DÖRDÜNCÜ PƏRDƏ
Eyni səhnə... Gündüz... Qarşıki böyük pəncərədən saray bağçasını süsləyən yeşil
ağaclar, rəngarəng çiçəklər nəzərləri oqşar. Salona qonmuş saqsıdakı fidanın dal
budaqları əvvəlkinə görə daha böyümüş və tam mə’nasilə açılmış gülləri aradan bir xeyli
zaman keçdiyini xatırlatır. Orxan bir tərəfdə əski osmanlı yavərləri qıyafətində olaraq əli
alnında düşünür.
O l q a. ( saray xanımlarına məxsus bir qiyafədə gəlir. Orxanı bir qədər süzərək).
Orxan!
O r x a n . Sənmisin, Olqa?
O l q a. Nə düşünüyorsun, mane oldum, deyilmi?
O r x a n . Xayır...
O l q a. Niçin böylə dalıb gediyorsun?
O r x a n ( gül fidanını göstərir). İştə hər tərəfə gözəl qoqu və nur saçan şu gülləri
görüyormusun? Baq, nə qadar dəyişmiş. Bunlar bir zaman yemyeşil tumurcuq halında
idilər.
O l q a. Əvət, xatırlıyorum, casus deyə tam bizi yaqaladıqları gecəydi.
O r x a n . Bən o gecə, açmamış qönçələri gönlümüzdəki arzulara bənzətmişdim,
deyilmi? İştə bu gün bütün istədiklərimiz yerini buluyor, onlar kibi çiçəklənməyə
başlıyor.
O l q a. Pəki, o halda bu düşüncələr nə?
O r x a n . Olqa! Biz artıq burayı tərk etməliyiz.
O l q a. Niçin? Halbuki burada səadət var.
O r x a n . Xayır, bil’əkis səadət bizi başqa aləmdə gözlüyor.
O l q a. Fikrini hiç anlıyamıyorum. Sən Yıldırım kibi böyük bir padşah sarayında...
Kəndin də ən sevgili yavərlərdən birisin. Daha nə istiyorsun? ( Gül fidanına yaqlaşır,
qoqlamağa başlar.)
O r x a n (ətrafa). Ah, Teymur ordusu tərəfindən Sivas qələsi altüst edilmiş,
Yıldırımın oğlu öldürülmüş... Daha burda durulurmu?
O l q a. Orxan! Səndə bir sirr var; hər ay gizli məktublar yazıyorsun, əcəba onlar kimə
və nerəyə?
O r x a n . Sonra anlarsın, şimdi çabuq hazırlan! Nə olursa-olsun buradan çıqmalıyız.
O l q a. ( təlaş ilə). Allah eşqinə, nə olmuş, Yıldırımdan bir fənalıqmı gördün?
O r x a n . Xayır. Fəqət bir taqım padşahlar, hələ Yıldırım kibi sərxoşlar o dərəcə
qorqunc ki, əsla inanılmaz. Əvət, kəndi qardaşını
287
vəhşicə parçalatan bir hökmdar, yarın ufaq bir bəhanə ilə bizə də qızar, bizim də qanımızı
döktürür.
O l q a. Bən şu şübhələrə hiç bir mə’na verəmiyorum.
Or x a n . Dedim ya, sonra anlarsın. Hazırlan, ehtiyat için bir çarşaf da al, yolda lazım
olur.
O l q a. Pəki, lakin...
O r x a n . Sus, iştə gələn var.
O l q a. (baqar). Əvət, sultanın hərəmi Meliça. ( Məmnun təbəssümlərlə o gələn tərəfə
doğru yürür.)
O r x a n (yalnız). Vəzifə hər şeydən müqəddəsdir. Artıq sırası gəldi, Teymur mütləq
hücuma başlayacaq.
M e l i ç a (Olqa ilə bərabər gəlir). Ah, Olqa, Olqa! Sizin bana munis olmanız, bilsən
nə qadar gönlümü açıyor.
O l q a. Fəqət bən... Bənim gönlümdəki sevinc daha böyük, daha dərindir.
M e l i ç a. Sən nə qadar nəcib isən (Orxana işarətlə), yoldaşın da bir o qadar
qəhrəman və nəzakətlidir.
O r x a n . Təşəkkür edərim.
M e l i ç a (ətrafa diqqətlə). Iştə Yıldırım. Aman nə qadar halı pərişan...
O l q a. Əvət, bu günlər əfəndimiz pək düşünüyor.
O r x a n . Nasıl düşünməsin?! Hiç Teymur ordusunun qabalığı çəkilir şeymi?
Y ı l d ı r ı m. (gəlir, tə’zim edərlər. Yanındakı Nazim ağaya). Əli paşa nerdə? Çabuq
buraya çağır. ( Nazim əyilir çıqar. Yıldırım sinirli). Ah, Teymur! Teymur! Bən sənin bu
dərəcə sayğısız olduğuna inanmazdım. (Daha qızğın). Lağımlar vasitəsilə kərastələri
tutuşdurmaq, Sivas kibi bir qələyi yandırıb havaya savurmaq sənin həddinmi? Ah,
əsirlərin, qələ mühafizələrinin qafasını kəsdirməkmi? Ərtoğrul kibi bir evladı əlimdən
almaqmı? Nə böyük cəsarət! Xayır, xayır... Bu dikənli zərbə, bu acı təhqir əsla unutulmaz.
Ah, duyğusuz cəllad.
O r x a n . Ehtimal ki, bu hərəkət onu saymadığın için bir ixtar, tə’bir caizsə bir
guşmaldır.
Bu sırada uzaqda aşiqanə bir ahənglə çoban qavalı-düdüyü çalınmağa başlar.
Y ı l d ı r ı m. (çılğın). Nasıl? Bir ixtarmı, bir guşmalmı? Ah, nələr, eşidiyorum!
288
O r x a n . Əvət, ixlas və sədaqətim şu acı həqiqəti söyləməyə bəni məcbur ediyor.
Y ı l d ı r ı m. Bən üzərimə gələn qocaman Səlib ordularını qəhr etdim. Fransa və
Almaniya cəngavərlərini püskürtdüm. Lehistan, Avstriya və Italiya əskərlərini bir
hücumda əzdim. Hətta qorqusuz Jan kibi məşhur bir qəhrəmanı belə hiçə saydım. Şimdi
Teymur kibi bir sərsərimi bəni qorqutacaq? Ah, kor olsun fələyin gözləri. Gör kimlər bana
meydan oquyor.
M e l i ç a. Aman, xaqanım! Kəndinizi pək üzüyorsunuz, vücudunuz bir qadar
istirahətə möhtac.
Y ı l d ı r ı m. İstirahətmi!? Zəhərli dırnaqlar qəlbimi parçalarkən istirahətmi?
(Çılğın). Ah, canavar! (Meliçaya.) Bizi yalnız bıraq. (Meliça Olqa ilə bərabər çəkilmək
istərkən.) Söylə o çobanı susdursunlar.
M e l i ç a. Pəki. (Getmək istər.)
Y ı l d ı r ı m. İstəməz, bıraq çalsın.
M e l i ç a. Pəki... (Salonu tərk edərlər.)
Y ı l d ı r ı m. (pəncərəyə yaqlaşır, çobanı dinlər. Həzin və yaralı bir ah çəkərək.)
Çal!.. Çal!.. Əvət, bəxtiyar çoban, çal!.. Nə Sivas kibi şəhrin əlindən getmiş, nə də
Ərtoğrul kibi oğlun...
Əlipaşa gəlir, düdük susar.
Ə l i p a ş a (yapma bir təlaş ilə). Əfəndimizi bir qadar kefsiz görüyorum...
Y ı l d ı r ı m. (acı təbəssümlə). Əvət, kefli vəzirlərin sultanı daima kefsiz olur.
Ə l i p a ş a. Hər halda şevkətli xaqanın mərhəməti çakərlərinin qüsurundan daha
böyükdür.
Y ı l d ı r ı m. Bana baq, sən Sivas vəq’əsinə nə dersin?
Ə l i p a ş a. Yalnız çocuqca bir təcrübə. Mə’nasız bir təcrübə...
Y ı l d ı r ı m. (qızğın.) Açıq söylə, nasıl mə’nasız?..
Ə l i p a ş a. Çünki Teymur Sivas qələsinə təcavüz etməklə bərabər müharibəyi
uzatmaqdan çəkinmiş... Görünür ki, əskərlərimizin şücaətini görmüş, eyicə bir dərs almış.
Cəsarəti olsaydı, Sivası bıraqıb da Mısır-Şam tərəflərinə keçməzdi.
Y ı l d ı r ı m. Sən sərxoşsun, bu gün-yarın Mısırı da alt-üst edər, Şamı da.
289
O r x a n . Zatən etmiş.
Y ı l d ı r ı m. Ah, nə söylüyorsun?
O r x a n . Hətta geri belə dönmüş və Aras çayını keçib Azərbaycana daxil olmuş.
Əvət, o şimdi Qarabağın sərin yaylalarında, otluçiçəkli ovalarında istirahət və şənliyə
məşğuldur.
Ə l i p a ş a (müztərib, ətrafa). Ah, dəhşət, dəhşət!..
Y ı l d ı r ı m. (Əli paşaya). Pəki, bu xəbəri sən niçin şimdiyə qadar bana söyləmədin?
Ə l i p a ş a. Çünki həm xəstəsiniz, həm də əhəmiyyətsiz bir şey...
Y ı l d ı r ı m. (pək həyəcanlı və qızğın). Nasıl!? Əhəmiyyətsizmi?! Xayır-xayır. Hiç
də öylə deyil. Sən Teymura qarşı Mısır-Şam hökumətlərilə ittifaq yapacağına, Bursa
meyxanəçilərinə şərab ısmarlamağa məşğul olmuşsun.
N a z i m (gəlir, əyilir). Şeyx Buxari həzrətləri.
Y ı l d ı r ı m. Gəlsin. (Nazim çıqar, Yıldırım ətrafa). Şeyx fazil və möhtərəm bir zat.
Onun bu gəlişi hiç də mə’nasız deyil.
Ş e y x B u x a r i (köylü bir qadınla daxil olur. Tə’zimdən sonra). Əfv edərsiniz,
əfəndim, cəsarət ediyorum. Lütfən şu köylü qadını dinləyin. Anadolunun şu yoqsul
anasına qulaq verin də, görün nələr söylüyor.
Y ı l d ı r ı m. (qadına). Söylə!
Q a d ı n. Qocamla oğlum xaç qavğasında öldü, ah, ölürkən yüzlərini görmədim,
məzarlarına belə həsrət qaldım. Bəni yaşatan ancaq bir təsəlliydi; onlar vətən uğrunda
şəhid olmuşlardı.
Y ı l d ı r ı m. Dərdin nədir, onu söylə?!
Q a d ı n. Yetişmiş bir qızım vardı, adı Lalə idi, onu yaşatmaq için hər zəhmətə
qatlanırdım. Tarlamızı sürərkən bir tərəfdən alaca öküzü, bir tərəfdən də kəndimi qoşaraq
heyvanla bərabər çalışıyordum. Laləciyimə, bir danəcik yavruma yeyəcək-geyəcək tədarik
ediyordum.
Y ı l d ı r ı m. (azacıq sərt). Sonra?
Q a d ı n (həyəcanlı). Sonra azğın yeniçərilər, sənin o qaba və sərxoş əskərlərin
öküzümü aldılar. Bıraqmaq istəmədim, incitdilər.
Yalvardım, döydülər. Bən hiç... Əvət bən hiç... (Yaralı fəryad ilə.) Qızım! Ah,
yavrum! Canavarlar yardımsız bir quzuya hücum edər kibi onu sardılar, ağlamasına,
çırpınmasına baqmadılar, cəllad kibi alıb götürdülər. (Çılğınca.) Ah, Laləciyim! Ah,
yavrum. ( Yıldırımın ayaqlarına qapanır).
290
Y ı l d ı r ı m. (son dərəcə qızğın). Cəvab ver, Əli paşa cəvab ver!
Q a d ı n (çılğın). Ah, sərxoşlar! Canavarlar!
Ş e y x B u x a r i (ətrafa). Sərxoş bir amirin məmurları da ancaq sərxoş olur.
Y ı l d ı r ı m. (kəskin). Bulunsun, şu qadının qızı bu saət bulunsun!
Or x a n . Gəliniz, validə.
Q a d ı n (göz yaşını silərək). Ah, yavrum... mələk yavrum! (Təkrar hıçqırıqlarla
ağlar).
Or x a n . Gəliniz, xəyanət cəzasız qalmaz. (Qadınla bərabər çıqar).
Ş e y x B u x a r i (ətrafa). Zavallı qadın! Bilməz ki, yalvardığı padşahın içdiyi
şərablar, yalnız yoqsul köylünün dökülən al qanlarından, qanlı göz yaşlarından tədarik
olunur.
N a z i m (gəlir, əyilir). Teymur elçisi!
Y ı l d ı r ı m. Gəlsin! (Sinirli). Yenəmi elçi! Yenəmi Teymur elçisi!
S o b u t a y. (yazlıq əlbisədə gəlir, əyilir, məktubu verir).
Y ı l d ı r ı m. (Əli paşaya). Al, oqu! (Sobutaya) Bu məktub nerdə yazılmış?
S o b u t a y. Azərbaycanda, Qarabağ yaylasında...
Y ı l d ı r ı m. Çıq bəklə, cəvabını şimdi alırsın.
S o b u t a y. İtaət! (Əyilir, çıqar).
Ə l i p a ş a (qısa bir mütaliədən sonra, heyrətlə ətrafa). Dəhşət, dəhşət!
Y ı l d ı r ı m. Nə yazyor, şimdi nə yazıyor?
Ə l i p a ş a (oqur). Tanrı qulu Teymurdan Sultani-Rum Yıldırım Bayazidə.
Y ı l d ı r ı m. Uzun laf istəməm, yalnız məktubun məalını söylə!
Ə l i p a ş a. Yazıyor ki, bən sizi bir türk xaqanı olaraq sayarım və zatınıza qarşı
hörmət bəslərim, fəqət siz bəni saymazsanız aramız soğuyar və bu soğuqluğun nəticəsi
pək acı olur.
Orxan gəlir.
Y ı l d ı r ı m. Sonra? Sonra?
Ə l i p a ş a (yarımbaqışla məktubu süzərək). İştə bu bənim son məktubum və son
təklifimdir. Qaraqoyunlu əmiri Qara Yusif ordan uzaqlaşmalı... Şahzadələrinizdən biri
mə’murən yanıma göndərilməli. Bən ona evlad kibi baqacağımı şimdidən və’d eylərim,
fəqət
291
məktubuma müvafiq cəvab gəlməzsə, hücum edəcəyim şübhəsizdir. Ona görə də
hazırlanmanızı ixtar edərim.
Y ı l d ı r ı m. Müharibəmi? Ah, müharibəmi? (Acı qəhqəhəylə.) Gör bizi nə ilə
qorqutuyor. Zavallı Topal! Görünüyor ki, qarşısındakını unutuyor. (Pək qızğın). Xayır,
onun cəvabı müharibədən başqa bir şey deyil.
Ş e y x B u x a r i. Zənnimcə qəzəb və hiddət əfəndimizi yanlış mühakimələrə sevq
ediyor. Teymur da sizin qadar qəhrəman, sizing qadar cəsur və sarsılmaz bir hökmdar...
Boş yerə türk evladının qanını dökdürməyin və ətrafınızı saran düşmanları kəndi
fəlakətinizə güldürməyin.
Y ı l d ı r ı m. Xayır, mirim! Bən şimdiyə qadar sənin acı nəsihətlərini dinlədim. Əfsus
ki, bundan sonra dinləmiyəcəyim, çünki şu məktubun məalı təhqirlərin ən acısıdır.
Ş e y x B u x a r i. Əvət, biliyorum acıdır, hətta bənim sözlərim ondan da acıdır. Fəqət
onunla çarpışacağına, kəndi nəfsinlə mübarizə et. Cəsarət ediyorum, mümkünsə
rəqqasələrə uyma! Serbistan prensesi nüfuzuna qapılma! Və sərxoş vəzirlərə alət olma!
Ə l i p a ş a (ətrafa). Ah, bu nə həzyan?
Y ı l d ı r ı m. Əvət, şeyxim! Acı da olsa, sözlərində bir həqiqət var. Lakin Teymura
qarşı susmaq əsla əlimdən gəlməz. Çünki o bəni tanımıyor, yaxud tanımaq istəmiyor. Hər
halda bən kəndimi ona tanıtmalıyım. Əli paşa cəvab yaz.
Əli paşa kağız-qələm hazırlar.
Orxan (tə’zim ilə). Müsaidə buyurulursa, bən də iki söz söyləmək istərim.
Y ı l d ı r ı m. Söylə!
Or x a n . Əfəndimizin iradəsi əlbəttə bir həqiqətdir. Şeyx həzrətlərinin tevsiyəsi isə
daha xeyirxahanə bir məsləhətdir.
Y ı l d ı r ı m. Bən həpsini düşünüyorum, artıq bizimki məsləhətdən keçmiş. (Qızğın).
Cəvab yaz!
Ə l i p a ş a. Əmrinizə müntəzirim.
Y ı l d ı r ı m. Yıldırım Bayaziddən kəlbi-əqur Teymura!
M ə c l i s d ə k i l ə r (heyrət və dəhşətlə ətrafa). Nasıl? Kəlbiəqurmu?!
292
Y ı l d ı r ı m. Yazdınmı? Kəlbi-əqur Teymura.
Ə l i p a ş a. Əvət, kəlbi-əqur Teymura.
Y ı l d ı r ı m. Yaz, müharibəmiz müharibədir. Hər kim sözündən qaçarsa, qadını üç
təlaq ilə boş olsun.
Ə l i p a ş a (yazır, ətrafa). Ah, fəlakət! Dəhşət!
Y ı l d ı r ı m. Ötəsini kəndin bilirsin, iştə bənim deyəcəyim şu!
Ş e y x B u x a r i (müztərib və həyəcanlı). Əfəndim! Əfəndim, müsaidə buyurun. Bu
cəvab adabi-münazirəyə əsla müvafiq deyil. Həm də hiç bir hüsni-tə’vil qəbul etməz.
Əvət, bu bir xəta, bu bir təcavüz ki, hiç bir hökmdarın şanına yaqışmaz.
Y ı l d ı r ı m. Artıq yetişir, rica edərim, kimsə qarışmasın.
Ş e y x B u x a r i (yerindən qalqar, getmək istər). Pəki, sultanım, qarışmam, lakin şu
cəvabınızla böyük bir məs’uliyyəti-tarixiyyə altında qalacaqsınız. Bana müsaidə...
Y ı l d ı r ı m. Buyura bilirsiniz. ( Şeyx Buxari çıqar. Yıldırım istehzalı təbəssümlə
qafasını oynatır.) Əvət, bu məktubla Yıldırım böyük bir məs’uliyyət bir məs’uliyyəti-
tarixiyyə altında qalacaqmış!..
O r x a n . Hər halda Şeyx bədxah bir şəxs deyil.
Y ı l d ı r ı m. Nə olursa-olsun, bənim iradəm qətidir. (Qalqar). Bana baq, Orxan! Sən
bu vəqtə qadar bizdən hörmət və məhəbbət gördün... və o sayədə Anadoluda yaşayan
tatar-türkmən qəbilələrinə böyük nüfuzun var.
O r x a n . Əfəndimizin lütfündən.
Y ı l d ı r ı m. Iştə onlara icrayi-tə’sir etməli. Yarın orduya səfərbərlik əmr edəcəyim.
Baqalım Teymur bizə qarşı nə yapar? Fəqət saqın, vəzifəndə müsamihə etmə! ( Çıqmaq
üzrə bir neçə adım yürür).
O r x a n . Bəncə vəzifə hər şeydən müqəddəsdir. Amirim uğrunda başdan keçməyə
hazırım.
Y ı l d ı r ı m. Haydı, arslanım, iş başına! Unutma ki, səni daha böyük rütbələr
bəkliyor. Əli paşa! Sən də məktubu elçiyə ver, bəndən son hədiyyə olaraq Teymura
götürsün.
Ə l i p a ş a. Baş üstünə!
Ç ı q a r l a r.
O r x a n (yalnız). Ah, Teymur, kəlbi-əqur! (Acı və istehzalı qəhqəhəylə). Əvət, daima
sərxoşların təsəllisi həzyan, aciz və zəiflərin silahı
293
isə söyüş və qarğışdır. (Yıldırımın getdiyi tərəfə kinli və qızğın). Fəqət, ey məğrur və
əyyaş sultan! Əmin ol ki, yarın, əvət yarın o qoca qəhrəmanın dəmir pəncəsində bir yılan
kibi qıvrılacaqsın. Həm də umulmaz bir məğlubiyyətlə zəbun və pərişan olacaqsın.
Pərdə
BEŞİNCİ PƏRDƏ
Anqara ovası, Teymur çadırı... Gündüz. Çadırın önündə qalın gevdəli, gürbüz,
yaylıoqluiki nəfər növbət bəkliyərək qonuşurlar.
B i r i n c i n ö v b ə t ç i . Yahu bütün dünya çarpışıb vuruşmaqdan yoruldu da, şu
Topal bir dürlü yorulmaq bilmiyor.
İ k i n c i n ö v b ə t ç i . Yenə şikayətmi? Nə çabuq usandın, əzizim?!
B i r i n c i n ö v b ə t ç i . Mısır və Şamda dökdüyümüz qanlar hənuz qurumamış.
Şimdi də Anqara qavğası, Anqara bəlası!.. Nə demək? Beş gün rahatlanmaq yoqmu ya?
İ k i n c i n ö v b ə t ç i . Pəki, Qarabağın çiçəkli ovalarında, Azərbaycanın o cənnət
qadar gözəl ruhlu bir guşəsində sürdüyün zevq və səfalar yetişmədimi?
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Biri üç ay yaşayışdan zevq alırsa, altı ay da hərb
etməlimi?
İ k i n c i n ö v b ə t ç i . Şuna baq, müharibə kəndisi də bir zevq deyilmi ya?
B i r i n c i n ö v b ə t ç i . Bıraq Allahı sevərsin. (Bir neçə adım aqsayaraq yürür.)
Şam ətrafında vuruşurkən ayağıma bir ox dəydi də hala aqsıyorum, hala gecələr ağrıdan
uyuyamıyorum.
İ k i n c i n ö v b ə t ç i (gülərək). Zərər yoq, saf mal sahibinə bənzər. Teymur da
aqsaqdır, sən də... Yalnız aranızda bir fərq var ki, sən qarğasan, o qaraquş...
B i r i n c i n ö v b ə t ç i (qızğın). Sus bə, sərsəm hərif!
İ k i n c i n ö v b ə t ç i . Pək gözəl, o qarğa olsun, sən qaraquş.
B i r i n c i n ö v b ə t ç i . Xayır, onu da istəməm.
İ k i n c i n ö v b ə t ç i . Pəki, o halda nə istərsin?
B i r i n c i n ö v b ə t ç i . Nə istəyəcəyim, baq şu Anqara müharibəsi bənim hiç
xoşuma getmiyor. Nə var, nə yoq, Teymur Yıldırımı yenəcəkmiş... Pəki, bənim xeyrim nə
olur? Mısırda, Şamda hiç olmazsa
294
əlimizə paradan-maldan bir şey keçdi. Burda qalib gəlirsək. (Əlini avucuna vuraraq.)
Söylə, baqayım, şu avcuma nə girəcək? Anqaranın quru, boş səhrasımı?
İ k i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Vay, yəhudi dəllalı, vay! Sən
müharibəyə yəğma içinmi gəldin?
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Topal ad qazansın da arada bənim canım getsin,
öyləmi?
İ k i n c i n ö v b ə t ç i . Sus, artıq yetişir; şu sözlər bir türkə yaraşmadığı kibi, bir
əskərə hiç yaraşmaz.
B i r i n c i n ö v b ə t ç i . Nə demək? Sanki əskər insan deyilmi ya? (Sinirli). Əvət, nə
demək! Ölüb-öldürən biz, gülüb-əylənən onlar! Çarpışıb-vuruşan biz, ad-san qazanan
onlar! Ac-çıplaq qalan biz, zevqü səfayə dalan yenə onlar!
İ k i n c i n ö v b ə t ç i (gülərək). Yahu, sayıqlıyormusun, onlar kimdir, əcəba?
B i r i n c i n ö v b ə t ç i . Onlar, iştə saraylarda keyf sürən azğın padşahlar, dəli
xaqanlar... Sərvət və səadət içində gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər... Eyşü
nuş ilə vəqt keçirən hoppa şahzadələr, çılğın dərəbəylər...
İ k i n c i n ö v b ə t ç i (məğrur qəhqəhəylə). Anlaşıldı, əvət anlaşıldı. Bu düşüncələr
həp qorqaqlıqdan iləri gəliyor. ( Əlilə onun omuzuna vuraraq.) Bana baq, hiç məraq etmə,
bu gün-yarın Yıldırım basılır, yenə Səmərqəndə dönəriz.
B i r i n c i n ö v b ə t ç i . Xayır, bu qavğadan gözüm hiç su içmiyor. Yıldırımı pək
qəhrəman diyorlar.
İ k i n c i n ö v b ə t ç i . Əcəba, onun nəsi qəhrəman imiş?
B i r i n c i n ö v b ə t ç i . Nə demək! İştə qaç gündür yüz-yüzə duruyoruz. Hərif
müharibəyi bıraqıb da şikara çıqmış. Pəki, bundan nə çıqar? Demək o qadar məğrur ki,
bizi saymaq belə istəmiyor.
İ k i n c i n ö v b ə t ç i . Zərər yoq, o bizi saymazsa biz onu sayarız. (Boru səsi
eşidilir.) İştə Əmir gəliyor. (Baqar, heyrətlə). O nə? Sanki yüz-gözündən atəş saçılıyor.
T e y m u r müharibəyə məxsus qiyafətdə gəlir. D i v a n b ə y i, ş a i r K i r m a n i və
A q b u ğ a onu izlər.
T e y m u r. (son dərəcə kinli və qızğın bir ahənglə). Teymur - kəlbi-əqur! Teymur -
kəlbi-əqur! Öyləmi, ah, öyləmi?
295
Ş a i r. Ehtimal sərxoş imiş. Yoqsa qoca bir sultanın ağzından öylə söz çıqmaz.
D i v a n b ə y i. Əvət, ehtimal ki, sərsəm və xasta imiş, yoqsa şu hədyan əqli başında
olan bir zata yaraşmaz.
T e y m u r. (çılğın). Əvət, ehtimal ki! Ehtimal ki?! Lakin bana da Turğay oğlu
Teymur derlər. Onu sərxoşluqdan ayıltmaq, sayğısız qafasını uslandırmaq pək qolay... Ah,
Yıldırım, Yıldırım! Nə qadar dəhşətli olsan, Hindistanda avladığım qaplanlardan müdhiş
deyilsin.
Ş a i r. (ətrafa). Əvət, qaplan yırtıcıların ən vəhşisidir, fəqət qaplanları parçalayacaq
daha böyük vəhşilər var ki, o da insanlardır.
T e y m u r. Qaraqoyunlu əşirəti Isfahan civarında bizə şəbxun yapdılar,
əskərlərimdən üç bin kişi öldürdülər. Kəllələrdən qüllələr yapdırdım. Zərər yoq, bir az
sonra Yıldırım da bəni tanır. (Pək kinli və sinirli).. Ah, kəlbi-əqur! Kəlbi-əqur! Nə
həzyan... nə cəsarət!..
Ş a i r. Əfsus ki, cəsurların həzyanı, həzyançıların cəsarəti qadar gülünc və
mə’nasızdır.
T e y m u r. O həzyanlar hiç... hərifdəki azğınlığa baq ki, şimdi də bəni saymıyor,
hərbə girişəcəyinə şikarə çıqıyor.
A q b u ğ a (istehzalı təbəssümlə). Əvət, gerçəkdən pək sayğısız... pək məğrur...
Ş a i r. Fəqət məğrurlar pək çabuq sərnigun olur.
S o b u t a y sür’ətli adımlarla gəlir, əyilir.
T e y m u r. Nə var, Sobutay?
S o b u t a y. Böyük xaqanın əmrilə ava çıxan on beş min nəfər Yıldırım əskəri
bizimkilər tərəfindən ortaya alınmış və bir saldırışda həpsi əzilib dağılmış.
T e y m u r. Yıldırımdan nə xəbər?
S o b u t a y. Yalnız Yıldırım qəhrəmanca bir çevikliklə aradan çıqmış və beş-on nəfər
məiyyətilə qaçıb qurtulmuş.
T e y m u r. Bən qəhrəmanları pək sevərim.
S o b u t a y. Bir də Yıldırım şikarda ikən su yollarını da kəsdik, təbii ordu susuz
qalınca daha çabuq təslim olur.
T e y m u r. Pək gözəl tədbir. Bunu kim düşündü?
S o b u t a y. (Aqbuğayı göstərir). Böyük sərdar Aqbuğa.
T e y m u r. Zatən hərb zamanı hiylə də müvəffəqiyyət vasitələrindən biridir.
296
Ş a i r. (ətrafa). Bən yalnız Kərbəladakı ərəb Şimirini tanırdım, məgərsə türkdən də
Şimir çıqarmış!
T e y m u r. Aqbuğa! Daha durmaq lazım deyil, ordu hücuma keçməli. Saqın
Yıldırımı yaralamasınlar. Ona söyləyəcək sözlərim var. Yigid Sobutay! Sən də qafil olma!
Hər kim onu diri yaqalarsa, kəndisini böyük mükafat bəkliyor.
A q b u ğ a. Xətti-hərəkətimiz nə yolda olacaq?
T e y m u r. Onların sağ cinahı açıqdır. İştə oradan bizim sol cinah mərkəzi əhatə
etməli. Onların sol cinahı isə pək zəif. Əminəm ki, bizə qarşı duramayıb çabuq pozulur.
Haydı, arslanım! Cəsarət və mətanət!.. Aqbuğa və Sobutay əskərcə təmənna edər, sür’ətli
adımlarla gedərlər.
Ş a i r. (ətrafa). Qardaş qardaş qanı içiyor. Iştə siyasət və rəyasət bəlası!
T e y m u r. Orxan gəlmədi, bu bəni pək düşündürüyor. Hər halda o, bu gün bizim
tərəfə keçməliydi.
D i v a n b ə y i. Kim bilir, bəlkə keçmiş də bizimkilər tərəfindən yaqalanmış...
T e y m u r. Hər tərəfə buyruq ver, ona ilişməsinlər. ( Şair Kirmaniyə). Gəl, baqalım,
şair! Sən də bir tərəfdə seyr et, müharibəyi yaqından tamaşa etmənin zevqi daha başqadır.
(Gedərlər.)
E l m a s şaşqın və müztərib adımlarla gəlir. Teymur getdiyi tərəfə baqar.
E l m a s (ətrafa). Orxan, ax, Orxan! Sən Elması unutdun, fəqət Elmas səni görmək
için hərb səhnələrində dolaşır. ( Teymur getdiyi yolu izlər).
B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Bu Divan bəyi qızı da pək tuhaf. Səmərqəndin
gözəl köşklərini bıraqıb da Anqara çöllərindən nə istiyor, bilməm ki?
İ k i n c i n ö v b ə t ç i . Səncə qavğa meydanı yalnız erkəklərə məxsusmu?
B i r i n c i n ö v b ə t ç i (istehzalı qəhqəhəylə). Nə demək! O da mı qavğa etməyə
gəlmiş?
İ k i n c i n ö v b ə t ç i . Gülərsən ya... Hiç atalardan eşitmədinmi?! Çingizin anası bir
qadın ola-ola at belinə bindi. Bütün qomşu ölkələri sıqışdırdı və qocaman bir səltənət
qurdu.
297
B i r i n c i n ö v b ə t ç i . Nə demək, bu da Çingizin anasımı?
İ k i n c i n ö v b ə t ç i . Nə fərqi var, qadın qadındır. Bu da o cinsdən, bu da o
nəsildən. Arslanın erkəyi, dişisi olur?
B i r i n c i n ö v b ə t ç i . Fəqət bana qalırsa, öydüyün şu dişi arslan müharibə için
deyil, başqa bir av için gəlmiş olmalı... (Yola baqar.) Gözün aydın, iştə D ə m i r q a y a
gəliyor.
İ k i n c i n ö v b ə t ç i . O ki, Orxanla bərabər Yıldırım yanına qaçmışdı.
B i r i n c i n ö v b ə t ç i . Nə demək! Orada yaşamamışlar da geri dönmüşlər.
E l m a s (Dəmirqaya ilə gəlir). Allah eşqinə söylə, Orxan nə oldu? Nerdə qaldı?
D ə m i r q a y a (qalın və yonulmamış səslə). Onun yanında...
E l m a s. O kimdir?
D ə m i r q a y a. Kim olur-olsun, nəmə lazım, bən qarışmam.
E l m a s. Ah, nasıl?! Orxan gəlmədimi? Səninlə bərabər deyilmi?
D ə m i r q a y a. Hiç Teymurun qorqusundan gələ bilirmi? Moskof qızını qaçırıb da
Topala görünə bilirmi?
E l m a s. Yoq, Teymur onu bağışlar.
D ə m i r q a y a. Zənn etməm, hiç zənn etməm.
E l m a s. Sus, Allah eşqinə sus! Bütün qanım başıma toplanıyor, beynim alevlər
içində yanıyor. Demək o buraya gəlmiyəcək, öyləmi?
D ə m i r q a y a. Bən ki onun qəyyumu deyilim, istər gəlsin, istər gəlməsin. Nəmə
lazım, bən qarışmam.
E l m a s. Nasıl olursa-olsun bəni Orxanın yanına götür.
D ə m i r q a y a. Dedim ya, bən qarışmam.
E l m a s (ətrafa). Aman, ya Rəbbi. Şu hərifin qəlbi daşdanmı yapılmış.
(Dəmirqayaya) Bən buraya yalnız Orxan için gəldim. Nerdə olsa onu bulmalıyım.
D ə m i r q a y a. Acım, bir az yemək yeyəlim də, sonra...
E l m a s. Zərər yoq, gəl ye-iç, saqın, yaqanı bıraqacaq deyilim.
D ə m i r q a y a. Nəmə lazım, hiç bıraqma! (Gedərlər). Bu sırada kənardan boru və
çarpışma səsləri eşidilir.
B i r i n c i n ö v b ə t ç i . Demək müharibə qızışdı, iştə çarpışıb vuruşuyorlar.
İ k i n c i n ö v b ə t ç i . Əvət, gurultu getdikcə artıyor.
298
B i r i n c i n ö v b ə t ç i . Iştə, Orxan da Əmir ilə bərabər gəliyor.
İ k i n c i n ö v b ə t ç i . Görünür D ə m i r q a y a Elması aldatıyormuş.
Kənardan eşidilən gürültü, çarpışma səsi azalır. T e y m u r , D i v a n b ə y i , ş a i r
Kirmani və O r x a n gəlirlər.
T e y m u r. Söylə, Orxan, nə yapdın?
Or x a n . Bənim ilk yapdığım böyük bir qəbahətdir.
T e y m u r. Hanki qəbahət?
Or x a n . Olqayı Türküstandan qaçırdım, ona görə boynum vurulmalıdır.
T e y m u r. Onu sonra mühakimə edəriz. Bana Yıldırımdan, Yıldırım ordusundan
xəbər ver!
Or x a n . Bursadakı işlər mə’lum. Hər ay xəbər yazıb göndərmişəm. Son həftələrdə
isə Anadoludakı bəylərə gözəl rütbələr və’d etdim, həpsini tərəfimizə keçirdim. Oradakı
tatar və türkmənlərin başçılarını çağırdım, məhəbbətlərini qazandım. Bütün Anadolu
əskəri bizim tərəfdə, şimdicə təslim olurlar. Yalnız Rumeli sancak bəyləri, yeniçərilər və
serb əskərləri Yıldırım itaətində. Fəqət, orduda pozuqluq olunca, onlar da bir şey
yapamazlar, çabuq şaşırırlar.
E l m a s (D ə m i r q a y a ilə bərabər gəlir. Orxanı görüncə, şaşqın bir sevinclə). Ah,
Orxan!.. Divan bəyi əlilə sükut işarəti verir. Elmas çəkilib bir tərəfdə durur.
T e y m u r. (Orxana). Pək məmnun oldum; şimdi söylə baqalım, gözəl prenses nerdə?
Or x a n . Iştə qarşıda bəkliyor. Fəqət dəmin hüdudu keçərkən bizimkilər tərəfindən
yaralanmış.
E l m a s (ətrafa). Əvət, bu da yeni bir hiylə.
T e y m u r. Orxan! Sən bir əskərsin, fəqət işlədiyin xəyanət bir əskərə yaqışmaz.
Əcəba xəbərsiz olaraq qızı qaçırmaq və bəni saymamaq böyük bir nankorluq deyilmi?
Bunu yaparkən Teymurun hiddət və qəzəbini düşünmədinmi?
Orxan susur.
Niçin susdun, söylə?
Or x a n . Böyük xaqanın mərhəməti bənim qəbahətimdən daha böyükdür.
299
T e y m u r. (sərt). Xayır, qəbahəti mə’zur görmək, fənalığı tərvic etməkdir.
B i r i n c i n ö v b ə t ç i (arqadaşına). Iştə Topal yenə çıldırıyor.
D i v a n b ə y i. (Teymura). Orxan gəncdir, yigitdir.
T e y m u r. (kəskin). Xayır, böylə bir qəbahət için ən böyük cəza ölümdür.
E l m a s. Ah, ölümmü?
T e y m u r. Əvət, Orxan yalnız e’dama layiqdir.
E l m a s. Mərhəmət, ah, mərhəmət!.. (Teymura yaqlaşır).
T e y m u r. (çılğın). Çəkil!
D i v a n b ə y i. Ah, gerçəkdənmi e’dam?
T e y m u r. Əvət, e’dam, e’dam..! Bıraq, hər kəs için ibrət olsun!
Ətrafda böyük şaşqınlıq və qorqunc bir sükut...
Or x a n . Xayır, xaqanım, xayır... Ölüm hər kəsi qorqutsa da Orxanı qorqutmaz. Bən
vəzifə uğrunda bin dəfə ölüb-dirildim. Yıldırım bəni öldürtmək istərkən belə qəhqəhələrlə
güldüm. Şimdi isə gülmək deyil, yalnız heyrət edərim. Həm də başqa əlləri qanımla
ləkələndirmək istəməm. ( Belindəki xəncəri çıqarır. Kəndini vurmaq istər). Ah, sən bəni
alçaltdın, fəqət bən... iştə!
T e y m u r. (gur və kəskin səslə). Orxan! Əcələ ediyorsun, bən səni alçaltmaq deyil,
yalnız imtihan etmək istədim. ( Şən qəhqəhəylə). Unutma ki, Teymur şahmat oynarkən
belə, taxtadan yapılmış küçük bir piyadayı qeyb etmək istəməz. Halbuki sən cəsur və
eşsiz bir qəhrəmansın. ( Yaqlaşıb Orxanın omuzunu oqşar). Əvət, sənin məharət və
cəsarətin işlədiyin qəbahətdən daha böyükdür. Olqayı, o dəyərli yadigarı mükafat olaraq
sana bağışladım. Fəqət qəlbin onun, düşüncə və biləklərin bizim olsun.
Bu sırada O l q a gəlir və örtündüyü çarşaf omuzlarına sarqaraq baqıb durur.
E l m a s ( çılğın bir tevr ilə Teymurun qarşısına keçərək). Xayır, xayır! Sən bunu əsla
yapamazsın. Əvət, sən böyüksün, bütün dünyaya hökm edə bilirsin; fəqət Orxanın qəlbinə
deyil! Unutma ki, bən anayam.
Ş a i r. (ətrafa). Əvət, ana qəlbi hər şeydən güclü və məhabətlidir.
O l q a. ( köksünü sıqaraq, ətrafa). Ah, bu oq yarası bəni məhv edəcək...
300
T e y m u r. Elmas! Səbr və mətanət lazım.
E l m a s. Xayır, xayır. (Olqayı göstərir). Sən ona bütün aldığın ölkələri bağışlaya
bilirsin, fəqət bana verilən bir qəlbi əsla! Əsla! (Orxana). Niçin susdun, Orxan, cəvab
ver?!
Or x a n . Xaqan hüzurunda ədəb gözətiyorum.
E l m a s. Halbuki həyat yoldaşına xəyanət eyləmək daha böyük ədəbsizlikdir.
O l q a. (Teymur qarşısında diz çökərək). Böyük xaqan! Bənim varlığım bir çoqlarının
hissiyyatını zəhərliyor, bəni öldür də, hər kəs iztirabdan qurtulsun.
T e y m u r. (onun qolundan tutub qaldırır). Xayır Moskof çiçəyi, xayır... Bən yalnız
qızğın arslanları, azğın qaplanları şikar edərim. Bənim oqum yalnız vəhşi qartalların
qanilə boyanır. Sən şətarətli bir güvərçinsin, halbuki Teymur əsla güvərçin qanı tökmədi.
E l m a s. Güvərçinləri də şahinlər parçalar. (Qoynundan ufaq bir xəncər çıqarıb
vurmaq istər).
D i v a n b ə y i. Elmas!
Orxan Elmasın biləklərini yaqalar, xəncər düşər.
O l q a. (qırıq səslə, acı təbəssümlə). Hiç təlaş etmə... Elmas!.. (Qanlı köksünü
açaraq). Bən... iştə yaralanmışım... Artıq kimsəyə... zəhmət vermiyəcəyim. Ah, ah, ahh...
(Bayılıb düşər).
T e y m u r. (növbətçilərə). Yardım edin!
Olqayı qaldırırlar. Elmas çəkilir. Ətrafda gurultu və çarpışma səsləri yüksəlir.
Teymur Divan bəyiyə.
Baq gör nə var?
D i v a n b ə y i. (yola baqar). Iştə, Sobutay gəliyor.
S o b u t a y. (gəlir, əyilir). Böyük xaqana müжdələr.
T e y m u r. Nə olmuş?
S o b u t a y. Yıldırım ordusu bozuldu.
T e y m u r. Nasıl? Ətraflı söylə!
S o b u t a y. Onların sol cinahı az bir zaman bizə qarşı dura bildi. Sonra birdən-birə
şaşırıb dağıldı. Şahzadə Məhəmməd də kəndi ehtiyat firqəsilə Amasya yolunu tutmuş.
T e y m u r. Yıldırım kəndisi nə halda?
301
S o b u t a y. Onu hiç sormayınız! Yıldırım gerçəkdən böyük qəhrəman. Hər kəsdən
ziyadə çarpışıb vuruşdu. Ətrafındakı sipahilər və yeniçərilər də son dərəcə yigit... Bununla
bərabər həpsi əsir. Həpsi təslimə məcbur oldu.
T e y m u r. (Divan bəyiyə). Əmr et, qaçanları qovmasınlar. Saqın, Yıldırıma bir şey
olmasın. Həm də ehtiramda qüsur edilməsin.
D i v a n b ə y i. Itaət, xaqanım. (Sobutayla bərabər gedər).
Ş a i r. (ətrafa). Qəhrəmanlardakı fəzilət dəhşətləri qadar böyükdür.
T e y m u r. (volta vurur, qızğın və sinirli). Kəlbi-əqur!.. Kəlbiəqur! Nə böyük cəsarət!
Ah, məğrur!.. Idraksız! Teymurun təhəmmül və nəzakəti sənin kibi çoqlarını aldatmış.
Lakin atəşli bir toqat həpsini sərxoşluqdan ayıltmış. (Çılğın). Yıldırım, ah, Yıldırım!
Kəndini dev aynasında görüb də şımardın. Fəqət düşünmədin ki, sirkə nə qadar tünd
olursa, qabı daha çabuq çatlar.
Ş a i r. Əcəba böyük xaqanın bir-iki sözlə əsəbiləşməsi tuhaf deyilmi?
T e y m u r. İki sözmü? Iki sözmü? Ah, şu həzyan zəhərli bir oq kibi rö’yada da
beynimi dəliyor. Kəlbi-əqur! Kəlbi-əqur! Ah, nə sayğısızlıq! Xayır, böyük nəhrləri
yataqlarından çıqaran, sarsılmaz və keçilməz dağları yaran Teymur hər acıyı unutur da,
fəqət şu iki sözü əsla! Əsla!
Ş a i r. Hər-halda Yıldırım sənin can qardaşın, qan qardaşındır.
T e y m u r. Əfsus ki, qardaş yarası daha acı, daha qorqunc olur.
S o b u t a y. (gəlir, əyilir). Yıldırım hüzurunuza gəliyor.
T e y m u r. Buyursunlar.
Y ı l d ı r ı m iki nəfər Teymur əskəriylə gəlir. A q b u ğ a i l ə D i v a n b ə y i də
bərabər bulunur.
D i v a n b ə y i. İştə, Osmanlı sultanı Yıldırım Bayazid!
A q b u ğ a. Yalnız sultan deyil, həm də cəsur bir komandan!
T e y m u r. (yer göstərir, təvazölə). Buyurun, şevkətli Sultanım!
Tanrı qulu Teymurdan daima ikram və ehtiram görəcəksiniz. Yorğunsunuz, rica
edərim oturun. (Oturmaz, Teymur ona cibindən bir kağız çıqarıb verir). Lütfən şu
məktubu oqurmusunuz?
Y ı l d ı r ı m. (məktubu alır, aşırı dərəcədə gözlərinə yaqlaşdırır və Teymura iadə
edər). Zatən yazıldığı zaman oqunmuş.
302
T e y m u r. İştə, bən şu məktubdakı sözlərinizi unutdum və sizi əfv etdim. Yalnız əfv
etmək deyil, hətta məhəbbətinizi də qazanmaq istərim. Əvət, məhəbbətinizi də qazanmaq
istərim. ( Mə’nalı və məğrur bir tevr ilə şair Kirmaniyə baqar). Əcəba, buna şair nə
söylər?
Ş a i r. ( səmimi və coşqun bir ahənglə). Məhəbbət! Məhəbbət!.. Əvət, bütün
bəşəriyyəti xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi, kin və
ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları,
qanlı vuruşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa...
bütün həyata, bütün kainata nifrətlər olsun.
T e y m u r. Əcəba, məğrur Yıldırım nə düşünüyor?
Y ı l d ı r ı m. Düşünəcək bir şey yoq. Əvət, sən qalibsin. Lakin bu qələbə türk
əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökumətləri məmnun etdi. ( Acı bir köküs
keçirdikdən sonra, çoq mütəəssir və şiddətli). Ah, daha doğrusu, Islam aləmini başsız
qoydu.
T e y m u r. ( iki-üç adım aqsayaraq Yıldırıma doğru yürür, məğrur və gur bir səslə).
Hiç məraq etmə, xaqanım! Sən kor bir abdal, bən də dəli bir topal! Əgər dünyanın zərrə
qadar dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yoq məmləkətlərə... sənin kibi bir
kor, bənim kimi bir topal müsəllət olmazdı.
Pərdə
SON
303
MÜNDƏRİCAT
İblis…………………………………………………………………………………….7
Afət………………………………………………………………………………….105
Peyğəmbər…………………………………………………………………………..141
Topal Teymur……………………………………………………………………….252
304
Buraxılışa məsul:
Əziz Güləliyev
Texniki
redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam:
Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Rəşad Həmidov
Korrektor:
Pərvanə Məmmədova
Yığılmağa verilmişdir 04.08.2004. Çapa imzalanmışdır 15.02.2005.
Formatı 60x90
1
/
16.
Fiziki çap vərəqi 19. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 25.
Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.
Dostları ilə paylaş: |