Heydər OĞuz adını sən qoy! Bənzərsiz imza


Qanını çöllərə tökdü Hüseyn



Yüklə 0,6 Mb.
səhifə4/9
tarix04.01.2017
ölçüsü0,6 Mb.
#4498
1   2   3   4   5   6   7   8   9

Qanını çöllərə tökdü Hüseyn
Zülmün qarşısında Haqq qalasına

Cihad bayrağını tikdi Hüseyn.

Qəlbdə gəzdirdiyi iman toxumun

Kərbəla çölünə əkdi Hüseyn.


Ümmətin dərdiylə qəm yeyə-yeyə,

Qıymadı Yezidə kimsə baş əyə.

Əkdiyi fidanlar su içsin deyə -

Qanını çöllərə tökdü Hüseyn.


O, son peyğəmbərin son mirasıydı,

Gözünün bir ağı, bir qarasıydı.

İnci karvanında dürr parasıydı,

Bəlkə ən qiymətli yükdü Hüseyn.


Haqqın nərəsiydi onun fəryadı.

Haqqa fəda etdi yarı, övladı.

Şəhidlər sultanı çağrılır adı,

Fədai mülkündə təkdi Hüseyn.


Əynimdə kəfənim, gözlərimdə qan,

Nə məndə hal qaldı, nə bədəndə can.

Heydər miras qalan yoluna qurban,

Çəkəydim nə zülmü çəkdi Hüseyn.


Gəldi Aşura, Hüseynim!
Bizə Sən ağlamalıykən, Sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tuturuq.


Gəldi Aşura, Hüseynim, yenə matəm günüdür,

Bizə rəhbərlik edənlər bizi zindana yığır.

Əhli möminlər üçün qüssə günü, qəm günüdür,

Bir tərəfdən də bizi rəhbərimiz cana yığır.

Döyərək sinəyə uğrunda fəqan eyləyirik,

Qanayan könlümüzü dərdə məkan eyləyirik.


Sən Yezid üstünə getdin, edərək zülmə qiyam

Bizə zülm etmədədir indi tamam başqa biri.

Susuruq, baxma ki, etməkdə Yezid zülmü davam

Biz diriykən ölüyük, Sənsə şəhid, həm də diri.

Bizə Sən ağlamalıykən, Sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tuturuq.


Kimimiz baş yarırıq, vurmada zəncir kimimiz,

Kimimiz qan veririk, xəstəyə dərmandı- deyə

Sanki Nuh dövrüdü, dəryada batıbdır gəmimiz,

Qaçırıq haqq savaşından sonu al qandı-deyə.

Fərqimiz varmı bizim Səncə dönük Kufəlidən?

Nəfsinə tabe olan qəlbi sönük Kufəlidən?


Adımız əhli-müsəlman, özümüz şahsevənik,

Elimin şah dizi üstündə kəsilmiş göbəyi.

Kimə qulluq edərik, gah söyənik, gah sevənik

Tanrı min fikrə düşən şəxsin olurmu köməyi?

Bizə Sən ağlamalıykən, Sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tuturuq.


Bizə Səndən qalan iman yolu, məfkurə yolu-

Haqqa üsyan edənə Haqq üçün üsyan yoludur.

Qəlbin imanı ilə qərq edərək nura yolu

Yeri gəldikdə yola canı da qurban yoludur.

Bizsə nahaqqı görüb Haqqı da inkar edərik.

Satıb imanımızı beş quruşa kar edərik.


Edərək il boyu təzim, əyərik zülmə boyun

İldə bir yol olarıq əhli şiə, qan tökərik.

Sənin isminlə çəkib ah, çıxarıb min bir oyun

Harda məzlum görərik, tez başına turp əkərik.

Bizə Sən ağlamalıykən, Sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tuturuq.


Bizə ağlayardı İmam sağ olsa...
Hüseynə yas tutub ağlayan adam!

Şəhidlər ölmürsə, sağdırsa madam,

Kimə ağlayırsan diriysə İmam,

Haqdırmı diriyə ürək dağ olsa?

