HÜseyn caviD



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix19.10.2019
ölçüsü1,31 Mb.
#29383
1   2   3   4   5   6   7   8   9   ...   12
hüseyn cavid dram əsərləri


 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Son dərəcə  zərafət və  nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər 
qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa 
qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa 
altındakı səbətə atar. 
 
A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? 
Niçin şu məktubları yırtıb atıyorsun? 

134 
 
A l a g ö z. Çünki keçmişləri unutmaq istiyorum. 
A f ə t. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr... 
A l a g ö z (birini daha yırtıb atar). Əvət,  əziz və qiymətli xatirələr!.. Həp yalan 
pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!.. 
A f ə t (təbəssümlə). Qadın ruhunu oqşayan bir şey varsa, o da yalnız məhəbbət və 
pərəstişdir. 
A l a g ö z. Nə yapayım ki, yeni həyatə girmək için əskilərə vidaetməliyim. 
A f ə t. Madam ki, əskilər səni sıqıyor, al, yenilərini oqu! (Məktubları verir). 
A l a g ö z. Şübhəsiz, yenə  əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb 
baqar). 
A f ə t. Fəqət bu anlaşılmaz hallarınla bəni xərab ediyorsun, xəstə vücudum gündən-
günə məhv olub gediyor. 
A l a g ö z (məktubu oquduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!.. 
A f ə t. Nə imiş, əcəba?.. 
A l a g ö z. Hiç... Öylə bir şey deyil... (İkinci məktuba baqar). 
A f ə t. Alagöz, Alagöz! Niçin qəlbini bana açmıyorsun? 
A l a g ö z (sarsılmış bir halda). Aman, ya Rəbbi! Bu da öylə... Bu da zəhərli bir oq, 
bu da kəskin bir xəncər!.. 
A f ə t. Nə yazıyorlar? Niçin söyləmiyorsun? 
A l a g ö z (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalqıb qarşı qapıya 
doğru ilərilər, acı  təbəssümlə). Bana tapınanlar  şimdi sərzəniş yapıyorlar; bəni təqdis 
eyləyənlər şimdi təhqir ediyorlar. 
 
Qapıyı qapayıb çıqar. Afət məktubları səbətdən alır, təlaş ilə baqar. Digər çəkməcəyi 
açıb bir ufaq revolver çıqarır, diqqətlə süzər, alnını nişan aldığı  sırada, qarşıkı qapı 
parmaq ucilə vurulur. Silahı gizlədib qapıyı açar, doktor Q a r a t a y daxil olur. 
 
A f ə t. Ah, sənmisin?.. Gəl, baqalım, səni bəkliyorum. 
D o k t o r (onun əlini öpər). Afət! Sən xəstəmisin? 
A f ə t. Əvət. 
D o k t o r. Əfv edərsin, şimdiyə qadar bu xüsusda mə’lumatım olmamış... 
A f ə t (acı təbəssümlə). Təbii, ağ günə çıqanlar qara günlüləri düşünəməzlər. Dügün 
hazırlığı yapanlar talesizlərin halını biləməzlər. 

135 
 
D o k t o r. Sən pək sinirləniyorsun, bu hal həm kəndini, həm Alagözü bədbaxt edər. 
A f ə t. Alagöz bəxtiyar idi, əvət onu bən bədbaxt etdim. Fəqət bəni də  məhv edən 
yalnız sən oldun, sən!.. 
D o k t o r. Xayır, bil’əkis, sən açıq-saçıq hallarında kəndinə  qıydın, kəndi nəfsinə 
xəyanət eylədin. 
A f ə t (acı  qəhqəhə ilə). Halbuki tatlı dillərlə qandıran sən... Qoca qatili yapdıran 
sən... Çıqılmaz yollara sapdıran yenə sənsin (qızğın və sinirli). Öncə miskin bir kölə kibi 
qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah 
rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, 
bəni qəbahətli çıqarmaq istiyorsun. 
D o k t o r. Afət! Bəni buraya niçin çağırdın? 
A f ə t. Səni sevdiyim için, sana pərəstiş etdiyim için. 
D o k t o r. Ah, nə yaldızlı yalan!.. 
A f ə t. Xayır, yalan söyləmiyorum, and olsun uyqusuz gecələrə, and olsun ağlar 
gözlərə, and olsun gözəlliyə  və  məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana 
qavuşmaq istiyorum. Əvət, mə’sum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də 
səndən, sənin visalından o qadar zevq alıyorum 
D o k t o r (bir şey sezmiş kibi qarşıki qapıya baqar). Gələn var, mən gedəyim. 
A f ə t. Xayır getmə, sözüm, daha bitmədi; azacıq burda bəklə, sonra gedərsin. 
D o k t o r (sağ tərəfdəki odaya keçər). Fəqət çoq gecikdirmə! 
A f ə t. Bu saət, əzizim, bu saət (qapıyı açar, Qorqmaz əlində bir 
dəmət çiçək daxil olur). Sənmisin?.. Gəl!.. 
Q o r q m a z (əlin öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat; nə 
dəhşətli inqilab!.. 
A f ə t. Pək dəyişdim, deyilmi?.. 
Q o r q m a z. Əvət, pək... Az qaldı ki, tanımıyacaqdım. 
A f ə t. Uf, kim bilir nə qadar çirkinləşdim; bir ay əvvəlki Afət nerdə? Bət-bənizim 
öylə solmuş ki, aynaya baqmağa cəsarət edəmiyorum. 
Q o r q m a z. Ah, bən solğun çiçəkləri pək sevərim. 
A f ə t. Solğun çiçək!..  Əvət solğun bir çiçək nasıl qurursa, nasıl qara topraqlara 
təslimi-nəfs edərsə, bən də... ah, bən də... 

136 
 
Q o r q m a z (tə’sir və təlaş ilə). Afət! Nə söylüyorsun? Nə demək istiyorsun? 
A f ə t. Demək istiyorum ki, bənim gözəlliyim sönüyor. Çöhrəmdə incə bürüşüklər, 
ufaq cizgilər görülüyor; ah, bən ona əsla təhəmmül edəməm. Bəncə, gözəl bir qadın daima 
gözəl qalmalı... Gözəlliyə vida edərsə həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər 
gün bir az intihar etməkdir. Yıllar ilə yanıb qavrulmaqdansa, bir anda kül olub havaya 
savrulmaq daha xoşdur, daha gözəldir. 
Q o r q m a z. Afət, bəni mə’yus ediyorsun. 
A f ə t. Xayır, gözəl çocuq! Mə’yus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpəyim 
(məczub bir tevr ilə bir-birinə yaqlaşıb sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə 
rədd edər). Ah, xayır, bıraq!.. Bıraq dursun. Çünki sənin atəşli dodaqların bəni yaqar, 
xəstə ruhumu yaqar... (Qarşıdakı qapıyı açar). Of, bana başqa bir hal gəliyor; get, çocuq, 
get!.. Saqın, bir daha gəlmə, bir daha bəni özləmə!.. 
Q o r q m a z. Niçin, sevgili Afət, niçin?.. 
A f ə t. Çünki bən qıvılcım kibi sönəcəyim,  ıssız zülmətlərə, namütənahi bulutlara 
qavuşacayım. 
Q o r q m a z. Afət! Bu sözləri hiç anlıyamıyorum. Ah, fəqət bir kərə, yalnız bir 
kərəcik özümü qolların arasında görmək istərdim. 
A f ə t. Pək gözəl,  əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa oqşayıb sevəyim 
(qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut... 
Qorqmaz gedər, Afət Alagözün qollarına sarılaraq). Bağışla, bəni bağışla; artıq bənim 
cəsarətim cünuna varmış... bən  əfvə layiq deyilim; fəqət yenə yalvarıyorum, bəni 
bağışla... (qucaqlayıb öpər). 
A l a g ö z (məmnun və mütəbəssim). Hiç sıqılma, annəciyim! Sevmək və sevilmək 
bir haqdır. Sənin gönlün nə istərsə, bən də onu arzu edərim. Hətta səni böylə  bəxtiyar 
gördükcə gönlüm açılıyor. Sanki hər zevqinə, hər səadətinə iştirak ediyorum. 
A f ə t. Ah, sənin şu məhəbbət və nəzakətin intiqam qadar müdhişdir. 
A l a g ö z. Hər halda bən səni pək seviyorum. 
A f ə t. Kim bilir, bəlkə sevmədiyin için seviyorsun. 
A l a g ö z. Xayır, yalnız səni deyil; şimdi bən hər kəsi, əvət, hər kəsi sevmək istərim 
(qarşıdakı qapı barmaq ucilə vurulur). 
A f ə t. Kimdir əcəba? 

137 
 
A l a g ö z (açar). Oqtay!.. (Əl verir, Oqtay pək ciddi və soyuqqanlı görünür). 
A f ə t. Buyurun, əzizim, oturun... Ancaq bəni bağışlarsınız... Mə’zurum... 
(sol qapıdan çıqar). 
A l a g ö z. Nə düşünürsün, niçin oturmursun? 
O q t a y. Çünki... getmək istiyorum. 
A l a g ö z. O halda niçin gəldin? 
O q t a y. Yadigar verdiyim rəsmimi almaq için, iştə bunu almaq için... 
 
(Divardakı rəsmlərdən birini alır) 
 
A l a g ö z. Ah, həm qorqunc, həm gülünc bir hal!.. Yalnız səbəbini bilsəydim... 
O q t a y. Səbəbi aydındır; qabalıq olsa da söyləyəcəyim (sol qapıya işarətlə). Öylə bir 
ananın qızilə görüşüb buluşmaq, təhlikəli uçurumlara atılmaqdır. 
 
(Sinirli adımlarla çıqar) 
 
A f ə t (gəlir). Getdimi? 
A l a g ö z. Əvət, getdi. 
A f ə t. Nə söylüyordu? 
A l a g ö z. Hiç... 
A f ə t. Eşitdim, həpsini eşitdim, Rəsmini geri aldı, səndən ülfətini kəsmək istiyor. 
Yalnız o deyil, sana qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar; 
şimdi həp səndən qaçıyor, həp sana xor baqıyorlar. Halbuki həpsinə  səbəb yalnız  şu 
qarşıda duran talesizdir (məndil ilə göz yaşını silər). 
A l a g ö z. Ah, annəciyim! Sevgili annəciyim!.. (Afətə sarılıb öpər). Məraq etmə, bu 
təhqirlərin hiç bir tə’siri yoqdur... Çünki bən kimsəyi sevmədim... Onünçin də mütəəssir 
deyilim (soldakı odaya doğru ilərilər, təkrar dönər, Afətə qapalı bir məktub verir). 
Mümkün olsa bunu Ərtoğrula göndər. Bən yorğunum. Azacıq uzanmaq istiyorum (sol 
qapıyı qapayıb çıqar). 
A f ə t (məktubun zərfini havaya tutub baqar, heyrətlə). Bu saçlar nə?.. Xayır, bu 
məktubda bir sirr var, baqayım nə yazıyor (zərfi açar, 

138 
 
dürlü vəziyyətlərlə oqur). “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa, 
əski yurduna, əqrəbasına göndər. Bir saət sonra bəni görməyəcəksin. Əlvida!.. Səni bütün 
ruhilə sevən və  həsrətini məzarə götürən Alagöz” (sarsılmış bir halda). Ah, aman, ya 
Rəbbi!.. 
Ə r t o ğ r u l (daxil olur, təlaş ilə). Alagöz nerdə? 
A f ə t. Nə var, nə olmuş? 
Ə r t o ğ r u l. Əczaxanədən zəhər almış şimdicə bana söylədilər. 
A f ə t. Ah, dəminki məhəbbət və  nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi 
qapıyı açmaq istər). Eyvah, qapıyı qapamış... (Qapını çalar). Alagöz!.. Ah, səs yoq, cavab 
yoq... 
Ə r t o ğ r u l. Bən şimdi yan pəncərədən girərim. (Dışarı fırlar). 
A f ə t. Alagöz!.. Aç qapıyı... Aman, qapıyı aç, yavrum! (Dışarıdan pəncərənin 
vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır). Alagöz!.. Ah, nə dəhşətli hal, nə 
qorqunc fəlakət!.. 
Ə r t o ğ r u l (bir əlində zəhər şişəsi, bir əlində Alagözün əli olaraq qapıyı açıb çıqar, 
pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən dah bəxtiyar imiş, əvət, bən Əzraildən 
daha çabuq davranmış oldum. 
A f ə t (şişəyi Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısın, mələk 
yavrum, bütün bu fəlakətlərə səbəb bənim, lakin bundan sonra cəllad olmaq istəməm, bu 
saət yol tədarükünə başlarım; çünki sən bu gün bəxtiyarsın.  Ərtoğrulun təlaşı  (əlindəki 
məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Bən yalnız bunu arzu edərim. 
A l a g ö z. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir? 
Ə r t o ğ r u l (mə’nalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır. 
A f ə t (Alagözə). Yavrum, əminim ki, sən  Ərtoğrulu seviyorsun, fəqət onun 
tərəfindən seviləcəyinə şübhə ediyorsun. 
Ə r t o ğ r u l. Halbuki Ərtoğrul kəndisinə pərəstiş edər. 
A l a g ö z. Xayır... xayır... bən əsla sevilməyə layiq deyilim. 
A f ə t. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə). Halbuki sən bütün 
qızlar içində parlaq bir elmas, dilbər bir çiçək, mə’sum bir mələksin. 
A l a g ö z (sinirli və titrək səslə). Əvət elmas! Fəqət ləkəli bir elmas!.. Çiçək! Fəqət 
çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk... 
A f ə t. Niçin, ah niçin?.. 

139 
 
A l a g ö z. Çünki... ləkəli bir ananın evladıyım (çocuqca bir hönkürtü ilə aqlar, Afətin 
qolları arasına sıqılır). 
A f ə t (acı qəhqəhə ilə). Xayır, bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən 
anan tərki-həyat etmiş. 
A l a g ö z. Ah, aman, ya Rəbbi!.. Nələr eşidiyorum. 
A f ə t. Əvət, baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, mə’sum bir 
mələk kibi böyütdüm (sinirli və həyəcanlı). Ah, 
bən  əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı  bəni məhv etdi... 
Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim. 
A l a g ö z. Ah, sus!.. Allahını sevərsin, sus!.. 
A f ə t. Əvət, bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım (cibindən 
iki-üç parça kağız çıqarır, Alagözə verir). İştə bu kağızları diqqətlə oqu, kim olduğunu 
çabuq öyrənirsin, bən gediyorum, artıq bəni unut!.. Səni ona... (Ərtoğrulu göstərir) 
ısmarladım. 
 
(Doktorun girdiyi odaya keçər). 
 
Ə r t o ğ r u l. Baq, görüyormusun ölüm başqalarını ayırırkən, bizi birləşdirmiş oldu. 
A l a g ö z (kağızlara baqaraq məhzun təbəssümlə). Ah, demək bənim anam ləkəli 
deyilmiş... 
Ə r t o ğ r u l. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əksilməz 
(Algözün yüzünü oqşayaraq). Fəqət Afətə acımalı... Ah, niçin qəlbini qırdın? Get, 
yalvarıb yaqar da, gönlünü al!.. Dün səfil idisə, bu gün mə’sum ola bilir, Aman, rica 
edərim, get! 
A l a g ö z. Pəki, Ərtoğrul, pəki. (Qapıya yaqlaşdığı sırada içəridə silah patlar). 
D o k t o r. Ah, qəddar, xain, cəllad! (deyə qapıyı açar, yaralanmış olduğu halda 
Alagözün önündə düşüverir). 
A l a g ö z. Aman, ya Rəbbi!.. 
Ə r t o ğ r u l. Nə yapdın. Afət, ah, nə yapdın? 
A f ə t (əlində silah, acı  qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı 
aldım (cənazəyə). Sən bəni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını 
aldım. Ah, intiqam vəhşətlərin  ən alçağıdır, lakin kəndimi almadım,  əfv et!.. (müstəhzi 
qəhqəhə ilə). Ah, sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın... Halbuki bən 
buna razı olamam, çünki... səni pək seviyorum (masa üzərindəki çiçək dəmətini çözərək 
cənazəyi süslər). Ah, əvət, səndən ayrılmaq 

140 
 
istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər, 
fevqəladə bir həyəcan ilə qalqar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra bana 
gəliyor. 
Ə r t o ğ r u l (dərhal silahı yaqalayıb alır). Nə yapmaq istiyorsun? İşlədiyin kafi 
deyilmi? 
A f ə t (acı təbəssümlə). Bana mərhəmətmi ediyorsun? (Sinirli və şaşqın). Aman, ya 
Rəbbi! Ah, çıldırıyorum. 
A l a g ö z (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaqlaşıb qucaqlamaq istər). 
A f ə t (geri çəkilərək bir tevr ilə). Çəkil, yaqlaşma... Bəni yalnız bıraq!.. (Sağ 
tərəfdəki odaya keçər). 
A l a g ö z. Az, zavallı qadın!.. 
Ə r t o ğ r u l. Xayır, o yalnız bıraqılmaz, sən də get!.. (Həyəcan və təlaş ilə). Ah, o 
kəndini həlak edəcək... (Dərhal içəri girmək istər). 
A f ə t. Ax!.. (Deyə  əlində tutduğu  şişədəki zəhərin son damlasını içdiyi halda 
qarşısına çıqar və şişəyi yerə atar). 
A l a g ö z. Aman, nə yapdın?! (Qucaqlar). 
A f ə t. Ona... Ah, yalnız ona qavuşmaq... (Bitab olaraq cənazə üzərinə düşüverir). 
A l a g ö z. Uf annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar). 
A f ə t. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər). 
Ə r t o ğ r u l (acı və mə’nalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!.. 
 
 
 
Pərdə 
 
 
 
 
 
SON 

141 
 
PEYĞƏMBƏR 
 
Dram – 4 pərdə 
 
Bİ’SƏT, DƏ’VƏT, HİCRƏT, NÜSRƏT 
 
Bİ’SƏT 
 
Aydın və  yıldızlı bir gecə. Məkkə yaqınlığında Hira dağı...  Ətrafında mağaralar, 
yalçın qayalar, sarı enişlər, qorqunc uçurumlar... Peyğəmbər  əli alnında dərin 
düşüncələrə dalmış... O, qırq yaşında, gözəl, vəqarlı bir sima... Alnı, köksü, omuzlarının 
arası geniş; rəngi gül rənginə mail əsmərimsi və nurani... Saçları nə pək qıvırcıq, nə də 
pək düz; saqalı bir tutam, sıq və tam... Biləklər, qollar qalın və qüvvətli... Böyük başlı, 
hilal qaşlı, çəkmə burunlu, dəyirmi çöhrəli, orta boylu, iri kəmikli; kiprikləri uzun, iki 
qaşının arası açıq, fəqət bir-birinə yaqın. Gözləri qara və büyücək... Iştə o dalğın və 
müəmmalı gözlər, gecənin sükutunu oqşayan həzin və bayıltıcı bir ud zümzüməsini 
dinləyərək, uyuyor kibi, kəndindən keçmiş. Bu sırada pənbə, mavi, mənəkşə nurlar içində 
altın qanatlı, füsunkar bir mələk göydən enər və ilahi bir ahənglə Peyğəmbərə xitab 
etməyə başlar. 
 
 
 
M ə l ə k 
 
Ulu dahi, sən ey böyük rəhbər! 
Qalq, oyan! Iştə hər tərəf, hər yer, 
Həp təbiət dalıb da rö’yayə, 
Cəlb edər ruhu şe’rü sevdayə, 
Gecə, yıldızlarilə pürxülya, 
Səni dinlər sükut içində fəza... 
 
P e y ğ ə m b ə r 
 
(başını qaldırır, heyrət və iztirab ilə) 
 
Yenə rö’yamı gördüyüm əcəba? 
Sən nəsin, söylə? 
 
M ə l ə k 
 
Bənmi? Hiç sorma! 
Əzəliyyət şəfəqlərində açan 
Tazə bir qönçə, pənbə bir yıldız. 

142 
 
Əbədiyyət üfüqlərində uçan 
Tanrı qoynunda bəslənən bir qız. 
Şe’rü hikmət, zəka ilahəsiyim, 
Ulu dahilərin nədiməsiyim. 
Ayrı olsaq da iştə hər ikimiz 
Bir rübabın inildəyən səsiyiz. 
 
P e y ğ ə m b ə r 
 
Nə için gəldin, anlamam, yenə sən? 
 
M ə l ə k 
 
(göyə doğru) 
 
Ona qaldırmaq istərim səni bən. 
 
P e y ğ ə m b ə r 
 
Ah, sən daima gəlir də bana
Sonra həp göstərirsin istiğna. 
Bən kimim, söylə?! Sən nəsin? Göstər! 
 
M ə l ə k 
 
Bən mələk, sən də, sən də peyğəmbər. 
 
P e y ğ ə m b ə r 
 
(şaşqın, geri çəkilir) 
 
Ya! Demək sən mələkmisin? Heyrət! 
 
M ə l ə k 
 
Bən sənim, sən də bən, şaşırma, əvət 
Bən sənin əqlinim, fəqət daim 
Şu qiyafətlə zahir olmadayım. 

143 
 
P e y ğ ə m b ə r 
 
Gəl, yaqın gəl, aman, nə dilbərsin! 
Yoq, saqın, gəlmə, dur, nə söylərsin? 
Yenə sarsıldı müztərib ruhum, 
Dur, aman, sanki qəlbi-məcruhum 
Şevqü həsrətlə rəqs edər, sızlar, 
Onu bir qəhr xəndə yaldızlar. 
Qopuyor ta içimdə bir tufan, 
Beynim atəş saçıb durur hər an. 
Yanıyor bənliyim, düşüncələrim, 
Çarə bul, yoqsa məhv olub gedərim. 
 
M ə l ə k 
 
Ən gözəl çarə: iştə əzmü səbat, 
Olma əsla əsiri-hissiyyat, 
Bıraqıb əczi durmadan yüksəl, 
Yüksəl, ey şanlı qəhrəman, yüksəl! 
Ərşi-lahutə doğru aç şəhpər, 
Daima yüksəl, ey böyük rəhbər! 
 
P e y ğ ə m b ə r 
 
Yoq, qanat yoq! Bən iştə bir aciz 
Yolçuyum kimsəsiz, təsəllisiz. 
Çevrəm ıssız mağaralar, yalçın 
Qayalar, sarp enişlər, ah, azğın 
Uçurumlar, alev saçan ovalar. 
Ruhu qəsvətlə yıldıran havalar... 
Bir çəmən yoq, aqar su yoq, heyhat! 
Göz, qulaq burda duymaz eşqü həyat. 
 
M ə l ə k 
 
(göyə doğru) 
 
Baq, şu əngin fəza, şu quytu dəniz... 
Nə qadar xoş, nasıl gözəl, ləkəsiz... 
Uçuşur hər tərəfdə yıldızlar... 

144 
 
Rəqs edər sanki nazənin qızlar. 
Həp birər şe’r, sən də bir şair, 
Hər tamaşası eşqə aiddir. 
 
P e y ğ ə m b ə r 
 
Ah, şu elmasparələr sərpən 
Gecə pək möhtəşəm... fəqət onu bən 
Seyrə daldıqca sanki məhv olurum
Qəlbim oynar da, çırpınır ruhum. 
Anlamam bir şu ölçüsüz, şu dərin, 
Şu qaranlıq, çiçəkli pərdə niçin? 
Bəni yalnız düşündürən şu məal, 
Həp bu, yalnız bu, daima bu sual. 
Şu siyah çarşaf ən böyük əngəl, 
Uça bilsəydim, iştə ən əvvəl 
Onu yırtar da, parçalar da həmən 
Qavuşurdum o hüsni-mütləqə bən. 
 
M ə l ə k 
 
Onu dərk eyləmək qolay... Ancaq 
Ver içindən gələn sədayə qulaq. 
Dinlə həp kainatı, seyr eylə, 
Hər günəş ondan iştə bir şö’lə... 
Hər ufaq zərrə, hər küçük yapraq 
Sana söylər bu rəmzi pək parlaq. 
 
P e y ğ ə m b ə r 
 
Bəncə dünyada ən sevimli dilək 
Ona qoşmaq, onunla birləşmək... 
 
M ə l ə k 
 
O da mümkün, düşün də haq yolu tut, 
Atalardan qalan nə varsa unut! 
Yıq xurafatı, əski bütləri qır, 

145 
 
Kim yol azmışsa haqqa doğru çağır. 
Mərdivənlər yapıb könüllərdən, 
Parla, yüksəl vücudi-mütləqə sən! 
 
P e y ğ ə m b ə r 
 
Öylə bir əsr içindəyim ki cihan 
Zülmü vəhşətlə qavrulub yanıyor. 
Yüz çevirmiş də Tanrıdan insan, 
Küfrü haq, cəhli mə’rifət sanıyor. 
Dinləməz kimsə qəlbi, vicdanı, 
Məhv edən haqlı, məhv olan haqsız... 
Başçıdır xalqa bir yığın cani, 
Həp münafiq, şərəfsiz, əxlaqsız. 
Gülüyor nurə daima zülmət, 
Gülüyor fəzlə qarşı fisqü fücur. 
Ah, ədalət, hüquq və hürriyyət 
Ayaq altında çignənib gediyor. 
 
M ə l ə k 
 
Əlverir səndə olsun əzmü səbat, 
Şu qaranlıq mühiti, get, parlat! 
Haqqı anlat da, olma hiç mə’yus. 
 
P e y ğ ə m b ə r 
Bəni bir kimsə dinləməz əfsus. 
 
M ə l ə k 
 
Tanrı fərmanıdır bu, get söylə! 
 
(Göyə işarətlə) 
 
Söylə ancaq onun lisanilə. 

146 
 
P e y ğ ə m b ə r 
 
Hanki mö’cüzlə? Bən ki, pək aciz 
Bir qulum kimsəsiz, müdafiəsiz. 
 
M ə l ə k 
 
(altın qablı bir kitab verir) 
 
Haqqı təbliğ için sənin ancaq 
Rəhbərin sən’əti-kəlam olacaq. 
Saçma, həp saçma başqa mö’cüzələr, 
Şu kitab iştə ən böyük rəhbər: 
Bəhs edər busədən, məhəbbətdən, 
İncilər sərpər elmü hikmətdən. 
 
Bu sırada bir iskelet gah qorqunc və boğuq, gah müstəhzi və soğuq qəhqəhələrlə, 
topraq rəngində bir ridayə bürünmüş olduğu halda Peyğəmbərin qarşısına çıqar. 
 
İ s k e l e t 
 
Nə qədər şairanə, tatlı xəyal, 
Həp çocuqluq, əvət, xəyali-mühal! 
 
(Ridasının altından sıyrılmış bir qılıc çıqarır) 
 
İnqilab istiyormusun, bana baq! 
İştə kəskin qılıc, kitabı bıraq. 
Parlayıb durmadıqca əldə silah, 
Əzilirsin qanın olur da mübah. 
Eyləməz yardım incə hikmətlər, 
Həp sönər busələr, məhəbbətlər. 
Əvət, ancaq qılıcdadır qüvvət! 
Bundadır haq, şərəf və hürriyyət! 
 
 (Çəkilmək istər) 
 
P e y ğ ə m b ə r 
Sən nəsin? Söylə! 

147 
 
İ s k e l e t 
 
Bənmi? Piri-nədim, 
Rəmzi-tarix, o feyləsofi-qədim. 
Qucağım oldu hər dəhayə beşik 
Səni bən etmək istərim təbrik. 
Əvət, alnında parlayan yıldız 
Bəni cəlb etdi, şimdi sən yalnız 
Dinləyib dərsi-hikmət al bəndən. 
Yoqsa könlündə yapdığın gülşən 
Açmadan həp solub xərab olacaq, 
Umduğun hər dəniz sərab olacaq... 
 
Acı qəhqəhələrlə çəkilir. Peyğəmbər sarsılmış bir halda düşüncəyə dalar. 
 
M ə l ə k 
 
(tatlı təbəssümlərlə) 
 
Yenə bilməm niçin-niçin daldın? 
Nə düşündün, niçin şaşıb qaldın? 
Sevgidən xoşmu səncə atəşi-kin? 
Yoq, qılıc söz qadar deyil kəskin. 
Tanrı keçmişdə həp qan istərkən
Şimdi məmnun fəqət məhəbbətdən. 
 
P e y ğ ə m b ə r 
 
Bən məhəbbət əsiriyim... hər an, 
Hər zaman özlərim bir öylə cihan 
Ki, bütün kainatı eşq olsun. 
Könül uçduqca e’tila bulsun. 
Rəqs edib orda möhtəşəm bir hiss, 
Yasa batsın da, ağlasın İblis. 
Qandan əsla görülməsin də əsər, 
Saçsın al qönçələr şəfəqli səhər. 
Orda yüz bulmasın şiəncə, kədər, 

148 
 
Oqşasın ruhu pənbə rö’yalər. 
Bana gülsün də həp o nazlı xəyal, 
Ah, o, yalnız o qayeyi-amal... 
 
* * * 
Onu duymaq, duyurmaq istərkən, 
Gəririm hər bəlayə köksümü bən. 
Daş, dikən, oq, qılıc, tokat, yumruq 
Həpsi xoş, hər nə gəlsə dönmək yoq... 
Kin, qərəz fışqırırsa vulkanlar, 
Büğz, ədavət saçarsa tufanlar, 
Çarpışır, of deməm, əvət bəni sən 
Çəkinir sanma hiç mübarizədən. 
Çünki həp bənliyim, kəmalım onun, 
Hər düşüncəm, bütün xəyalım onun. 
Bəni həp cəzb edər o incə məal, 
Ah, o, yalnız o qayeyi-amal!.. 
 
Peyğəmbər son sözləri söylərkən  əllərini köksündə çapraz edərək diz çökər, 
məftun və məczub bir tevrlə başını göyə doğru qaldırır. Mələk isə ilahi bir baqışla, ağır və 
duyulmaz bir hərəkətlə yüksəklərə çəkilir. 
 
Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin