MADDƏNİN ARDINDAKI SİRR
Ağıl və vicdanla ətrafını seyr edən hər hansı bir şəxs kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?
Məlumdur ki, kainatın hər yerində özünü bəlli edən “yaradılış” kainatın özünün məhsulu ola bilməz. Məsələn, böcəklər öz-özünü yaratmamışdır. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, hemoqlobinlər, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların “təsadüfən” əmələ gəlməsi kimi ehtimal da kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz kimi mümkün deyil.
Ona görə, bu nəticəyə gələ bilirik: gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradan” deyil. Deməli, Yaradan gözümüzlə gördüyümüz hər şeydən fərqli və üstün varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeyin Onun varlığını və vəsflərini göstərdiyi üstün gücdür.
Allahın varlığını qəbul etməyənlər də elə bu nöqtədə azırlar. Bu şəxslər Allahı gözləri ilə görmədikcə Onun varlığına iman gətirməməyə özlərini şərtləndiriblər. Ancaq bu təqdirdə kainatın hər yerində açıq-aşkar görünən “yaradılış” həqiqətini gizlətməyə, kainatın və canlıların yaradılmadığını iddia etməyə məcbur olurlar. Bunu etmək üçün yalanlara əl atırlar. Təkamül nəzəriyyəsi əvvəlki səhifələrdə bəhs edildiyi kimi, bu məsələdə əl atılan yalanların, nəticəsiz səylərin açıq-aşkar nümunəsidir.
İnkar edənlərin etdiyi bu xətanı əslində Allahın varlığını inkar etməyən, ancaq batil Allah inancına malik olan bir çox şəxs də edir. Cəmiyyətin əksəriyyətini təşkil edən bu şəxslər yaradılışı inkar etmirlər, ancaq Allahın “harada” olduğuna dair batil inancları var. Əksəriyyəti Allahın ancaq “göydə” olduğunu zənn edir. Onların şüurundakı batil düşüncəyə əsasən, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir hallarda “dünyanın işlərinə” müdaxilə edir və ya heç etmir, kainatı yaratmış və nəzarətsiz qoymuşdur, insanlar özləri öz taleyini yazırlar...
Bəziləri də Quranın Allahın “hər yerdə” olduğuna dair xəbərini eşitmiş, lakin bunun mənasını tam anlamamışdır. Şüurdakı batil düşüncə budur ki, Allah radio dalğaları və ya görünməz, hiss edilməz qaz kimi (Allahı tənzih edirik) maddələri əhatə etmişdir.
Lakin bu düşüncə və əvvəldən bəri sadaladığımız “Allahın harada olduğunu” tapa bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr ortaq xətadan qaynaqlanır. Heç bir əsası olmayan ön mühakiməni mənimsəyir, ondan sonra da Allahla bağlı zənnə qapılırlar.
Bu ön mühakimə nədir?
Bu ön mühakimə maddənin varlığı və xüsusiyyəti ilə bağlıdır. İnsanların böyük əksəriyyəti gördüyümüz maddi kainatın, mövcud reallığın özü olduğuna şərtlənmişdir. Halbuki müasir elm bu ön mühakiməni də məhv edərək çox mühüm həqiqəti üzə çıxarmışdır. Sonrakı səhifələrdə Quranda da işarə edilən bu böyük həqiqəti açıqlayacağıq.
Elektrik siqnallarından ibarət kainat
Yaşadığımız dünya ilə bağlı bütün məlumatlarımız bizə beş duyğu orqanımız vasitəsilə çatır. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi dünyanı tanıyırıq. Anadan olduğumuzdan bəri bu hisslərə bağlı olduğumuz üçün, “xarici dünyanın” hisslərimizin bizə tanıtdığından fərqli olacağını heç düşünməmişik.
Halbuki bu gün bir çox elm sahəsində aparılan tədqiqatlar olduqca fərqli nəticələr üzə çıxarmış, hisslərimiz və hiss etdiyimiz dünya ilə bağlı ciddi şübhələrin əmələ gəlməsinə səbəb olmuşdur.
Bu yeni anlayış isə buradan meydana gəlmişdir: bizim “xarici dünya” kimi hiss etdiklərimiz sadəcə elektrik siqnallarının beyində əmələ gətirdiyi təsirlərdir. Almanın qırmızılığı, taxtanın bərkliyi, habelə ananız, atanız, malik olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri ancaq və ancaq beyninizdəki elektrik siqnallarından ibarətdir.
Frederik Vester elmin bu mövzuda gəldiyi nəticəni belə ifadə edir:
Bəzi mütəfəkkirlərin “insan bir xəyaldır, əslində bütün baş verənlər keçici və aldadıcıdır, bu kainat bir kölgədir” kimi sözləri dövrümüzdə elmi cəhətdən sübut olunur.397
Mövzunu tam şəkildə açıqlamaq üçün ilk olaraq xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.
Necə görürük, eşidirik, dadırıq?
Görmə hadisəsi çox mərhələli şəkildə baş verir. Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq şüaları (fotonlar) gözün önündəki mərcəyin içindən sınaraq keçir və gözün arxa tərəfindəki tor qişaya tərsinə düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə siqnalları sinirlər vasitəsilə beynin arxa hissəsindəki görmə mərkəzi adlanan kiçik bölgəyə çatır. Bu elektrik siqnalı bir sıra ardıcıl prosesdən sonra beyindəki bu mərkəzdə görüntü kimi hiss edilir. Yəni görmə hadisəsi əslində beyinin arxasındakı kiçik, işığın heç cür daxil ola bilmədiyi qapqaranlıq nöqtədə baş verir.
İndi hər kəsə məlum olan bu məlumatı bir daha diqqətli təhlil edək: biz “görürəm” deyərkən əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilib beynimizdə əmələ gətirdiyi “təsiri” görürük. Yəni “görürəm” deyərkən əslində beynimizdəki elektrik siqnallarını seyr edirik.
Həyatımız boyu gördüyümüz hər görüntü bir necə sm3-lik görmə mərkəzində əmələ gəlir. Oxuduğunuz bu sətirlər də, üfüqdə gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Burada diqqət edilməli bir cəhət də var. Bir az əvvəl qeyd etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirmir, yəni beynin içi qapqaranlıqdır. Ona görə, beynin işıqla təmasda olması əsla mümkün deyil.
Buradakı maraqlı vəziyyəti bir nümunə ilə izah edək: qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısında dayanıb onu uzun müddət seyr edə bilərik. Amma bu müddət boyu beynimiz şamdan gələn işığın əsli ilə heç vaxt təmasda ola bilməz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində aydın, parlaq və rəngli dünyanı seyr edirik.
R.L.Qreqori bizim çox təbii qarşıladığımız görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə edir:
Görmə hadisəsinə o qədər öyrəşmişik ki, cavablandırılmalı suallar olduğunu anlamaq böyük təxəyyül gücü tələb edir. Lakin bunu nəzərə alın. Gözlərimizə kiçik başıaşağı görüntülər göndərilir və biz ətrafımızda bunları düzgün cisimlər kimi görürük. Tor qişaların üzərindəki xəbərdarlıqların nəticəsində cisimlər dünyasını hiss edirik və bunun əslində bir möcüzədən fərqi yoxdur.398
Eyni vəziyyət digər hisslərə də aiddir. Səs, toxunma, dad və qoxu -hər biri elektrik siqnalı şəklində beyinə ötürülür və burada aidiyyəti mərkəzlərdə şərh olunur.
Eşitmə hadisəsi belə baş verir: xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsilə toplayıb orta qulağa ötürür, orta qulaq da qəbul etdiyi səs titrəmələrini gücləndirib daxili qulağa ötürür, daxili qulaq isə bu titrəyişləri elektrik siqnallarına çevirərək beyinə göndərir. Eynilə görmə hadisəsində olduğu kimi, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində baş verir. Kəllə işığı içəri keçirmədiyi kimi, səsi də keçirmir. Ona görə də xarici dünyada nə qədər səs-küy olsa da, beyinin içi tamamilə səssizdir.
Buna baxmayaraq, ən aydın səslər beyində şərh olunur. Bu, o qədər dəqiq baş verir ki, sağlam bir insan qulağı heç bir parazit və ya cızıltı olmadan hər şeyi eşidir. Səs keçirməyən beyninizdə orkestrin simfoniyalarını dinləyirsiniz, izdihamlı mühitin bütün hay-küyünü eşidirsiniz, yarpağın xışıltısından reaktiv təyyarələrin gurultusuna qədər yüksək səs tezliyindəki bütün səsləri eşidə bilirsiniz. Amma o anda həssas cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə, burada tam səssizliyin hakim olduğu məlum olar.
Qoxu hissimizin əmələ gəlməsi də buna bənzərdir: vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar burunun epitel hissəsindəki titrək tüklərdəki reseptorlara çatırlar və bu reseptorlarda reaksiyaya girirlər. Bu reaksiya beynimizə elektrik siqnalı şəklində ötürülür və qoxu kimi şərh edilir. Nəticədə bizim gözəl və ya çirkin adlandırdığımız qoxuların hamısı uçucu molekulların reaksiyalarının elektrik siqnallarına çevrildikdən sonra beyindəki şərh olunma formasından başqa bir şey deyil. Bir ətiri, çiçəyi, sevdiyiniz yeməyi, dəniz qoxusunu, xoşunuza gələn və ya gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beyinə heç vaxt daxi ola bilməzlər. Səs və görüntüdə olduğu kimi, qoxuda da beyninizə daxil olan ancaq elektrik siqnallarıdır. Beləliklə, doğulduğunuz andan etibarən kənardakı cisimlərə aid sizə məlum olan qoxular duyğu orqanlarınız vasitəsilə hiss etdiyiniz elektrik siqnallarıdır.
Buna bənzər şəkildə insan dilinin ön hissəsində də dörd müxtəlif növdə kimyəvi reseptor var. Bunlar, duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorlarımız bir sıra kimyəvi prosesdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə ötürürlər. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh olunur. Bir şokoladı və ya sevdiyiniz bir meyvəni yedikdə aldığınız dad elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Xarici aləmdəki cisimlə isə əsla təmasda ola bilməzsiniz, şokoladın özünü görə bilməz, qoxulaya bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dadbilmə sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə ötürülməsi mümkün olmaz, dad duyğunuzu tamamilə itirərsiniz.
Burada qarşımıza bir həqiqət də çıxır: bir qidanı daddıqda başqa birinin o qidadan aldığı dadın və ya bir səsi eşitdikdə başqa birinin eşitdiyi səsin bizim aldığımız dad və eşitdiyimiz səslə eyni olduğundan əmin ola bilmərik. Bu həqiqətlə bağlı Linkoln Barnet belə deyir:
Heç kimin öz gördüyü qırmızı rəngin və ya eşitdiyi do notunun başqa bir insanınkı ilə eyni olub-olmadığını bilməsi mümkün deyil.399
Toxunma hissimizə gəlincə dəyişən bir şey olmadığını görərik. Bir cisimə toxunduqda xarici aləmi və cisimləri tanımamıza kömək edən məlumatlar dəridəki duyğu sinirləri vasitəsilə beyinə ötürülür. Toxunma hissi beynimizdə əmələ gəlir. Toxunma duyğusunu hiss etdyimiz yer barmaq uclarımız və ya dərimiz deyil, beynimizdəki toxunma mərkəzidir. Biz cisimlərdən gələn elektrik siqnallarının beynimizdə şərh olunması nəticəsində bərklik və ya yumşaqlıq, istilik və ya soyuqluq kimi cisimləri tərif edən müxtəlif duyğuları hiss edirik. Hətta bir cisimi tanımağa kömək edən hər cür detalı da bu xəbərdarlıqlar nəticəsində əldə edirik. Bu mühüm həqiqətlə bağlı B.Rasl və L.Uittqeynsteyn kimi məşhur filosofların fikirləri aşağıdakı kimidir:
..Bir limonun həqiqətən mövcud olub-olmadığı və necə bir proseslə mövcud olduğunu soruşmaq və tədqiq etmək mümkün deyil. Limon ancaq dil ilə hiss edilən dad, burunla hiss edilən qoxu, gözlə görülən rəng və formadan ibarətdir. Ancaq bu xüsusiyyətləri ilə elmi tədqiqatın və mühakimənin mövzusu ola bilər. Elmin maddi dünyanı bilməsi əsla mümkün deyil.400
Yəni beynimizdən kənardakı maddi dünya ilə təmasda olmağımız qeyri-mümkündür. Təmasda olduğumuz cisimlər əslində görmə, eşitmə, toxunma kimi duyğuların cəmindən ibarətdir. Duyğu mərkəzlərindəki məlumatları şərh edən beynimiz həyatımız boyu maddənin bizdən kənardakı “əsli” ilə deyil, beynimizdəki surətləri ilə təmasda olur. Biz isə bu surətləri xarici aləmdəki real maddə zənn edərək yanılırıq.
Dostları ilə paylaş: |