ZEYDİYYƏ FİRQƏSİNİN İNANCI
Zeydiyyə firqəsi özlərini Zeyd bin Əli bin Hüseynin (ə) tə᾽qibçiləri bilənlərdir. Zeydi, imam Zeynül-Abidindən (ə) sonra imam bilirlər. İndi də, Yəmən və ətrafında Zeydiyyə firqəsinə bağlı insanlar, kifayət qədər sayca üstünlüyə sahibdirlər.
Zeydilərin əqidəsi belədir: hər alim, zahid və cəsur olan Fatimi-ələvi (Həzrət Fatimənin (ə) övladı), qılıncla qıyam edib xalqı özünə tərəf də᾽vət edərsə, o, imamdır. Çünki həzrət Zeyd, Əməvi xəlifəsi Hişam bin Əbdülməlikin xilafəti zamanında Bəni-Üməyyənin zülm və təcavüzü nəticəsində Kufədə qiyam etdi və sonda şəhadət şərbətini içdi. Dünən gecə onun haqqında başqa bir mövzu ilə əlaqədar olduğuna görə, qısaca olaraq ərz etmişdim. Dediyimiz kimi, Zeydilər onu imam qəbul edib, ona bağlı olmağı özlərinə fərz bilirlər. Zeydin məqamı, bu növ sözlərin ona istinad edilməsindən daha ucadır.
Həzrəti Zeyd Bəni-Haşimin böyük şəxsiyyətli seyidlərindəndir. Zöhd, elm, fəzilət, din, vər᾽ə, ibadət, şücaət və cömərdlikdə qövmünün qabağcılarındandır. Gecələri ibadət, gündüzləri isə, oruc tutmaqla keçirirdi.
Rəsulallah (s) əvvəlcədən onun şəhadəti haqqında xəbər vermişdi. Həzrət Seyyidüş-Şühəda Əba Əbdullahil-Hüseyndən (ə) belə bir hədis nəql edilmişdir: «Rəsulallah (s) mübarək əlini mənim çiynimə qoyaraq, belə buyurdu: «Ya Hüseyn! Yaxın bir zamanda Zeyd deyə xitab ediləcək olan biri sənin sülbündən çıxacaqdır; o şəhid olaraq öldürüləcəkdir. Qiyamət günü o və əshabı, xalqın boynuna minmiş bir halda cənnətə daxil olacaqlar».
Lakin həzrət Zeydin özü qətiyyən imamət iddiası etməmişdir; bu, ona istinad edilən bir iftiradır. O, özünün dəyərli qardaşı imam Məhəmməd Baqirin (ə) imamətliyinə müt᾽i və tabe idi. Lakin azğınlar o həzrətdən sonra belə bir düşüncəyə e᾽tiqad bəslədilər: «Evində oturub xalqdan uzaq düşən kəs, imam deyildir. İmam, alim, saleh, nəzər sahibi olan və qılıncla qiyam edən hər Fatimi olan şəxsdən ibarətdir».
Bu azğın kəslər, xalqı o Zeydin imamətinə də᾽vət etdilər, bir təşkilat qurdurlar. Belə demək də mümkündür: Öz hədəfləri istiqamətində bir dükan açdılar və öz aralarında beş firqəyə ayrıldılar: muğayriyyə, cərudiyyə, zikriyyə, həbəşiyyə və xülqiyyə.
KİYSANİYYƏ İNANCI
İkinci firqə, kiysaniyyə firqəsi idi. Bu firqənin mənsubları, həzrət Əlinin (ə) azad etmiş köləsi olan Kisanın əshabından sayılırdılar. Onlar həzrət Əlinin (ə) Həsən və Hüseyndən (ə) sonra böyük oğlu olan Məhəmməd Hənəfiyyənin imamətinə inanırdılar. Lakin cənab Məhəmmədin belə bir iddiası yox idi. Əksinə, ona Seyyidüt-tabein (tabe olanların ağası) deyirdilər. Elm, zöhd, vər᾽ə1 təqva və Mövlanın əmrinə itaət etməkdə məşhurdur.
Bə᾽zi azğınlar, onun imam Zeynul-Abidin (ə) ilə müxalifət etmə hadisəsini bəhanə edərək, bunun Kisanın imamətliyinə bir dəlil olmasını iddia edirdilər. Həqiqətdə bu hadisə, imaməti iddia etmək məsələsi deyildi. Cənab Məhəmmədin bu müxaliflikdə məqsədi, dördüncü imam həzrət Səccadın (ə) məqamını isbat etmək və bu yolla hər şeydən xəbərsiz və saf müridlərinə özünün bu məqama layiq olmadığını bildirmək idi.
Çünki hədis və tarix kitablarında təfərrüatlı bir şəkildə nəql edilmişdir. Məscidül-hərəmdə Həcərul-Əsvəd qarşısında haqq sabit olduqdan sonra Həcərul-Əsvəd həzrət Səccadın (ə) imamətliyini iqrar etdi. O cənabın imamətliyinə inananların önündə gələn Əbu Xalid Kabuli, Məhəmməd Hənəfiyyənin imamətliyinə inanan bir qrup camaatla bərabər, cənab Məhəmməd Hənəfiyyəyə təslim olaraq, İmam Səccadın (ə) imamətliyini e᾽tiraf etdilər.
Lakin bir qrup saxtakarlar və hər şeydən xəbərsiz cahil avamlar, o inanca bağlı qalmadılar. Onlar bəhanə gətirərək deyirdilər: «Məhəmməd təvazökarlıq göstərmişdir və Bəni-Üməyyə qarşısında siyasət belə tələb edirdi; buna əsasən, cənab Məhəmmədin imam olması qətidir».
Bunlar Məhəmmədin vəfatından sonra da eyni inanc üzərində sabit qaldılar; Onlar «Cənab Məhəmməd ölməmişdir, o Mədinə yaxınlığında Rəzəvi dağında qeybə çəkilmişdir, bir zaman gəlib dünyanı ədalətlə dolduracaqdır» deyirdilər. Daha sonra dörd firqəyə ayrıldılar: «Muxtariyyə, Qürəbiyyə, İshaqiyyə, Hərbiyyə». Hal-hazırda belə bir inancın ardıcıları qalmamışdır.
QƏDDAHİYYƏ İNANCI
Üçüncü firqə qəddahiyyə firqəsidir. Bu firqənin əsas inancı, zahirdə Şiə inancıdır, lakin batində küfürdür. Bu məzhəbin əsas təməlini Meymun bin Salim (Disan) və ya Qəddah adıyla məşhur olan Disan və İsa Çəhar Lühtanın əliylə Misirdə qoyulmuşdur. Qur᾽ani-kərim və hədislərdə tə᾽villərə baş vuraraq, öz istəkləri üzrə hərəkət etmiş, şəriət üçün zahir və batin yolu göstərmişlər. «Şəriətin batinini Allah-təala həzrət Peyğəmbərə, o həzrət imam Əliyə, imam da övladları və xalis şiələrinə öyrətdi» deyirdilər. Yenə şəriətin batinini öyrənən kəslər üçün zahiri itaət və ibadət qeydinin olmadığı inancındadırlar. Onlar məzhəbi yeddi təməl üzərində qurdular; yeddi peyğəmbərə, yeddi imama inandılar və yeddinci İmamı qeybdə bilib, zühurunu gözləməyə başladılar. Bunlar ümumi olaraq iki firqəyə ayrılmışlar:
1. Nasiriyyə
Nasiriyyə Xosrov Ələvinin davamçılarıdır. Bunlar söz və şe᾽r kitablarında şiə adıyla çox insanları küfrə çəkib, Təbəristan bölgəsində çox məskunlaşdılar.
2. Səbahiyyə
Səbahiyyə, Həsən Səbbahın davamçılarıdır. Onlar əslən misirlidilər. Sonradan İrana gəlib, Qəzvin şəhərində çox dəhşətli və ələmli böyük «əl-mövt» fitnəsini meydana gətirdilər. Bununla da, bir çox insanın ölümünə səbəb oldular. Bu hadisə tarixdə geniş bir şəkildə qeyd edilmişdir. Lakin bu məclis, o tarixi hadisələri təfərrüatlı bir şəkildə anlatmaq üçün münasib deyildir.
ĞULAT İNANCI
Dördüncü firqə ğulat firqəsidir. Onlar Təşəyyü adıyla məşhur olan ən alçaq qövm və tayfadırlar. Onların hamısı, kafir, nəcis, fasiq insanlardır. Onlar cəmi yeddi firqəyə ayrılmışlar: səbaiyyə, mənsuriyyə, ğərabiyyə, buzəyğiyyə, yəqubiyyə, ismailiyyə, əzduriyyə.
Onların necə meydana gəlməsinin izahını, dünən gecə qısaca olaraq ərz etdim. Biz şiə camaatı, hətta bütün dünya müsəlmanları onlardan və inanclarından uzağıq və onları hər nəcisdən daha nəcis və hər kafirdən daha dinsiz bilirik. Lakin təəssüflər olsun ki, hər inanc, şiə adıyla aşkar və ya gizli bir şəkildə dillərdə küfrlə məşhur olub, bə᾽zi kitablarda qəsdən, bilərək və ya bilməyərək, qeyd edilmişdir. Bu sözlərin çoxu, özlərini Əlinin şiəsi göstərən həmin bu firqələr tərəfindən ortaya atılmışdır.
Ancaq dünyada sayıları yüz milyonu keçən İsna Əşəriyyə şiəsi bu fasiq inanclardan uzaqdır. Rəsulallahın (s) elm qapısı olan Əmirəl-mö᾽minin həzrət Əli (ə) vəsiləsiylə onlara yetişən şəriətin özüdür; dinin əsası və pak inanc onların yanındadır.
Dostları ilə paylaş: |