Bizə ağlayardı İmam sağ olsa.
Bu göz yaşlarına dəyməz o süngü,

Qulu şəhadətə götürüb çünki.

Ölülər diriyə ağlayır sanki,

Bu ağla gülümsər cansız dağ olsa -

Bizə ağlayardı İmam sağ olsa.
Bir el ki baş əyir indi Yezidə,

Üstəlik yas tutur çəhid-igidə.

Bu halla bilinməz hansı cərgədə,

Durub dayanardı Adam çağ olsa,

Bizə ağlayardı İmam sağ olsa.
Əslində bitməyib hələ o çağlar,

Dəyişən köklərdir, tağlar o tağlar.

Cihad fərmanından qaçaraq sağlar -

Haqqın buyruğunda üzə ağ olsa,

Bizə ağlayardı İmam sağ olsa.
Kimin səadəti kimə yas olub,

Ağlamaq möminə bir qisas olub,

Diriyə ağlamaq kimə xas olub,

Dərdləri yazılmaz min varaq olsa.

Bizə ağlayardı İmam sağ olsa.
Ümmətin halına olaraq üzgün

Deyərdi: - “Göz yaşı töksəniz yüz gün,

Yezidə biətlə alınmır düzgün,

Odumu söndürməz göz bulaq olsa” -

Bizə ağlayardı İmam sağ olsa.
Özünün halına ağlamasa el,

İmama ağlamaq, Haqq yolu deyil

Gözü yaşlı qalsa istərsə min il,

Hüseyni şad etməz dünya dağılsa,

Bizə ağlayardı İmam sağ olsa.
Dur, gəl artıq
Bu şəhadət yuxusundan oyan artıq,

Seyid Babam!

Zülfüqara həsrət qalıb

İslam adlı

Bu Vətəndə neçə obam.

Oyan artıq,

Ey, ölümsüz Şəhid Babam!

Çəkdiyimiz bir əzab ki,

Nə sonu var, nə əvvəli.

Sən ölümsüz bir şəhidsən,

Bəs hardasan, Həzrət Əli?!
Axı, heç vaxt dözməz idin

Əzabına bu ümmətin.

Bir müşkülə düşmüşük ki,

Sən olmadan həlli çətin.

Xortlayıbdır Əbu-Ləhəb,

Yezid yenə at belində.

Gözlərində donub qəzəb

Qılınc tutub bir əlində,

Ümmətinin namusuna

Uzanıbdır digər əli,

Bəs hardasan, Həzrət Əli?!
Bəs, hardasan, oyan artıq!

Oyanmaqçün nə olmalı

Bundan artıq?!

Əfqanıstan od içində,

Ərşə qalxıb nalə, sızı.

Kərbəlada bir ağ atlı oğlan gözlər

O namusu tapdalanmış ərəb qızı.

Bəs hardasan, Seyid Babam?!

Dörd tərəfim sarılıbdır,

Oddur sağım, qandır solum.

Tək pənahım sənsən mənim,

Sənin yolun çıxış yolum.

Dur, gəl artıq, qurban olum!
Qibləgahın Qüds şəhəri

İndi quduz oylağıdır.

Üzərinə yaz yağışı əvəzinə

Mərmi yağan gözəl Beyrut

Müsəlmana göz dağıdır.

Nəyi deyim, Seyid Babam,

Hardan xəbər verim yenə?!

O yatdığın Nəcəfdənmi?

Bir vaxt qəflət yuxusundan

Oyatdığın Bəsrədənmi deyim sənə?

Qarabağdan, Bosnadanmı,

Uyğuristan yurdundanmı?

Ya çeçendən, kimdən deyim?

O qədər ki, bu Vətənin yaraları,

Hamısını bircə- bircə sadalasam,

Qalmaz heyim.

Dur, gəl artıq, qurban olum!

Gözləyirik gəlişini gecə - gündüz.

Dur, gəl, bizi bir səfə düz.

Birgə girək bu meydana,

Ya bir yerdə azad olaq,

Ya bərabər, qoy, boyansın əlvan qana

Böyük İslam torpağında

Hər bir ölkə, hər bir oba.

