Daha öncə qeyd edilmişdir ki, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətlərinin öyrənilməsində şəxsi fondların mühüm əhəmiyyəti vardır. Bu mənada akademik Əbdülkərim Əlizadə özəlliklə qeyd olunmalıdır. Onun şəxsi fondunda [66] tədqiqat əsərləri, kitabxanası və müxtəlif sənədlərlə yanaşı tərcümeyi-halı, xatirələri, məktubları da saxlanılır. Alimin həyat və fəaliyyətinin öyrənilməsində bu materialların önəmi əvəzsizdir. Üç səhifəlik tərcümeyi-haldan bəlli olur ki, hələ 1926-cı ildə fəhlə fakültəsini bitirən alim Leninqrada ezamiyyətə göndərilmiş, orada tibb institutunda altı ay oxuyandan sonra Leninqrad Şərqşünaslıq İnstitutuna keçirilmişdir. Əbdülkərim Əlizadənin İraq, İran, Türkiyə səfərlərindən aldığı təəssüratlar maraqlı xatirələr toplusunun yaranmasına əsas olmuşdur. İraq xatirələrində müəllif ölkənin tarixi mövqeyindən, əhalinin geyimindən, ictimai mənşəyindən danışır, Mədain xərabələrini, Füzulinin qəbrini ziyarət etməsindən söhbət aşır. 1966-cı ildə iranşünasların ümumdünya konqresində iştirak etmək üçün Tehrana olan səfər İran xatirələrini meydana gətirmişdir. Alim konqresdə «Səlcuqların İranda hakimiyyəti tarixinin ictimai-iqtisadi əsaslar üzrə dövrləşdirilməsi» mövzusunda fars dilində məruzə etmişdir.
Əbdülkərim Əlizadənin 1970-ci ildə Ankara şəhərində Türk Tarixi Qurumunun VII konqresində iştirak etməsi «Fay-dalı səfər» xatirələrinin yazılmasına səbəb olmuşdur. O, xatirələrində 1265-1290-cı illərdə tikilmiş Aslan xan məscidinə, Əhməd paşa məscidinə, Ankaranın etnoqrafiya muzeyinə, Boğazköy adlanan yerə getdiklərindən bəhs edir. İstanbuldakı Topqapı sarayı və Aya Sofiya məscidi alimdə xoş təəssürat yaratmışdır. Ə.Əlizadə konqresdə iqtisadi məsələlərdə Nizamülmülk, Rəşidəddin və Məhəmməd Naxçıvaninin fikirləri arasındakı oxşar cəhətlərdən məruzə etmişdir. Alimin arxivindəki məktublar onun bir sıra ölkələrlə geniş əlaqəsindən soraq verir. 1939-cu ildə Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar yubiley komissiyası təşkil olunmuşdu. Komissiyanın sədr müavini Rəsul Rza və SSRİ EA Azərbaycan filialı Rəyasət Heyətinin sədr müavini Əhəd Yaqubov Ermitajın direktoruna göndərdikləri 29 avqust tarixli məktibda xahiş edirlər ki, Ə.Əlizadənin başçılığı ilə Nizami əsərlərinin elmi-tənqidi mətnini hazırlayan briqada Moskva və Leninqradın kitabxanalarındakı əlyazmalardan istifadə etsin. Bu məqsədlə Ə.Əlizadəyə qiymətli əlyazmaların fotosurətini hazırlamaq tapşırılmışdı. 29 aprel 1969-cu il tarixli məktubdan isə aydın olur ki, akademik Ə.Əlizadə «Azərbaycan Türk Teatrosunun müxtəsər tarixçəsi» kitabını Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinə bağışlamışdır. Bununla əlaqədar muzeyin direktoru Abbas Zamanov və elmi fondlar şöbəsinin müdiri Həmid Məmmədzadə akademikə dərin təşəkkürlərini bildirir və dəyərli hədiyyənin 6532 inventar nömrəsi ilə muzeyin fonduna verildiyini göstərirlər. Gələn məktubların bir çoxu İngiltərədəndir. Məsələn, Mançester Universiteti iranşünaslıq şöbəsindən B.Q.Martin Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poemasını göndərdiyi üçün ona öz təşəkkürünü bildirir. Başqa bir məktub Londondan yazılmışdır. Məktub müəllifi V.Minorski dostundan çoxdan xəbər olmamasından şikayətlənir, sonra isə qeyd edir ki, «yəqin «Dəstur əl-katib» sizin vaxtınızı çox alır». Bütün bu sənədlər alimin həyatını, özəlliklə yaradıcılığını öyrənmək baxımından çox dəyərli və önəmlidir.
Alimlərin şəxsi arxivlərində qorunub saxlanılan bir çox sənədlər son illər üzə çıxarılaraq nəşr edilməkdədir. Görkəmli alim Məmməd Cəfər Cəfərovun uşaqlıq və gənclik illərindən başlayaraq keçən yüzilliyin 50-ci illərinə qədərki olayları əks etdirən «Xatirələr»i şəxsi arxivindən əldə edilərək akademik İsa Həbibbəyli tərəfindən çapa hazırlanmaqdadır. Elmiliklə bədiiliyin vəhdətindən yoğrulmuş «Xatirələr»i Azərbaycan memuar ədəbiyyatı tarixində yeni əlavə kimi dəyərləndirən tərtibçi qeyd edir ki, «tərcümeyi-hal faktları və ictimai proseslər əsasında yazılmış «Xatirələr»dəki bədiilik amili bir çox məqamlarda bu əsər haqqında epik janrda qələmə alınmış povest, yaxud roman səviyyəsi təəssüratı yaradır. «Xatirələr» akademik Məmməd Cəfər Cəfərovun tərcümeyi-hal görüntüləri, ömür-gün notları olmaqdan qat-qat çox tale romanıdır. Bu dəyərli memuar bir şəxsin həyat hekayəsinin fonunda bir əsrin keşməkeşli mahiyyətini açan, həyatın dibindən XX əsrin böyük bir dövrünün ədəbi-ictimai mühitə qədərki dolaylarını təmsil edən insanlarının talelərinin əsəridir. Bu, mütəfəkkir alim Məmməd Cəfər Cəfərovun yaşadığı epoxa haqqında müşahidələri, təəssüratları və düşüncələrinin romanıdır» [108]. «Ədəbiyyat qəzeti»nin səhifələrində dərc edilmiş «Qəzet də bir məktəbdir» [48] adlanan parçada memuaristin «Ədəbiyyat qəzeti»ndəki fəaliyyəti əks olunursa, «Səməd Vurğun haqqında məqalə və məruzə» [49] adlanan parça daha çox məqalə səciyyəlidir. Bu baxımdan akademik İsa Həbibbəyli çox haqlı olaraq yazır ki, «daha çox həyati müşahidələrin hekayətindən yoğrulan yazıçı xatirələrindən fərqli olaraq, Məmməd Cəfər Cəfərovun xatirələrində elmdən gələn təhlil, dəyərləndirmə, müqayisə, şərh, münasibət kimi amillərin də özünəməxsus yeri və rolu müşahidə olunur. Bu, akademik Məmməd Cəfər Cəfərovun yüksək alimlik qədər də mükəmməl yazıçılıq qabiliyyətinə malik olduğunu bəyan edən nümunədir... Ədəbiyyatşünaslıq sahəsində elmi məktəb yaratmış Məmməd Cəfər Cəfərov «Xatirələr» əsəri ilə bənzərsiz, fərqli və çox səviyyəli yaradıcı şəxsiyyət olduğunu da nümayiş etdirmişdir. Bu, milli memuar ədəbiyyatı tarixində Azərbaycan ədəbiyyatını alim xatirələri ilə zənginləşdirən əsər kimi də mühüm əhəmiyyətə malikdir» [108].
Memuarlar özlərinin yaranma prosesinə və məzmununa görə mürəkkəb mənbələrdir. Onların yaranma prosesinin əsasında memuaristin tarixi hadisələri yaddaşında həkk olunması, onları necə görüb (və ya görmək istəməsi) dayanır. Yaddaşın zəifliyi əksər hallarda həqiqətin təsvirində təhrifə gətirib çıxarır. Subyektiv faktor tarixi mənbələrin təkcə memuaristin yaddaşında qaldığı kimi təsvirində deyil, həmçinin keçmiş hadisələrin dərk olunmasında da özünü daha çox göstərir [287, s.9]. Xatirə müəlliflərinin bəziləri faktların dəqiqliyini qeyd edərkən xatırladıqlarını bildirir, bəziləri isə yaddan çıxardıqlarını etiraf edirlər. Hadisələrin baş verməsi ilə qələmə alındığı vaxt nə qədər az olsa, memuarist onu daha yaxşı xatırlayır. Bəzən hadisələr memuaristin yaddaşından silinir və ya yaddaşında zəif formada qalır. Bəzi müəlliflər isə faktın dəqiq olub-olmamasının fərqinə varmadan öz fikirlərini qeyd edirlər. Məsələn, Əli Səbri xatirələrində [218] Naxçıvan ədəbi mühitindən danışarkən 1905-ci il inqilabının təsiri ilə yaranan bir klubun fəaliyyətini yada salır. Bu klub Naxçıvanda «Ərbab Məhəmməd» adı ilə tanınan bir dükanda yerləşirdi. Burada qəzetlər oxunur, məqalələr təhlil edilir, fikir mübadiləsi edilirdi. Əli Səbri klubun əsas iştirakçıları sırasında Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov, Qurbanəli Şərifov, Əsəd ağa Kəngərli ilə bərabər Məhəmməd Tağı Sidqinin də adını çəkir. Halbuki M.T.Sidqi bu dövrdə artıq dünyasını dəyişmişdi.
Elmi işdə memuarlardan istifadə etməyin öz xüsusiyyətləri var. Hər şeydən əvvəl onu nəzərdə tutmaq lazımdır ki, bu, subyektiv mənbədir. Yaddaş bəzən memuaristi yanıldır, o ya hadisələri qarışdırır, ya bir neçə epizodu birində birləşdirir, ya da epizodu yaddan çıxarır. Buna görə də tədqiq edilən hər bir memuar mənbəyinin dəqiqliyi ciddi şəkildə yoxlanılmalıdır. Yəni yazıçının həyat və yaradıcılığı haqqında olan faktlarla birlikdə «əfsanələr» qəbul edilməməlidir.
Daha öncə qeyd edildiyi kimi bəzi müəlliflər öz tərcümeyi-hal və xatirələrini, bəziləri başqaları haqqında xatirələrini yazıya köçürürlər. Bir çoxları isə ayrı-ayrı tanınmış insanlar haqqında kitab yazarkən başqalarının həmin şəxsiyyət haqqında xatirələrinə əsaslanırlar ki, bu da həmin əsərin daha dolğun alınmasına gətirib çıxarır. Azərbaycanda roman janrının yaranmasında və formalaşmasında özəl xidmətləri olan Manaf Süleymanovun (1912-2001) Hacı Zeynalabdin Tağıyev haqqında yazdıqları bu qəbildəndir. Tağıyevin həyatını, cəmiyyətdə tutduğu mövqeyi, xeyriyyəçilik fəaliyyətini, o dövrün siyasi mənzərəsini, ictimai durumunu işıqlandırmaqla yanaşı müəllif bir çox xatirələrdən Hacının qızı Sara xanımın, qız nəvələrindən birinin söhbətlərindən, kürəkəni Zeynal bəy Səlimxanovun, müəllim və yazıçı Sultanməcid Qənizadənin, aktyor Sidqi Ruhullanın, rəssam Əmir Hacıyevin, müəllim Əlməmməd Mustafayevin, «Cəmiyyəti-xeyriyyə»nin işçisi olmuş Məmmədrza Müslimzadənin, müəllim Ağaməmməd Səlimxanovun, Əlabbas Müznibin, əməkdar müəllim Mirzə Məmməd Zeynallının nəql etdikləri xatirələrdən, həmçinin Həmid Sultanovun 1924-cü ildə rus dilində çap etdirdiyi «İz proşloqo» kitabından yararlanmışdır.
Müəllif Hacı Zeynalabdin Tağıyevin «Həblül-mətin» qəzetinin nəşrinə kömək göstərməsi barədə bunları bildirir: «...inqilabdan əvvəlki mətbuata nəzər saldıqda Tağıyevin nə qədər xeyirxah işlərin səbəbkarı olduğu hamıya məlum olur. Təkcə Rusiya şəhərlərinə yox, İran, Hindistan, Misir, Türkiyə və digər ölkələrə də yardım əlini uzadırdı. Hindistanda çıxan «Həblül-mətin» qəzetini maddi vəsait olmadığına görə nəşr edə bilmirdilər. Hacı vəsait göndərir, qəzet fəaliyyətə başlayır» [227, s.91]. Mir Seyfəddin Seyidov H.Z.Tağıyevin Qafqazda məşhur olmasını ona göndərdiyi qəsideyi-mədhiyyəsində bu misralarla bildirmişdir:
Dərgəhində nə qədər xəlq çatır ehsanə,
Nemətin qismət olub hər tərəfə, hər yanə.
Baisi-tərbiyəsi olduğunun sanımı var,
Qeyri dövlətlilərin sən kimi ehsanımı var?
Ya ki, qız məktəbini rişteyi-təhrirə çəkim,
Nə qədər sərf eləyibsə gör ona ta zərü sim.
Müxtəsər yoxdu bu Qafqazda himmət sənə fərd,
Bəlkə az tapılar ruyi-cəhanda belə mərd [105, s.93].
Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti, məktəblər açması, şollar suyu çəkdirməsi, fabrik və binalar tikdirməsi və başqa gördüyü işlər Manaf Süleymanovun digər sənədli romanında «Neft milyonçusu» əsərində təsvir olunmuşdur. Müəllif bu əsərində də bir çox xatirələrə əsaslanmış və onlardan istifadə etmişdir. Öz quruluş və xüsusiyyətinə görə əvvəlkilərə bənzəyən «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» əsərində müəllif təsvir olunan olayların iştirakçısı olmasa da müşahidə etdiklərini, oxuduqlarını və eşitdiklərini qələmə almışdır. Manaf Süleymanov öz həyatını isə «Son bahara çatdıq» əsərində qələmə almışdır. Xatirələrdə təsvir olunan hadisələr 1926-cı ildən bizim günlərədək olan dövrü əhatə edir. Digər memuar tipli əsərlərində olduğu kimi müəllif bu əsərinə də başqalarının xatirələrini daxil etmişdir. Bu xatirələr çox maraqla oxunur və dövrün tanınmış insanları haqqında məlumatları daha da zənginləşdirir.
Memuaristin öz xüsusi xatirələrinə başqa şəxslər tərəfindən yazılmış müasirlərinin hekayələri daxil olduqda məlum məlumatlar bir daha dolğun olur və əvvəl söylənilmiş fikirlər sonrakının sözləri ilə öz xüsusiyyətini itirir. Lakin onunla razılaşmaq çətindir ki, nəql edənin xatirələri bizə yalnız başqasının, o hekayəni qələmə alanın xatirələri vasitəsi ilə gəlib çatmışdır. Müstəqil əsər kimi formalaşan memuarlardan tamamilə fərqli bir çox şifahi xatirələrin yazıya alınması məlumdur. Yazını yaradanın rolu yalnız hekayəçinin danışdıqlarını dəqiqliyi ilə verilməsindən və onu ədəbi şəklə salmasından ibarətdir. Bu mənada Manaf Süleymanovun ömür dastanını onun danışdıqları əsasında qələmə alan professor Nizami Cəfərov etiraf edir ki, «mən bu kitabın müəllifindən çox tərtibçisiyəm, sözün müstəqim mənasında əlinə qələm götürüb yazanıyam hadisələrə, faktlara müdaxilələrim ancaq ən zəruri hallardadır...» [50, s.4]. O, yazıçının əsərlərini təhlil edir və o zamankı tənqidin gəldiyi nəticələri açıqlayır. Kitabda yazılanların çox hissəsi Manaf Süleymanovun özünün yazdığı xatirələrin bir növ təkrarı olsa da, yazıçının ömür yoluna nəzər salmağa bir daha imkan verir.
Yazıçı Çingiz Həsənoğlu qeyd edir ki, «ədəbiyyatımızda memuar janrına aid əsərlər az deyil, amma çox da demək olmaz, çünki (misal üçün, rus ədəbiyyatı ilə müqayisədə) ədəbi prosesdə xatirələr axın şəklini almamışdır. Bəlkə də yanılıram, amma bizdə gündəlik formasında yazılar, məncə, yox dərəcəsindədir» [110, s.125]. Yazıçının «Azərbaycan» jurnalında dərc etdirdiyi gündəliyindən səhifələr 1964-cü ili əhatə edir. Gündəlik bir qədər ağır oxunsa da o illərin iqtisadi, siyasi ab-havasını, yazıçı və şairlərin həyatında baş vermiş maraqlı olayları əks etdirmək baxımından diqqət çəkir. Yazıçı Moskvada yaşadığı üçün təbii ki, gündəliyini də orada tərtib etmişdir və onu bu işə Əziz Şərif həvəsləndirmişdir. O, Çingiz Hüseynova dönə-dönə deyərdi: «Gündəlik yazmaq, aldığın məktubları, hətta dəvətnamələri belə qoruyub saxlamaq, yazı-pozuda səliqəli olmaq ... bütün bunlar mədəniyyət əlamətidir» [110, s.125].
Xarici mühitin insan həyatında həlledici təsiri olsa da hər bir insan öz mənəvi dünyasını əsasən özü yaradır. İnsanın daxili aləminin yaradıcı qüvvələrindən biri onun düşüncəsidir. Düşüncə insanın mahiyyətinə daxildir. «İnsanın həyat haqqında düşüncəsinin həqiqiliyi və ya yanlışlığı onun taleyi üzərində dərin və silinməz iz buraxır. Çünki düşüncə, fikir ən qüdrətli, ən ecazkar, yenilməz və qarşısıalınmaz qüvvədir. Bu qüvvətli və ecazkar qüvvəni haraya yönəltməyimizdən, necə tətbiq etməyimizdən və bundan necə istifadə erməyimizdən asılı olaraq qüvvətli və ya aciz oluruq, sakit və ya narahat həyat keçiririk, uğura və ya uğursuzluğa düçar oluruq» [98, s.3]. Bütün bu xüsusiyyətlər xatirə yazarların yaradıcılığında əks olunmuşdur. Yəni hər bir memuarist ömür yolunun keşməkeşlərindən, dolanbaclarından söhbət açarkən düşünür, ötənləri, keçənləri yada salır. Yadasalma prosesi də yaddaş əsasında hasilə gəlir. Belə ki, hər düşüncənin məğzini yaddaş təşkil edir.
Əsrimizin ilk illərində meydana gələn xatirələrin əksəriyyəti ötən əsrin ikinci yarısının əsas olaylarını əks etdirir. Qacarlar sülaləsindən olan Murad Tağının xatirələrində isə XX yüzilin əvvəllərindən başlayaraq son illərinə qədərki dövrün əsas məqamları canlandırılır. Xatirələrdə hətta müəllifin hələ həyatda olmadığı bir dönəm, XIX əsrin olayları təsvir edilir. Memuarist nəsli-kökü haqqında qısa xülasə verməklə Qacarlar sülaləsinin şəcərəsini anladır, anasının babası Bəhmən Mirzə Qacar, dayıları Abbas Mirzə və Əhməd Mirzə, ata-anası, nəslin tanınmış ziyalıları haqqında məlumat verir. Qacar xanədanı yıxılıb yerinə Pəhləvilər gələndə Murad Tağının ailəsi İranla əlaqələrini kəsərək türk vətəndaşlığına keçir. Ailə 1929-cu ildə Berlinə köçür. Anası Mehparə xanım Berlindəki bütün rəsmi dəvətlərdə iştirak edir və diplomatik bülletendə adı «Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi» şəklində qeyd olunurdu. O, Bəhmən Mirzə Qacarın nəvəsi, Heydərqulu Mirzə Qacarın qızı, Abbas Mirzə Qacarın bacısıdır. Avropada və Almaniyada 60 il yaşayan Mehparə xanım Qacar xanədanının Almaniyada yaşayan yeganə üzvü olmuşdur.
Murad Tağı 23 yanvar 1912-ci ildə Tiflisdə dünyaya gəlmişdir. 1936-cı ildə Berlin Universitetini bitirərək ali dərəcəli elektrik mühəndisi ixtisasına yiyələnmişdir. 1950-ci ilin avqust ayında Türkiyədə öz şirkətini Murad Tağı Sənaye və Ticarət firmasını qurur və əsasən Almaniya, İtaliya və Belçikadakı müxtəlif firmaların nümayəndəlikləri ilə işə başlayır. Qurduğu şirkət sayəsində böyük səs salan bu iş adamının 1977-ci ildə vergi rekordçusu olması xəbəri «Hürriyyət» qəzetində dərc olunmuşdur. O, qısa müddətdə böyük şöhrət qazanmışdır. Anasının sevgisi, atasının ona olan sonsuz inamı və universitetdə oxuduğu zaman verdiyi öyüdlər sayəsində Murad Tağı iş həyatında uğur qazanmışdır. O, xatirələrində yazır ki, «zəngin atamın və İran şahlıq ailəsinə mənsub olan anamın mənə aşıladıqları özünə inam sayəsində ömrümdə heç kimin önündə əyilməmiş, istər təhsildə, istərsə də iş həyatımda heysiyyat sahibi və çalışqan olmağa diqqət etmişəm» [236, s.7].
1998-ci ildə Murad Tağı ilə İstanbulda görüşən Çingiz Qacar ilk tanışlığını belə səciyyələndirir: «Ağlıma belə gəlməzdi ki, İstanbulun düz mərkəzində mənə nəinki qan qohumu, həm də mənəvi qohum olan, türk və alman, həm də Azərbaycan və rus dillərində təmiz danışan, 20-ci illərin əvvəllərində xalqımızın yüksək mədəni səviyyəsini, o dövrün zadəgan danışığını qoruyub saxlayan bir insanla tanış olacağam. Ağlıma gəlməzdi ki, İstanbulun orta göbəyində bolluca şəkilli, o dövrün ab-havası, qəlbi və ruhu duyulan bir mənzil mövcuddur» [236, s.3].
Murad Tağı xatirələrində ilk evliliyindən, bu nikahdan olan oğlu Mətənin həyatından, qardaşları Maqsud və Mənsurdan, onların ailələrindən, həyatının qadını Lidiyadan, iş həyatından, dostlarından, hətta sərvətlərindən də bəhs edir. İş həyatı boyu həyat yoldaşı Lidiyanın böyük dəstəyi və yaratmış olduğu sakit mühit, atasının beş barmaq qanunu sayəsində ömür yolunda çox uğurlara nail olmuşdur. Xatirələrdə Mustafa Kamal Atatürklə bağlı sətirlər diqqət çəkir. Murad Tağı Ankarada yaşadığı dövrdə dostu Orxan Conkərin atası millət vəkili Nuri Conkərin evində Atatürkü görmək şərəfinə nail olur. O, Atatürk dövrünü belə səciyyələndirir: «Atatürk dövrü küll halında iqtisadi, sosial və mədəni inkişafın təməlidir. Xüsusilə geri qalmış ölkələrə iqtisadi inkişaf yolunu göstərməkdə model və nümunə olmuşdur» [236, s.60].
Ailəsinin kökü Polşa aristokratlarından Qruşetskilərə gedib çıxan Lidiyanın Atatürklə bağlı gözəl bir xatirəsini Murad Tağı öz əsərinə daxil etmişdir: «Lidiya İstanbulda bir rus restoranında dostları ilə birlikdə rus musiqisi dinlədiyi saman rus səfirliyindən viza ala bilmədiyi üçün uzun müddətdir ölkəsindən və ailəsindən uzaq olmağın verdiyi həsrətlə gözlərindən yaş gəlir və ağlayır. Onun göz yaşları həmin restoranda olan Atatürkün diqqətini cəlb edir və: «Mənim ölkəmdə heç kimin ağlamasını istəmirəm» deyərək ağlamağının səbəbini öyrənmək üçün öz yavərini göndərir. Lidiya yavərə «Uzun müddətdir ata-anamı görməmişəm, rus səfirliyi mənə bu imkanı vermir» deyə ağlamağının səbəbini bildirir. İki gün sonra Lidiyanın evinə bir zabit gələrək Rusiya səfirliyinə xitabən yazılmış bir zərf verir. Lidiya konsulluğa gedəndə səfirin «Nə zaman yola düşmək istəyirsiniz» sualına «Dərhal» deyə cavab verir. Səfir «Sabah gəmi var, gedərsənmi» sualına «Bəli» deyib ertəsi gün gəmi ilə ölkəsinə yola düşür» [236, s.69].
Murad Tağı Lidiyaya bəslədiyi duyğularını məşhur «Samanyolu» mahnısının ən gözəl şəkildə əks etdirdiyini bildirir:
Bir şərqisən sən ömür boyu sürəcək,
Dodaqlarımdan illərcə düşməyəcək.
Sən ruhumun vaz keçilməz eşisən,
Sən qəlbimin biricik günəşisən.
Memuarist xatirələrində qeyd edir ki, sərvətinin yarısında Lidiyanın böyük haqqı vardır. Buna görə də onun qohumlarına güzəranına kömək üçün müəyyən miqdarda pul göndərir və bu ənənəni davam etdirməyi o öz varislərindən də tələb edir.
Xatirələr Murad Tağının nəvəsi Mehparənin övladlarına vəsiyyəti kimi səslənir və hər dəfə onlara «Sevimli balalarım» deyə xitab edərək fikirlərini çatdırır. O, atasının məsləhətlərini övladlarına ötürür. «Atamın beş barmaq qanunu» adlandırdığı bu məsləhətlər bunlardan ibarətdir: 1) əsla siyasətə atılma, 2) həyat yoldaşını diqqətlə seç, 3) heç kimdən sənə zamin olmasını istəmə, özün də heç kimə zamin olma, borc vermə, 4) işinə heç kimi ortaq etmə, 5) həyatda həmişə təvazökar ol və təkəbbürdən uzaq dur [236, s.90].
Murad Tağı sevimli balalarına yalnız öz rəngli keçmişini anlatmaqla kifayətlənmir. Eyni zamanda ata-babalarından bəhs edərək onların keçmişindən qüvvə almalarını istəyir. O əmindir ki, bu qüvvə onlara gələcəyi yaratmaqda işıq tutacaq və hər bir çətinliyin öhdəsindən gəlməyə yardımçı olacaqdır. Memuarist öz ömür yolunu təsvir etdikdən sonra ümid edir ki, onların ataları da bu ənənəni davam etdirəcək, öz həyat hekayələrini onlara danışacaqdır. Bu arzu böyük bir insanın gələcək haqqında düşüncələrində yer almışdır.
«Hisslər heç zaman bir-birindən təcrid olmuş halda yaranmırlar. Onlar həmişə bir-biri ilə çulğalaşmış halda olurlar... İnsanın bütün ömrü bu hisslərin müxtəlif şəkildə təzahürlərindən, bunların bir-birini əvəz etmələrindən, dəyişmələrindən və müxtəlif mütənasiblikdə bir-biri ilə çarpazlaşmalarından ibarətdir» [97, s.11]. Memuar əsərlərinin özəlliyi ondan ibarətdir ki, insan hissləri bütün çalarları ilə incələnir və yazar ömür yollarını qələmə alarkən, xoş xatirələrini yada salarkən, sanki o illəri yenidən yaşayır və bu hisslər onun həyata məhəbbətini daha da artırır. Azərbaycan sovetləşəndən sonra xaricə köçmüş soydaşlarımız öz uşaqlıq və gənclik illəri, ata-babaları haqqında xatirələr yazmaqla keçdikləri ömür yollarına bir daha nəzər salmışlar. Bu baxımdan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Ümmülbanu Mirzə qızı Baninin xatirələri xüsusilə vurğulanmalıdır. Şair, ədəbiyyatşünas, f.e.n. Gülxani Pənah yazır ki, «yüz minlərlə azərbaycanlının milli-azadlıq duyğularını məhv etmək üçün ölkəsindən qovulması, mühacirlik həyatı yaşaması tarixin səhifələrindəndir... Harda yaşamasından asılı olmayaraq qəlbi Vətən eşqilə döyünən, taleyinə yurddan ayrı, qərib ömür yaşamaq düşən, alın yazısının, tale yazısının yazdığını yaşayan Almas İldırım, Hüseyn Cavid, böyük çirkin siyasətin qurbanı Mikayıl Müşfiq, Əhməd Cavad Azərbaycan xalqına, torpağına, dövlətinə bağlı vətənpərvər qələm sahibləri kimi ömürlük yaddaşlara çöküb» [22, s.112]. Ümmülbanu Mirzə qızı Banin, Ceyhun Hacıbəyli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Almas İldırım mühacirət ədəbiyyatının görkəmli nümayəndələridir. Türk ədəbi tənqidində adı Namiq Kamal, Tofiq Fikrət kimi böyük sənətkarlarla bir sırada çəkilən şair Almas İldırım (1907-1952) 45 illik ömrünün 20 ilini vətənindən uzaqlarda yaşamağa məhkum olunmuşdur. Şeirlərində uşaqlığı, keşməkeşli ömür yolu, sürgün və təqiblərdə keçən həyatı əks olunmuşdur. Şair qayğıkeş uşaqlıq illərini belə təsvir etmişdir:
O zamanlar çocuq idim, təbiətin qoynunda
Tam asudə yaşar idim, tanımazdım istibdad.
Fırlanardım daim könlüm sıxılmayan yerlərdə,
Adım Almas, qorxu bilməz, sücaətli bir övlad.
Xoş sözlərlə atam, anam evdə mənə hər zaman
Həpsindən çox nənəm, babam nəsihətlər edərdi
Damdabaca bir div imiş səkkizbaşlı, qocaman,
Hər bir kəs ki,dindar olmaz, onu yeyər-deyərdi.
[23, s.24]
Əsərlərində Vətən sevgisi, Vətən həsrəti əsas leytmotiv olan şair 1927-ci ildə yazdığı «Neçin» şeirində həyatının ağrılı-acılı səhifələrini canlandırmışdır.
Mən artıq nə yazım yurduma dair,
Düşmən zəhər saçır, dostlar gizlənir.
Bilməm öz yurdunu sevən bir şair
Neçin də bir cani kimi izlənir?
Gizli yol kəsmədim, qaçaq olmadım,
Sakit bir həyatı pozmadım mən ki,
Heç kimə qanlı bir biçaq olmadım,
Heç bir qətlə fərman yazmadım mən ki...
Bəs neçin qəribəm bu doğma eldə,
Məhbəsmi dörd yanım, mən ki, boğuldum...
Məlun bir zamanda, məhkum bir eldə
Allahım, mən neçin şair doğuldum?.. [23, s.1]
Azərbaycan Respublikası Dövlət arxivinin direktoru, f.e.n. Maarif Teymur çox haqlı olaraq qeyd edir ki, «artıq XXI yüzillikdə Azərbaycançılıq, Turançılıq yeni formada, dünyəvi qloballaşma fonunda unudulmuş sənətkarların, repressiya qurbanlarının, mühacir həyat keçirənlərimizin bədii yaradıcılıqlarını gündəmə gətirir, onların şəxsiyyətləri arxiv sənədləri vasitəsi ilə dərindən öyrənilir, bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılır» [22, s.127]. Bu baxımdan akademik Bəkir Nəbiyevin Azərbaycan mühacirət ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Almas İldırımın həyat və yaradıcılığından bəhs edən «Didərgin şair» [184] monoqrafiyası çox əhəmiyyətlidir. Şairin elmi tərcümeyi-halını tərtib edən və bu yöndə mənbələri araşdıran alim bir çox gizli məqamlara aydınlıq gətirən faktlar üzə çıxarmağa müvəffəq olmuş, Almas İldırımın müasirlərinin, ona yaxın adamların xatirə və məlumatlarına istinad etmişdir. «Şairin müasiri və məslək dostlarından «Nafi» təxəllüsü ilə şeirlər yazan Abbasqulu Abdullayevin xatirə dəftəri, Proletar Yazıçıları Cəmiyyətinə qəbul edilən ilk şair qız, respublikanın əməkdar müəllimi Humay Həsənzadənin 1988-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi məqalə-xatirəsi, Süleyman Rüstəmin etiraf xarakterli xatirə və çıxışları, şairin qardaşı oğlu Hacıağa Almaszadənin şəxsi təəssüratları, proletar tənqidçilərinin (əks mövqedən yazılmış olsa belə) məqalələrindəki bioqrafik məlumatlar şairin tərcümeyi-halının elmi mənzərəsini mümkün qədər dəqiqliklə yazmağa yardımçı olmuşdur» [22, s.189]. Tərcümeyi-halda şairin uşaqlıq və ilk gənclik illəri, təhsil və sürgün illəri, Türkiyədəki həyatı, ailəsi və uşaqları haqqında müfəssəl məlumat verilmişdir.
Dostları ilə paylaş: |