TƏNQİDİN CAVABI
Də᾽vətçi: «Əvvəlcə, hədisin sənədinin silsiləsinə diqqət etmək lazımdır. Görəsən, hədis doğrudurmu, mö᾽təbərdirmi, həsəndirmi?2 Zəifdir3, yoxsa mərduddur?4 Doğru olduğu təqdirdə, tövhid haqqındakı açıq-aşkar ayələr və Əhli-beyt yoluyla yetişən mütəvatir hədislər qarşısında xəbəri-vahidlə5 əməl etmək doğru deyildir. Siz nə səbəbdən tövhid haqqındakı mövcud olan bu qədər hədisləri və Əhli-beyt imamlarının maddəçilərlə münazaralarını və xalis tövhidi isbat etmələrini görüb onlara diqqət etmirsiniz? Halbuki, şiənin önəmli bütün təfsirləri və hədis kitabları məsələn: «Tövhidi-müfəzzəl», «Tövhidi-Səduq» və Əllamə Məclisinin «Biharul-ənvar» kitabındakı tövhid bölümü və şiə alimlərinin tövhid haqqındakı kitabları, Əhli-beytdən nəql olunan mütəvatir hədislərlə dolub-daşır.
Siz, nə səbəbdən hicri 413-ci ildə vəfat edən və şiənin böyük alimlərindən olan Şeyx Mufidin «Ən-nüqətul-etiqaddiyyə» risaləsini və o şəxsiyyətin tə᾽lif etmiş olduğu «Əvailul-məqalət fil-məzahibi vəl-muhtərat» kitabını mütaliə etmirsiniz? Və nə səbəbdən, Şeyx Əbu Mənsur Əhməd bin Əli bin Əbi Talib ət-Təbərsinin «İhticac» kitabına həzrət Rızanın (ə) müxaliflər və tövhidi inkar edənlər qarşısında xalis tövhidi necə isbat etdiyini bilib öyrənməniyiz üçün müraciət etmirsiniz, ancaq dönüb-dolaşıb, mütəşabih hədisləri tapıb onlara əsaslanaraq, şiəyə həmlə edirsiniz? Ərəb şairi nə gözəl söyləmişdir:
Görəsən, mənim gözümdə çör-çöpü tez görürsən;
Nə üçün öz gözündəki xurma gövdəsini görmürsən?
Guya, möhtərəm ağalar öz kitablarındakı cəfəngiyyatı, hətta küfriyyəti görüb, onlara diqqət etmirlər. O kitablarda elə sözlər vardır ki, oğlu ölən ana belə, gülməyə məcbur olar. Əgər onları görsəniz, utandığınızdan başınızı yuxarı qaldıra bilməzsiniz. Hətta sizin öz e᾽tibarlı Səhihlərinizdə o qədər gülünc hədislər nəql olunmuş ki, insanı heyrətə gətirirlər».
Hafiz: «Gülünc olan sizin sözlərinizdir ki, böyüklük və ucalıqda misli görülməmiş kitablara, xüsusilə bizim alimlərimizin iftixarlı hədislərini qəbul etdiyi «Səhihi-Buxari» və «Səhihi-Müslim»ə xurafat və xəta nisbəti verərək dəyərləndirirsiniz. Kim bu iki kitabdakı hədisləri inkar edər və ordakı sözlərin xəta olduğunu söylərsə, həqiqətdə əhli-sünnət vəl-camaət məzhəbini inkar etmişdir. Çünki bu iki böyük kitab, Qur᾽andan sonra camaat içərisində ən mö᾽təbər sayılan kitablardır.
İbni Hacəri Məkki «Səvaiqul-muhriqə» kitabının əvvəlində görmüş olsanız, belə yazmışdır: «Bu bölüm Əbu Bəkirin xilafətinin xüsusiyyətinin bəyanı haqqındadır. Buxari və Müslim bunu Səhihində rəvayət etmişlər. Bu iki kitab, Qur᾽andan sonra ümmətin icmasıyla ən səhih kitablardır».
Aydındır ki, bu iki kitabda nəql olunan hədislərin Rəsulallahdan nəql olunduğu qətidir. Çünki ümmət bunları qəbul etməkdə icma etmiş və ümmətin qəbul etdiyi hər şey qətidir. Çünki səhih kitablarında nəql olunan hədislərin də doğruluğu qətidir. Belə isə, bir kəs nə cür cürət edib, «bu iki kitabda küfriyyət, cəfəngiyat və xurafat vardır» deyə bilər!».
«SƏHİHİ-BUXARİ» VƏ «SƏHİHİ-MÜSLİM»DƏKİ XURAFAT HƏDİSLƏR
Də᾽vətçi: «Əvvəlcə söhbət əsnasında buyurdunuz ki, bu iki kitab («Səhihi-Buxari» və «Səhihi-Müslim») bütün ümmət tərəfindən qəbul edilmişdir. Sizin bu iddianız, İbni Həcərin sözünə istinad edərək, elm, əməl və məntiq baxımından, əqil və bəsirətlə əməl edən yüz milyon müsəlmanların1 (şiələrin) inkar etdiyi bir şeydir. Belə isə, buradakı ümmətin icması, sədri-İslamda2 xilafət xüsusundakı qəbul edilən icmanın eynisidir.
Birdə ki, mənim dediyim sözlər dəlil və bürhanladır. Əgər möhtərəm ağalar həqiqəti görən gözlə o kitablara baxarlarsa, bizim gördüyümüz şeyləri, onlar da görəcəklər. Bizim və bütün insanlar kimi, siz də o kitablardakı nəql edilən sözlər qarşısında heyrət içərisində qalıb, güləcəksiniz. Çünki sizin böyük alimlərinizdən çoxu məsələn: Daruqutni, İbni Həzm və Şəhabuddin Əhməd bin Məhəmməd Qəstalani «İrşadus-sari», Əllamə Əbul-Fəzl Cəfər bin Sə᾽ləbi əş-Şafei «Əl-imatau fi əhkamis-sima» və Şeyx Əbdülqadir bin Məhəmməd Qərişi əl-Hənəfi «Cəvahirul-muziə fi təbəqatil-Hənəfiyyə» kitablarında, Şeyxul-İslam Əbu Zəkəriyyə Nəvəvi «Səhihin şərhi»ndə, Şəmsəddin Əlkami «Kəvkəbu munir fi şərhi camius-səğir»də və İbni Qayyim «Zadul-məad»da, xülasə Hənəfi alimlərinin hamısı və əhli-sünnətin digər böyük alimləri açıq-aydın «Səhih-Buxari» və «Səhihi-Müslim»dəki bə᾽zi hədisləri araşdırıb tənqid etmiş və bu iki kitabda səhih olmayan çox zəif hədislərin mövcud olduğunu e᾽tiraf etmişlər. Çünki Buxari və Müslim sadəcə hədis toplamış, lakin onların səhih olub-olmadığına diqqət etməmişlər.
Sizin mühəqqiq alimlərinizdən bə᾽ziləri məsələn: Kəmaluddin Cəfər bin Sə᾽ləb, Səhihin kitablarındakı hədislərin fəzahət və qəbahətlərini açıqlamada və onların utandırıcı eyiblərini nəşr etməkdə olduqca qüvvə sərf etmişdi. Bu babdakı dəlil və bürhanlarımız çox bariz və aydındır. Belə isə, hədislər haqqında araşdırma apararaq sizin hücumunuza mə᾽ruz qalanlar, sadəcə biz deyilik. Hətta sizin böyük mühəqqiq alimləriniz də həqiqətlər üzərində araşdırma aparıb, bu cür sözləri bəyan etmişlər».
Hafiz: «Öz dəlil və burhanlarınızı, məclisdə olanların haqqa hökm verə bilmələri üçün bəyan etməyiniz çox yaxşı olar».
Də᾽vətçi: «Gəl ki, biz bu mövzu üzərində danışmırdıq. Əgər bu mövzuya başlamaq istəsəm, sizin əvvəlki sualınızın cavabı qalacaq. Lakin yenə də, isbatı üçün qısaca olaraq bir neçə misal deməyə çalışacağam».
ALLAH-TƏALANI GÖRMƏK XÜSUSUNDA ƏHLİ-SÜNNƏTDƏN HƏDİSLƏR
Əgər siz hulul, ittihad, cismaniyyət və Allahı görmə haqqındakı insanı küfrə aparan hədisləri mütaliə etmək istəsəniz öz mö᾽təbər kitablarınıza ‒ «Səhihi-Buxari»nin Ι cildindəki «Fəzlus-sücud» babına, yenə ΙV cildin «Əs-siratu min kitabir-riqaq» babına və «Səhihi-Müslim»ün Ι cildindəki «İsbatur-ruyətil-mö᾽minin Rəbbəhum fil-axirəti» babına və imam Əhməd bin Hənbəlin «Müsnəd»inin ΙΙ cildinə baxsanız, məsələni yaxşı anlayarsınız. Misal olaraq, o bablardan sadəcə iki hədisi hüzurunuza ərz edim:
Əbu Hürəyrə belə rəvayət edir: «Cəhənnəmin atəşinin hərarəti şiddətlənir. Allah-təala ayağını onun içərsinə qoyduqda, durub, «Yetər, yetər, mənə kafidir, mənə kafidir deyər».
Yenə Əbu Hüreyrə belə rəvayət edir:
Bir qrup camaat Rəsuli əkrəmə (s); «Görəsən, qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» dedikdə, o həzrət belə buyurdu: «Bəli görəcəyik. Görəsən, göydə bulud olmadıqda, günəşi görməkdə sizə bir zərər toxunurmu?». Camaat, «Xeyir toxunmur» dedilər. Həzrət buyurdu: «Görəsən, göydə bulud olmadığı gecədə, dolğun ayı görməkdə sizə bir zərər toxunurmu?». Camaat, «Ya Rəsulallah, xeyir toxunmur» dedilər. Həzrət buyurdu: «O ikisini görməklə sizə zərər toxunmadığı kimi, qiyamət günü Allahı görməkdə də sizə bir zərər toxunmayacaqdır. Qiyamət günü bir müəzzin belə nida edəcəkdir: «Hər ümmət tapındığına tabe olsun. Bu anda Allahdan başqasına tapınan hər kəs, odun içinə düşəcəkdir. Sadəcə Allaha tapınanlar əbədi olacaqlar». Bu əsnada aləmlərin Rəbbi insanların onu görəcəyi bir şəkildə gəlib, «Mən sizin Rəbbinizəm» deyəcəkdir. İnsanlar onu gördükdə, «Biz səndən Allaha sığınırıq, Allaha şərik qoşmayın» deyəcəklər. Bunun üzərinə belə buyuracaqdır: «Görəsən, sizinlə Allah arasında, Allahı tanıyacaq bir nişanə vardırmı?». İnsanlar, «Bəli, vardır» deyəcəklər. Bu halda Allah ayağını (onlara göstərmək üçün) açacaqdır. Daha sonra insanlar başlarını yuxarı qaldırıb, Rəbblərini ilk gördükləri şəkildə görəcəklər. Sonra, «Mən sizin Rəbbinizəm» deyəcəkdir. İnsanlar da, «bəli, sən bizim Rəbbimizsən» deyəcəklər».
Allah xatirinə insafla söyləyin, Allah-təalanın mücəssəm1 olub, bir cisim şəklində özünü insanlara göstərməsi və ya ayağını açıb onlara nişan verməsi küfredici sözlər deyildirmi? Sözümüzün isbatına ən böyük dəlil budur ki, Müslim Allah-təalanın görünməsinin isbatı xüsusunda xüsusi bir bab açmışdır və Əbu Hurəyrə Zeyd bin Əsləm və Süveyd bin Səid və digərlərindən yalan və uydurma hədislər nəql etmişdir. Sizin böyük alimləriniz məsələn, Zəhəbi «Mizanul-İtidal», Siyuti «Əl-ləlil-məsnuəti fi əhədisil-məvduati» və Sibt bin Cəvzi «Əl-Məvduat» kitabında onların uydurma olduğunu açıq dəlillərlə bəyan etmişlər. Bu sözlərin batilliyinə dair dəlil, hədis və rəvayətlərin, Qur᾽ani-kərimin bir çox aşkar ayələridir. Qur᾽anın bu ayəsi açıq aydın Allah-təalanın görülməsini inkar edir: «Gözlər Onu (Allahı) idrak edə bilməz (görə bilməz); O, bütün gözləri idrak edər (görər). O, lətif və xəbərdar olandır»2.
Yenə Qur᾽ani-kərim, həzrət Musanın Bəni-İsrailin həmləsi qarşısında münacat məqamında belə ərz etdiyini nəql edir: «Rəbbim özünü mənə göstər; səni görə bilim. (Allah-təala cavabında): «Məni əsla görə bilməzsən»3.
Seyid Əbdülhəy4: «Mövlamız Əlidən (kərrəməllah vəchihu); «Görmədiyim Rəbbə ibadət etmərəm» deyə, bir hədis nəql olunmamışdırmı? O halda, Əlinin (ə) belə bir sözündən Haqq-təalanın görülməsinin mümkün olduğu anlaşılır».
Dostları ilə paylaş: |