyyətlə həyat səhnələrini olduğu kimi əks etdirən bir janr olmaq etibarilə böyük məna və əhəmiyyətə malikdir. Lakin nə­zərdə tutmaq lazımdır ki, zaman və mühit haqqındakı elmi əsər­lərdə ciddi obyektivlik, hadisələrin müəyyən dərəcədə mü­cər­rədləşməsi, nəticələrin elmi ümumiləşdirilməsi, bədii əsər­lərdə isə bunların az-çox sərbəst surətdə şərhi, bədii uydurma surət və situasiyaların, cürbəcür dialoq, təsvir və sairənin artı­rıl­ması şərt olduğu kimi, xatirələrdə də hadisələrə, ayrı-ayrı şəxslərə münasibətdə subyektivlik, xatirələr sahibinin şəxsi duy­ğu və düşüncələrinin təzahürü tamamilə təbiidir. Elmi əsər­lərdə dəqiqlik sənədlərə istinad edilərsə, bədii əsərlərdə ya­­radıcılıq qüdrətinin inandırıclıq təsiri əsasdırsa, xatirələrdə müəllifin şəxsiyyətinin nüfuz və etibarı bunların hər ikisini əvəz edir» [212, s.357].

Müəllif yuxarıda söylənilən fikirlərlə memuar janrının əsas xüsusiyyətini çox doğru əks etdirmişdir. Lakin burada bir cə­hətə fikir vermək, xatirə ilə tərcümeyi-hal arasında oxşarlığı fərq­ləndirmək gərəkdir. Məqalə müəllifi yazır: «Xatirəni bir janr olaraq tərcümeyi-haldan ayırmaq çətindir. Çünki müəllifin tər­cümeyi-halını onun ailə həyatından, dost və yaxın olduğu şəx­siyyətlərdən, dünyagörüşündən, müşahidə etdiyi, gördüyü, eşit­diyi hadisələrdən ayrı təsəvvür etmək mümkün deyil. Bu mə­nada A.Şaiqin xatirələri tərcümeyi-hal materialı ilə zəngin­dir və bu əsərin məzmunca hərtərəfliliyinə müsbət təsir gös­tə­rir» [212, s.358].

Əslində xatirəni bir janr kimi tərcümeyi-haldan ayırmağa ehtiyac yoxdur. Çünki tərcümeyi-halın özü də memuar janrına aiddir. Xatirələrin tərcümeyi-hal materialı ilə zənginliyinə gəl­dik­də isə bildirilməlidir ki, bütün xatirələrdə tərcümeyi-hal xü­su­siyyətləri olur. Ömər Faiq Nemanzadənin xatirələrindən bəhs edən ədəbiyyatşünas alim Şamil Qurbanov da əsərin tər­cü­meyi-hal səpkisində yazıldığını qeyd edir və bunu belə əsas­landırır ki, «bütün başqa əhvalatlar Ömər Faiqin özü ilə bila­va­sitə bağlı şəkildə şərh olunur» [181, s.5]. Müəllif həmçinin Ömər Faiqin xatirələrinin ideya-siyasi əhəmiyyətini göstərir və bunları XX yüzillikdə Azərbaycanın ictimai və ədəbi həyatının müəyyən cəhətlərini canlandıran bir mənbə kimi təqdim edir.

XX əsr Azərbaycan ədəbiyyatında dəyərli xatirələr müəlli­fin­dən biri də Yusif Vəzir Çəmənzəminlidir (1887-1943). Çə­mən­zəminli zəngin bədii yaradıcılığa, ədəbiyyat tarixinə, folk­lo­ra dair dərin tədqiqlərə, elmi-nəzəri fikir və mülahizələrə ma­lik bir şəxsiyyət olmuşdur. O, folkloru yüksək qiymət­lən­dir­miş, bu mövzuda dəyərli elmi əsərlər yazmış və bütün ya­ra­dıcılığı boyu ondan ustad sənətkar kimi qidalanmışdır. Yazıçı folklor haqqında ilk elmi-nəzəri mülahizələrini Türkiyədə sə­fir­liyi dövründə yazdığı «Azərbaycan ədəbiyyatına bir nəzər» kitabında irəli sürmüş və sonrakı illərdə araşdırmalarını daha da genişləndirmişdir. Çəmənzəminli Azərbaycan şifahi xalq ədə­biyyatını toplamaqla yanaşı türk xalq ədəbiyyatı ilə də ma­raqlanmış, türk atalar sözlərini toplamışdır. Onun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivin­də topladığı türk atalar sözləri əlyazması halında saxlanılır [59]. Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlən­məsi ədibi daima düşündürürdü. Bu məqsədlə 1919-cu ilin iyun ayında o, İstanbula gəlir. Çəmənzəminlinin İstanbula gəl­məyi haqqında Türkiyənin bəzi siyasi, diplomatik və ədəbi dairələrinə xəbərdarlıq edilmişdi. Yusif Vəzir onların bəziləri ilə, eləcə də Əhməd Fərid bəylə görüşərək mövcud durum ba­rədə fikir mübadiləsi edirlər. Vətənə döndükdən sonra Azər­baycan Demokratik Cümhuriyyətinin Nazirlər şurasının sədri Nəsib bəy Usubbəyovun qəbulunda olur və ona İstanbulda Azərbaycan səfirliyinin açılmasının vacib olmasını bildirir. Bu məsələ ilə bağlı o, «Azərbaycan» qəzetində «Xarici siyasəti­miz» və «Milli mədəni işlərimiz» başlığı ilə dərc olunan silsilə məqalələrinin birində çıxış etmişdi.

Yeri gəlmişkən qeyd edilməlidir ki, Azərbaycan Cümhu­riy­yəti hökumətinin ilk sədri olmuş Fətəli xan Xoyskinin (1875-1920) həyat və fəaliyyətini əks etdirən sənədləri bu dövrü hərtərəfli işıqlandırmaq baxımından diqqət çəkir. İlk də­fə 1998-ci ildə nəşr olunmuş «Fətəli xan haqqında ilk sənəd nəş­ri olan bu topluya onun ictimai-siyasi fəaliyyətini, xüsusilə ADR-in yaranmasındakı rolunu əks etdirən sənədlər, habelə Rusiyanın II Dövlət Dumasında, Zaqafqaziya seyminin və Azər­baycan Parlamentinin iclaslarındakı çox məzmunlu çıxış­ları daxil edilmişdir» [89, s.13]. Bu sənədlər Azərbaycanın döv­lət arxivlərində, dövri mətbuat səhifələrində qorunaraq günümüzə qədər gəlib çatmışdır. Böyük əksəriyyəti ilk dəfə nəşr olunan sənəd və materiallarda Azərbaycan Xalq Cümhu­riy­yətinin (1918-1920) müxtəlif sahələrdə gördüyü işlər öz əksi­ni tapmışdır.

Məhz Y.V.Çəmənzəminli cənab Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ilin payızında Azərbaycan Demokratik Cüm­huriyyətinin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilir. 32 yaşlı səfir gəmi ilə Trabzona, oradan da İs­tanbula gedir. Bir neçə gündən sonra İstanbulda Türkiyənin o zamankı xarici işlər naziri ilə görüşüb özünü ona təqdim edir. Türkiyə qəzetləri bu görüş haqqında məlumat verdikdən sonra Yusif Vəzir öz diplomatik vəzifəsini yerinə yetirməyə baş­la­yır. Sonralar o, «Musavatçıya cavab» məqaləsində Türkiyədə səfir olarkən qarşılaşdığı bəzi mətləblərə aydınlıq gətirməyə çalışmışdır. O, türkləri diplomatik və siyasətin incəliklərinə qə­dər vaqif olan bir xalq kimi dəyərləndirərək, onların səfir haqqında dediklərini yazıya almışdır: «Səfir hökuməti təmsil edir. Əgər səfir siyasətində sərbəstlik göstərirsə, haman geri ça­ğırılır. Halbuki Vəzirov Musavat hökuməti mövqeyini tərk etdikdən sonra belə səkkiz ay səfirlikdə davam etdi» [53, c.3, s.187].

Yusif Vəzir İstanbulda olarkən siyasi fəaliyyətlə yanaşı elmi yaradıcılıqla da məşğul olmuşdur. İstanbulun Bəyazid və Nuri-Osmaniyyə kitabxanalarında saxlanılan qədim kitab­lar­dan, Övliya Çələbinin «Səyahətnamə»sindən, o cümlədən «Ca­han­nüma», «Came-ün nəzair», «Qamüs-ül əlam» və digər mən­bələrdən səmərəli istifadə etmişdir. Bunu yazıçının ar­xi­vində olan qeydlər bir daha təsdiqləyir. Əli Seydinin «Dövləti-Osmaniyyə tarixi», Nəsib Asimin «Türk tarixi», yenə də hə­min müəlliflə Məhəmməd Arifin «Osmanlı tarixi» və «Ca­han­nüma»dan bəzi türk xanlarının tarixinə aid 1920-ci ildə İstan­bulda edilən bu qeydlər [56] Çəmənzəminlinin yalnız Azər­bay­can ədəbiyyatı və tarixi ilə deyil, eyni zamanda türk ədə­biyyatı və tarixi ilə də ciddi məşğul olduğunu bir daha təs­diq­ləyir.

İstanbul mühiti Yusif Vəzir Çəmənzəminlinin həyatında önəmli yer tutduğu kimi bədii yaradıcılığına da ciddi təsir et­miş, əsərlərində Türkiyənin ədəbi, siyasi mənzərəsi can­lan­dı­rıl­mışdır. Ədibin «Halicdən gələn qız» əsəri Türkiyədə «İstan­bul­lu qız» adı ilə çap olunmuşdur. Belə bir əsəri yalnız İstan­bulu yaxşı tanıyan yazar qələmə ala bilərdi. Azərbaycan De­mokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olan Yusif Və­zir oraları çox gözəl tanıyırdı. Müəllifin «Zeybək qızı» heka­yə­sində də İstanbulun hər bir küçəsi, körpüsü, meydanı, abi­də­ləri  əzəmətli Dolmabağça sarayı, möhtəşəm Süleymaniyyə camesi bütün incəlikləri ilə təsvir olunmuşdur. Əsərin süjet xət­tini isə Türkiyənin yadelli işğalçılara qarşı apardığı milli-azadlıq mübarizəsi təşkil edir. Bu hekayədə Midhət əfəndinin və Zeybək qızının simasında türk xalqının qəhrəmanlıq və şü­caəti öz əksini tapmışdır [53, c.1, s.284].

Yusif Vəzir Çəmənzəminlinin memuar irsi yaradıcılığında önəmli yer tutur. O, bu janrın bütün növlərində qələmini sına­mış, xatirələrini, tərcümeyi-halını yazmış, gündəlik tərtib et­miş­dir. Sözügedən nümunələr ədibin ictimai, ədəbi və pub­li­sis­tik fəaliyyətini öyrənməklə yanaşı tarixi mənbə kimi çox dəyərlidir. Xatirələrdən məlum olur ki, Çəmənzəminlinin atası Mirbaba bəy fars və türk dillərini mükəmməl bilirdi. Ədə­biy­yatla məşğul olar, xüsusən Ə.Firdovsi və M.Füzulini çox se­vər­di. Ədəbiyyatdan başqa musiqiyə böyük həvəsi olan Mir­baba bəy xanəndələrə muğamat öyrədərdi. Məşhur xanəndə Hacı Hüsü onun şagirdi olmuşdu. Y.V.Çəmənzəminlinin anası Seyid Əziz Seyid Hüseyn qızı Mirbaba bəyin üçüncü arvadı idi. Gənc yaşlarında yaşlı adama ərə verildiyindən aralarında bir soyuqluq var idi. Çəmənzəminli xatirələrində anası haq­qın­da yazır: «Anam olduqca gözəl, rəhmdil, dindar və ədalətli bir qadın idi...Çox cəsur idi. Atam şəhərdə olmayanda oğurluq, ya qız götürüb qaçmaq məqsədi ilə evimizə təcavüz etmək is­tə­yən oğru və sərsəriləri dəfələrlə tapança ilə qaçırmışdı. Hər gecə yatmazdan əvvəl bir əlində lampa, o birində tapança hə­yə­ti yoxlar, sonra qapıları bərkidib yatardı. Qışın uzun gecə­lə­rini anamızın ətrafına toplanaraq, dadlı nağıllarını, heka­yələ­ri­ni dinlərdik. Xanların zülmü  adamları quşlara yedirmə, şişə çəkib ocaq üstə qoyma; kişilərin qadınlara qarşı zorbalıqları, qız çocuqlarının ərlərindən qaçıb buxarılarda, dəyirmanlarda giz­lənmələri  həyatın bütün şiddətləri canlı obrazlar ilə göz­lərimizin önündən keçir, körpə ürəyimizi yaxırdı. Zülmə qarşı bəslədiyim düşmənçiliyi şübhəsiz ki, anamdan öyrəndim» [57, s.3].

Yusif Vəzirin xatirələrində uşaqlıq və ilk gənclik illəri haq­qında geniş məlumat, onu əhatə edən mühitlə bağlı dəyərli faktlar vardır. Xatirələrə əsasən məlum olur ki, onun uşaqlıq və ilk gənclik illəri çox ağır şəraitdə keçmişdir. 1906-ci il fev­ral ayının 20-də Mirbaba bəy vəfat edir. Bundan sonra ailənin vəziyyəti çətinləşir. Çəmənzəminli xatirələrində bu barədə ya­zır: «Atam altı abbası nəqdi puldan başqa dolu bir ev və nüs­xəbənd dükanı tərk etmiş, anamı, kiçik bacımı və qardaşımı da öhdəmə buraxmışdı. Vəziyyətim olduqca ağır idi: orta məktə­bin bitməsinə hələ 3 il vardı, ailəni təmin etmək lazım idi. İlk əvvəl Ağdamdakı dükanın şeylərini satmalı idim. Bu niyyətlə altı şahı verib araba ilə Ağdama getdim. Lakin bir neçə gündən sonra yatalağa tutulub ağır böhranlar keçirdikdən sonra məni Şuşaya gətirdilər. Xəstəlikdən zəif düşdüm, 3 ay yatalaqdan qal­xa bilmədim. Anam evin şeylərini satıb mənə xərc etməyə başladı. Bütün zəngin qohumlarımız bizdən üz döndərmişdi. Bizə kimsə kömək etmirdi» [57, s.9]. Belə çətin günlərdə ailə­yə aclıq illərində İrandan, Çəmənzəminli kəndindən Şuşaya gəlmiş üç qardaş kömək edir. Mirbaba bəy vaxtilə onlara bir otaq verib himayəsinə almışdı. Yusif Vəzir də qardaşların kən­dinin adını onlara minnətdarlıq əlaməti olaraq özünə təxəllüs seçir.

Ədibin «Bir cavanın dəftəri» əsəri haqqında müxtəlif fi­kir­lər söylənilmişdir. Bəzi araşdırıcılar bu əsəri roman, bəziləri xa­tirə adlandırmışlar. Əslində «Bir cavanın dəftəri» avtobioq­rafik povestdir. Gündəlik şəklində yazılmış bu əsərdə hadisə­lə­rin sujet və məzmunundan müəllifin həyatına bənzədiyi mə­lum olur. Bütün avtobioqrafik əsərlərdə olduğu kimi burada da surətlərin adları dəyişdirilmişdir. Əsərdə Muradla Asiyanın sə­mimi sevgisi tərənnüm olunmuşdur. Hadisələr Bakıda və Aş­qabadda cərəyan edir. Çəmənzəminli özü söyləmişdi ki, «yal­nız bildiyim və məni həyəcana gətirən hadisələri qələmə al­mışam. Kiyev Universitetinin hüquq fakültəsində oxuyarkən yaz­dığım «Studentlər» romanı və başqa əsərlərim şahidi ol­du­ğum əhvalatlar və başıma gələn hadisələrlə bağlıdır» [255, s.274].

Yusif Vəzir Çəmənzəminlinin şəxsi arxiv fondunda altı variantda tərcümeyi-hal [58] nümunəsi saxlanılır. Rus dilində yazılmış tərcümeyi-halların nə vaxt və harada yazıldığı qeyd edilməmişdir. Bununla belə məzmunlarından hali olduqda bun­ların müxtəlif vaxtlarda qələmə alındığı məlum olur. Hər biri iki, üç vərəqdən ibarət olan sənədlərdə Yusif Vəzir həyat və fəaliyyətinin önəmli məqamları haqqında məlumat verir. Sə­nədlərin avtoqraf olması onların dəyərini bir daha artırır.

Daha öncə qeyd edilmişdir ki, memuar nümunələrində əsas yeri yaddaş tutur. Əgər hər hansı danışıq həmin dəqiqə kağıza köçürülmürsə, illər keçdikcə onun hərfi konkretliyi tam də­qiq­liyi ilə yadda qala bilməz. Xarici aləmin heç bir hadisəsi me­muaristə bütün dəqiqliyi ilə məlum ola bilməz, o, həmin ha­di­sələri yalnız duya bilər. Bu baxımdan gündəliklərin əhəmiy­yə­ti əvəzsizdir. Yusif Vəzir Çəmənzəminlinin də memuar yara­dı­cılığında diqqəti daha çox gündəliklər cəlb edir. Yazıçının şəx­si arxivində Azərbaycan və rus dillərində yazdığı iki dəftərdən ibarət gündəliyi [54, 55] mühafizə olunur. Gündəliklərin birin­cisi 1907-ci ilin Bakı, Şuşa, Aşqabad, ikincisi isə 1908-1909-cu illərin Bakı, Aşqabad, Peterburq şəhərlərindəki hadisələri əhatə edir. Gündəlikdə Çəmənzəminlinin qadın, tərbiyə, əxlaq, gözəllik, təhsil haqqında maraqlı fikirləri qeyd edilmişdir. O, yazır: «Dünyada bədgümanlıqdan pis şey yoxdur. Bu xüsu­siy­yət insanı iztirabla sıx bağlı olan qeyri-normal vəziyyətə salır. Bədgümanlıq çox vaxt dəhşətli pessimizmə gətirib çıxarır: in­sana elə gəlir ki, onun ümidləri məhv olub, xoşbəxtliyi itirilib və onu heç bir şey xilas etməyəcək» [54, s.48]. Və ya sərvət haq­qında bunları bildirir: «Var-dövlət insanı korlayır: mənəvi dünyasını puç edir, lakin ona böyük həyata geniş yol açır» [54, s.111]. 1917-ci ildə Kiyevdə olarkən gündəlik şəklində qələmə aldığı «Minuta dlya sebya» adlı qeyd dəftərində Yusif Vəzir yazır: «Hədsiz xiffətlənirəm, ələlxüsus təklikdən. Özüm üçün bir dəqiqə belə vaxt ayıra bilmirəm. Vaxtımın hamısı başqaları üçün, cəmiyyət üçün sərf olunur. Hərdən özüm-özümlə qalıb vaxtımı özüm üçün də sərf etmək istəyirəm» [255, s.83].

Y.V.Çəmənzəminli gündəliklərinə müxtəlif şəxslərə gön­dər­diyi məktubların surətlərini də köçürmüşdür. Burada Hü­seyn Mirzəcamalova, Cahangirə, Mirhəsən Vəzirova ünvan­la­nan məktublar üstünlük təşkil edir. Çəmənzəminli arxiv top­la­mağı yazıçı mədəniyyətinin meyarı kimi dəyərləndirirdi. Onun səliqəsi haqqında Mir Mehdi Seyidzadə bunları söyləmişdir: «Biz (M.Seyidzadə, Mir Cəlal, Y.V.Çəmənzəminli və Azər­nəş­rin direktoru Əsəd Axundov  N.S.) Yusif Vəzirin «Kras­naya» küçəsində olan evinə gəldik. Çəmənzəminlinin iş ota­ğın­da yan-yana qoyulmuş dolablarda dünya yazıçılarının cild­ləri düzülmüşdü. Dolabların birində isə Çəmənzəminlinin əl­yaz­maları qovluqlar içərisində yan-yana düzülmüşdü. Yusif Və­zir əlyazmalarını necə saxlaması haqqında bizə izahat verdi, biz onun səliqəsinə heyran olduq» [217, s.20].

Ədəbiyyatşünas Kamran Məmmədov «Yusif Vəzir Çə­mən­zəminli»[157] monoqrafiyasında ədibin ömür yolunu xa­ti­rə­lərinə, gündəliklərinə istinadən araşdırmışdır. Çəmənzə­min­li­nin memuar irsi onun dünyagörüşünü, həyata və insanlara ba­xışını, dost və qohumları haqqında düşüncələrini, onlara mü­na­sibətini bildirmək baxımından əhəmiyyətlidir. Yazıçının oğ­lu Orxan Vəzirov isə atası haqqında yazdığı xatirələrdə həm hələ dünyaya gəlmədiyi vaxtların bəzi maraqlı əhvalat və mə­qam­larını müəyyən mənbələrdə olan sənədlərdən istifadə et­mək­lə qələmə almış, həm də uşaqlıq dövründə atası ilə bağlı xa­tirələrini canlandırmışdır. Xatirələrdə Yusif Vəzir bir şəx­siy­yət, bir yazıçı, qayğıkeş ailə başçısı kimi xarakterizə olunur. Müəllifin «Atam Yusif Vəzir Çəmənzəminli haqqında» [254] və «Azərbaycan Respublikasının Ukraynada və Türkiyədə ilk səfiri» [255] adlandırdığı xatirə kitablarında görkəmli yazı­çı­nın həyat və yaradıcılığından, şərəfli ömür yolundan bəhs edi­lir. Orxan Vəzirov atası haqqında bildiklərini, yadında qa­lan­ları, atasından sonra keçdikləri acınacaqlı, çətinliklərlə dolu günləri məharətlə qələmə almağa nail olmuşdur.

Nəzərə çatdırılmalıdır ki, Mirzə Fətəli Axundov və Yusif Vəzir Çəmənzəminli mükəmməl arxiv yaratmışlar. Ədəbiyyat­şünas-alim Əziz Şərif də bu siyahıya daxil edilə bilər. Onun zən­gin və səliqəli arxivi vardır. Alimin dəyərli xatirələri məhz şəxsi arxivində saxlanılan məktublar və yeniyetməlik dövrün­dən ömrünün sonuna kimi müntəzəm tərtib etdiyi gündəlikləri əsasında araya-ərsəyə gəlmişdir. M.Ə.Sabir, H.Cavid, Ə.Haq­verdiyev, H.Ərəblinski, T.Ş.Simurğ, S.Vurğun haqqında xati­rələr faktik sənədlər əsasında yazıldığından son dərəcə dəyərli və əhəmiyyətlidir. Memuarist özünün Ə.Haqverdiyev ilə, C.Məm­mədquluzadə ilə aralarında olan qarşılıqlı münasibəti belə şərh edir: «Məni «qardaş» adlandıran və mənimlə öz ya­xın, özünə bərabər yoldaşı və dostu kimi rəftar edən Əb­dür­rə­him bəy Haqverdiyevdən fərqli olaraq, hələ 1905-ci, sonradan da 1910-1911-ci illərdə mənim müəllimim və mürəbbim olan Mirzə çoxdan bəri aramızda olan pərdəni götürməyərək, hə­mişə özünün böyük, mənim kiçik olduğumu mənə hiss etdirər, mənimlə çox ciddi davranar və hər dəfə atama bəslədiyi son­suz hörmət və məhəbbətini mənə xatırladardı. Mən də uşaq­lı­ğımda olduğu kimi Mirzədən çəkinər və onun yanında itaətkar tələbə kimi özümü ədəb və təmkinlə aparmağa çalışardım. Əb­dürrəhim bəy mənimlə nə qədər sadə və mehriban idisə, Mirzə də bir o qədər vüqarlı və rəsmi idi, mənimlə atamdan söhbət et­məyi sevərdi» [83, s.252].

Əziz Şərif xatirələrinə gündəlik qeydlərindən səhifələri, əhəmiyyətli məktubları daxil etmişdir. Bütün bunlar əsərin oxu­­naqlığını artırmış, həyat həqiqətinin canlandırılmasında nə­zə­rə çarpacaq önəm daşımışdır. Memuarist dövri mətbuatda dərc edilmiş bəzi məqalələrini xatirələrinə əlavə etməklə haq­qın­da danışdığı şəxsin yaradıcılığını daha əhatəli işıqlandır­ma­ğa nail olmuşdur. Xatirələrdə həmçinin «yaxın keçmişin mü­hüm mə­də­ni-ədəbi hadisələri, teatr mədəniyyətimizin inkişaf yol­ları, onun çətinlikləri və nailiyyətləri, səhnə sənətinin unu­dul­maz fə­dailəri haqqında da dəyərli məlumat vardır» [47, s.8].

Qeyd etmək lazımdır ki, Əziz Şərifin 1910-cu ildən 1987-ci ilə qədər tərtib etdiyi 45 cildlik gündəliyi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində qorunur. Arxivdə sax­lanılan şəxsi fondlardan ən böyüyü Əziz Şərifə məxsusdur. Belə ki, yeddi elmi siyahıda cəmləşdirilmiş sənədlərin çəkisi bir ton 556 kiloqramdır.

Ümumiyyətlə, memuarların əksəriyyəti ona görə dolğun, bitkin və mükəmməl olur ki, müəllifləri bu nümunələri artıq püxtələşdiyi bir dövrdə qələmə alırlar. Bu səbəbdən klassik xa­tirələr öz dolğun mündəricələri etibarı ilə Azərbaycan memuar ədəbiyyatını zəngınləşdirmək baxımından milli ədəbiyyat və mədəniyyətimizdə xüsusi əhəmiyyətə malikdir. XX əsr Azər­baycan ədəbiyyatının görkəmli nümayəndələrinin  Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin, Əli Nəzminin, Abdulla Şaiqin, Ömər Faiq Nemanzadənin, Yusif Vəzir Çə­mən­zəminlinin, Əziz Şərifin xatirələrində dövrün ictimai-si­ya­si, iqtisadi durumu real boyalarla əks olunmuşdur. Xatirə mü­əl­liflərinin həyat və fəaliyyətləri isə bu hadisələrlə əlaqədar təs­vir olunmuşdur. Bu nümunələrdə memuaristlərin ideya-si­ya­si mövqeyi ilə yanaşı olayları qiymətləndirmək bacarığı, dün­yagörüşü, həyata və insanlara münasibəti haqqında lazımi qədər təsəvvür yaradılmışdır. Sözügedən xatirələr bədii cəhət­dən mükəmməl nümunələr olmaqla həyat həqiqətini doğru-dü­rüst canlandırmaq baxımından dəyərli və önəmlidir.



Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin