İstehsalat sahələrində və obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh rəhbərlər hansı işlərin görülməsini təmin etməlidirlər?
Ayrı-ayrı istehsalat sahələrində və obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh rəhbərlər aşağıdakı işlərin görülməsini təmin etməlidirlər:
istehsalatın texnoloji proseslərini bilməli və yanğın təhlükəsizliyi Qaydalarına əməl etməli;
obyektin rəhbərinin və ya baş mühəndisin yazılı icazəsi olmadan odlu işlərin aparılmasına icazə verməməli;
binalara, tikililərə, su mənbələrinə gedən keçidlərin, istehsalat obyektlərinə gedən yolların, pilləkan qəfəslərinin, yanğın avadanlıqlarına girişlərin hər hansı bir əşya ilə tutulmasına yol verməməli;
yanğınsöndürmə vasitə və cihazlarını hər gün baxışdan keçirməli, onların sazlığını və işə hazırlığını müvafiq təlimatların tələblərinə uyğun yoxlamalı;
qəza nəticəsində yanğın baş verərsə dərhal yanğınsöndürmə və qəza xilasetmə dəstəsini çağırmalı və insanların köçürülməsinə başlamalıdır.
İşçilərin yanğın təhlükəsizliyi üzrə vəzifələri nədən ibarətdir?
Hər bir işçi müəyyən edilmiş yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli və yanğına səbəb ola biləcək hərəkətlərə yol verməməlidir.
Yanğın təhlükəsizliyi qaydalarının pozulmasına və yanğınsöndürmə avadanlıqlarının düzgün istifadə edilməməsi hallarına rast gəldikdə dərhal bu barədə yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxsə məlumat verməlidir.
İdarə və müəssisələrdə yanğın təhlükəsizliyinin təmini üzrə işlər necə təşkil edilməlidir?
İdarə və müəssisələrdə Yanğın təhlükəsizliyi Qaydaları əsasında istehsalat xüsusiyyətləri nəzərə alınmaqla ümümmüəssisə, hər bir sex qurğu, laboratoriya və s. obyekt üçün yanğın təhlükəsizliyi üzrə təlimat hazırlanmalı və yerli yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılaraq təsdiq olunmalıdır. Bu təlimatda yanğın təhlükəsizliyinin əsas tələbləri müəyyənləşdirilməli və aşağıdakılar nəzərdə tutulmalıdır:
ərazinin saxlanma xüsusiyyəti, o cümlədən yollar, yanğın təhlükəsizliyi tələblərinə uyğun aralıq məsafələr, binalara, su mənbələrinə və digər obyektlərə keçid yolları;
nəqliyyat vasitələrinin müəssisə ərazisinə buraxılması və onların hərəkət qaydaları;
obyektdə siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması;
yanğınsöndürmə və yanğın rabitə siqnalizasiya vasitələrinin saxlanılması qaydaları;
birdəfəlik və müvəqqəti işləri yerinə yetirən şəxslərin obyektin ərazisinə buraxılması qaydaları;
yanğından mühafizə xidmətinin çağırılması qaydaları.