Dur, gəl artıq Seyid baba!

Ey ölümsüz şəhid baba!

Millət sənin gəlişini gözləməkdə,

Dur gəl görək!

Sən indi də gəlmirsənsə,

Ölümsüzlük nəyə gərək!.



Mən kiməm?
Məkkə, Mədinə anam, mənsə körpə bir bala,

Anama sığınıram, başım çəkincə bəla.

Şəhadəti öyrədən məktəbimdir Kərbəla.

Baxma səsim qısıqdır, Haqqın son fəryadıyam!

Mən Allahın qılıncı, müsəlman övladıyam!
Dünya yaxşı tanıyır mənim ulu cəddimi,

Yaxşı bilir Tanrıyla bağladığım əhdimi.

Min yolla qırsalar da qamətimi, qəddimi,

Yenidən doğulacaq Fatehlər əcdadıyam!

Mən Allahın qılıncı, müsəlman övladıyam!
İraqda axıdılan qanlar qanımdır mənim,

Beyrutda qurban gedən canlar canımdır mənim,

Təkbir qəlbə ruh verən həyəcanımdır mənim!

Tapdanan namusların ağ atlı muradıyam!

Mən Allahın qılıncı, müsəlman övladıyam!
Fələstinli bir ana tutub ölüm orucu,

Yolumu gözləməkdə, göynər burnunun ucu.

Harda ağlar ana var, öcü boynumun borcu

Bir Türk oğlu Türkəm mən, məzlumun imdadıyam!

Mən Allahın qılıncı, müsəlman övladıyam!

Şəhadət
Könül püxtələşib Haqqı tapınca,

Ölüm də bir özgə həyəcan verir.

İnsan bu dünyada Haqqa tapınsa,

Sevinə sevinə ölür, can verir.


Mənmi dilbilməzəm, dünyamı gidi?

Bilmirəm bu necə sirrli sevgidi?

Şəhidə çevirir bu hiss igidi,

Bu ölüm insana ölməz can verir.


Can- qula verilmiş Haqq bəxşişidir?

Bəxşişi bəxş etmək təqva işidir.

Şəhadət – Allahın sifarişidir,

Duyanlar uğrunda can qurban verir.


Gəlib İlahidən cihad fərmanı.

Kimi malı qıymaz, kimisi canı.

Verərək tamamlar bu imtahanı

Hərə müxtəlif cür imtahan verir.



Əksilir
Bir zamana gəldik, qardaş!

Əyri qalır, düz əksilir.

Şər Xeyirə açıb savaş,

Dillərdən Haqq söz əksilir.


Nə dərdləri söndürən var,

Nə çərxləri döndürən var.

Dərdi qəlbə göndərən var,

Nə od, nə də köz əksilir.


Fağır görüb, yoxsa nədir -

Fələk bizə zülm edir?

Pislər yüz-yüz artıb gedir,

Yaxşılar yüz-yüz əksilir.


Bu can onun mislimidir -

Fələk qəmə təslim edir?

Dünyanın qış fəslimidir-

İşıqlı gündüz əksilir?


Dünyamızı mənən kora

Tapşırıb gedirik gora.

Kimlər salıb bizi tora?-

Bunu görən göz əksilir.


Dünya fani, ömür hədər-

Hər gündə bir qarış qədər

Addım-addım gedir Heydər,

Eldən bir Oğuz əksilir.




Şəhadət
İgidliklə bir el tarix yazmasa,

Taleyinə qul həyatı yazılar.

Qılınc ilə özünə gor qazmasa,

Şərəfinə onun qəbir qazılar.


Sanma qəbir təkçə qəbir deməkdir,

Şəhadətlə millət diri yaşayır.

Hər qazılan gor bir ömür deməkdir.

Biri ölür, amma biri yaşayır.


Şəhid qəbri xəstə xalqın dərmanı -

Acıdırmı, əlbəttə ki, acıdır.

Bu dünyada şirin dərman, həb hanı?

İynə batan yer əlbəttə, acıdır.


Şəhadətdən qaçan millət həyatda,

İynə görüb qaçan uşaq kimidir.

Xəyalında od qanadlı bir atda

Nağıllara uçan uşaq kimidir.


Bir nağıl ki, orda divlər gerçəkdir.

Məlikməmməd aldadammaz onları.

Üç almasa tora salan kələkdir,

Uşaqların ov olmaqdır sonları.


Kim ölümü qəlbə yaxın qoymursa,

Yoxdur rahat yaşamağa hüququ.

Bir millət ki, qul olmaqdan doymursa,

Yox bu adı daşımağa hüququ.


Bir milləti millət edər şəhadət,

Vətən yurdu qanlar ilə yoğrular.

Bir ölkəni dövlət edər şəhadət,

Milli şərəf şəhadətlə doğrular.


Gül yox, Gün olmaq lazım
“Bir güllə yaz gəlməz” – söyləyən qoçaq,

Deyirsən - “bir mənlə millət oyanar?”

Bir gül söhbətində haqlısan ancaq,

Bir Günlə Kainat nura boyanar.


Gül olsan əlbəttə, qoparıb koldan

Səni yar yarına hədiyyə edər.

Ən yaxşı haldasa, kim keçər yoldan

Ətrini qoxlayar solana qədər.


Bəlkə də bir gözəl əli oxşarsan,

Həyatın uzanar bir neçə saat.

Ya saça taxarlar teli oxşarsan,

Qoxun çəkilincə, qaralar həyat.


Dəyərmi sevməyə belə taleyi?

Şərəfmi güldürmək özgə yarını?

Bəlkə bundan sığmır qəlbə gileyi,

Bülbül də qınayır öz nigarını?!


Mən sənə qəlb yaxan gül ol, demirəm,

Uzaqdan yandıran Gün ol, deyirəm.

Solunca küllükdə kül ol, demirəm,

Həyat canlandıran Gün ol, deyirəm.


Hər kəs zərrə-zərrə Gün ola bilsə,

Qaranlıq zülmətin bağrı yarılar.

Gecənin saçını nur yola bilsə,

Zülmətin başına Dünya dar olar.


Sabah açılınca dan yerinə bax,

Günəş zərrə-zərrə üfiqdən doğur.

Nura təslim olur hər qaya, hər dağ

Zərrələr artaraq zülməti boğur.


Peyğəmbəri yetim olan ölkədə
Peyğəmbəri yetim olan ölkədə

Yetimə heç yanda söz verməyirlər.

Üzünə gülərlər üzdə bəlkə də,

Daldada yazığa üz verməyirlər.


Qoymurlar, nə desin sözün dalını,

Nə də soruşurlar xətir-halını.

Yeyirlər atadan qalan malını,

Bir löyün payı da düz verməyirlər.


Əldən son tikəni alsınlar deyə,

Sonra onu çölə salsınlar deyə,

Yadda xeyirxahtək qalsınlar deyə,

İşıq versələr də, göz verməyirlər.


Gözünün yaşını dəniz edərək,

Qorxudub tükünü biz-biz edərək,

Ən ucuz, vəfalı kəniz edərək,

Xanımsa, ərə də tez verməyirlər.


Soruşsan Allahdan, dindən danışıb,

Məşhədi olduğu gündən danışıb,

Gen ağzın açaraq gendən danışıb,

Əyninə geyməyə bez verməyirlər.


Başını götürüb qaçar deyərək,

Qəfəsdən quş kimi uçar deyərək,

Özünə cığır, yol açar deyərək,

Heydər, yürüməyə iz verməyirlər.



İnsan nankorluğu korluğundandır
Deyirsən, can oğlum, niyə Yaradan

Bəşər övladına nankor deyibdir?

Biz ki ayırırıq ağı qaradan

Niyə bəsirəti, bəs, kor deyibdir?


Çünki anlamaqsa əsl qanacaq,

Nəyisə görməmək deyildir korluq.

O kəslər kordur ki, görürlər, ancaq

Onu anlamaqdan çəkirlər korluq.


Bu görməyin kordan söylə, fərqi nə-

Görürsən, bilmirsən, nəyi görürsən?

Haqqı görmək üçün göz bir bəhanə,

Qəlb korsa, demək, kor ömür sürürsən.


Gözlü olmaq deyil gözlülük hələ,

Gözlər var dünyada təşnə işığa.

İlanda da göz var uduzur dilə,

Gözlər var, yarayır tək yaraşığa.


Görən göz deyildir gördüyün hər göz

Göz var xarabanı səfalı görər,

Bilməz nədir əyri, bilməz nədir düz

Ucsuz kainatı qapalı görər.


Ən zəif bir gözdür insan gözü də

Bir çox canlılardan zəif görürük.

Ancaq pis şeyləri görür özü də,

Bəzən düşünürük, heyf - görürük.


İnsan bir zərrədir aləm içində,

Amma özündəki aləmi görməz.

Min sevinc içində, min qəm içində,

Sevinc zənn etdiyi ələmi görməz.


Haqdan əziz tutar Haqq verən canı

Haqqı öz canının qalxanı sayar.

Saya salmaz nimdaş geyən xocanı

Oğru əynindəki çuxanı sayar.


Əbədi sakinkən öz günahında

İnsan saray tikər, iz qalsın-deyə.

Amma düşünməz ki, Haqq dərgahında

Üzünə tutmağa üz qalsın-deyə.


Görə bilməməkdən başqa dünyanı

Bilməz xərclədiyi gorluğundandır.

Nankora çevirər korluq insanı -

İnsan nankorluğu korluğundandır.


Nankorluq deyilmi “insanam”-deyən,

İnsanın sözünə düşməncə baxar.

Arı nəcisinə “bal”-deyib yeyən,

Arının özünə düşməncə baxar?!




Gördüm
Ay ana, deyirsən: “Kim yandı elə,

Ən son mənzilədək üzülən gördüm.

Nəsimi haqq sözü gətirdi dilə,

Dərisin boğazdan üzülən gördüm”.


Haqlısan, beləymiş Haqqın düzəni,

Edir kürk sahibi dəri üzəni.

Mən isə, can ana, bəzən əzəni -

Qul tək əziləndən tez ölən gördüm.


Ac qalmaq deməksə “kasıblıq” sözü

Kimin qarnı doymaz, kiminsə gözü.

Əslındə ac kimdir?- bilinməz düzü,

Hər ruhu aclıqdan üzülən gördüm


Ömür iki heca, bir tək kəlmədi

Tarix xalısında il bir ilmədi.

Neçə ölən gördüm, biri gülmədi -

Gözündən son damla süzülən gördüm.


Günün-güzəranın ağ-qarasında

Ağ gün axtarırsan sən, harasında?

Heydərəm, hər kəsi öz sırasında

Əzrail önünə düzülən gördüm.



Həyat qanunu

Adam var kipriklə köz götürsə də,

Söylənən ağır bir sözü götürmür.

Hər kəs bu əxlaqa köks ötürsə də,

Yazığı kimsənin gözü götürmür.
Doğmaca yurdundan qaçqın düşəndən,

Qazanından aş da qaçqın düşübdür.

Kasıblıq dərdiylə yanıb bişəndən

Qapıdan qardaş da qaçqın düşübdür.


Üzündən iş qaçaq, qazanından aş,

Alnına hər yerdə qaçqın yazılıb.

Evində gözləyir onu neçə baş,

Ən son ümidə də qəbir qazılıb.


Beyni xarab edər evdə arvad da

"Yaltaq qonşusunun mülkü var"- deyə.

"Bir heç olsalar da bəlkə savadda,

Səndən öndə xeyli tülkü var"- deyə.


Bir vaxt sağlığına içən adamlar,

Önündən keçərlər salam vermədən.

Yadına düşdükcə ötən məqamlar,

Çaşar gördüyünə anlam vermədən.


Bəzən fikirləşir özü-özünə,

Keçmişi yaşayıb bəlkə yuxuda?

Tanış simalar ki, dəyir gözünə

Kabus imiş deyir, bəlkə çoxu da?


Bəs adlar?-beynini yorur bu sual -

Yuxuda adı da görmək olurmuş?

İllərlə gözünə görünən xəyal

Çin olub yolda da onu bulurmuş?


Keçmiş xəyalların incəliyinə

Dalaraq getdiyi hər qapı-baca.

Baxır indi cibin öncəliyinə,

Qapılar bağlıdır aca, möhtaca.


Döydüyü hər qapı ondan birinci

Rüşvət tələb edər baxmaz üzünə.

Əli qızıl olsa, beyni bir inci,

Qulaq asan olmaz hətta sözünə.


Hər şeyi rüşvətlə ölçən ölkədə

Pulu əvəz edər yaltaqlıq ancaq.

Bir yaltaq olsaydı indi bəlkə də

Olardı əllərdə o da oyuncaq.


Oyuncaq olsa da öz övladını

Yedirdər, salmazdı bu cür korluğa.

Kiçik rütbə olan yaltaq adını

Bir gün yüksəldərdi rüşvətxorluğa.


Neyləsin, haramla yoğrulan eldə

Əxlaqsızlıq böyük əxlaq sayılır.

Əclaflıq imkanı var ikən əldə,

Arını qoruyan axmaq sayılır.

Belə yazılıbdır həyat qanunu,

"Yaşamaq uğrunda savaşdır"-adı.

Qürurlu aslanın gəlirkən sonu,

Bu qanun artırır ağcaqanadı.



Nankorluq
İllərlə torpaqdan yeyib uduruq,

Ömürdə bir dəfə o udur bizi.

Torpağın haqqını tez unuduruq,

Dərhal yas saxlayıb döyürük dizi.


Belə yaranmışıq çünki əzəldən,

Ədalət hissindən çəkirik korluq.

Çox zaman vicdanı veririk əldən

Haqdan yazılıbdır bizə nankorluq.


İlahi çağrını biz bilə-bilə

Nankor yaşayırıq, nakor ölürük.

Atırıq zibil tək savabı çölə,

Suçu aramızda birgə bölürük.


Özündən müştəbeh nəfsim bilir kəm

Digər canlıları qoyaraq lağa.

Layiq görülərkən mənə cəhənnəm,

Nəfsə iyrənc gəlir ilan, qurbağa.


Biz həyat sürsək də toxluq içində

Cəhənnəmdə qəlbi dağ olan da biz.

Yaranan bu qədər məxluq içində

Allahın üzünə ağ olan da biz.



Ağrımaz

Şair dostum Məmməd Tahirə
Mənə deyirsən ki, ey Məmməd Tahir,

“Susan dil ağrımaz, dodaq ağrımaz”.

Ürəyə sancılan xəncərdir dərdim,

Nolsun, baş ağrımaz, ayaq ağrımaz?


Deyirsən - ölkəmiz gül içindədir,

Fəhlə iş başında, kənd biçindədir.

Nə iş dərdi vardır, nə biçin dərdi

Bizdə ürək nədir, dırnaq ağrımaz.


Bəlkə də haqlısan sən bu mövzuda,

Qalmayıb ölkənin dadı, duzu da.

Çoban alimlikdə, alim quzuda,

Tərsinə çevrilmiş çanaq ağrımaz.


O ala qarğalar dönüb darğaya,

Taleyim qalıbdır ala qarğaya.

Qarğa qarıltısı dönər ağrıya,

Hakimin kəsdiyi barmaq ağrımaz.


Zülmün qarşısında bir lal səfiləm,

Acı loxma üçün gərək əyiləm.

Mən torpaq deyiləm, mən daş deyiləm.

Daş - qaya ağrımaz, torpaq ağrımaz.


Artıq ayaq tutub yürüyür yalan,

Elimin sərvəti olunur talan.

Duzum göz yaşıdır, çörəyim yavan,

Kim deyir, dağılmış tifaq ağrımaz?


Hər yerdə bədnamdır adı dövlətin,

Hər gün sındırılır ruhu millətin.

Tüpürcək altında yaşamaq çətin,

Baxma, üzə dəysə yanaq ağrımaz.


Heydər deyər, səni sərab aldadır.

Yurddaşım didərgin, Yurd işğaldadır,

Millət dərd əlindən ölü haldadır,

Köksünə vursan da bıçaq, ağrımaz.



Qoyun davasında qoç olmuşam mən
Dostum Mehdi Gəncəviyə
Dünən yürüyürdüm, belim ağrıdı,

Bildim ki, ay Mehdi, qocalmışam mən.

Dilimi dişlədim, dilim ağrıdı

Karvan ötüb keçib, gec qalmışam mən.


Həyatım bir qərib davaya gedib,

Şeirimin çoxusu ah-vaya gedib,

Elə bil, bir ömür havaya gedib,

Sanma, bu dünyadan bac almışam mən.


Artıq neçə dostum, tayım böyüyüb,

Mənimsə sadəcə boyum böyüyüb,

Bəlkə bir azacıq soyum böyüyüb,

Anam da zənn edir ucalmışam mən.


Məni öz əsiri edib duyğular,

Özünün yesiri edib duyğular,

Heçliyin əsəri edib duyğular,

Məgər, boş duyğudan güc almışam mən?


Qəvvaslıq şövqüylə eşq dənizində

Yolumu azmışam çölün düzündə.

Nadanlar dəryanın tam mərkəzində,

Sahildə sonuncu uc olmuşam mən.


Qəlbimdə yurd qurub bir dəli sevgi,

Ömrümün axırı, əvvəli sevgi.

Gözümün həm nuru, həm seli sevgi,

İllərlə bu hissə ac olmuşam mən.


Sən demə, ovmuşam ovçu içində,

Həm sağcı içində, solcu içində,

Şeytan balasının ovcu içində

Guya ki, Şeytandan öc almışam mən.


İndi də ölümə bir addım qala

Qorxuram, dünyada nə adım qala,

Nə arzum, nə də ki, muradım qala,

Dərdin manqalında sac olmuşam mən,


Seyr edib zamanın yürüyüşünü.

Heydər, çox qurmuşam zəfər düşünü,

Erkəklik sanaraq qoç döyüşünü

Qoyun davasında qoç olmuşam mən.


Mən məni söyənə çörək verirəm
Səni sevdiyimçün məni söyənlər

Səni söyənlərdən çörək qazanır.

Düşmən qapısına ayaq döyənlər

Unun ələməyə ələk qazanır.


Qoy, bizi doyunca söysünlər Vətən,

Söyüşün çatdığı ünvan deyilik.

Sonra da kimisə öysünlər, Vətən

Mətləbi qanmayan nadan deyilik.


Sənin tək çaşmıram artıq bu işə,

Bilirəm qəlbləri niyə soyumur.

Yəqin ki, doymasa dillər söyüşlə

Ackən quruldayan qarınlar doymur.


Susuram qarşımda “mənəm” deyənə,

Çörək qazanmağa ürək verirəm.

Mən də sənin kimi məni söyənə

Bir qarın doyumluq çörək verirəm.



Keçəl Həmzələr
Qəm yemə, ey könül, çəkmə dərd-kədər

Sənə daş atdıqca yarım mirzələr.

Koroğlu tək cəngə girdinsə əgər

Ətrafında bitər “Keçəl Həmzələr”.


Necə ki, Əlinin Əhədi vardı,

Ya da ki, İsanın “Balıq” Hafizi.

Mənim də başımın qəhəti vardı,

Gün gələr, onun da silinər izi.


Kölgəni tapdalar kim ki, arxada

Sanar ki, nəhəngdir, bizi tapdalar.

Kimlər ki, iz salmaq istər dünyada

İz sala bilməsə, izi tapdalar.


Mənə “məddah” deyən dil utanmırsa,

Buraxın, boş yerə özünü yorsun.

Qələmlə şər yazan əl utanmırsa,

Yazmaqla əlini, gözünü yorsun.


Harda görünüb ki, görünən kəndə

Bələdçilik edən məddah sayılsın?

Məddahdır şahlara qul olan bəndə

Haqdırmı, haqq sözlər günah sayılsın?


Zülmətin qoynundan məşəllə çıxıb

Nura doğru qaçmaq məddahlıqdırsa,

Bəli, mən məddaham, tabular yıxıb

Haqqa qucaq açmaq məddahlıqdırsa.


Könül bulandırmaq ona qayəsə

Buraxın, zəhməti getməsin hədər.

Beş günlük dünyadı, nolar sevinsə?

Mənə bu sevincin savabı yetər.



Rüşvət “gəliri”ylə iftar açanın
Rüşvət “gəliri”ylə iftar açanın

Namazı şeytana ibadət olar.

Səhərdən axşama ac qalan canın

Qazancı özünə əziyyət olar.


“İmanın beş şərti, hökmü var” deyən,

Möminlik beş barmaq ovuca sığmaz.

Oruclu ağızla qul haqqı yeyən -

Deyirdin bəs, yemək oruca sığmaz?!


Məhşərdə Rəsulla birgə olmağa

Tutduğun orucla ücrət verirsən?

Elə alışıbsan verib almağa

Hətta Allaha da rüşvət verirsən.


Qorx
Nə yolunu azanlardan,

Nə dinini satandan qorx!

And yerini şələləyib

Arxasına atandan qorx!


Xainlərlə kim barışır,

Özü onlara qarışır.

Görsən ki, yalan danışır,

Atan olsa, atandan qorx!


Kim ki, min yol tövbə edib

Yenə eyni yola gedib.

Yas günündə gözdən itib,

Toyda ayna tutandan qorx!


Qorxma aslan birisindən,

Nə ölü, nə dirisindən.

Aslanların gerisində -

Kölgəlikdə yatandan qorx!


Xilas olmayanlar can qorxusundan
Kimlər ki, çəkinər qan qoxusundan

Vücudu al qana bürünər, qardaş!

Xilas olmayanlar can qorxusundan

Göstərə bilməz ki, bir hünər, qardaş!


Əzrail baxmaz ki, at belindəsən,

Davanın içində, ya çölündəsən,

Yağ içrə böyrəksən, süd gölündəsən,

Qismətin arxanca sürünər, qardaş!


Ölümə gedənlər dara gedərlər,

Ölümdən qaçanlar gora gedərlər,

Hər ikisi eyni yerə gedərlər-

Biri namərd gedər, biri nər, qardaş!


Heç kim olduğunu dərk etdiyi an

Heydər, bir “kimsəyə” çevrilər insan.

İdrak qapısından girdiyin zaman

Azadlıq sarayı görünər, qardaş!



Elə bir ölkədə məskən salmışıq
Elə bir ölkədə məskən salmışıq,

Halı ürək yaxar, qəlb dağlar, oğlum.

Namərdlər əlində girinc qalmışıq,

Namərdlər çağıdır bu çağlar, oğlum.


Mərdlər bu dünyadan binəsib gedər,

Qəbrinin üstündən yel əsib gedər.

Yaxşılar dünyadan tələsib gedər,

Pislərsə dünyada üz bağlar, oğlum


Sənə- “namərd ol” da deyə bilmirəm,

“Qəlbimə dərd ol” da deyə bilmirəm,

Atayam, “mərd ol” da deyə bilmirəm,

Mərdin gözlərindən sel çağlar, oğlum.


Qəlbimdə tutuşan alov dinməyir,

Ağlasam, yaşıma odum sönməyir.

Etiraf edimmi? Dilim dönməyir.

Yalandır, demişdim, -”qız ağlar”, oğlum.


“Vətəni sev”- desəm, sevən əzilir,

Söyənlər şah olur, öyən əzilir.

Ayaqlar altında güvən əzilir,

Qəlbimi göynədir bu dağlar, oğlum.


“Yurdu sevmə” desəm, necə deyəm ki,

Yurdu sevməmək də olar bəyəm ki?!

Desəm, heç bilmirəm, mən neyləyəm ki,

Deməsin - “atam da sayaqlar” - oğlum.


Bu dərd ki, bağrımı didib dağıdır,

Heydərəm, dağlara çıxmaq çağıdır.

İndi qansızlara keyf oylağıdır,

İgid qanı içən bu dağlar, oğlum.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin